KÖRPÜLƏR SALMAQÇÜN
GƏLƏN
Şahid varsa, iz itməz. Adam nədir, hətta Ay da,
su da, ağac da dəmi gələndə elə adam kimi
şahidlik edə, sirlər üstündən pərdəni
çəkə bilir. Bu şeir və həmin misraların
yazıldığı bir parça kağızı illərcə
qoruyub saxlamış etibarlı dostu olmasaydı, Mehdi
Hüseynzadənin 1943-cü ilin noyabrında Azərbaycan Milli
Legionunda ikən günlərin birində niyə Avstriyanın
Prats şəhərinə gedib çıxmasının səbəbi
bizə məchul qalacaqdı.
O, Yuqoslaviyadakı partizan batalyonunun həkimi
olmuşdu. Ancaq Mehdi ilə qəbr evinəcən davam edəcək
dostluqları hər ikisinin daxil olduğu həmin batalyondan
xeyli əvvəl - əsirlikdə, həbs düşərgəsində
başlamış, Azərbaycan Legionundakı vaxtlarında dərinləşmiş,
batalyon dönəmində isə lap sarsılmaz olmuşdu.
Ömrüm kam almadan çatmada başa,
Könlümün şüşəsi dəyibdir
daşa.
Bir namə yazmadım yara, yoldaşa,
Xəzan yarpağı tək solğunam, a dost!
Bu misralarda 1943-cü ilin 18 noyabrıdır. Faşist əsir
düşərgəsində Mehdi dermatit xəstəliyinə
tutulubmuş, başqalarını da yoluxdurmasın deyə onu
əvvəlcə konslagerdəki tibb məntəqəsində
yerləşdirmiş, daha sonra isə müalicənin bu şəraitdə
mümkünsüzlüyü ilə əlaqədar
Avstriyanın Prats şəhərindəki hospitala
köçürübmüşlər. Xəstəliyə təslim
olmaq ürəyi atəşli gənc üçün
çox ağırmış və yataqda qələmə
aldığı bu şeirdəki küskünlük, pərişanlıq
da o səbəbdəndi.
Mikayıl Qulubəyov odlardan salamat qurtarıb
qayıdanlardan oldu. Ancaq nə qədər ki
yaşayırdı, o keçmişləri nə özü
unutdu, nə imkan verdilər yaddan çıxarsın.
Keçmiş silahdaşlarının qohumları onu arayaraq
xatirələrini dinləmək istəyirdilər, sovet
dövründə ali və orta məktəblərdə, idarə
və müəssisələrdə mütəmadi təşkil
edilən və 1941-1945 müharibəsinə həsr olunan tədbirlərə
o, daimi dəvətlilərdəndi, əlbəttə ki,
ara-sıra səsə salmadan hansısa keçmiş hərbi
əsir barədə dəqiqləşdirmələr aparmaq,
ifadələr verməkçün Dövlət Təhlükəsizlik
Komitəsinə də çağırılırdı.
Belə çağırılmalardan birindəki
söhbət lap uzun çəkmişdi. Onu 3 gün dalbadal
danışdırmışdılar. 1956-cı il aprel
ayının 18-i, 19-u, 20-də Mikayıl Qulubəyovla
(Mikayıl Rəhim bəy oğlu Qulubəyov (1915-1983)
müharibəyə yola düşəndə Gəncədəki
Kənd Təsərrüfatı İnstitutunda (indi Azərbaycan
Dövlət Aqrar Universiteti) Üzvi kimya kafedrasında
çalışırdı. O da cəbhəyə 1942-ci ilin əvvəllərində
hərbi məktəbi keçəndən sonra göndərilmiş,
elə Mehdi kimi, Stalinqrad uğrunda döyüşlərdə
əsir düşmüş, sonrakı yolu da eynən
Mehdininki kimi olmuşdu. "Doktor Mişa" Yuqoslaviyanın
iki "İgidliyə görə" ordeni və "Qəhrəmanlıq"
medalı ilə təltif edilmişdi. Hərbi əsirlikdə,
legionda və partizanlar arasında olanda həkimlik etmiş
Mikayıl Qulubəyov İkinci Dünya müharibəsi
başa çatandan, sovet əsgərləri Sloveniya ərazisini
tərk edəndən sonra da bir neçə ay oralarda qalaraq
yaralı partizanların müalicəsi ilə məşğul
olmuşdu. Kimya elmləri doktoru, professor idi. Ömrünün
sonunadək S.Ağamalıoğlu adına institutda kafedra
müdiri vəzifəsində
çalışmışdı) dindirməni Azərbaycan
DTK-sının 2-ci şöbəsinin 2-ci bölməsinin
baş əməliyyat müvəkkili kapitan Balasanov
aparmışdı.
Dövlət Təhlükəsizlik Komitəsinin zəhminin
ağır olduğu çağlardı, buradakı dindirmələr
həmişə çox da xoş olmayan, narahat bir
gedişatdı, amma Qulubəyov həmin 3 gündə məmnuniyyətlə
yada salır, danışır, yazır, izah edirdi.
Çünki bu ifadəvermə həmin idarənin tarixindəki
o seyrək dindirmələrdəndi ki, kiminsə evini
yıxmaqçün yox, əziz bir insanın artıq
yıxılmış evini dikəltməkçün
aparılırdı.
