Azərbaycanın balanslı siyasəti: Şərq və Asiya prioritetdir

 

 

Son illər Azərbaycan öz xarici siyasətini şaxələndirməkdə, əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Bu sırada Şərq və Mərkəzi Asiya regionu xüsusi önəm kəsb edir. Bir tərəfdən bu, qədim köklərə, tarixə dayanırsa, digər tərəfdən burada geosiyasi reallıqlar, qlobal çağırışlar, Qərbin apardığı riyakar siyasət, beynəlxalq hüququn pozulması kimi amillər öz təsirini göstərir. Bütün bunlar ölkələri xarici siyasət konsepsiyalarını yenidən nəzərdən keçirməyə vadar edir. Azərbaycan da bu qlobal kontekstdə öz maraqlarını qorumaq və daha etibarlı tərəfdaşlıq modelləri qurmaq üçün xarici siyasətinin coğrafi istiqamətlərini şaxələndirir. Qeyd etdiyimiz kimi, bu istiqamətlər arasında Şərq və Asiya ön plana çıxmaqdadır.

Azərbaycanın xarici siyasəti uzun illərdir ki, balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub. Bu yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Ölkəmiz bir sıra Avropa təşkilatlarında təmsil olunub, Qərblə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq qurub. Lakin postpandemiya dövründə və xüsusilə 2020-ci ildən sonra regionda və dünyada baş verən proseslər, Qərbin riyakar münasibəti, Rusiya-Ukrayna müharibəsi, enerji bazarındakı dəyişikliklər Azərbaycanın xarici siyasətində yeni tərəfdaşlıqlar qurması üçün əsaslı zəmin formalaşdırıb.

Bütün bu geosiyasi dəyişikliklər fonunda ölkəmiz Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb. Ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam edir. Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəal diplomatik xətt yürüdərək həm Türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik etməsi, regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri bu qurumun nüfuzunun artmasında mühüm rol oynayıb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır.

Asiya regionundan danışanda vurğulamaq lazımdır ki, bura təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın strateji mərkəzinə çevrilməkdədir. Çin, Pakistan, Hindistan, Cənubi Koreya, İndoneziya, Malayziya, Sinqapur kimi ölkələrin sürətli iqtisadi artımı, texnologiya və sənayedə innovativ yanaşmaları Asiya qitəsini qlobal güc mərkəzi statusuna yüksəldib.

Hazırda Çin "Kəmər və yol" təşəbbüsü ilə Asiyanı, Avropanı və Afrikanı birləşdirən nəhəng ticarət və infrastruktur şəbəkəsi formalaşdırır. Bu təşəbbüs çərçivəsində Azərbaycan kimi strateji keçid ölkələri xüsusi əhəmiyyət qazanır. Ölkəmizin nəqliyyat və logistika imkanları, - xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), - Asiyanın məhsul və resurslarının Avropa bazarına çıxışı üçün əvəzolunmaz körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan artıq təkcə regionda enerji ixracatçısı yox, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır.

Əminliklə deyə bilərik ki, Asiya artıq təkcə uzaq bazar yox, Azərbaycan üçün strateji tərəfdaşlar coğrafiyasıdır.

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin Şərqə və Asiyaya yönəldiyini xüsusi olaraq vurğuladı. Bu, ölkəmizin artıq təkcə Qərb tərəfdaşları ilə deyil, Şərqdə yerləşən yeni iqtisadi və siyasi güc mərkəzləri ilə sistemli əməkdaşlıq qurmağa qərarlı olduğunu göstərdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təkcə alternativ axtarışı deyil, çoxqütblü dünya nizamında balanslaşdırılmış siyasət yürütmək strategiyasına əsaslanır. Prezident İlham Əliyev, həmçinin bildirdi ki, Qərbdə mövcud olan ikili standartlar, xüsusilə də Ermənistan-Azərbaycan münasibətləri fonunda sərgilənən ədalətsiz yanaşmalar, Azərbaycanın yeni strateji tərəfdaşlıq marşrutları üzrə fəaliyyətini gücləndirməyə sövq edib. Asiya və Şərq ölkələri ilə əməkdaşlıq daha real, qarşılıqlı hörmətə və ədalətə əsaslanır. Prezidentin bu çıxışı ilə ölkəmizin xarici siyasətində Şərqə və ya Asiyaya yönəlik kursun artıq konseptual çərçivədə təsdiqləndiyi, dövlət strategiyasına çevrildiyi aydın şəkildə elan edilmiş oldu.

Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Qərb institutlarının, o cümlədən Avropa Parlamenti və bəzi Qərb ölkələrinin media orqanlarının Azərbaycanın haqlı mövqeyinə qarşı ədalətsiz və qeyri-obyektiv yanaşma sərgilədi. Bu kimi hallar Azərbaycanda Qərbə qarşı etimadsızlıq yaratmaqla yanaşı, strateji qərarların istiqamətini də dəyişdirdi. Azərbaycanın tərəfsiz və ədalətli mövqe gözlədiyi Avropa strukturları tərəfindən birtərəfli şəkildə Ermənistana dəstək verilməsi ölkəmizi alternativ geosiyasi tərəfdaşlara üz tutmağa sövq etdi.

