Milli Hökumət dövrü Həsən
Həsənovun xatirələrində
(Əvvəli ötən sayımızda)
Həsən Həsənovun müharibə
dövrü fəaliyyətinin maraqlı bir səhifəsi də
onun Azərbaycan Milli Elmlər Akademiyasının
yaradılmasında iştirakı ilə bağlıdır.
Mövzu ilə maraqlananlar memuarlarda çox ciddi detallar tapa
bilərlər bu barədə. H.Həsənov
M.C.Bağırovun rəhbərliyi ilə ilk akademiklərin
siyahısını tərtib edib. Maraqlıdır ki, akademik
siyahısına da azərbaycanlılar partiya
qarşısında xidmətlərinə görə
salındılar. Azca istisnalar oldu, amma bunlar ümumi mənzərəni
dəyişmədi.
Memuarlarda Heydər Hüseynovun faciəli taleyi barədə
də dəqiq detallar var. Hadisələr vaxtı Heydər
Hüseynov Partiya Tarixi İnstitutunda direktor işləyirdi. Bu
institut ənənəvi olaraq MK-nin bir şöbəsi kimi
işləyir və əsasən Moskvaya göndərilən və
Bakıda təbliğat və təşkilat işlərində
istifadə olunan siyasi mətnlərin hazırlanması ilə
məşğul olurdu. Əvvəlcə, DTK Heydər
Hüseynovun qardaşının Türkiyədə olması
barədə MK bürosuna material göndərir. Büro
Bağırovun qərarı ilə ona töhmət elan edir.
Alimin bu töhmətdən əsəb tutmaları
başlayır.
Sonra Heydər Hüseynovun Şeyx Şamil hərəkatı
haqda kitabı çıxır. Bu, sürüşkən
mövzu idi o vaxt. Şamil hərəkatı rəsmən
çarizmə qarşı Qafqazın azadlıq hərəkatı
sayılırdı. Lakin yenə rəsmən çarizmin tənqidinə
məhdudiyyət və senzura var idi, çünki antirusiya
ovqatı yarada bilirdi. H.Həsənov özü təbliğat
üzrə katib kimi bu kitaba icazə versə də, onu
"vacib olmayan kitab" (s.184) adlandırır. Bu ifadənin
rusca orijinalı necədir, bilmirik, amma müəllifin ikili
mövqeyi ortadadır. H.Həsənov bir yerdə qeyd edir ki,
Heydər Hüseynovun kitabını "kimsə Stalin
mükafatına təqdim etmişdi". Yəqin ki, bu kimsənin
kimliyini bilirdi, amma demir. İstəsəydi, deyərdi. Mirzə
İbrahimov o zaman Mükafat komissiyasının üzvü
idi, məsələyə baxılanda H.Həsənova zəng
edir Moskvadan ki, Heydər Hüseynovun kitabına səs verim, ya
yox. M.C.Bağırov icazə verəndən sonra Mirzə
İbrahimov müsbət səs verir və Heydər
Hüseynov Stalin mükafatı alır və Moskvadan bəri
bütün qəzetlər bu barədə yazır.
Bunlar 1949-cu ildə baş verirdi, bu zaman Heydər
Hüseynov öz müavinləri Zevin və Kirsanovun
iştirakı ilə İ.Stalinin 70 illiyinə həsr
edilmiş kitabça yazırdılar Bağırov
üçün. Həmin kitabça çap da olunub. Lakin
hansı qüvvələrin təhriki iləsə,
Bağırov başlayır Heydər Hüseynovun
kitabını oxumağa. O, özünün icazə verdiyi
kitabı elə-belə oxuyardımı? Bizcə yox,
çünki rəsmi sənədlərdən kənar bir
işlə məşğul olmağa onun vaxtı və belə
şakəri də yox idi. Bəlkə heç kitabı
oxumayıb da. Deməli, Bağırovun stolunun üstünə
hardansa sənəd gəlib. Bu, Moskvadan bir erməninin zəngi
də ola bilərdi. Qarabağ erməniləri Bakıda
M.C.Bağırovdan əvvəlki hakimiyyətlərini bərpa
etmək istəyirdilər, onun haqda material
yığırdılar. Heydər Hüseynovun siyasi mətnlər
istehsal edən İnstituta direktor qoyulması rus-erməni
ittifaqına qarşı addım idi. Bu ittifaq isə
Bağırovun ən çox qorxduğu şeyi tapdı bu
kitabda: antirus qoxu!
O ərəfədə Bağırovun normal münasibəti
vardı Heydər Hüseynova. Amma kitab haqda siqnal
Bağırovu necə qorxutmuşdusa, o, qısa vaxtda
Moskvadakı kanalları da işə salmaqla Heydər
Hüseynovu məhv etdi. Elan edilmiş Stalin
mükafatını ləğv etməyin yolunu bilən adamlar
Moskvada idilər, bunlar Qafqaz tarixşünaslığında
ixtiyar sahibi olan ermənilər idi.
Heydər Hüseynova qarşı bircə tezis
vardı: o, müridizmi müsbət qələmə
vermişdi. Amma bu, sovet bolşevik
tarixşünaslığında qəbul edilmiş tezis idi.