Adı "vətən xainləri"
sırasında olan Mehdi Hüseynzadəyə bəraət məsələsini
həll etməkçün dövlətə Mehdinin qəhrəmanlıqlarına
şahidlik edə bilən hər müsbət münasibətə
ehtiyac vardı. Özü də keçmiş əsir və
legionçu olduğundan, təbii ki, Mikayıl Qulubəyovun
da adı DTK-nın "qara siyahı"larında vardı.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi
ilə DTK arasında bir rəqabət həmişə
olmuşdu, onun bundan, bunun ondan gizli sirləri çoxdu və
bunun məxfi iş aparan agentləri və əməkdaşları,
onun eyni vəzifəni yerinə yetirən adamları kimi, əslində
dövlətin ümumi marağına xidmət etsələr
də, az olmamışdı ki, bunlar onları, ya əksinə,
onlar bunları düşmən sayaraq ağır cəzalara məruz
qoymaq istəmişdi, çox belə hallara da rast
düşülmüşdü ki, xüsusi icazə olmadan son
anadək həqiqətdə kim olduqlarını bunlar onlara,
onlar bunlara açmamışdılar.
Mehdi Hüseynzadə ilə bağlı müşahidə
və təhlillərin anlatdığı ən vacib qənaətlərdən
biri, ya elə məhz əvvəlincisi ondan ibarətdir ki, onun
əsir düşməsi də, Azərbaycan Legionuna yerləşdirilməsi
də öncədən məqsədli şəkildə
edilmişdi. Niyyət ondan ibarət idi ki, həm legionda
ayrı-ayrı üzvlər arasında təbliğat-təşviqat
işlərini aparsın, eyni zamanda, ayrı-ayrı
legionçuların oradan qaçışı ilə
bağlı müəyyən tədbirlər hazırlayıb
həyata keçirsin. Mehdi legionda o vaxta qədər qalır
ki, onunla bağlı alman rəhbərliyində hər
hansı şübhələr olmur. Lakin ona qarşı
müəyyən şübhələr
yarandığını və ifşa olunmaq təhlükəsinin
yaxınlaşdığını hiss edəndə Mehdi, yəqin
ki, əlaqə saxladığı, onu bura yönəltmiş
mərkəzlə razılaşmadan sonra legiondan
qaçır, İtaliya partizanlarına qoşulur və fəaliyyətini,
antifaşist işlərini artıq partizanlar sırasında
davam etdirməyə başlayır.
Bu mülahizələrin əsas təsdiqlərindən
birini Mehdi ilə həm legionda, həm sonra partizanlar
arasında birgə olmuş, onu yaxın məsafədən
müşahidə etmiş Qulubəyov Mikayıl Rəhim
oğlu 1956-cı il aprel ayının 18-də Azərbaycan
DTK-da Azərbaycan Legionundakı özünün və Mehdinin
fəaliyyəti ilə bağlı aparılmış dindirmədə
bildirir. Qulubəyov deyir ki, "Legion 1943-cü ilin mayında
Ştransda yaradılmışdı. Buna qədər gələcəkdə
legiona daxil olacaq adamlar hərbi əsirlərə aid müxtəlif
düşərgələrdə yerləşmişdilər.
Onlar həm Ştrans şəhərində vardılar, həm
də digər yerlərdə idilər. Legion yarananda biz Mehdi
ilə həmin legionun qərargahına daxil olduq. Həmin qərargahda
bizdən başqa azərbaycanlılardan tərcüməçi
işləyən Cavad Həkimli, Azərbaycan
yazıçısı işləmiş Əli Nazimin
(Mahmudzadə Ələkbər Mahmud oğlu (1906-1941) - R.H.)
qardaşı, müharibədən əvvəl Sabirabad
rayonunda işləmiş və familiyasını
xatırlamadığım Ələsgər, qərargah
rotamızda əslən Kirovabaddan (indiki Gəncə - R.H.)
olan baytar həkimi İsfəndiyar Səmədov da var idi ki,
legiondan sonra görüşmədiyimdən hazırda sağ
olub-olmamasından xəbərsizəm. Mehdi legionda əsasən
tərcüməçiliklə məşğul olur, həmçinin
bir sıra hallarda alman komandanlığının
tapşırığı ilə legionçular
qarşısında səsucaldanla beynəlxalq mövzuda
müxtəlif məruzələrlə çıxış
edir, yaxud alman filmlərini Azərbaycan dilinə tərcümə
edirdi. Çünki o filmlərin məzmununu legionçuların
çoxu başa düşmürdü. Onlardan əlavə,
Mehdi Azərbaycan dilində şeirlər yazırdı.
Şeirlərində Mehdi incə bir şəkildə və
açıq tərzdə alman faşistlərinin əsl sifətini
açıb göstərirdi, misralarında kədərlənir,
Vətəndən ötrü həsrətini ifadə edir, Azərbaycan
legionçularını faşistlərə qarşı
mübarizəyə səsləyirdi. O, "Qürbətzadə"
təxəllüsü ilə yazırdı. Mehdinin şeirləri
bizim azərbaycanlıların hisslərinə çox təsir
edirdi, legionçuları faşistlərə qarşı
mübarizəyə ruhlandırırdı. Mehdinin bir sıra
şeirləri indi də mənim yadımdadır. Öz
şeirlərində Mehdi Vətəninə qarşı
heç bir ifadələrə yer vermirdi, əksinə, onun
şeirlərinin hamısı yüksək vətənpərvərlik
duyğuları ilə dolu idi. Deməliyəm ki, Mehdi
Hüseynzadə mən və bir çox legionçular kimi,
Ştrans şəhərində olduğu müddətdə
alman komandanlığına hərbi and içmişdi və
hamımız alman ordusunun mundirini geyinmişdik. Eyni zamanda,
silahlandırılaraq İtaliyaya göndərilmişdik ki,
oradakı partizan hərəkatının
yatırılmasında iştirak edək. Mehdi legionda
olduğu müddətdə alman komandanlığı tərəfindən
heç bir mükafat almamışdır. Mehdi legionda
1943-cü ilin mayından 1944-cü ilin yanvarına qədər
olmuşdur".
