Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən şənbə
sayımızda)
Assuriyalılar hadisədən
xəbər tutduqdan sonra adi bir qızın qəhrəmanlığı,
onları yəhudilərdən qorxmağa məcbur etdi və
onlar şəhərin mühasirəsini götürüb,
oradan uzaqlaşdılar. Yəhudilərin assuriyalılara nifrət
hissi və lənət yağdırması öz işini sadə
bir qızın əlilə çox ümid etdiklərinin həllinin
şahidi oldular.
Sonra midiyalılar və xaldeyllər Assuriyanı məğlub
edib, Yeni Babilistan dövlətini yaratdılar. Bizim eradan əvvəl
609-cu ildə baş verən bu hadisə Babilistan çarı
Nabuhadonosorun yaxşı və pis əməllərinə
geniş yol açdı. O, öz dövrü
üçün dünyanın ən gözəl şəhəri
olan Babili tikdirdi və yenidən qurdu. Şəhərin
İştar qapısı qlazurdan (şirdən) istifadə
olunmaqla rəngli kaşı hissələrindən düzəldilmiş
mistik və real heyvanların rəsmləri ilə bəzədildi.
Lakin Nabuhadonosor assuriyalıların gücü
çatmadığı bir işi həyata keçirdi, Yerusəlimi
tutdu və minlərlə şəhər əhalisini Babilə
sürgün etdi. Əsirlikdə yəhudilər dözülməz
əzablarla üzləşdilər, aclıq xalqı taqətdən
salırdı. Bibliyanın "Hüzn" kitabında
sürgündəkilərin dəhşətləri içərisində,
ac ananın doğduğu körpəsini yediyi kimi
ağlasığmaz hesab edilən hadisədən xəbər
verilir. Lakin yəhudilər Allahın onları
buraxdıqları günahlara görə cəzalandırdıqlarını
güman etdikləri kimi, onları nəhayət mərhəmət
göstərəcəyinə də möhkəm
inanırdılar. Həqiqətən də bu baş verdi.
B.e.ə. 539-cu ildə Nabuhodonosorun nəvəsi,
çar Baltasar paytaxtdakı sarayında böyük ziyafət
düzəltmişdi. Orada min nəfər saray əyani və
nüfuzlu şəxslər iştirak edirdi. Baltasar arvadı
ilə şərab içəndə, göstəriş verdi
ki, Yerusəlim məbədindən qarət edilmiş
qızıl və gümüş qədəhlər gətirilsin
ki, məclisdə şərab onlarda içilsin.
Bu qədəhlər Babilə
daşınmışdı və çar Baltasar daxil olmaqla
adamlar şərabı onlarda içirdilər. Bu, müqəddəsliyə
qarşı təhqir idi. Bu vaxt sarayın ağ divarında
naməlum əllə yazılan sözlər gözə dəydi.
Divarda "mene, mene, tekel, uparsin" sözləri
yazılmışdı. Münəccimlər onların mənasını
izah edə bilmədilər. Bu vaxt münəccim Deniel yada
salındı və çar onun gətirilməsini əmr
etdi.
Deniel gələndə, Baltasar dedi ki, sözlərin mənasını
izah etsə, yüksək qaydada mükafatlanacaqdır. Deniel isə
mükafatdan imtina edib dedi ki, sözlər bildirir ki, hər
şey hesablanmışdır, çəkilmişdir və
bölünmüşdür. Baltasar bu xəbərdarlığa
məhəl qoymayıb yeyib-içməyi davam etdirdi.
Gecə yarısı pers ordusu Baltasarın atası,
onunla birgə çar olan Nabonidə qalib gəlib, Babili
işğal etdi və Baltasar öldürüldü. Persiya
çarı II Kir (Böyük Kir və ya Sirus) yəhudiləri
Babil sürgünündən azad edib, onlara Yerusəlimə
qayıtmağa, öz dini ibadətlərini icra etməyə
və məbədlərini bərpa etməyə icazə
verdi. O vaxtdan yəhudilər Persiya çarına minnətdarlıq
ifadə edərək, onun şərəfinə təriflər
söyləməyə başladılar.