Bir fərqlə: rus-erməni yazanda antirus şübhələr
oyanmırdı. Müsəlman müridizmini, yəni
islamçı din xadimini tərifləmək müsəlman qələmində
antirus qoxu yaradır. Niyə? Ona görə ki, hər yerdə,
o sıradan Qafqazda rus istilasına qarşı mübarizənin
bayrağı, ideologiyası islam olub. XIX əsrdə Qafqaz
müsəlman mətbuatında mənfi molla obrazı belə
qadağa altında idi. Dolayı yolla H.Həsənov da Heydər
Hüseynovun sıxışdırılmasında iştirak
edibdir. Özü qeyd edir ki, Bağırovun göstərişindən
sonra biz də müridizmin mürtəce təbiəti haqda
materiallar toplamağa başladıq.
1951-ci ilin dekabrında H.Həsənovun aparat
karyerasına ən ağır zərbə vuruldu. Onu MK katibi
vəzifəsindən azad etdilər. Memuarlarda
yazdığından görünür ki, onun vurulması
aparatdakı rus mənşəli kadrlarla konfliktə girməsi
ilə bağlı olub. O, M.C.Bağırova söykənərək
Azərbaycan Dövlət Təhlükəsizliyi komissarı
Yemelyanovu yalan danışmaqda suçlamaq istəyirdi. Nəticədə
H.Həsənov MK katibi vəzifəsini itirdi. Vəzifəsinə
və mövqeyinə görə H.Həsənov bilməli idi
ki, Dövlət Təhlükəsizliyi komissarı Azərbaycanda
heç kimə, o sıradan Bağırova tabe deyil. İkinci
tərəfdən, Yemelyanovu yalan danışmaqda suçlamaq
absurd idi, çünki bu onun peşəsi idi. Ümumiyyətlə,
xarakterindəki "düznəqululuq" onun partiya
karyerasına son qoyan əsas səbəblərdən olub. Məsələn,
M.C.Bağırovun əvəzinə Mir Teymur Yaqubovun birinci
katib seçildiyi plenumda o, təzə birinci katibi tənqid edən
çıxış edir. Bu kobud səhv idi və onun aparatdan
kənar edilməsi ilə nəticələndi. H.Həsənov
MK aparatında 20 il işləmişdi, bilməli idi ki,
Yaqubovu Moskva təyin etmişdi, Bakıdakı plenum butaforik
bir iclas idi. Hətta Partiya intizamı da ondan tələb edirdi
ki, yuxarı partiya orqanının qərarını müdafiə
etsin.
Lakin 1951-ci ilin dekabrında MK katibi postunu itirməsi
onun 1954-cü ilin aprelinə qədər MK aparatında
işləməsinə mane ola bilmədi. Bağırov onu elm
şöbəsi müdirinə müavin təyin etdi. Bunun əsas
səbəbi M.C.Bağırovun da rus-erməni İttifaqı
ilə konfliktdə olması idi. O, İ.Stalinə söykənərək
Azərbaycan partiya aparatında rus-erməni hegemonluğunu
cilovlamışdı. Amma o özü də rus-erməni
ittifaqından qorxurdu, millətçi damğası almaqdan
ehtiyat edirdi. Heydər Hüseynovu nümayişkaranə şəkildə,
qəddarlıqla məhv etməsi də buradan gəlirdi. Bağırov
bununla deyirdi: baxın, mən antirus millətçilərə
qarşı belə qəddaram, mən onlardan deyiləm. Rus
dilində partiya sənədlərinin hazırlanması partiya
hakimiyyətinin ikinci həlledici şəkli idi. Moskva bu
işin rus və yəhudilərdə qalmasında
çox-çox maraqlı idi. Heydər Hüseynovun, H.Həsənovun,
Cəfər Cəfərovun dramatik taleyi bununla şərtlənirdi.
1937-də də rusdilli və rusofil Azərbaycan kommunistlərinin
hamısı millətçi damğası ilə güllələndi.
Moskvaya yerlilərdən olan qələmli ideoloqlar ancaq baş
ağrısı idi. İddiasız icraçılara isə
yol açıq idi. O biri tərəfdən N.Xruşşov da
respublikalarda İ.Stalin məktəbinə məxsus
kadrların aparatdan kənar edilməsini tələb edirdi. Bu
proses Lenin və Stalinin yaratdığı bolşevik
partiyasının ləğvi, onun sifətsiz
aparatçılar partiyasına çevrilməsi ilə bitdi.
H.Həsənov kimi bolşeviklər gərəksiz oldular.
Lenin bu partiyanı dünyanı dəyişmək
üçün yaratmışdı. N.Xruşşovun
islahatları isə onu şəxsi hakimiyyəti qoruma alətinə
çevirdi. Minlərlə döyüşkən bolşeviklər
gərəksiz oldular.
lll
Həsən Həsənov 1956-cı ildə
M.C.Bağırov üzərində antistalinist məhkəmə
qurulduqdan sonra ədalətsizcə gözdən salındı
(Məhkəmə haqda xatirələrdə heç nə
yazmır, görünür, sonralar oradakı bəzi ifadələrini
səhv hesab edib). H.Həsənovu MK katibi vəzifəsindən
M.C.Bağırov özü çıxarmışdı, onu
Partiya tarixi muzeyinə (sonralar Lenin muzeyi) direktor müavini,
Partiya tarixi institutuna direktor qoymuşdular. Bu mərhələdə
o, Partiya tarixi institutunda vəzifəsini qorumaq, aparat işində
qalmaq üçün təşəbbüslər edib.