Qulubəyovun cavabında o sətirlərin altından
xətti, yəqin ki, dindirmənin materiallarını oxuyan
daha yuxarı vəzifəli DTK məmuru çəkib.
Güman ki, Mehdinin bəraəti, onun qəhrəman kimi təqdimi
üçün əsaslar toplandığı gedişatda
onun şeirlərində SSRİ əleyhinə hansısa məqamların
əksini tapmaması, o şeirlərin legionçular
arasında əzbər bilinməsi, yaxud Mehdinin alman
komandanlığı tərəfindən heç bir
mükafata layiq görülməməsi kimi məqamlara diqqət
yönəldilməsi ən əvvəl elə istintaqı
aparanın ötürməsi ilə baş verib.
İndi artıq Mehdinin məxfi fəaliyyətlərini
başqa gözlə seyr etmək istərkən Reyxin arxivlərini
daha dərindən araşdırmaq lüzumu var. İstisna
deyil ki, rəğbət qazanmaq, almanlara özünü daha
bel bağlanası legionçu kimi göstərməkçün
Mehdinin onların müəyyən
tapşırıqlarını səylə yerinə yetirdiyi,
mükafatlandırıldığı da olubmuş.
Çünki belə davranış və rəftar faşistlərin
yanında daha artıq rəğbət və inam
qazandırar, sabah mərkəzin düşündüyü
vacib əməliyyatları yerinə yetirmək
üçün daha artıq fürsət yaradardı.
Qulubəyov belə davam edir: "1943-cü ilin
sentyabrında İtaliya təslim olduqdan sonra Badalyonun (Pyetro
Badalyo (1871-1956) - 1926-cı ildən italyan marşalı,
Mussolini devriləndən sonra hakimiyyəti üzərinə
götürərək 1943-44-cü illərdə
İtaliyanın Baş naziri olmuş, hökumətə
bütün antifaşist partiyaları, o cümlədən
lideri Palmiro Tolyatti olan İtaliya Kommunist Partiyasını da
daxil etmişdi - R.H.) qoşunları müttəfiqlərin tərəfinə
keçdi. Alman komandanlığı bu hadisədən narahat
olaraq hərəkatın qarşısının
alınması məqsədilə İtaliyanın ərazisinə
daxil olmağı qət etdi, almanların italyan
patriotlarına qarşı müharibəsi başlandı. Bu
zaman - 1943-cü ilin ortalarında Azərbaycan Legionu alman
komandanlığının əmri ilə hərəkətə
gələrək İtaliyaya istiqamət götürdü.
Biz Mehdi ilə əvvəlcə Şimali İtaliyadakı
Udina şəhərinə getdik. Legionun bir hissəsi isə
İtaliyanın dəniz qıraqlarında - Adriatik sahillərində
dislokasiya olundu. Legionun qərargahı Triyest şəhərində
Villa Obçinada yerləşirdi. Almanlar yetişincə ciddi
şəkildə italyan partizanlara qarşı hücuma
hazırlaşmağa başladılar. Bu zaman Mehdi, Cavad Həkimli
və mən İtaliyadakı vəziyyətlə yaxından
tanış olduq, italyan partizanları ilə əlaqə
yaratdıq və gizli şəkildə onlarla əməkdaşlığa
başladıq". Nadir şahidin ifadəsindən iri-iri
parçaları ruscadan çevirərək yazı boyu
gen-bol istifadə etməyin iki başlıca səbəbi var.
Əvvələn, bunlar indiyədək mübhəm qalan
çox suallara aydın cavablara doğru aparan etibarlı qaynaq
sayılmalıdır. İkincisi də, 70 ildən artıq
müddətdə kimsəyə görünmədən
qapalı arxivdə qalmış bu söylənənlər, nəhayət
ki, gərək xalqa bəlli ola. Buradaca vurğulamaq yerinə
düşər ki, faşistlər yerli partizanlara qarşı
mübarizə üçün İtaliyaya yenicə gətirdikləri
legionçulara arxayın inana bilməzdilər, onlara,
heç şübhəsiz, ciddi nəzarət də edirlərmiş
və legionçuların italyan patriotları ilə gizli əlaqəyə
girə bilmələri asan məsələ deyilmiş.
Görünür, müəyyən əlaqə kanalları
varmış ki, o vasitəylə Mehdiyə və sovet kəşfiyyatı
ilə bağlantısı olan digər legionçulara
partizanlarla necə tapışmağın yolları göstərilirmiş.
Əks təqdirdə qısa bir zamanda italyan partizanları ilə
bu sayaq əlaqə yaratmaq qəti mümkün olmazdı.
Qulubəyovun cavabı davam edirdi: "Biz imkan daxilində
italyan partizanlarına hərbi sursat sarıdan
yardımımızı göstərirdik.
Batalyonlarımızda inanılmış adamlarımız
vardı ki, onlarla daimi işləyirdik. Villa Obçinada Mehdi
və mən ordinar - yəni alman zabitlərinin məişət
xidmətçisi vəzifəsini yerinə yetirirdik. Legionun
İtaliyaya gəlməsindən bir ay sonra əvvəlcə tək-tək,
sonra isə ayrı-ayrı qruplar şəklində partizanlara
qoşulmaq üçün qaçışlar
başlandı. Triyest yaxınlığındakı Kontovello
kəndindən yalnız bir gecədə bütöv bir rota
legionerin qaçdığını görən alman
komandanlığı onları atəşə tutmaq əmri
verdi və nəticədə soyadını unutduğum rota
komandiri də daxil olmaqla legionerlərin bir neçəsi
öldürüldü. Təxminən 30 nəfərə isə
partizanlara qoşulmaq müyəssər oldu. Onlardan birini mən
xatırlayıram. Bu Babayev familiyalı şəxs Astraxanbazar
(1967-ci ildən etibarən Cəlilabad - R.H.) sakini idi, onun
qardaşı kolxoz sədri idi. Milliyyətcə
talışdı".
