Osmanlının ilk pritonları
İstanbula gəlib, Bəyoğluna ayağı dəyməyən
insan yoxdur. Ölkəyə daxil olan hər kəsin ilk
ünvanı qalacağı yer, ikincisi isə Bəyoğludur.
Çünki Bəyoğlu İstanbulun ən önəmli
parçasıdır - həm tarix, həm də mədəniyyət
baxımından. Əslində, Bəyoğlundan çox
yazmışam, amma budəfəki mövzum nə onun tarixidir,
nə də mədəniyyəti, bu dəfə o dönəmdə
yaranan pritonlardan - fahişəxanalarından bəhs edəcəyəm.
Yolum Bəyoğlunun Zürafə küçəsindəki
hazırda fəaliyyət göstərməyən və
qapalı qalan, Osmanlı dönəmindən qalma fahişəxanalaradır.
Bu iş hər nə qədər İslam kültürünə
zidd olsa da, xüsusilə Osmanlı İmperatorluğunun son
dönəmlərində sürətlə
yayılmışdı. Əslində, Osmanlının hər
dönəmində fahişəlik var idi, bütün
dünya ölkələrində olduğu kimi, amma rəsmi
icazə ilə işləyən ilk fahişəxanalar Sultan
Abduləziz dönəmində qurulmağa başlayır. Hətta
iş o həddə çatır ki, xalq həmin məkanların
olduğu küçələrə adlar verməyə
başlayır: "Mələk girməz", "Şeytan
çıxmaz" küçəsi və sairə kimi...
Vəba güclüdür, yoxsa cəhalət?
Vəziyyət elə gətirir ki, fahişəxanalar
qurulandan bir müddət sonra vəba xəstəliyi
yayılır. Qara camaat ayağa qalxır, vəba xəstəliyinin
yayılmağına səbəb kimi başdan ayağa
fahişəxanalar, meyxanələrlə dolu olan bu
küçə göstərilir. Bir yığın cahil də
buna inanır və həmin yerləri dağıdırlar.
Küçənin əxlaqsızlıqla nam salan şöhrətini
unutdurmaq üçün yerində Hidayət məscidi
inşa edirlər. Ancaq aradan bir müddət keçir və
İstanbulda fahişəxanalar yenidən açılmağa
başlayır. Dövlət qadağalar qoyur, amma fahişəlik
fərman dinləmir. Artıq qeyri-qanuni şəkildə
açılan bu məkanların öhdəsindən gəlməyi
bacarmayan Osmanlı, 1884-cü ildə təlimatnamə ilə
ilk rəsmi fahişəxananın açılmağına
dair əmr imzalayır. Bir müddət sonra Qalatadakı bu
yerlərin sayı dörd yüzü keçir.
Lanqa Fatma
Osmanlı tarixçisi və dövlət adamı
Cevdət Paşanın araşdırmalarından öyrənirik
ki, ilk fahişəxananın idarəçisi Lanqa Fatma
adlı qadın idi. İstanbulun zəngin insanlarına xidmət
edən bu məkan Ədirnəqapıdadır. Lanqa
Fatmanın bu işlə birlikdə ulduzu elə parıldayır
ki, dönəmin məşhur şairləri şeirlərində
ona mədhiyyələr düzür. Ona aid fahişəxanalarda
işləyən qadınların "qartopu Şöhrət,
gümüşgərdan Ülfət, Vüslat, candayanmaz
Zilan, qaymaq boşqabı Sərvət, Zinət" kimi ləqəbləri
varmış. Lanqa Fatmaya söz deməyə heç kimin
cürəti çatmırmış, heç polisin də.
Çünki onun müştəriləri İstanbulun önəmli
şəxsləri idi. Ağalar, bəylər, paşalar
Fatmanın qapısında sıraya düzülüb, növbə
gözləyirmişlər. Yəni keçmişdə
fahişəxanalar müəyyən kəsimə xidmət
edirdi, xalq səviyyəsinə enməmişdi. Ta ki, Lanqa
Fatmanın ölümündən sonra onun idarə elədiyindən
qat-qat aşağı səviyyədə olan Lüks Nərminin
və Erməni Marhilda Manikunyanın açdıqları
fahişəxanalara qədər... Yeri gəlmişkən, Bəyoğlunun
Zürafə küçəsində pandemiyaya qədər fəaliyyət
göstərən fahişəxananın sahibi erməni Matilda
Manukunyan idi.
