Tərəfini seç, yarat və...
yox ol!
Esse
XX yüzildə meydana çıxan Soyuq Müharibə
vəziyyəti sənət müstəvisində də
xüsusi dəyişikliklərə səbəb oldu. Soyuq
Müharibə həm də estetika (incəsənət)
baxımından mücərrəd ekspressionizm (Amerika
modernizmi) və sosialist realizmi arasındakı
qarşıdurmadır. Amerikanın rəsmi sənəti elan
edilən Abstrakt Ekspressionizminin Avropa ölkələrində
muzeylərə qəbulu məcburi hesab edilirdi.
Bu,"Marşal planı" çərçivəsində
həyata keçirilib.
Marşal Planı (1948-1951) ABŞ-ın antikommunist məqsədləri
olan 16 ölkəyə təqdim etdiyi iqtisadi yardım
paketidir. Soyuq Müharibə (1947-1991) ABŞ-ın rəhbərlik
etdiyi Qərb Bloku ölkələri ilə Sovet
İttifaqının rəhbərlik etdiyi Şərq Bloku
ölkələri arasında davam edən beynəlxalq siyasi və
hərbi gərginlikdir. Digər plan ABŞ-da Ford Fondu tərəfindən
verilən incəsənət qrantıdır. Bu təşəbbüsün
əsas məqsədi fərqli sənət meyllərini ram etmək
və onlara nəzarət altına almaqdır. İncəsənət
qrantının başqa bir forması SCCA (Soros Müasir
İncəsənət Mərkəzi) tərəfindən
verilir. SCCA 1990-cı illərdə Şərqi Avropa və Mərkəzi
Asiyanın on səkkiz post-sosialist ölkəsində tətbiq
edilmişdi.
1990-cı illərdə SMİM-nin bəzi ölkələrdəki
ofislərində yeni bir sənətkar növü doğuldu:
sahibkar-rəssam. Bu cür konturları olan Müasir İncəsənət
ABŞ-ın kapitalist yanaşmaları ilə
formalaşır. Göründüyü kimi, imperializm
kapitalist siyasətinin müəyyən üsuludur. O,
zorakılığa əl atmadan müxtəlif üsullarla
müxtəlif mədəniyyətləri istismar edə bilər.
Müasir İncəsənət indiyə yönəlib, gələcək
planı yoxdur, amma bazarın gələcək planı var,
müasir muzeylər və biennalelər gələcəyə
sərmayə yatırmaq məqsədi daşıyır.
Bundan əlavə, Müasir İncəsənət ilə sənaye
binaları, fabriklər, anbarlar, depolar, qazometrlər və
qatar stansiyaları və sair kimi
çoxölçülü və nəhəng əsərlərin
nümayişi üçün geniş ərazilərə
ehtiyac duyulurdu. ABŞ-da "The Temporary Contemporary"
Los-Ancelesdə, "Klivlend Müasir İncəsənət Mərkəzi"
Ohayoda, "Mass MOCA North" Adamsda, "Museed Orsay" Parisdə,
"Hamburger Bahnhof" Berlində qatar stansiyasında,
"Hailen Fürer" Bahnhofda, Sşaffiledə, "Tayland
Faktoru"isə Taylandda keçmiş elektrik
stansiyasının binasında fəaliyyət göstərirdi.
Türkiyədə də İstanbul ətrafında qazometrlər,
fabriklər, qatar stansiyaları, anbarlar, kəsimxanalar, elektrik
stansiyaları və məktəblər Müasir İncəsənət
Məkanlarına çevrilib və bienallara ev sahibliyi edib.
Bakıda isə buna sadəcə hələ ki
"YARAT"ı misal göstərə bilərik.