Həmin səhifənin haşiyəsində,
görünür, daha üst qatdakı rəisin (bu, xəttin
başqalığından da hiss olunur) həmin şəxsi
tapıb dundirmək göstərişi var.
Qulubəyov ayrıntılara keçir: "Bu
qaçışlar bir neçə dəfə təkrar
olunduqdan sonra almanlar belə kütləvi qaçış
hallarının səbəblərini müəyyənləşdirmək
üçün təhqiqata başladı. Artıq Mehdi və
Cavad Həkimli orada qala bilməzdilər və qərara
aldılar ki, onlar da partizanlara qoşulsun".
Qulubəyovun söylədiyi bu məqam bir daha
anladır ki, Mehdi Hüseynzadənin və Cavad Həkimlinin
aldıqları əsas tapırıqlardan biri məhz
legionçular arasında qaçışa hazırlıq
işini aparmaq, onların qaçışını təşkil
etməkmiş. Onlara qarşı şübhələrin
oyanmağa başladığı, ifşa olunmaq qorxusunun
yarandığı, legionda qalaraq almanlarla əməkdaşlıq
şəraitində işi davam etdirməyin təhlükəliliyi
qabarıqlaşanda qaçmaq qərarı verilir. Yəqin ki,
bu da özbaşına deyil, mərkəzlə
razılaşdırılaraq atılan addımmış.
Qulubəyovun növbəti dəqiqləşdirməsi
real vəziyyətin necə olduğunu bir qədər də
aydınlaşdırır: "Qəbul edilmiş qərara əsasən
Mehdi və Həkimlinin apardığı gizli fəaliyyəti
davam etdirmək mənə tapşırıldı".
Bu cümlə də bir daha sübut edir ki, Mehdi, Cavad
Həkimli və Qulubəyov dayaq nöqtələriydilər,
məhz o adamlar idilər ki, mərkəzlə gizli rabitədəydilər
və əsla cızılmış dairədən
qırağa çıxmayaraq qoyulan konkret
tapşırıqları yerinə yetirirdilər.
Deyirsə ki, "qəbul olunmuş qərara əsasən
mənə bu iş tapşırıldı" - demək, həmin
tapşırıq məhz mərkəzdən gəlirdi.
Qulubəyov növbəti cümlələrində bir
tərəfdən tarixçələri dəqiqləşdirir,
digər yandan da gizli iş mexanizminin necəliyini bir qədər
də açmış olur: "1944-cü ilin 26 fevralında
Mehdi və Cavad Həkimli qaçaraq partizanlara qoşuldular,
bundan sonra almanlar məni başqa bir rotaya atdılar. Mənə
qarşı da müəyyən repressiyalar başlandı.
Almanlar məni dəfələrlə dindirdilər. Mehdi və
onun harada ola biləcəyi barədə soruşurdular. Sonralar
mənə bir neçə dəfə Mehdi ilə Villa
Obçina yaxınlığındakı Retten Tabor kəndində
görüşmək nəsib oldu və mən ondan
legiondakı növbəti fəaliyyətlərimlə
bağlı tapşırıqlar aldım. Bundan sonra
legionçuların partizanlara qoşulmaq üçün
kütləvi qaçışları başlandı. Bununla əlaqədar
artıq mənə qarşı da təhlükə
yaranmışdı. Ona görə də mən bir neçə
nəfər legionçu yoldaşımla bərabər, o
cümlədən, əslən Maştağadan olan Ağarza
Ağazadə (dəqiqləşdirir ki, onun hazırda ADU-nun
Qeyri-üzvi kimya kafedrasında dosent işləyən Ağarəfi
Ağayev (1911-1978) adlı qardaşı var - R.H.),
naxçıvanlı Firudin Hüseynov (daha sonra o, Tsolla kəndində
partizan tapşırığını yerinə yetirərkən
həlak oldu) və daha bir yoldaşımızla 1944-cü il
martın 31-də qaçdıq".
Mehdinin bu proseslərdə başlıca koordinator
olmasına Qulubəyovun sonra gələn məlumatı da
tutarlı işarədir: "1944-cü il aprelin 1-də Mehdi
bizi qarşıladı və ən yaxın partizan batalyonuna
apardı. Bundan sonra biz partizanlara qoşulduq. Əvvəlcə
italyan partizanları, sonra isə yuqoslav partizanları ilə
birgə fəaliyyətimizi davam etdirdik. O vaxtdan da bizim Mehdi və
digər partizanlarla alman faşistlərinə qarşı
İtaliya və Yuqoslaviyada mübarizəmiz
başladı".
