"Segah" üstdə yazılan
ağı
Aqil Abbas "Çay qırağında bitib, susuz
qalan ağacların sağlığına..." niyə badə
qaldırır, yazıçını "Segah" üstə
ağladan nədir?
Yazıçı-publisist, millət vəkili Aqil
Abbasın Qarabağ mövzusunda qələmə
aldığı "Çay qırağında bitib, susuz
qalan ağacların sağlığına..." povesti
yazıçının son illərdə yazdığı ən
maraqlı, ədəbiyyatımızda mübahisə-müzakirə
doğuran əsərlərdən biridir. Povest ilk oxunuşda bədii
əsərdən daha çox, iki yaxın tanışın ərkyana
zarafatını, çəpərüstü söhbətini
xatırladır. Əsərin bədii, poetik üslubda yox,
danışıq tərzində, həm də Ağdam şivəsində
yazılması, jarqon ifadələrə geniş yer verilməsi,
ərkyana zarafatların bolluğu oxucu bir yana, hətta peşəkar
tənqidçini belə çaşdırır, əsərin
təhlili ilə bağlı fikirlərinə düyün
salır. Nədən, necə başlamaq, əsərin baş
qəhrəmanlarına münasibət bildirmək, povestin
ideya, məzmun, bədii xüsusiyyətlərini dəyərləndirmək,
tərbiyəvi mahiyyəti barədə söz demək
böyük məsuliyyət tələb edir.
Oxucu sual edə bilər: Aqil Abbas Qarabağ
mövzusunda yazdığı sənədli povestini niyə məişət
danışıq üslubunda yazıb, əsərində
Ağdam şivəsinə üstünlük verməkdə məqsədi,
məramı nə olub? Açığı, mənə elə
gəlir ki, niyəsini heç yazıçının
özü də düz-əməlli bilmir. Fikrimcə, Aqil
Abbas illərdir içini yandıran, donduran, qəlbinə
yük olan xatirələrindən bilmərrə qurtulmaq istəyib,
bu istəyini sətirlərə boşaldıb və sonda həm
üslub, həm dil, həm də mövzunun işlənməsi
baxımından yeni, orijinal povestini ərsəyə gətirə
bilib. Tənqidçi kimi yox, oxucu kimi deyirəm - Aqil Abbas istəyinə
nail ola bilib!
Povestdə ədəbi dil normaları, janr, mövzu qəlibi,
tələbi, tənqidçilərin nə deyəcəkləri
yazıçının "umurunda"
olmadığından nə düşünübsə, elə
o cür də yazıb Aqil Abbas. Eşitdiklərini, şahid
olduqlarını qəlibə salmadan oxucuya olduğu kimi, tam təbiiliyi
ilə təqdim etməyi, yazıçı səmimiyyətini
daha məsləhətli bilib və belə də edib. Hər nə
isə, görünən budur
ki, yazıçı oxunaqlı bir əsər ortaya
qoymağı bacarıb. Povesti 70 yaşı adlamış
yazıçının özünə hesabatı,
keçmişi ilə dərdləşməsi kimi də qəbul
etmək olar. Aqil Abbas illərdir onu üzən, narahat edən,
yaxınlarına belə açmağa ürək etmədiklərini
varaqlara töküb. Ötən XX əsrin 90-cı və hazırkı
XXI əsrin ilk 20 illiyində
baş verənləri olduğu kimi əks etdirmək millət
vəkilinə hansı başağrılar gətirib - bu,
ayrı söhbətin mövzusudur (Fikrimcə, bunsuz olmaz). Yəqin
ki, Aqil Abbas bu barədə də nə vaxtsa yazacaq.
Diqqət etmisinizmi? Nə sirdirsə, son vaxtlar
yazıçının qələmə
aldıqlarının hamısı kövrək notdadır,
xatirə motivinə köklənib, vida nəğməsi kimi
həzindir. Ömrün payız dönəmində
yazıçının bədii
yaradıcılığındakı bu lirik ovqatı Aqil
Abbasın yaradana şükranlığı,
üzrxahlığıdır bəlkə də.
