Xaricdə təhsilin
prioriteti: yeni dövr üçün ən vacib ixtisaslar
2025-2026-cı tədris ili üçün "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə sənəd
qəbuluna start verilib. Sənəd qəbulu üçün
son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
Qeyd edək ki, 2025-2026-cı tədris ili
üçün 29 dekabr 2024-cü il tarixində elan
olunmuş Dövlət Proqramı çərçivəsində
prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali
təhsil müəssisələrinin siyahısı yenilənib.
Hər il olduğu kimi, bu il də namizədlər "Times
Higher Education", "QS World University Rankings" və
"Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində
"universitetlər üzrə top 10"da yer almış ali
təhsil müəssisələri tərəfindən təqdim
olunan istənilən ixtisas sahəsi üzrə əldə
etdikləri qəbul sənədləri əsasında Dövlət
Proqramına müraciət edərək müsabiqədə
iştirak edə bilərlər.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri
Turan Topalova deyir ki, xaricdə təhsil üzrə Dövlət
Proqramında təhsillə bağlı bütün xərclər
qarşılanır. Buraya təhsil xərci, yəni universitetə
ödəniləcək məbləğ daxildir: "Eyni
zamanda tələbələrin təhsil alacağı ölkələrə
aid olan müvafiq maliyyələşmə qaydalarında
bununla bağlı məlumat yer alır. Həmin ölkələr
üzrə hər bir şəxsə aylıq təqaüd
ödənilir. Onların beynəlxalq nəqliyyat xərcləri,
viza xərcləri və sığorta xərcləri Dövlət
Proqramı çərçivəsində
qarşılanır".
T.Topalova həmçinin qeyd edib ki, bakalavr və
magistr səviyyəsində Dövlət Proqramına qəbul
alan hər bir şəxs ikitərəfli müqavilə
imzalayır: "Onların öhdəlikləri ondan ibarətdir
ki, təhsillərini uğurla başa vurduqdan sonra ölkəmizə
geri qayıdaraq 5 il əmək fəaliyyəti ilə məşğul
olmalıdırlar. Eyni zamanda doktorantura təhsil səviyyəsi
üzrə burada artıq üçüncü tərəf də
var. Yerli ali təhsil müəssisələrinin
iştirakı ilə bu proses tənzimlənəcək və
üçtərəfli müqavilə imzalanacaq. Bu da xarici
ali təhsil müəssisələrində təhsil alan
doktorantların artıq gələcəkdə iş yerlərinin
indidən müəyyən edilməsi deməkdir. Onların
da ölkəyə qayıdaraq yerli ali təhsil müəssisələrində
5 il işləmək öhdəlikləri olacaq".
Təhsil eksperti Kamran Əsədovun dediyinə görə,
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair
2022-2026-cı illər üçün Dövlət
Proqramı"nın icrası zamanı yeni dövrün
prioritet ixtisas sahələrinə üstünlük verilir. Nəzərdə
tutulan müddətdə, hər il 400 nəfərdən
çox olmamaqla, ümumilikdə 2000 nəfərədək
Azərbaycan vətəndaşının xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsili
təmin edilir. Dövlət Proqramı çərçivəsində
xarici ali təhsil müəssisələrində təhsil
yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini
əhatə edir.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev insan
kapitalı amilinə xüsusi önəm verir. Belə ki, yeni
proqramın icrası ölkədə daha keyfiyyətli insan
kapitalının formalaşmasına vəsilə olacaq. Bu,
peşəkar kadrların hazırlanmasına, ümumilikdə,
ölkəmizin işıqlı gələcəyinə
töhfə verəcək ən mühüm məsələlərdən
biridir: "Dövlət dəstəyi ilə təhsil
almağa göndərilən tələbələrin sayı
ildən-ilə artır. Bu, Prezidentin insan kapitalının
formalaşmasına verdiyi önəmdən irəli gəlir.
Prezident İlham Əliyev Azərbaycanın davamlı
inkişafını peşəkar kadrlarla
reallaşdırır, gələcəkdə ölkəmizin
inkişafı ilə bağlı işləri həyata
keçirə biləcək, o yükün altına girə
biləcək insanları bu gündən
formalaşdırır. Gələcəkdə də peşəkar
kadrlara ehtiyac olacaq. Həmin kadrların təminatı bu
gün həyata keçirilir. Əminəm ki, bizim peşəkar,
savadlı kadrlarımız, dünyanın ən nüfuzlu
universitetlərində təhsil almağa göndərilən
gənclərimiz gəlib Azərbaycanda dövlətimizin
inişafına öz dəstəklərini verəcəklər.