Xatirələrdə maraqlı bir epizod var. Hələ
M.C.Bağırov vəzifəsində olanda H.Həsənov
Lenin muzeyi üçün materiallar almağa Moskvaya gedir,
orada Mədəni Maarif İşçiləri Komitəsinin sədri,
yazıçı Süleyman Rəhimovla birgə Anastas
Mikoyanın qəbulunda olurlar. Bu görüş İ.Stalinin
ölümü ilə M.C.Bağırovun Azərbaycanda vəzifələrdən
çıxarılmasına qədərki dövrdə olub. Həsənov
yazır ki, Mikoyan söhbət vaxtı M.C.Bağırovun
doğum tarixi ilə maraqlanırdı. O, Siyasi Büronun
üzvü idi, qeydlərdən görünür ki, rəsmi
tapşırığa əsasən Bağırov haqqında
ittihamlı dəlillər toplayır və Bakıdan gələn
qonaqlardan yardım istəyir. Məsələn,
Bağırovun doğum tarixindən və sair söhbət
gedir. H.Həsənov isə bu iş üçün çox
münasibidi, çünki vəzifəsinə görə
Partiya arxivlərinə buraxılışı olan və oralara
bələd adam idi. H.Həsənov görüş zamanı
A.Mikoyandan aldığı tapşırıq haqda yazır:
"Bağırovla bağlı məsələ ilə əlaqədar
olaraq dedi, onun doğum tarixini dəqiqləşdir, mənə
bu barədə yaz, biz burada nə isə bir şey edərik"
(Ləyaqətli şəxsiyyət., s. 177). Bu
görüş Moskva MK-nın binasında olub, ona görə
A.Mikoyanın dediyi həm də yuxarı Partiya
orqanının tapşırığı idi.
S.Rəhimov da onu Mikoyanın yanına buna görə
gətirmişdi. Mətndən H.Həsənovun Moskva
üçün hansısa arayış yazdığı
bilinmir, amma Bağırovla bağlı digər epizodda
L.P.Beriyaya münasibətdə səhvlərindən
danışır. Məsələn, Moskvaya, Beriyanın
taleyini həll edən plenuma getməzdən əvvəl
Bağırovun ona zəngini səhv kimi qeyd edir. Halbuki onlar
1917-ci ildən dost idilər. Sonralar H.Həsənov
M.C.Bağırova qarşı qınaqlı mövqeyini dəyişib.
S.Rəhimovun isə A.Mikoyanla bağları daha əvvəllərə
aid idi. 1937-ci ildə S.Rəhimovun istintaqı bitəndən
sonra beş ay 15 dəqiqəlik məhkəməni gözləmişdi.
Lakin yuxarıdan kömək sayəsində onun
bağlanmış işi yeni istintaqa qaytarıldı və
azadlığa çıxdı. Bəziləri bunu
moskvalı himayədarlarla bağlayırlar.
1961-ci ildə M.A.Suslov Bakıya gəlib Lenin muzeyinə
baş çəkir, görür ki, orada hələ də
İ.Stalin haqda materiallar ekspozisiyada qalır. Qalmaqal
yaranır. İ.Stalinin özünün yetişdirdiyi liderlər
əksərən belə idi, xəbərçilikdən
başqa heç bir işə yaramırdılar. Nəticədə,
58 yaşlı Həsən Həsənovu Lenin muzeyinin direktoru
vəzifəsindən çıxarıb 1962-ci ilin
fevralından AK(b)-nin Partiya Tarixi İnstitutuna baş müəllim
keçirdilər. Pensiyaya qədər orada işlədi.
1977-ci ildə Bakıda ümumittifaq dərəcəli
pensiyaçı titulunda vəfat etdi.
Həsən Həsənovun həyatı yaxın
tariximizin bir hissəsidir, memuarları da bu barədə qiymətli
sənədli romandır. Bu romanı ayrıca kitab kimi
çap etmək lazımdır. Onun böyük oğlu, mərhum
seysmoloq, AMEA-nın müxbir üzvü Arif Həsənova da
qəni-qəni rəhmətlər düşür.
Çünki atasının qiymətli kitablarını elmi
dövriyyəyə qaytaran birinci alim o özü olub. O,
atasının irsinin böyük siyasi və milli mənasını
dərindən anlayırdı. Buna görə atasının əsas
əsərini - "İran gündəlikləri"ni 2007-ci
ildə, öz ölümü ərəfəsində dərc
etdirdi. Daha qorxmağa dəyməzdi, ölüm yaxın idi:
2008-ci ildə dünyasını dəyişdi.
Mart, 2025
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2025.- 26 aprel(№71).-S.20.