Qərbdə İntibah dövründən bəri iki
məkan - saray və kilsə üçün sənət əsərləri
hazırlanır və sərgilənir. Dövlətin və
dinin himayəsində olan sənət indi iri korporasiyaların
mülkiyyətindədir. 1945-ci ildən sonra sosial, siyasi və
iqtisadi dəyişikliklər və transformasiyalar incəsənətdə
də öz əksini tapdı və sənət Amerika və
Qərb imperializminə xidmət etmək üçün təbliğat
vasitəsi kimi inkişaf edən qlobal incəsənət
adlı bazarda mövcudiyyət qazandı. İncəsənət
sahəsində qloballaşmanın ilk mərhələsi
SSRİ idi. Şərq Bloku dağıldıqdan sonra Qərb
ölkələrində məskunlaşan və əsərlərini
Qərbdə sərgiləyən rəssamlarla bərabər
post-müstəmləkə dövrü başlayanda Afrika,
Uzaq Şərq və Cənubi Amerikadan Qərb ölkələrinə
miqrasiya edən sənətkarlar və Qərb ölkələrində
yerli üslublardan ilham almış, lakin onları Qərb
insanlarının başa düşəcəyi tərzdə
icra edən sənətkarlar da var idi.
Beləliklə, yeni sənət və yeni sənətçi
profilləri yarandı. Bundan əlavə, ölkələr sənət
bazarında iştirak etməyə çalışırlar.
Bu bazarda özünü tanıtmaq və sübut etmək
üçün böyük səy var. Bazarda mövcud olmaq
üçün həm də müxtəlif ssenarilər
hazırlayır. Sezer Tansuğun bu mövzuda müşahidəsi
belədir: "Son günlərdə qəzetlər Fransada bəzi
insanların qızıl qıtlığı səbəbindən
pullarını rəsmə yatırdığını
yazmışdı. Bunun sənət bazarında
şansını ABŞ-a nisbətən itirən
fransızların təbliğatı olduğu və bu cür
yalanlarla öz ölkələrinə diqqət çəkmək
istədikləri də yaxşı bilinir". Beləcə,
bu cür yalanlar ölkə iqtisadiyyatını inkişaf
etdirmək və İncəsənət iqtisadiyyatına
qatqı təmin etmək strategiyası olaraq da istifadə
edilmişdir. Oxşar bir nümunə Yaponiyada baş verdi.
İkinci Dünya müharibəsindən sonra Yaponiya hökuməti
iqtisadiyyatını canlandırmaq üçün iqtisadi
strategiyasının bir hissəsi kimi memarlıq və dizayn
siyasətini inkişaf etdirdi.
Bu gün dünya kapitalist sistemi (sosialist bloku və
üçüncü dünya ölkələrini də
kapitalizmə daxil etsək) indi hər yerdə eyni axına,
eyni ərazisizləşdirmə formasına gətirib
çıxarıb. Dünya bazarı yaranıb. Beləliklə,
kapitalizm cəmiyyətlərin sərhədini təşkil
edir. Kapital ərazisizləşmiş ictimailəşmədir.
Sosializm və kommunizmin dağılmasından sonra kapitalizm
dünya sisteminə çevrildi. İmperializmin aradan
qaldırılması kapitalizmin məhv edilməsini tələb
edir. Bununla belə, kapitalizmin utopik bir gələcək
ssenarisi var. Məqsəd bütün dünya ölkələrini
kapitalizm sistemi daxilində birləşdirməkdir. Beynəlxalq
korporasiya üçün utopiya dünya hökuməti
olardı. Sərhədsiz dünya. İnsanları, malları,
ideyaları, xidmətləri və pulları istənilən
yerdən başqa yerə köçürmək
üçün mütləq azadlıq. Heç bir ordu,
donanma və ya hava qüvvələri olmazdı, sadəcə
yerli polis. Ölkə hökumətinin dünya hökuməti
ilə münasibəti ABŞ ştatlarının
Vaşinqtonla münasibəti kimi olacaqdı. Başqa sözlə,
onların ölkə-dövlət statusu yox olacaq... Əgər
ABŞ öz səviyyəsində dövlətlər
dünyası qura bilmirsə, heç olmasa asılı peyklərdən
(başqasının nəzarəti altında olan dövlətlərdən)
ibarət dünya qurmaq üçün əlindən gələni
etməkdə qərarlıdır. Yəni iyirminci əsrin
kommunizm xəyalları indi yerini saf liberalizm yuxularına təslim
edib. Halbuki 1929 və 2000-2001-ci illərdə bunun nə qədər
təhlükəli olduğunu başda Amerika olmaqla
bütün dünya gördü.