Azərbaycanın Şərq və Asiya ilə münasibətlərində nəzərəçarpacaq dərəcədə artan diplomatik fəallıq son illərin xarici siyasət xəttinin bariz göstəricisidir. Bu fəallıq həm ikitərəfli, həm də çoxtərəfli formatda özünü göstərir. Prezident İlham Əliyevin aprelin 22-də Çinə dövlət səfəri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə deyib ki, Azərbaycan ilk mərhələlərdə bütün Avropa təşkilatlarında olub, ATƏT-dən tutmuş Avropa Şurasına qədər: "Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın strateji tərəfdaşıdır. Amma təbii ki, tarixə baxanda görürük ki, tariximiz bizi daha çox Şərqlə, Mərkəzi Asiya ilə bağlayır. Bu baxımdan Azərbaycan öz siyasətində balansı möhkəmləndirməklə məşğuldur".

Deputat deyib ki, qeyd edilən regionda Azərbaycan üçün prioritet partnyorlar var, bu sırada Mərkəzi Asiya yer alır ki, bu coğrafiya ilə münasibətlər daha da dərinləşəcək: "Çinlə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Pakistanla münasibətlərimiz demək olar iki ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə qaldırılıb. Pakistanla xeyli böyük layihələrimiz var, Azərbaycan orda neft-qaz kəşfiyyatı aparacaq, sonra istismarını təşkil etmək niyyətindədir. Ancaq onlarla yanaşı, İran da var. Qeyd edim ki, İranla ticarət dövriyyəmiz o qədər də yüksək deyil. Cılız, balaca Ermənistanın İranla dövriyyəsi bizdən çoxdur. Bu, normal hal deyil. İsraildə də qaz yatağında SOCAR işlər aparacaq, müəyyən layihələr olacaq".

R.Musabəyova görə, Azərbaycanın hazırda üstünlüyü Mərkəzi Asiya, o cümlədən Çin və Pakistandır: "Ancaq hesab edirəm ki, imkanlarımız genişləndikcə, coğrafiya da genişlənəcək".

Onun sözlərinə görə, Qərb Azərbaycana qarşı özünü yaxşı aparsaydı belə, Bakı hər bir halda balansı təmin etmək üçün Şərqə doğru addımlar atacaqdır: "Yəni burada tək səbəb Qərb tərəfdaşlarımızın özlərini riyakarcasına aparması, ikilistandartlardan çıxış etmələri deyil. Halbuki bu amil də nəzərə alınır. Azərbaycan açıq şəkildə bildirib ki, nə NATO-nun, nə Avropa İttifaqının qapısını döymək istəyi var. Ona görə də bu balans Yaxın Şərqlə də, Uzaq Şərqlə də münasibətləri dərinləşdiməyi tələb edir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev "525"ə bildirib ki, Azərbaycanın xarici siyasətində son illərdə müşahidə edilən ən mühüm tendensiyalardan biri coğrafi istiqamətlərin şaxələndirilməsidir. Bu konteksdə, Şərq və Asiya istiqamətləri ön plana çıxır. Bu, bir tərəfdən ölkənin iqtisadi və siyasi maraqlarını daha geniş coğrafiyada müdafiə etmək məqsədi daşıyırsa, digər tərəfdən də dəyişən qlobal güc balansına uyğunlaşmaq strategiyasıdır. Azərbaycan bu bölgələrdə müxəlif platformalar vasitəsilə həm ikitərəfli əlaqələri dərinləşdirməyə, həm də çoxtərəfli əməkdaşlıq təmaslarını gücləndirməyə səy göstərir. Asiya regionu, xüsusilə də Çin, bu baxımdan strateji əhəmiyyət daşıyır".

Ekspert bildirib ki, Çin-Azərbaycan münasibətlərinə gəldikdə, burada ciddi perspektivlər var. İki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi deyil, həm də nəqliyyat, enerji və rəqəmsal texnologiyalar sahələrini əhatə edir: "Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr, Çin üçün Avropaya alternativ bağlantı imkanları təqdim etdiyi kimi, Azərbaycan üçün də Çin bazarına və nəhəng Asiya iqtisadi sisteminə inteqrasiya şansı yaradır. Bundan əlavə, "Bir Kəmər, Bir Yol" təşəbbüsündə Azərbaycanın rolu getdikcə artır və bu, ölkəmizi Çin üçün mühüm strateji tərəfdaşa çevirir.

İkinci Qarabağ müharibəsindən sonra Qərbdə, xüsusilə bəzi Avropa dairələrində Azərbaycanın əleyhinə yönəlmiş qərəzli siyasətin müşahidə olunması, Bakı üçün yeni strateji tərəfdaşlar axtarışını aktuallaşdırdı. Əlbəttə ki, Çin ilə münasibətlərin genişləndirilməsi təkcə alternativ siyasi dəstək axtarışı deyil, həm də yeni iqtisadi və strateji imkanlara çıxış vasitəsi kimi görülməlidir. Beləliklə, Qərbin ikili standartlara əsaslanan yanaşması Azərbaycanın Şərq siyasətinə daha çox önəm verməsinə əlavə təkan verdi.  Bu baxımdan, Çin ilə gücləndirilən konstruktiv təmaslar və strateji bağlar, Azərbaycanın beynəlxalq arenada milli maraqlarını daha effektiv şəkildə qorumağı baxımından əhəmiyyətlidir".

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 25 aprel(№70).-S.5.