Qulubəyov Mehdi Hüseynzadə ilə birlikdə
1943-cü ilin oktyabrından 1944-cü ilin yanvarına qədər
italyan və yuqoslav partizanları ilə birgə
döyüşlərdə iştirak etmişdi. Dindirmənin
ahəngindən, verilən suallardan, Qulubəyovun da təcrübəli
köhnə kəşfiyyatçı kimi bu münasibət
havasını tez tutmasından və söhbəti o səmtə
yönəltməsindən aydınlaşır ki, sovetlər
italyan partizan hərəkatından daha çox yuqoslav partizan
hərəkatına inanır və rəğbət bəsləyirmiş:
"İzah etməliyəm ki, bütün legionçular, istər
tək-tək olsun, istər qrup halında qaçaraq
partizanlara qoşulurdular və Azərbaycan Milli Legionu da
partizan dəstələri kimi əsasən İtaliya ərazisinin
dərinliklərində deyil, onun Yuqoslaviya ilə sərhədlərində
yerləşmişdi. Daha dəqiqi - neytral zona hesab edilə
biləcək Triyestdə. Daha sonra artıq partizan dəstəsində
olarkən öyrəndim ki, Mehdi Hüseynzadənin, mənim və
digər legionçuların da fəaliyyətdə
olduğumuz partizan birləşmələri Harribaldi adına
italyan partizan birləşmələrinin deyil, yuqoslav birləşmələrinin
tərkibinə daxil idi. Mehdi Hüseynzadənin haqqında
söz açacağım bütün partizan fəaliyyətləri
yuqoslav partizan hərəkatı ilə
bağlıdır".
...Cazibəyə, İlahinin ssenarisində hər incəliyin
çox öncədən necə
ölçülüb-biçilməsinə heyrətlənməyə
və heyran olmaya bilmirəm. 2011-ci ildə Sloveniyada Mixaylonun
muzeyini yerləşdirməkçün məkan axtaranda bir
neçə yeri seçmişdim. Hətta Çepovanda,
Mehdinin indi uyuduğu məzarlığın
yaxınlığında ayrıca bir binanı da
gözaltı etmişdim. Əslində ən gözəli də
o idi. Ancaq işi çoxdu. O binanı təmir edib münasib
hala gətirməkçün həm çox vaxt, həm də
çox pul lazım idi. Məndəsə bunların heç
biri yoxdu. Məsələyə qısa müddətdə, həm
də çox xərc çəkmədən əncam çəkmək
lazımdı. Belə olanda mənə Mehdi Hüseynzadə
muzeyi üçün ən münasib məkan vaxtilə 9-cu
korpusun yerləşdiyi bina görünmüşdü. Həm
yeri uyğun idi, həm divarların sadəcə təzələnmə
naminə ağardılması və döşəmənin
laklanmasından savayı görüləsi artıq işə
lüzum yoxdu. Üstəlik, həmin binanın
boşaldılası otaqlarında bələdiyyənin əməkdaşları
otururdular ki, onları da tabeçiliyindəki başqa bir
ünvanda yerləşdirmək dostumuz Andrey Komparanın əlində
çətin həll olunası iş deyildi.
9-cu korpusun vaxtilə bu binada yerləşmiş qərargahı
isə o yer idi ki, vaxtilə Mehdi ora hər gün baş
çəkərmiş. Triyest bölgəsində yerləşən
4-cü yuqoslav ordusunun 9-cu korpusunun tərkibinə 16-cı
Voykov briqadası, 17-ci Qradnikov briqadası, 18-ci zərbəçi
Bozovişka briqadası və 19-cu zərbəçi
Prişerneva briqadası daxilmiş. Bütün bu briqadalar
yuqoslav ordusunun 30-31-ci diviziyasının tərkibinə
daxilmiş. 30-cu diviziyanın 18-ci zərbəçi
Bozovişka briqadası ikinci rus batalyonunun tərkibində
olmuşdu və həmin batalyon da təqribən 1942-ci ildə
yaradılmışdı. O batalyona əslən Xarkovdan olan
ukraynalı Dyaçenko Anatoli İqnatyeviç (1915-1986) rəhbərlik
edirmiş (DTK Qulubəyovdan az sonra Dyaçenkonu da tapıb
ifadəsini alır və o da xeyli sirrin üstünü
açan təfərrüatları xəbər verir).
Bu batalyonun şəxsi heyəti istisnasız olaraq
alman əsirliyindən qurtulmuş sovet vətəndaşlarından,
Almaniya və İtaliyaya qovulub gətirilmiş şəxslərdən,
Azərbaycan Milli Legionundakı keçmiş
legionçulardan ibarətmiş. Mehdi də, bir çox
keçmiş mübarizə yoldaşları da oradaydılar,
əl-ələ idilər.
Qulubəyov
danışırdı: "Biz həmin dövrdə müvəqqəti
olaraq Triyestdə yerləşmişdik, partizan birləşmələrinin
şəxsi heyətinin başqa hissələri isə
qarışıq idi. Buraya əsasən Sloveniya, Xorvatiya,
Çernoqoriya, Bosniya-Herseqovina italyan və başqa millətdən
olan partizanlar daxil idi. 9-cu korpusun qərargahında təxribat
qrupu deyilən bir bölmə vardı. O dəstəyə
Mehdi rəhbərlik edirdi. Mehdi öz ətrafında Əliyev
Tağını (partizanlıq ləqəbi "Tolik" idi,
həlak olub. O, Bakıdan idi, Yuxarı Dağlıq
küçəsi 4-cü dalanda, evinin nömrəsini
xatırlamıram, yaşayırdı), Məmmədov Ənvəri
(Ağdamdan idi, o, indi sağdır, mənimlə birgə
1945-ci ilin avqustunda SSRİ-yə qayıdıb)
toplamışdı. Mehdi ilə birgə fəaliyyət
göstərən bir keçmiş alman əsgəri də
vardı. Həmin alman Mehdi ilə birlikdə Kontovello kəndindən
qaçmışdı, onun adı Frits idi. O, Mehdinin təşkil
etdiyi əməliyyatlarda mühüm rol oynayırdı.
Çünki o, ilk növbədə əsl alman idi, alman
dilində gözəl danışırdı. Bu şəxslərdən
başqa Mehdinin qrupuna ruslar və sloven partizanları daxil idi.
İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq
sahillərdə" kitabında adları çəkilən
Vaselin və Anjelikaya gəlincə, mən belə adamları
tanımamışam. Ancaq məlumatım var ki, Mehdinin qrupuna
Sloveniya və İtaliyanın müxtəlif kəndlərindən
və Triyest rayonunda olan şəhərlərdən bir
sıra qızlar daxil idi".
Qulubəyovun bu məlumatına illüstrasiya olacaq bir
yadigar da qalmaqdadır. Mehdi və bir neçə
silahdaşı partizanların düşərgəsində
şəkil çəkdirirlər, yanlarında da partizan
qızlar. Mənə də 2011-ci ildə ilk dəfə
Vitovledə, Şempasda, Çepovanda, Nova-Qoritsada ikən
keçmiş partizan qızların, artıq
ixtiyarlaşmış qadınların neçəsi ilə
görüşmək nəsib oldu. Belə görünür
ki, Mixaylonun yerli sakinlərdən əməkdaşlığa
cəlb edərək yaratdığı qızlardan ibarət
ayrıca bir gizli qrup varmış.
Qulubəyov təsdiq edir: "Mən Mehdinin qrupunda
Kontovello kəndindən Starts Mariyanın olduğunu
yaxşı bilirəm. O, Kontovello kəndində və Triyestdə
Mehdinin tapşırıqlarını yerinə yetirirdi. Yeri gəlmişkən,
o, Mehdinin göstərişi ilə ilə mənim və digər
legionçuların qaçaraq Kontovello və Triyestdəki
partizanlara qoşulmağımızı təşkil
etmişdi. Mariya gizli partizan fəaliyyəti göstərən
Mariano ilə birgə işləyirdi. 1944-cü il martın
31-də Mehdi Triyestdə bizim Mariya Starts və Mariano ilə
görüşümüzü təşkil etdi. Biz o vaxt
legionçu libasında idik - alman uniforması geyinmiş,
tüfəng və pistoletlərlə silahlanmışdıq.
Paltarlarımızı mülki geyimlə əvəz etdik və
Mariya bizim tüfənglərimizi Mehdiyə göndərdi,
pistoletlərimizi isə özümüzdə saxladıq. Gecə
ilə gəlib partizanlara qoşulduq. İtaliyanın
şimalındakı Qoritsa zonasında Bilye və Renk kəndləri
vardı. Bilye kəndində partizan qızlar Boqomila və
Malka yaşayırdılar. Onlar da gizli olaraq Mehdinin qrupu ilə
bağlı idilər. Məhz onların vasitəsilə Mehdi
Qoritsa şəhərində bir çox planlar həyata
keçirmişdi. İki bacı olan Boqomila və Malkanın
evində sabotaj qrupunun məxfi toplantıları
keçirilirdi. Boqomila və Malka Mehdinin bütün gizli
tapşırıqlarını yerinə yetirirdilər. Yeri gəlmişkən,
Mehdinin dostu Tolik həmin Boqomila ilə sevişirdi və ona vəd
etmişdi ki müharibə bitəndən sonra onu SSRİ-yə
aparacaq. Bütün bunlar mənə ona görə məlumdur
ki, Mehdinin vəfatından sonra mən Bilye kəndinə
getmişdim, həmin qızları tapdım və onlardan
Mehdinin, eləcə də Mehdinin dostlarının
başına gələn bütün əhvalatlar barədə
soruşdum. Boqomila mənə onun sevgilisi və ən
yaxın dostu Tağı Əliyevin - Tolikin dəfn mərasimindən
çəkilmiş şəkli də göstərdi.
Tağı Əliyev Mehdinin həlak olmasından az sonra -
1945-ci il aprel ayının 19-da Renk kəndində alman ordusu sıralarında
xidmət edən vətən xaini kazaklar tərəfindən
öldürülmüşdü. Həmin şəkillər
indi də məndədir. Boqomila məndən xahiş etdi ki,
Bakıya qayıdandan sonra Tağı Əliyevin və Mehdi
Hüseynzadənin ailəsi ilə əlaqə saxlayaraq onlara
Mixaylo və Tolikin bütün hekayətlərini
danışım. Onlar mənə Tolik və Mehdinin
Bakıdakı ünvanlarını verdilər. Renkdə daha
bir gizli partizan - sloveniyalı qız fəaliyyətdə idi.
Onun adı Metoda idi. Bu qız da Mehdinin keçirdiyi əməliyyatlarda
yaxından iştirak edirdi. Beləliklə, Mehdinin yerlərdə
belə cəsur, vətənpərvər köməkçiləri
vardı ki, onların dəstəyi ilə ən çətin
tapşırıqları da yerinə yetirə, əməliyyatlarını
uğurla apara bilirdi. 1945-ci ilin iyununda mən Bilye və Renk kəndlərində
idim. Bu Renk kəndi Qoritsanın yaxınlığında yerləşir.
Orada partizan qızlarla Mehdi və yoldaşlarının qəhrəmanlıqları
haqqında söhbətlər edirdim. Onlar mənə
bütün başverənlər barədə geniş, həqiqi
məlumatları çatdırdılar. Mən onlara vəd
verdim ki, vətənə qayıdandan sonra bütün bunlar
haqda kitab yazacağam. Partizan qız Metodanın Mehdinin
yaxın dostlarından olan Ənvər Məmmədova məktubları
vardı və məndən xahiş etmişdi ki, həmin məktubları
ünvanına çatdırım. O məktublar indiyədək
məndə qalmaqdadır".