Azərbaycan bütün mənalarda inkişaf edəcək və
dünyanın ən qüdrətli dövlətlərindən
birinə çevriləcək. Bütün bunlar Azərbaycan
gəncinin təhsil almaqla bağlı arzularının
reallaşmasına dövlət başçımızın
dəstəyinin ifadəsidir".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı
insan kapitalının inkişaf səviyyəsindən
asılıdır. Son dövrdə dünya iqtisadiyyatında
müşahidə olunan texnoloji dəyişikliklər şəraitində
rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq
edə bilən, öncəki illərdə dünyada artan rəqabətə
hazır olan yüksəkixtisaslı insan kapitalının
formalaşdırılması mühüm önəm
daşıyır. Bu məsələdə innovasiyaların
rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş
ölkələrdə ÜDM-in artımının 80-95 faizi
məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı
məhsullar, işlər və xidmətlər hesabına
gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın
tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji
dövrün çağırışları, həmçinin,
inkişaf məqsədləri nəzərə alınmaqla
ölkənin rəqabət və inkişaf sahəsində
sürətlə irəliləməsi üçün
yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə
çevrilməli, yaradıcı və innovativ
düşüncəli gənclərin iqtisadi fəallığı
və idarəçilikdə rolu möhkəmlənməlidir.
Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin
gələcək inkişaf prioritetləri çərçivəsində
tələb olunan ixtisas istiqamətləri üzrə
qabaqcıl xarici ali təhsil müəssisələrində
magistratura və bakalavriat səviyyəsində təhsili
üçün Azərbaycan dövləti davamlı olaraq bu
sahəyə dəstək göstərir.
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində Amerikanın
Yel Universitetində təhsil alan Aylin Ələkbərlinin
ibtidai sinfi Bakının 27 nömrəli məktəbində
təhsil alıb, orta məktəbi Xətai rayonu 55 nömrəli
Qafqaz Gimnaziyasında davam etdirib. Azərbaycan-Fransız
Universitetində (UFAZ) geofizika mühəndisliyi üzrə
bakalavr təhsili alıb. Proqramın bir hissəsi olaraq sahə
gəzintiləri sayəsində faydalı təcrübə
qazanıb: "Bu gəzintilər mənə qabaqcıl
avadanlıqlarla praktiki işlər görmək və öyrəndiklərimi
real şəraitdə tətbiq etmək imkanı yaratdı.
Ən yaddaqalan hissəsi isə Bakının ətraf bölgələrinə
səyahət etmək oldu. Hər biri özünəməxsus
mənzərələri ilə diqqət çəkirdi. Məsələn,
Xızıda yerləşən Şəkər Əsası
Dağlar möhtəşəm bir mənzərə idi. Belə
müxtəlif mühitlərdə işləmək
mövzunu daha dərindən anlamağıma kömək etdi.
Bu mənzərələrdə mineralları və
daşları öyrənmək mənə Yer kürəsinə
yeni bir baxış qazandırdı. Təbiəti sənət
kimi görməyə başladım və bu perspektiv dəyişikliyi
təbiətdəki struktur və kompozisiyanın gözəlliyini
dərk etməyimə səbəb oldu. Təbii olaraq, bu
öz yaradıcılığımda da dizaynı daha dərindən
araşdırmağa yönəltdi. Bir çox sənət
növünü sınaqdan keçirdim, amma qrafik dizayn mənə
istədiyim azadlığı verdiyi üçün onu
seçdim. Animasiya da mənim üçün
özümü ifadə etməyin ən güclü
yollarından birinə çevrildi. Gerçək dünyada
dizayn hər zaman əhəmiyyətlidir - hər sənaye sahəsi
buna ehtiyac duyur, çünki dizayn insanlar, məhsullar və məkanlar
arasında əlaqə qurur".
Yel Universitetinə üstünlük verməsi barədə
danışan Aylin Ələkbərli deyib ki, universitetlər
haqqında araşdırma apararkən proqramın reytinqi, məzun
olduqdan sonrakı imkanları nəzərə alıb:
"Çox düşündükdən sonra Yel Universitetinə
müraciət etməyə qərar verib. Müraciət
prosesi portfolio hazırlamaq, tövsiyə məktubları əldə
etmək və motivasiya məktubu yazmaqdan ibarət idi.
Müsahibə üçün seçildikdən sonra 8 tələbədən
biri olaraq proqrama qəbul olub. Universitet haqqında
araşdırmalar aparmaq, lazımi proqramları öyrənmək,
tələbələrlə və müəllimlərlə
danışmaq üçün çox vaxt sərf edib. Bu,
böyük bir səy idi, amma nəticədə buna dəyərdi".