Matilda Manukunyan
Matilda digərlərindən fərqli olaraq varlı
ailənin qızı idi. Üstəlik, Notre Dame de Sion kimi məktəbdən
məzun idi. Atası erməni tenor, anası isveçrəli
balerina idi. Ancaq həyata bir-sıfır irəlidə
doğulmaq, daima şanslı olacağına dəlalət
etmir. Matilda ailə qurduqdan sonra ana və atası ölür.
Bir oğlu dünyaya gəlir, sonra şərtlər onu
boşanmağa vadar edir. O vaxt varlı adamların ödədiyi
"varlıq vergisi" onu əlindəki sərvətdən
edir. Maddi imkansızlıqdan dərzilik etməyə
başlayır. Həmin vaxt atasından ona qalan evdə
fahişəxanalardan birinin idarəçisi qalırdı.
Matildanın vəziyyətini görür və şərikli
fahişəxana işlətməyi təklif edir. Beləliklə,
Matildanın macərası başlayır. Qısa müddətdə
hamını heyrətə salacaq qədər yüksəlir.
Çox güclü insanlar arxasında dayanır. Yəni əli
iqtidara qədər uzanan bir qadına çevrilir. Hətta bir
gün məhkəməyə aparılır. Hakim onu şəxsən
sorğulayır. Matilda hakimə, "bu axşam buradan ya mən,
ya da siz ayrılacaqsınız" deyir. Çünki
sorğulandığı bina onun şəxsi mülkü
imiş. Polislərin qolundan tutub apardığı binadan
Matilda o axşam can güdənləri ilə
çıxır və timsah dərisindən olan "Rols
Roys" avtomobilinə minir və oradan gedir. 1990-cı illərdə
6 dəfə vergi rekordçusu olur. Özü də
qürurla deyirdi, "namusumla işləyirəm", yəni
qanun çərçivəsində, doğru işləyərək,
vergisini verərək, qadın satan, fahişə
alverçisi idi. Öldükdən sonra ondan geriyə
İstanbulda 500 ev, 70 iş mərkəzi bina, Yalovada 200 ev, 4
min hektarlıq ərazi, İkitelli Sənaye bölgəsində
min hektarlıq ərazidə iki fabrik, Antalya və Alanyada ikisi
4 ulduz, biri 3 ulduz olan otel, Böyükadada köşk, 18
metrlik yaxta, BMV, "Mersedes", "Rolls roys" avtomobilləri,
kilosu bilinməyən zinət, qızıl, qiymətli
daşlar qalmışdı. Bu rəqəmlər fantastik
görünə bilər, amma həqiqətdir. Hətta bundan
daha artığının olduğu ehtimalı da var.
Yeri gəlmişkən, dövlət ödədiyi
vergiyə görə Matildaya "Dövlətə
üstün xidmətinə görə" medalı
vermişdi. Hətta 90-cı illərdə bu məsələ
xeyli müzakirələrə səbəb olmuşdu.
Dünyanın heç bir yerində qadın alverçisinə
bu cür medalın verilməyinin mümkünsüz
olduğunu, bu anormallığın Türkiyədə necə
baş verdiyini deyərək, dövləti ciddi tənqid
etmişdilər.
Lüks Nərmin
Langa Fatmanın ölümündən sonra meydana
çıxanlardan biri də Lüks Nərmin idi. O da
yuxarı təbəqəyə xidmət edən fahişəxana
açır. Covanna Skomnamillonun "Bəyoğlunda fahişəliyin
tarixi" adlı kitabda Lüks Nərmindən, onun işlərinin
qüsursuzluğundan bəhs edilir. İdarə elədiyi
fahişəxananın fransız tərzində olan,
fransızca, ingiliscə danışan qızlardan bəhs
edilir. Hətta qızların sayının az, beş, bəlkə
də altı olduğu deyilir. Fəqət xidmətdə
"yox" deyilən kəlmənin olmadığı
vurğulanır".
Həqiqətən də, Nərmin dünyanın ən
gözəl qızlarını burada işlədirdi. Elit təbəqəyə
xidmət edirdi, həmin şəxslər də Nərmini
qoruyurdu. İşlətdiyi fahişəxana 15 ildə iki dəfə
polis basqınına məruz qalır. İkinci basqından
sonra evi tamamilə yeniləyir, tavanları güzgülədir.