Sənaye nəhənglərinin üç əsas
ehtiyacından biri onların öz qiymətlərini davamlı
şəkildə idarə edə bilməkləridir. Qlobal
şirkətlər Afrikada, Asiyada və Şərqi Avropada
böyük muzeylər və bienallar təşkil etməyə
davam edir.
İncəsənətdəki bu inkişaflara nəzər
saldıqda görürük ki, gələcəkdə sənət
yeni qlobal siyasətlərin, layihələrin və
texnologiyaların məhsulu olacaq. Media və reklamdan əlavə,
sənətşünasların sənəti istiqamətləndirdiklərinin
şahidi oluruq. İntibahda Vasari ilə başlayan sənət
tarixi Börkhardt, Uinkelman, Hegel, Marks, Völflin, Rieql, Panofskin
ilə davam etdi. 1970-ci illərdən başlayaraq isə sənət
tarixinin böhrana girdiyi düşünülür. Bunda sənətşünaslığın
rolunu danmaq olmaz. Klement Qrenberq 20-ci əsrin ən nüfuzlu sənət
tənqidçisi idi, lakin reklam məqalələri ilə
Amerika Abstrakt Ekspressionizminin yayılmasına töhfə
verdi.
21-ci əsrdə getdikcə sürətlənən
kommunikasiya şəbəkələri qloballaşmanı tətbiq
edir və sənətçilər yeni kommunikasiya vasitələri
ilə daha geniş auditoriya ilə ünsiyyət qururlar. Bəzi
rəssamlar xaricdə sərgilər keçirir, biennalelərdə
iştirak edir, başqa ölkələrin incəsənəti,
rəssamları ilə ünsiyyət qurur və sair.
Onların sənət həyatı fərdi xoşbəxtlikləri
ilə davam edir. Sənətin, kapitalizmin və dünyada
baş verənlərin tətbiqinə baxmayaraq,
yaradıcılıq, təxəyyül, ixtira, həvəs və
ekstremallıq lazımdır. İncəsənətdə həmişə
utopik olan Antoni Tapies bu sözlərlə sarsıdıcı
bir yaradıcılığın ola biləcəyini
vurğuladı: "Həmişə bir nəslin
dünyasını alt-üst edən insanlar olacaq... bilməyərəkdən
bir çağın əsl üslubunu quranlar... Sənət həmişə
sürpriz elementi olacaq - gözlənilməz
orijinallığın dahiyanə zərbəsi... həm də
elə sənətçinin öz taleyinin əli ilə
vurulan..."
Kapitalist sistemin hökm sürdüyü bu dövrdə,
texnologiyanın inkişafı ilə yeni bir ünsiyyət
sistemi yarandı. Kurator sərgiləri, müasir və virtual
muzeylər, media ilə inkişaf etməmiş və
inkişaf etməkdə olan ölkələrin sənəti
müxtəlif qlobal layihələrə daxil edildi. Yerli, mədəni
dəyərlər bu qarşılıqlı təsirdə və
ya yerlilikdə itdi. Bəzi sənətçilər mədəniyyətin
kapitallaşmasına birbaşa reaksiya vermirlər, əksinə,
öz əsərlərini konseptlər əsasında dəyərləndirib,
istehsal edib sərgiləməyi məqsədəuyğun hesab
edirlər. Beləliklə, sənət öz muxtariyyətini
itirib və hər an partlamağa hazırdır. Əslində,
bu, Amerika və Qərb layihələrinin yeni və öz bəhrəsini
verməyə başladığı dövr olduğundan, bu vəziyyətin
bir müddət də davam edəcəyi ehtimalı var. Yeni
texnologiya və media cəmiyyəti daim qlobal şəbəkələrlə
məşğul edir, ona düşünmək və yaratmaq
imkanı vermir. Üstəlik, əsrimizdə sənətin əmtəələşməsi
siyasətdən kənar bir sənətin nəticəsidir.
Bununla belə, sənətin avtonom təbiəti və sənətkarın
yaradıcı təbiəti heç vaxt bitməyəcək,
böyük transformasiya mütləq gələcək və
sənət əmtəə olmaq məcburiyyətindən
xilas olub, çağdaş avanqard dövrə çevriləcək.
Sənətdə gözləntilər, ümidlər bu istiqamətdədir.
Rəvan
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.18.