Tələbə, həmçinin vurğulayıb ki,
Dövlət Proqramı olmasa idi, ABŞ-da yaşamaq onun
üçün çox çətin olardı. Dövlət
Proqramı üzrə qəbul prosesi barədə
danışan Aylin söyləyib ki, əvvəlcə onlayn
müraciət edib. Daha sonra müsahibəyə dəvət
olunub. Müsahibə zamanı məqsədləri, peşəsinə
aid bəzi suallar verilib. Bir neçə həftə sonra qəbul
olunduğu barədə məlumat alıb.
Təhsil aldığı ali məktəbin tədris
proqramından danışan Aylin Ələkbərli deyib:
"Təsəvvür edə biləcəyiniz kimi, bu,
çox intensiv bir proqramdır. Dizaynerlər olaraq hər
birimiz öz studiya məkanımıza sahibik və
günümüzün əksər hissəsini studiyada işləyərək
keçiririk. Özünüzü inkişaf etdirmək
üçün çox işləməli və tənqidi rəylərə
açıq olmalısınız. Bəzən bu, çətin
ola bilər, amma motivasiyanız yüksəkdirsə və
öyrənməyə istəklisinizsə, bu, idarəolunan
bir vəziyyətdir. Müəllimlərimiz dizayn sənayesində
tanınan və uğurlu fərdlərdir. Universitetin digər
fakültələrindən dərslər almaq
üçün azadlığımız var. Ən çox bəyəndiyim
dərslərdən biri "Mechanical Artifact"
adlanırdı. Bu dərsdə biz astronavtların özləri
ilə Massaçusets Texnologiya İnstitutu (MİT)
professorları tərəfindən kosmos yaşayış
mühitləri üçün hazırlanacaq əşyaları
hazırlayırdıq. Proqramımın ən dəyərli təcrübələrindən
biri isə 2023-cü ilin noyabr ayında
hazırladığım animasiyanın "Times Square"də
4 gün ərzində nümayiş olunması oldu".
Aylin Ələkbərli qeyd edib ki, təhsil
aldığı ali məktəb çox beynəlxalqdır:
"Proqramda Şərqi və Cənub-Şərqi Asiya,
Avropa və Cənubi Amerika ölkələrindən tələbələr
var. Hər kəs çox dostcanlıdır və fərqli mədəniyyətlər
arasında oxşarlıqlar var. Universitetin öz
filarmoniyası, teatrı, buz meydançası və hətta
rəsədxanası var, buna görə də boş vaxtlarında
tələbələr çox şey edə bilirlər. Həmçinin
yaşadığımız şəhər Nyu-Yorka çox
yaxındır, ona görə də həftəsonu tez-tez ora
gedirik".
Azərbaycandan Amerikaya təhsil almağa gələn
tələbələrin çətinliklərindən
danışan Aylin bildirib ki, bura uyğunlaşmaq bir az vaxt ala
bilər: "ABŞ-da təxminən üç ildir
yaşamağıma baxmayaraq, hələ də bəzi anlarda
mədəniyyət şoku yaşayıram. Amma adaptasiyaya
açıq olmaq və yaxşı sosial bacarıqlara sahib
olmaq, buna tez uyğunlaşmağınıza kömək edəcək.
Mənim üçün şanslı vəziyyət də
odur ki, başqa beynəlxalq dostlarla əhatə olunmuşam və
biz oxşar təcrübələrimizi paylaşaraq
yaxınlaşırıq. Xaricdə təhsil almaq
üçün Dövlət Proqramına müraciət etməyi
planlaşdıranlara tələbə tövsiyə edib ki,
özlərinə qarşı dürüst olsunlar və
bacarıqlarına güvənsinlər".
Aylin Ələkbərli vurğulayıb ki, son iki ildə
ABŞ, İngiltərə, Britaniya, Meksika, Bosniya və
Herseqovina, Rusiya və Malayziyada müxtəlif film
festivallarında və qrup sərgilərində iştirak
edib: "İşimi daha çox ölkələrdə,
yaxşı tanınmış tədbirlərdə və fərdi
sərgilərdə nümayiş etdirməyə davam etmək
istərdim. Əlbəttə, bunun üçün sənətimi
daha da inkişaf etdirməliyəm. Azərbaycanın və
xaricdəki tanınmış brendlər və şirkətlərlə
işləmək istəyərəm. Gələcək
fürsətləri səbirsizliklə gözləyirəm".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 26 aprel(№71).-S.23.