Qeyd edək ki, Qarabağ mövzusu son onilliklərdə
ədəbiyyatımızın baş mövzusuna çevrilməkdədir.
Bu mövzuda yazan nasirlərimiz, şairlərimiz,uğurlu əsərlərimiz
az deyil. Elə Aqil Abbasın "Dolu"su nəyə desən
dəyər. Amma yazıçının Abdal-Gülablı
Şakirin xatirəsinə həsr etdiyi son sənədli
povestini Aqil Abbas digər əsərlərindən daha
çox sevir, dəyərli sayır qənaətindəyəm.
Niyəsini müəllifin oxucularına bu əsərini
mütaliə etmək tövsiyəsində axtarmaq
lazımdır.
Povestə seçdiyi qəribə, həm də deyərdim
ki, bir az da qəliz adla bağlı müəllifdən nəsə
soruşmağa ehtiyac yoxdur. Əsərdəki alim
obrazının dili ilə müəllif bu məsələyə
belə açıqlıq gətirir: "Su
qırağında bitib susuz qalan ağaclar! Dəniz
qırağında bitib o dənizin balıqlarına həsrət
qalan ağaclar. Nöyütün ortasında bitib
nöyütsüz qalan ağaclar. Bir milyon ton pambıq verib kəfənsiz
qalan ağaclar. Dünyaya elm bəxş edib özü bu elmdən
kənar qalan ağaclar... Sayım, bəsinizdir? Çay kənarında
bitib susuz qalan bu millətdir də". Sağlığın
açıqlaması əsərin ideyasının, bədii məzmununun,
yazıçının məqsədinin
açıqlamasıdır həm də.
İllərdir davam edən, iki qonşu milləti
üz-üzə qoyan, minlərin ölümünə,
qaçqınlığına səbəb olan Qarabağ
münaqişəsi kimlərə lazım idi, onu kimlər
törətdi, nə məqsədlə etdi, münaqişənin
kökündə nələr dayanır, ziyana uğrayanlar
kimlər oldu? Aqil Abbas erməni Surenin oğlunun dili ilə
povestində bu sualların cavabını verməyə
çalışıb:
"Şakir əmi, Həzrət Abbas haqqı, bayeviklər
gələndən dədəm evdən çölə
çıxmır. İspanakertdəki əmim olmasaydı, dədəmi
çoxdan güllələyərdilər. Mən də
çıxmışdım heyvanların dalınca, sizinkilərə
rast gəldim, tutub gətirdilər. Onu güllələdilər.
Heç demə, o biri kolxoz sədrlərinə də
qoşulub sizin hökumətə məktub
yazıblarmış ki, gəlin bizi bayeviklərin əlindən
alın. O məktub da hardansa ötürülüb bayeviklərə,
onlar da məktuba qol çəkənlərin
hamısını bir-bir tapıb güllələyiblər".
Yazıçı Aqil Abbasın Abdal-Gülablı
Şakiri əsərinin baş qəhrəmanına
çevirməsi, adi bir qarmonçunu bədii obraz səviyyəsinə
qaldırması heç də təsadüfi deyil. Ona görə
ki, ən ağrılı anında belə bu insan şərəf
və ləyaqətini itirmir, kəsdiyi duz-çörəyə
qiymət qoyur, dosta xəyanəti binamusluq sayır:
- Bunu buraxın getsin.
- Niyə?
- Buraxın getsin. Bu, o ermənilərdən deyil.
Oğraşın dədəsiylə də bir ton çörək
kəsmişiy. Toyunu da Rəmişlə mən eləmişəm.
Get, ə, get evinizə. O dədən oğraşa da deynən
ki, adam kişi olar, çörək yediyi qaba tüpürməz.
Denən elə eləməsin ki, gəlif onu özüm
öldürüm".
Bu yerdə Viktor Hüqonun
yaradıcılığının son ədəbi akkordu
sayılan məşhur "Doxsan üçüncü
il" romanını, onun qəhrəmanı Markiz de
Lantenakı xatırladım. Əsərdə Viktor Hüqonun
qəhrəmanının dili ilə dediyi o həqiqəti ki,
həyatda hər şey mümkündür, insan bəzən
siyasi düşmənlərinə belə aman verə bilir!
