"Çanaqqala keçilməz"
- Çanaqqala meydan müharibəsinin 110 illiyinə
1915-ci ilin fevral ayında I Dünya müharibəsinin
qızışdığı günlərdə Antanta
dövlətləri - Böyük Britaniya və Fransanın hərbi
gəmiləri Egey dənizini Mərmərə dənizinə
bağlayan Çanaqqala boğazından keçərək,
Osmanlı imperiyasının paytaxtı İstanbulu
işğal etmək üçün hərbi əməliyyata
başladı. Bu böyük hərbi planın əsas müəlliflərindən
biri Böyük Britaniyanın o dövrdə hərbi dəniz
naziri Uinston Çörçil (Winston Churchill) idi.
Türk əsgərinin
şücaəti və sərt müqavimətilə
qarşılaşan düşmən gəmiləri tezliklə
geri çəkilmək məcburiyyətində qaldı. Lakin
öz niyyətlərini həyata keçirmək məqsədilə
həmin ilin aprel ayının 25-də İngiltərə və
Fransanın Çanaqqala
yarımadasında geniş miqyaslı quru hərəkatı
başlandı. Daha sonra bu qüvvələrə Avstraliya və
Yeni Zelandiya əsgərləri də əlavə olundu.
Beləliklə, 110 il öncə I Dünya
savaşının ən ağır və qanlı hərbi əməliyyatlarından
biri - Çanaqqala meydan müharibəsi başlamış
oldu.
Bu hücumla Antanta dövlətləri bir neçə
mühüm strateji məqsəd güdürdülər.
İlk növbədə, onlar İstanbulu ələ
keçirməklə müttəfiqləri olan Rusiyaya Qara dəniz
üzərindən silah-sursat göndərmək və oradan
öz ölkələrinə neft və buğda nəqlini təmin
etməyi düşünürdülər. Bundan başqa,
Osmanlı imperiyasına diz çökdürülərsə,
Almaniya və Avstriya-Macarıstanı müharibədə təkləmək
və zəiflətmək planı baş tuta bilərdi.
Ancaq türk xalqının qəhrəmanlığı
və öz vətənini müdafiə etmək əzmi Antantanın
bu planlarını alt-üst etdi. 1916-cı ilin yanvar ayına
qədər davam edən ağır döyüşlərdə
250 minə qədər itki verən Anadolu türkü əziz
övladlarının canı və qanı bahasına ana
torpağını qoruyub düşməni dəf etməyə
müvəffəq oldu.
Təəssüflər olsun ki, yaxın zamanlara qədər
Azərbaycan xalqının türk tarixində misilsiz əhəmiyyətə
malik olan bu hadisə barədə kifayət qədər məlumatı
yox idi.
Yaşlı nəsil yaxşı xatırlayır ki,
müstəqillik illərindən öncə istər məktəb
dərsliklərində, istərsə də elmi-populyar ədəbiyyatda
dünya hərb tarixinin bu və ya digər önəmli hadisələri
haqqında geniş məlumat verilirdi. Ancaq həmin dövrə
aid əsərlərdə I Dünya müharibəsinin ən
böyük meydan savaşlarından biri olan Çanaqqala
döyüşü barədə hər hansı bir təfərrüatlı
bigi əldə etmək, demək olar ki, mümkün deyildi.
Halbuki Azərbaycan xalqı bu hadisəni ən
azından Anadolu türkləri qədər bilməli və
önəmini dərk etməli idi. Çünki Çanaqqala
zəfəri qardaş Türkiyə üçün
olduğu qədər bizim üçün də mühüm
və əziz bir tarixdir. Və bunun səbəbini
düzgün və dolğun dərk etmək və hafizələrə
əbədi həkk etmək vacibdir.
Anadolu türk tarixində böyük hərbi qələbələr
çox olub. Bəlkə də tarixdə az millət
tapılar ki, türklər qədər savaş
meydanlarında zəfər çalsın və onlarla fəxr
edə bilsin. Bunların arasında 1071-ci ildə Malazgirt
döyüşü, 1389-cu ildə Kosovo
döyüşü, 1396-cı ildə Niğbolu
döyüşü, 1526-cı ildə Mohaç
döyüşü və bir çox digər hərbi zəfərləri
qeyd etmək olar. Onların hər biri ayrı-ayrılıqda
yalnız türk tarixində şərəfli yer tutmur, həm
də dünya tarixinə təsir etmiş mühüm hadisələrdir.