Qulubəyov kimi alman əsirliyində olmuş, sonra
legionda qulluq etsələr də, ilk fürsətdə
qaçan, partizanlara qoşularaq bir çox çətin əməliyyatlara
qatılan, faşistlərə qarşı mərdliklə
döyüşənlər əsir olmuşlarla hökumətin
necə sərt davrandığı haqda eşitmiş olsalar
da, müharibə bitincə Vətənə dönərkən
öz aləmlərində zənn edirmişlər ki, yəqin,
bu xidmətləri nəzərə alınar, onlara fərqli
yanaşılar. Hətta ağzı isti yerdə olan Qulubəyov
orada - Sloveniyada olub-keçənlər haqda kitab
yazacağını da vəd edirmiş. Qayıdan kimi isə
başa düşmüşdü ki, dövlətin nəzərində
onların hər birinin üstündə əsirlik və
legionçuluq kimi elə silinməz damğa var ki,
ömür bitincə bu ləkədən qurtulmaq
mümkün olmayacaq. Mehdi Hüseynzadənin bəraəti
SSRİ rəhbərliyinin izni ilə müharibə bitəndən
çox sonra gerçəkləşən nadir və xoşbəxt
istisna idi. O çağacansa əsirlikdə, illah da legionda
olman barədə nəinki camaat arasında, hətta öz
evinin içində belə susmaq daha məsləhətli idi.
1956-cı ildəki dindirmələr də Qulubəyovun
bəxtinə düşmüş ilk girəvəymiş ki,
dövlətin özünün istəyi ilə müharibə
dövründəki belə gizli fəaliyyətlərdən
müsbət istiqamətdə, ürək
açıqlığı ilə bəhs edə bilirmiş.
Odur ki, fürsətkən ürəyini boşaldırdı:
"30-cu diviziyanın qərargahında sovet hərbi
missiyası yerləşirdi ki, ona 1944-45-ci illərdə
Rıbaçenko rəhbərlik edirdi. O, Mehdini çox
yaxşı tanıyırdı. Mehdi bilavasitə
Rıbaçenkonun tapşırıqlarını yerinə
yetirirdi".
DTK müstəntiqi bu iki cümlənin və
Rıbaçenko sözünün altından xətt çəkib.
Yəqin, o məqsədlə ki, sağdırsa, tapıb həmin
Rıbaçenko ilə də danışsınlar, əlavə
məlumatlar əldə etsinlər.
Qulubəyovun bu dindirməsinin bir özəlliyi də
odur ki, canlı şahid olaraq Mehdinin bilmədiyimiz igidlikləri
haqqında xeyli məlumatları çatdırır:
"Yadımdadır ki, Mehdi bir alman zabitinin əlindən onun
motosikletini almış və sahibini yerindəcə
öldürmüş, motosikleti isə partizanların hərbi
hissəsinə gətirmişdi. Bu, Ujiqe kəndində baş
vermişdi. Orada ikinci rus batalyonu yerləşirdi. Mehdi həmin
motosikleti podpolkovnik Rıbaçenkoya hədiyyə etmək
istəyirdi. Rıbaçenko isə diviziyanın Çepovan
kəndindəki qərargahında otururdu. Ovaxtkı hadisələrlə
bağlı mənim Mehdi ilə müfəssəl söhbətlərim
olmuşdu. O, vəd etmişdi ki, Adriatik sahillərindəki
partizan fəaliyyətləri ilə bağlı
yazdığı povesti mənə versin. Eyni zamanda, o mənə
yeni yazdığı, Kaspiyə və Bakıya məhəbbətlə
dolu "Adria sahillərində" adlı şeirinin
yazıldığı vərəqi
bağışlamışdı".
Qulubəyovun 1956-cı ildə onu dindirən
DTK-çıya söyləmiş olduqlarının dəqiqliyini
təsdiqləyən əlamətlərdən biri də odur
ki, xeyli müddət sonra həmin şeir də Almaniya arxivlərindən
üzə çıxdı.
Mehdinin
yazdığı digər əsər - Adria sahilindəki
partizan fəaliyyəti ilə bağlı povest də bu
gün əlimizdə olsaydı, biz Mehdi və
silahdaşlarının oradakı cəsurluq timsalı
fövqəladə əməlləri barədə nə qədər
mühüm həqiqəti bilavasitə onun öz dilindən
öyrənərdik. Kim bilir, bəlkə bu əlyazma da
haradasa qalmaqdadır? Hər mətləbə soyuqqanlı
yanaşmaq, sonranı dərindən düşünərək
ehtiyatlı addımlar atmaq ekstremal vəziyyətlərdə
işləməyə alışmış Mehdinin sabit kəşfiyyatçı
vərdişlərindənmiş. Mümkün deyil ki,
ölümün qaşla göz arasında olduğu həmin
çağlarda göstərdikləri şücaətlərin
və yaşadıqları çətin günlərin salnaməsi
ola biləcək povestinin əlyazmasının qəfildən
başına bir iş gələcəyi təqdirdə
itib-batmamasından ötrü Mehdi nəsə tədbir
tökməmiş olaydı. O dövrdə yazdığı
şeirlərin bəzilərinin bizə müxtəlif
nüsxələrinin gəlib çatması da
pıçıldayır ki, ola bilsin, povestinin də əlyazması
heç yeganə deyilmiş. Məşhur zərbülməsəllərə
inansaq, əlyazmalar yanmır və yazıya da pozu yoxdur. Bəlkə
bu yöndə də haçansa sevinəcəyimiz saat
yetişdi?