Müharibənin gətirdiyi ağrı-acılar,
kasıbçılıq, köçkünlük dərdi
çox şeylərin üstündən qələm çəkib,
insanları maddi-mənəvi cəhətdən çox əskiltsə
də, onların ürəklərindəki ümid
işığını söndürə, insaniyyətini
öldürə bilməyib.
Abdal-Gülablı Şakiri oxucuya sevdirən də
içini işıqlandıran, onu heç vaxt tərk etməyən
ilahi nurdur, işıqdır: "Yasamal qəbiristanlığına
çatanda, yadına Xudu Məmmədov düşdü.
Bakıda elə də çox olmamışdı, bir əsgərliyə
gedəndə, bir də qayıdanda şəhərdə
iki-üç gün qalıb azadlığın kefini
çıxarmışdı, bir də Xudu Məmmədov rəhmətə
gedəndə gəlmişdi onun dəfninə. Ürəyində
dedi ki, bir də nə vaxt yolum buralara dəşəcək,
girim Xudu Məmmədovu bir ziyarət edim, bir "Yasin"
oxutdurum ruhu şad olsun".
Aqil Abbasın Azərbaycan reallığının əksi
olan sənədli povestində xalqın öz sənətkarlarına
olan sevgisi, hörməti gözəl əks etdirilib. Xalqın
Rəmişə, Abdal-Gülablı Şakirə olan hörməti
təkcə tanınmış gitara, qarmon
ifaçısına olan dəyər deyil, milli musiqimizə,
milli dəyərlərimizə verilən qiymət kimi başa
düşülməlidir. Aqil Abbasın təsvirində musiqi
özü də bir obrazdır, düşmənə olan kini,
nifrəti, baş verənlərin ağrısını,
qaçqınlıq, köçkünlük dərdini, yurd
itkisini, yağı tapdağında qalan məzarlardakı itkin ruhların
harayını "Segah"dan yaxşı kim anlada bilər
ki? Və çaldığı "Segah" bu
ağrıları içindən keçirən Şakirin
ahıdır, naləsidir, xəcalətidir, içini
yandıran utanc hissidir: "Segah" çalmırdı, yanan
evini çalırdı, güllədən partlaya-partlaya
ölən Qurdbasarını çalırdı,
deşik-deşik olmuş maşınını
çalırdı, od tutmuş kəndini çalırdı.
Və gözlərindən də yaş axırdı. Elə
başına toplaşan adamların da gözlərindən
yaş gəlirdi. Onlar da yanan evlərini görürdülər,
yanan məktəblərini görürdülər, erməni
gülləsindən qaçan camaatın vay-şivən səsini
eşidirdilər".
Yazının əvvəlində qeyd etmişdim, bir
daha xatırladım ki, əsərdəki hadisələrin
baş verdiyi zaman kəsiyində ölkədə baş verən
neqativ hallar, rüşvətxorluq, qaçqınlara yardım
kimi ayrılan cüzi vəsaitə də şərik
çıxanların olması, köçkünlərin
ağır maddi şəraitdə yaşaması, onların
bu vəziyyətindən faydalananları Aqil Abbas povestində
kəskin tənqid edir, qəhrəmanının dili ilə bu
şəxsləri tutduqları mövqedən, vəzifədən
asılı olmayaraq yıxıb-sürüyür: "Cənab
başçı deyir ki, istəyir onu qoyaq yataqxanaya
qaçqınların nümayəndəsi, çörəkpulunu
da o paylasın. Hər qaçqının çörəkpulundan
da bir məmməd tutsan, dədənə də bəsdi.
Şakirin onsuz da qara olan rəngi bir az da qaraldı.
Yerindən qalxdı, yapışdı gələnlərin
birinin qalstukundan:
- Ə, qurumsax, durun basın bayıra. Camahat
gözünü o çörəypuluna tikif. İndi mən,
Şakir, Avdal-Gülablı Şakir, qarmonçalan Şakir
camahatın çörəypulundan oğurruyum? Gedin o cənabdı-nədi,
nəyin başıdı, ona deyin ki, onun verdiyi iş təpəsinə
dəysin. Bu yataxxanalardakılar gözünü dikif
çörəhpuluna. Onların çörəhpulusu ilan
sümüyüdü, adamın boğazında qalar. Amma sizlərin
nətəər boğazında qalmır, Allah bunu nətəər
götürür, başa düşmürəm".