Ancaq bu şanlı qələbələr cərgəsində
Çanaqqala zəfərinin xüsusi və inkaredilməz yeri
var. Çünki bütün yuxarıda sadalanan zəfərlər
günü-gündən böyüyən, güclənən
və genişlənən Anadolu Səlcuq dövləti və
ya Osmanlı dövlətinin qazandığı qələbələr
idi. Və onların hər biri möhtəşəm fəthlər
uğrunda aparılan savaşlarda əldə edilmişdi.
Çanaqqala zəfəri isə artıq zəifləmiş,
öz keçmiş qüdrətini itirən və süqut
edən Osmanlı imperiyasının qazandığı son
böyük hərbi qələbə idi. Artıq
çökməkdə olan və can verən bir dövlətin
övladları 600 illik imperiyanı xilas edə bilməsələr
də, tarixdə iz qoymuş bu qəhrəmanlıq salnaməsi
ilə onun dağıntıları üzərində yeni bir
Türkiyə Cümhuriyyətini qurmağa müvəffəq
olacaqdılar. Çanaqqala, əslində, yeni Türkiyənin
doğuşunu müjdələyən şanlı bir tarixi
hadisə idi.
Beləliklə, 1919-cu ildə Anadoluda Mustafa Kamal
paşanın başçılığı altında
türk dövləti və torpaqlarının istiqlalı və
bütövlüyü uğrunda başlayan milli-qurtuluş
savaşı, heç şübhəsiz, Çanaqqala ruhundan
doğmuş, o böyük zəfərdən ilham
almışdır.
Bu qələbəni qazanan türk əsgərinin
hansı məşəqqətlərə sinə gərdiyini,
hansı ağır sınaqlardan
çıxdığını qətiyyən unutmaq olmaz.
Bütün digər çətinlikləri bir kənara
qoyaraq, sadəcə həmin illərdə Osmanlı dövlətinin
nə qədər bəlalarla üzləşdiyini, neçə
müharibədə iştirak etmək məcburiyyətində
qaldığını xatırlatmaq kifayətdir.
1908-ci ildə baş verən Gənc türklər
("Jön türklər") inqilabı nəticəsində
sultan II Əbdülhəmidin devrilməsi və
"İttihad və Tərəqqi cəmiyyəti"nin
hakimiyyətə gəlməsi ilə ölkənin daxili
nizamı və sabitliyi pozulmuşdu. Osmanlı dövləti
az bir müddət sonra xarici təcavüzlərlə
qarşılaşmalı olmuşdu.
Belə ki, 1911-1912-ci illərdə İtaliya ilə
aparılan Tripolitaniya (Trablus Qərb) müharibəsində,
daha sonra 1912-1913-cü illərdə iki Balkan müharibəsində
saysız qurbanlar vermiş türk əsgəri 1914-cü ildə
başlayan I Dünya müharibəsinin ən ağır
şərtləri altında - silah-sursat baxımından
özündən qat-qat güclü və sayca böyük
olan düşmənlə üzləşib vətənini
müdafiə etmək məcburiyyətində
qalmışdı.
Çanaqqala sahillərində o əsgər vətən
torpağını, öz milli varlığını,
türk xalqının həyatda qalmaq və yaşamaq
hüququnu sinəsini düşmənə sipər edərək
qoruyurdu. Anadolu övladının hansı acı
sınaqlardan çıxdığını
"Çanaqqala türküsü" belə ifadə edir:
Çanaqqala içində aynalı
çarşı,
Ana, mən gedirəm düşmənə
qarşı.
Çanaqqala körpüsü dardır, keçilməz,
Al qan olmuş suları, bir tas içilməz.
Çanaqqaladan çıxdım yan basa-basa,
Ciyərlərim çürüdü qan qusa-qusa.
Çanaqqaladan çıxdım, başım səlamət,
Anafartaya varmadan qopdu qiyamət.
Çanaqqala içində vurdular məni,
Ölmədən məzara qoydular məni.
Çanaqqala içində uzun bir səlvi,
Kimimiz nişanlı, kimimiz evli.
Çanaqqala içində qırıq bir təsti,
Analar-babalar ümidi kəsdi.
Çanaqqala üstünü duman bürüdü,
On üçüncü firqə hərbə
yürüdü.