Qara rəngə boyatdığı otaqları sarı
işıqlarla aydınladır. Bu addımla polislərə
"siz kimsiniz mənim evimə basqın edirsiniz"
mesajı vermək istəyirmiş. Evində pul və
qaçaqmal hesab olunan əşyalar tapıldığına
görə məhkəməyə çıxarılır və
həbs edilir. Elə yenicə həbsə girdiyi günlərdə
dövlət çevrilişi baş verir. Həmin vaxt hakimiyyətdə
olan demokratlar zəifləməyə və tutulmağa
başlayırlar. Lüks Nərmin də bu
qarışıqlıqda həbsdən çıxır,
intiqam almaq üçün hərəkətə keçir.
Onu azadlıqdan məhrum edənlərin şəxsi həyatını
ifşa edir, İordaniya kralı, İndoneziya prezidenti kimi əcnəbi
ölkə rəhbərlərinə dövlətin
ayırdığı pul ilə fahişə xidməti
verdiyini açıqlayır. Belə ki, İndoneziyanın
qadınbaz rəhbəri Əhməd Sukarno Türkiyəyə
qonaq gələndə xoş vaxt keçirmək
üçün Xarici İşlər Nazirliyi vasitəsi ilə
Lüks Nərminlə əlaqə yaradır, Ulduz
Sarayının bağındakı Şalə
Köşkündəki əyləncəsindən sonra beli
soyuqlayır, bu hadisə də diplomatik böhrana səbəb
olur. Elə bununla da Lüks Nərmin səltənətinin
sonu gətirilir. Sən demə, evinə olan basqınların,
məhkəmənin və həbsinin səbəbi bu hadisə
imiş.
Hemenqueyin Karaköy fahişələri xatirəsi
Galata və Pera əraziləri ilk dəfə kazinolar,
fahişəxanalar, əyləncə yerləri, meyxanələri
ilə məşhurlaşıb. Əsas İstanbul sayılan
Suriçinin müsəlman kəsimindan bu ərazilərə
gələn yox deyiləcək qədər az idi. Ona görə
ki, buralara gələnlərə pis baxırmışlar, haqqında
söz-söhbət çıxarırmış, "filankəsin
oğlu Bəyoğluna gedir" damğası vururmuşlar.
Bu damğadan sonra o şəxslərə nə qız verən
olurdu, nə də ailələrindən qız
alınırdı. Ernest Heminquey xatirələrində,
Karaköy fahişəxanaları üçün
"Avropadakı rəfah dönəmin ən
çılğın illəri belə buradakı fahişəliklə
yarışa bilməzdi" deyir.
Qeyd edim ki, Krım müharibəsi dönəmində,
başda əsgərlər olmaqla, əraziyə xeyli əcnəbi
axın elədi. Bununla da, Bəyoğlunda fahişəlik
artdı və qısa müddət içində Yeni
Çarşıdan Tophanəyə enən yol, yəni
hazırkı Cihangir ərazisi bataqxanaya çevrildi.
Şapqalı, şux geyimli, kübar bəyzadələr
buraları su yoluna çevirdilər. Rumların
aşağı təbəqəsindən olanlar da burada
qaynayırdılar. Bataqxanaların artması cinayətlərin
də sayını artırdı. Polis bununla mübarizə
aparmışdı, öhdəsindən gələ bilməyib
məcbur gözyummağa başlamışdı.
Sultan Abdulhəmid dövrü sonlandıqdan sonra sosial
həyat xeyli yüngülləşdi. İnsanlar Bəyoğlunda
daha rahat hərəkət etməyə başladı. Sadəcə
ədib, şairlər, qəzetçilər deyil, siyasətçilər,
paşazadələr, zadəganlar da buraya axın etdilər. Hər
gün Bəyoğlundakı şirniyyat evlərində tort
yeyib, çay içmək dəb halını aldı. Təbii
ki, bu, işin bəhanəsi idi. Əsas səbəb bu əraziyə
əcnəbi qadınların sərbəst şəkildə
gəlib-getməkləri idi.
Dövlət, 1930-cu ildə fahişəxanalarla
mübarizə qanunu çıxardaraq bu məkanların
qapatmağa hazırlaşır, ancaq nə olursa bir müddət
sonra işləməklərinə rəsmi icazə verilir. Bəyoğlunun
yüksəlişi də bundan sonra başlayır. Hazırda ərazidəki
fahişəxana binaları şəhər yenilənməsi əsasında
söküləcək yerlər sırasındadır.
Küçədəki fahişəxanalar pandemiyada
açılmamaq üzərə qapadılır.
Həqiqət budur ki, fahişəlik insanlıq tarixi
qədər qədimdir. İnsan Yer üzündə olduğu
müddətdə də bu, davam edəcək.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 26 aprel(№71).-S.21.