Qarmonçalan Şakirin bildiyi bir həqiqət var: Nə
qədər ki, yurdu düşmən tapdağındadır,
özünü kişi hesab etməyə haqqı yoxdur.
Toylara getməyi özünə yasaq edən Şakirin
yorğan döşəyinə də pal-paltarlı
uzanması çox mətləblərin
açıqlamasıdır. Elə onun Lökbatandan baş
götürüb Ağdamın hələ azadlıqda qalan
Quzanlı qəsəbəsinə dönüş qərarını
verməsi, getməmişdən əvvəl qaçqın həmkəndlilərinin
nisyə borclarını ödəməsi, nisyə dəftərini
cırıb atması göstərir ki, insanı öldürmək
olar, şərəfini sındırmaq yox: "Market Vəliş
gedib nisyə dəftərini gətirdi. Şakir nisyə dəftərini
aldı, heç açıb baxmadı. Cırıqlayıb
tökdü yerə. Market Vəlişin gözü
çıxdı kəlləsinə. Domino oynayanlar da təəccüblə
Şakirə baxdılar".
Ağdama qayıtdıqdan sonra Şakirin ilk işi erməni
iyi verən maşından qurtulmaq olur: "Təpənin
yaxınlığındakı Hüseyn bulağında
düşüb əl-üzlərini yudular, sonra da Şakir
bakdan bir vedrə benzin çəkdi, tökdü
maşının üstünə, içinə.
Arvad-uşağa dedi bir kənarda durun, cibindən kibrit
çıxarıb yandırdı və atdı
maşının üstünə".
Erməni Surenin maşınını yandırmaqla
Şakir onu narahat edən iydən qurtulsa da, ruhən
narahatdır. Ona görə ki: "Qarabağdan hələ
erməni iyi gəlirdi. Bu iyi Qarabağdan yuyacaq oğlanlar hələ
orta məktəbdə qız üstə
dalaşırdılar, çoxu hələ
doğulmamışdı, analarının qarnındakı
müqəddəs zülmətdə
mışıl-mışıl uyuyurdular. Bəziləri isə
hələ təzəcə doğulmuşdular,
analarının döşlərindən Vətən əmirdilər.
Gün gələcəkdi məktəbdə qız üstə
dalaşan oğlanlar heç üstündə
dalaşdıqları qızları öpməmiş əsgər
paltarı geyəcəkdilər, analarının müqəddəs
bətnində mışıl-mışıl yatan balalar
doğulacaqdı, özlərindən əvvəl
doğulanlar kimi, analarının döşündən Vətən
əməcəkdilər, sonra da böyüyüb kişi
olacaqdılar və gedəcəkdilər Qarabağdan erməni
iyini təmizləməyə.
Amma bu gedən oğullar heç vaxt ermənilər
kimi qansız olmayacaqdılar. Yazıçının əsər
boyu gəldiyi qənaət belədir və öz
xalqının ədalətinə, insanpərvərliyinə
olan etimaddan doğur: "Gün gələcəkdi Şakirin
övladları da, Müşfiq Abbasovun oğlanları ilə
birgə Böyük Vətən müharibəsində
Şuşayacan gedəcəkdilər. Kəndlərinin də,
bütün şəhidlərin də qisasını
alacaqdılar, amma heç kəsin başını kəsməyəcəkdilər.
Çünki ermənilər kimi faşist deyildilər".
Bilirsiniz əsərdə mənə ən xoş gələn
cəhət nədir? Aqil Abbasın Vətən anlamı,
Ağdam sevgisi: "Dünyada Ağdamnan böyüh şəhər
yoxdu. Heş dünyada Ağdamnan gözəl şəhər
də yoxdu". "Hardan başlanır Vətən? Bu məşhur
suala bundan tutarlı cavab varmı - məncə yox!
Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 26 aprel(№71).-S.19.