Çanaqqala elində toplar quruldu,
Vay, bizim uşaqlar orda vuruldu.
Çanaqqala savaşı adi və sıradan bir
döyüş deyildi. Bu savaş müasir dillə desək,
bütün türk tarixinin, Anadolu türkünün və
bütün türk dünyasının müqəddəratını
həll edəcək "geosiyasi" bir savaş idi.
Antantanın məqsədləri baş tutsaydı, bu,
Osmanlı imperiyasının məğlubiyyəti və
türk torpaqlarının düşmənin tam nəzarətinə
keçməsi ilə nəticələnəcəkdi.
Belə olan halda, kim bilir, bəlkə də Qərb və
Rusiyanın yüzillik xülyası gerçəkləşə
bilərdi. İstanbul yenidən Konstantinopola çevrilərək,
Ayasofiya üzərində xaç qaldırıla bilərdi.
O zaman Anadolu türklərinin müqəddaratının nə
olacağını təsəvvür etmək çətin
deyil. Bunun üçün XVIII əsrin sonlarında zəbt
edilən Krım xanlığı və Krım
tatarlarının acı taleyini xatırlamaq kifayətdir.
Anadolu türkləri üçün Çanaqqala
ölüm-dirim mübarizəsi idi. Bu savaşda ölmək
var, dönmək yox idi. Ona görə də Mustafa Kamal
paşanın "Hər qarış torpaq vətəndaş
qanı ilə sulanmayanadək tərk edilə bilməz" əmri
Çanaqqalada türk xalqının bütün gələcək
taleyini həll edən tarixi bir şüar mahiyyətini
daşıyırdı.
Bu baxımdan Çanaqqala zəfəri sadəcə
türk silahının qələbəsi deyildi. Bu, ilk
növbədə, türk xalqının mənəvi
gücünün, onun sarsılmaz ruhunun qələbəsi
idi.
Çanaqqala zəfəri bütün gələcək
nəsillər üçün tarixi ibrət dərsidir. O hər
zaman bizə xatırladacaq ki, vətənpərvərlik və
fədakarlıq olmadan vətənə sahib çıxmaq
mümkün deyildir.
Bu qələbənin bizim, yəni Azərbaycan
xalqı üçün də eyni dərəcədə həyati
əhəmiyyəti var. Əvvəla ona görə ki,
Çanaqqala şəhidləri arasında canını verən
Azərbaycan övladları da az deyildi. Həm də ona
görə ki, 1918-ci ildə Qafqaz İslam ordusunun tərkibində
Azərbaycan xalqının yardımına gələn
türk əsgəri Çanaqqalada düşmənə sinə
gərən əsgər idi. Bu yardım olmasaydı, 1918-ci
ilin olduqca ağır bir şəraitində Azərbaycanın
öz azadlığını əldə etməsi bəlkə
də mümkün olmazdı.
Beləliklə, bu gün üç rəngli
bayrağını miras aldığımız Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması və tarixi
varlığı, Azərbaycanın qəhrəman
övladları ilə birlikdə Çanaqqala qazilərinin də
ortaq xidməti nəticəsində mümkün olmuşdur.
Şəhidlər xiyabanında şərəfinə
abidə ucaldılmış və qardaş torpağında əbədi
uyuyan türk əsgəri Azərbaycanın istiqlalı və
milli varlığı uğrunda öz qanını əsirgəməmişdir.
Və bu əsgəri buraya qardaş xalqın köməyinə
gətirən qüvvə məhz Çanaqqala ruhu idi.
Ona görə təsadüfi deyil ki, hər bir azərbaycanlı
üçün Çanaqqala sözü və torpağı
Vətən adı və torpağı qədər müqəddəs
olmalıdır. On il əvvəl Türkiyə və Azərbaycanın
dövlət başçılarının Çanaqqala zəfərinin
100 illik mərasimində bir yerdə olmaları və şəhidlərin
ruhu qarşısında bərabər baş əymələri
bunun əyani təsdiqidir.
Bu birlik və bərabərlikdən doğan Azərbaycan
xalqının böyük Qarabağ zəfəri məhz həmin
qəhrəmanlıq və qardaşlıq ruhunun tərənnümüdür.
Akademik Şahin MUSTAFAYEV
Beynəlxalq Türk Akademiyasının prezidenti
525-ci qəzet .- 2025.- 25 aprel(№70).-S.7.