Nabuhodonosorun Yerusəlimi işğal etməsi və
şəhər sakinlərini sürgünə göndərmək
kimi qəddar hərəkəti, yəhudilərin ona lənət
yağdırmasına səbəb olmuşdu. Bütöv bir
xalqın, özü də Allahın seçdiyi xalqın lənəti
yerdə qalmadı və təkcə Babil deyil, Babilistan
dövləti tarixin arxivinə verilməli oldu. Yerusəlim isə
öz müqəddəs Solomon məbədini qoruyub saxlaya bilməsə
də, altı əsr sonra Titin
başçılığı altında Roma ordusunun
işğalına məruz qalsa da, gələcəkdə
iudaizmlə yanaşı, xristian və nisbi də olsa müsəlman
dinlərinin də mərkəzinə çevrilməklə,
üç dinin beşiyi rolunu oynadı. Üç min ilə
yaxın müddətdə yəhudilər bu ərazidə
özlərinin qədim İudeya və İsrail dövlətlərini
bərpa etmişdilər. Bir əsrə yaxındır ki, XX əsrin
ortalarında yaradılan İsrail dövləti bu ərazidə
kiçikliyi ilə seçilsə də, çoxlu
müharibələrlə üzləşdi, lakin öz
suverenliyini qoruyub saxlaya bildi. Holokostda 6 milyon adamını itirən
yəhudilər feniks quşu kimi yenidən həyata
qayıdıb, özünün hərtərəfli inkişaf
etmiş, müasir demokratik dövlətini yaratdılar.
Assuriya da, Yeni Babilistan imperiyası da, Qədim Roma dövləti
də məhv olub, tarixin səhifələrini tərk etdi. Yəhudilərin
dövləti isə dəhşətli sınaqlara, dünyada
görünməmiş dinc adamların böyük itkisinə
baxmayaraq, qamətini düzəldib, öz xalqını əsl
inkişaf və ehtiyac köləliyindən birdəfəlik
azad olmuş yeni yaranan bir dövlətin sahibi kimi şərəf
simvoluna çevirdilər.
Bibliyada digər bir qadının da öz
xalqını məhvdən xilas etməsi hadisəsi təsvir
olunur. Persiya çarı Artakseris milli mənsubluğu ona məlum
olmayan yəhudi qızı Esteri özünə kəniz
götürmüş və bu gözəl qız onun
çox xoşuna gəldiyinə görə qanuni arvadı
elan etmişdi. Esterin dayısı Mordexay da sarayda xidmət
edirdi və vəzir Hamanın əyalətdəki
bütün yəhudiləri qırmaq barədə göstərişindən
agah olub, bunu pers çarına çatdırmaqla,
qarşısını almağa cəhd göstərməsi
köməyini Esterdən gözlədiyini bildirmişdi.
Ester Hamanın təhlükəli adam olduğunu
bilirdi və çox ehtiyatla hərəkət edirdi. O, ikinci dəfə
qonaqlıq verəndə, Hamanın yəhudiləri məhv
etmək istədiyini çara bildirdi. Çar həm də
Hamandan arvadını ələ keçirmək istədiyindən
şübhələnmişdi, ona görə də əmr etdi
ki, Haman dar ağacından asılsın. Həmin dar
ağacını Haman Mordexayı asmaq üçün
qurdurtmuşdu.
Ester əslində Yudifin igidliyini təkrar edib, öz
xalqını məhv olmaqdan xilas etdi. Hələ b.e. ə. VI
əsrdə Persiya imperiyasında yaşayan bütün yədulərin
qırılması baş tutsa, bu, ilkin holokost xarakteri
daşıyardı. Ona görə də yəhudilər
arasında Ester adı min illər ərzində öz qiymətini
itirməmişdir və müasir yəhudilər də
qızlarını bu adla adlandırırlar. Tələbə
vaxtı indiki Heydər Əliyev sarayının yerləşdiyi
küçədə kirayədə yaşayarkən,
qonşuluqda yəhudinin arvadı Ester çox mehriban bir insan
idi. Oğlu kitab ticarəti ilə məşğul olurdu. Sonra
Amerikaya mühacirət etdi və valideynlərini də öz
yanına apardı.
II Filipp və Makedoniyalı Aleksandr sülaləsi
Makedoniya çarı II Filipp qısa müddət ərzində
kiçik dövlətini iqtisadi və hərbi cəhətdən
xeyli möhkəmləndirib, Yunanıstanı ittifaq adı
altında öz tabeliyinə salmışdı. Buna o,
qızğın müharibələr aparmaq və diplomatiyadan
güclü istifadə etmək yolu ilə nail olmuşdu. B.e.ə.
356-cı ildə arvadı Olimpiada ona Aleksandr
adlandırdıqları oğul doğmuşdu. Aleksandr adı
Homerin "İliada" poemasından
götürülmüşdü, hərfi mənada
"kişiləri döyən, məğlub edən" mənasını
verirdi.
336-cı ildə çar Filipp qızı
Kleopatranı ərə vermək üçün böyük
toy mərasimi keçirirdi, şənliyə çoxlu
qonaqlar dəvət edilmişdi. Filipp nailiyyətlərinə
və xoşbəxtliyinə görə özünü
çox məğrur aparırdı. Axı o, Afina kimi şəhər-dövləti,
Attikanı da öz tabeliyinə keçirə bilmişdi.
O, toyda qonaqları salamlamaq istədikdə, bir cavan
oğlan yaxınlaşıb, xəncəri onun sinəsinə
soxdu və zərbədən Filipp yerə yıxılıb
öldü. Bu vaxt dostu Hefestion 20 yaşlı Aleksandrın əlini
qaldırıb, atasının varisi kimi onun Makedoniya
çarı olduğunu elan etdi. Aleksandr taxt-taca yiyələndikdən
sonra, digər yunan şəhər-dövlətlərinin də
döyüşlərlə Makedoniya tabeliyinə keçməsinə
nail oldu.
22 yaşında isə atasının arzusuna uyğun
olaraq, Persiya imperiyasını məhv etmək
üçün üzüb Kiçik Asiyaya keçdi. Qranik
çayı yanındakı ilk vuruşda qalib gəldi, Qordi
şəhərində isə "Qordi
düyününü" qılıncla kəsib
açmaqla, bunu bacaranın rəvayət timsalındakı
perspektiv rolu oynayan Asiyanın çarı olmaq barədəki
ideya onun öz məqsədinə inamını daha da möhkəmləndirdi.
Qranik döyüşündə düşmən
döyüşçüsü ona qılıncla zərbə
endirməyə cəhd etdikdə, Aleksandrın uşaqlıq
dostu onu qabaqladı və öz qılınc zərbəsi ilə
döyüşçünü öldürdü. Beləliklə,
Klit hələ Persiyaya yürüşün
başlanğıcında Aleksandrı real ölüm təhlükəsindən
xilas etmişdi.
Aleksandr Troya müharibəsindəki
döyüşdə həlak olan igid Axillesi ehtiramla yad etdi.
Axı o, Homerin öz qəhrəmanı məhəbbətlə
təsvir edildiyi "İliada" poemasını ən qiymətli
sərvət kimi özü ilə gəzdirirdi.
Sonra İss yaxınlığındakı
döyüşdə qalib gələndə, Persiya
çarı III Dara saray xəzinəsini də
götürüb qaçmaqla canını qurtardı. Onun sələfi
I Dara isə Persiya imperiyasını xeyli
böyütmüş, çox sayda inkişaf tədbirləri
həyata keçirmiş, o cümlədən Suzadan
Sardıya 1800 km. uzunluğunda yol çəkdirmiş və
dünyada ilk poçt sistemi yaratmışdı. Yolun
üstündəki hər 40 km. məsafədəki dayanacaq məntəqənələrində
yolçular qidalana, istirahət edə, atlarını dəyişə
bilərdilər. İmperiyadakı yol şəbəkəsi
hesabına çar öz dövlətinin ərazisində
baş verənlərdən tezliklə hali olurdu. Onun b.e.ə.
VI əsrin sonunda yaratdığı paytaxt Persepolis
dövrünün ən gözəl şəhərlərindən
biri idi. Onu meydana gətirilənlərin müqayisəsiz
dühasından, təkrarolunmaz istedadından xəbər
verirdi. Şəhərdəki
saray və onu bəzəyən heykəllər böyük
yaradıcılıq nümunələri idi. Bir əsr sonra
Afinada tikilən Parfenon məbədi də möhtəşəşəmliyində
ona uduzurdu. Bu saraydakı 20 metr hündürlüyündəki
kapitellərin üstündə iri öküz heykəlləri
ucalırdı. Təəssüf ki, bu gözəl şəhər
işğalçı Makedoniya döyüşçüləri
tərəfindən yandırılıb, məhv oldu.
Sələfinə bənzəməyən
III Dara isə döyüşdən qaçmışdı.
Onun anası Sisiqambis, arvadı Statira və iki qızı
Aleksandra əsir düşdü. Onlar ağlayırdılar
ki, yəqin çar Dara da ölmüşdür. Aleksandr
onları sakitləşdirdi ki, Dara sağdır. O, əsir
götürdüyü qadınlara hörmətlə
yanaşdı, onların məişət qayğıları
saraya məxsus qaydada təşkil olundu. Çarın
anası öləndə, ona ləyaqətli matəm
keçirdi.
Sonra Qavqamelada daha ciddi və böyük
döyüş getdi. Aleksandrın canlı qüvvəsi və
süvari dəstəsi Persiyanınkından üç dəfə
az idi. Buna baxmayaraq, o, hərbi dühaya xas olan məharət
göstərib, məhv olmaq şansı ilə üzləşmiş
öz sərkərdəsi Parmenionun qoşununu süvari dəstəsinin
hücumu ilə xilas etdi və Persiya ordusunun ön cərgəsini
yarıb, onlara qarşı hücuma keçdi. Makedoniya ordusu
özündən xeyli güclü olan 150 minlik Persiya ordusuna
qalib gəldi. Dara qələbəyə böyük ümid bəslədiyi
halda yenə də qaçmağa məcbur oldu, sonralar
satraplarından biri xəyanət edərək, çarı
öldürtdü.
Aleksandr paytaxt Persepolisi tutandan sonra, sərkərdəsi
Ptolemeyin kənizi, afinalı qız Taisin təşəbbüsü
ilə, Kserksin Afinanı yandırmasının qisasını
almaq məqsədilə bu gözəl şəhər oda
verildi. Aleksandr yanğın başlayanda sarayında idi, bu vəhşiliyə
müqavimət göstərmək əvəzinə, onda
bilavasitə iştirak etdi. Beləliklə, Aleksandr həm də
bu məşhur şəhərin timsalında gözəlliyin
dağıdıcısı, böyük vandal olduğunu
göstərdi.
Sonra Aleksandr Xəzər dənizinin cənubu ilə
irəliləyib, Orta Asiyaya keçdi, Soqdiananı zəbt
etdi. Burada ziyafətdə xoşagəlməz hadisə baş
verdi. Yerli əhalinin nüfuzlu adamlarının
iştirakı ilə keçirilən ziyafətdə Aleksandr
öz sərkərdələrini qorxaqlıqda təqsirləndirdi.
Doğrudan da, skiflərin yunanlara etdiyi basqınların
qarşısı alına bilmirdi. Klit yad adamların
yanında özlərinin ələ salınmasına dözməyib,
etirazını bildirdi, Aleksandr isə istehzasını davam
etdirdikdə, Klit şair Yevripidin şeirindəki sözlər
ilə onu tiran adlandırdı. Hiddətlənən Aleksandr
mühafizəçisinin nizəsini qapıb, Klitin sinəsinə
atdı və ağır yara almaqla o, öldü. Sonra
Aleksandr çox peşman olub, dostuna bir neçə gün
yas saxladı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 26 aprel(№71).-S.22.