Qulubəyov o vaxt Mehdinin artıq çoxlarına bəlli
olan, haqqında az yazılmamış qəhrəmanlıqlarından
danışmaqla yanaşı, indiyədək də
çoxlarına bilinməyən, hələ də
açıqlanmamış başqa mərdanə sərgüzəştlərini
nağıl edirdi. Hətta məlum əhvalatlardan
danışanda da elə xırdalıqları açıb
göstərir ki, insanı istər-istəməz o qeyri-adi
anların canlı şahidinə çevirir. Həmin xatirələrdə
Mehdinin bir vacib kəşfiyyatçı şakəri də
müşahidə edilməkdədir - əməliyyatı
başa çatdıran kimi o, hadisə yerindən
uzaqlaşmaz, artıq məhv edilmiş, yaralanmış
faşistlərin arasında guya kömək göstərmək
istəyən alman zabiti kimi qalmaqda davam edərmiş.
Qulubəyov söyləyir: "1944-cü ilin
martında 2-ci korpusun komandanlığı tərəfindən
Mehdiyə tapşırılmışdı ki, Villa
Obçinadakı məxsusi olaraq alman zabitləri
üçün filmlər göstərilən kinoteatrda film
göstərilən vaxt partlayış törətsin.
Partladıcı maddəni binanı tamamilə dağıdacaq
bir həcmdə hazırlayaraq Mehdi indi familiyalarını
xatırlamadığım partizan yoldaşları ilə
birlikdə alman hərbçiləri geyimində əllərində
kiçik çamadanlar kinoteatra gəlmiş, özləri də
kinoteatrın zalında oturmuş, filmə baxmağa
başlamışdılar. Əməliyyatın bir neçə
iştirakçısı, o cümlədən mən
mülki geyimdə idik, bu gedişatı kənardan izləyirdik.
Filmin ortasında Mehdi və yoldaşları çamadanı
zalın ortasında qoyaraq və partlayıcı qurğunun 20
dəqiqə sonra işə düşməsini tənzimləyərək
bir-bir kinoteatrın binasını tərk etdilər. Mehdi bizim
yanımıza gəlib bildirdi ki, uzaqlaşaq, özü isə
partlayışdan sonra yanğının söndürülməsində
və yaralıların, ölənlərin hospitala göndərilməsində
iştirak etməyə başladı.
Partlayışa 20 dəqiqə qalmış biz bu
rayonu tərk etdik, ancaq uzaqdan kinoteatrın partlamasını
müşahidə edirdik. Ertəsi gün Mehdi və onun
yoldaşları partizanların yanına gəldilər və
həyata keçirilmiş əməliyyat haqqında geniş
məlumat verdilər. Əməliyyat uğurla həyata
keçmişdi, kinoteatrın binası tam
partladılmışdı. Çoxlu ölənlər və
yaralananlar vardı. O vaxt almanlar hələ Mixaylonu
tanımırdılar. Çünki bu, onun ilk əməliyyatı
idi. Almanlar əvvəlcə belə güman etmişdilər
ki, bu, Villa Obçinadakı hansısa yerli patriotların əməlidir.
Ona görə də ertəsi gün Villa Obçina şəhərinin
əhalisinə qarşı çox sərt repressiyalar
başlandı. Çoxlu şübhəli bilinən adamı
həbs etdilər, onlardan 2-sini asdılar, 16 nəfəri
güllələdilər. Həmin günlərdə Triyestin
"Adria Tsaytunq" adlı faşist qəzeti baş verən
hadisə ilə bağlı ayrıca məqalə dərc
etdi. Qəzetin bu nömrəsini partizan qızlar bizim partizan dəstəsinə
gətirdilər. Biz Mehdinin sabotaj qrupunun igidliyi
haqqındakı həmin sətirləri böyük maraqla
oxuduq.
Bu əməliyyatdan sonra Mehdi və onun qrupu Sloveniya əhalisi
arasında böyük etimad qazandı və yerli camaat Mehdiyə
sevərək "Mixaylo" adı qoydu, ona böyük
hüsn-rəğbət bəsləməyə
başladılar. Mixaylo adı tezliklə bütün Triyest
zonasında yayıldı. Mehdi həmin əməliyyatdan sonra
qərargahın korpusuna dala bir "dil" - alman zabiti gətirdi.
Mehdi həmin əməliyyatı Tolik - Tağı Əliyev və
əslən alman olan Fritslə birgə yerinə yetirmişdi.
Həmin hadisə belə baş vermişdi. Mehdi alman ober-leytenantı
mundirini geyinmiş, digər yoldaşları isə alman əsgəri
libasında olmuşdular. Qollarına patrul olduqlarını
göstərən parça bağlayıblarmış. Onlar
üçü də guya Triyest-Sejanna baş magistralında
patrul xidmətini yerinə yetirdiklərini göstərirmiş.
Mehdi sükan arxasında bir alman zabitinin əyləşdiyi
minik avtomobilini saxlamış, onun sənədlərini
yoxlamış, daha sonra özü sürücünün
yanında oturaraq digər yoldaşlarını da
maşına əyləşdirmiş və əmr etmişdi
ki, həmin zabit maşını komendaturanın mənzil-qərargahına
sürsün. Alman zabiti ober-leytenantın
tapşırığına tərəddüdsüz əməl
etmiş, Sejanadan bir qədər aralanandan sonra isə
şübhələnərək hara getdiklərini
soruşmuş, cavabında isə Mehdi pistoletini
çıxarmış və maşını onun deyəcəyi
istiqamətdə sürməyi tələb etmişdi. Mehdi və
onun ekipajı axşama yaxın Çepovana, 9-cu korpusun qərargahına
gəlib çıxdı. Bu əməliyyatdan sonra
"Mixaylo" adı artıq almanlar arasında da
yayıldı. Və alman komandanlığı narahat
olmağa başladı, belə təhlükəli kəşfiyyatçı
və diversantın aradan götürülməsi
üçün ciddi tədbirlər görmək barədə
düşündü. Bir müddət sonra isə Triyestin qəzetində
Mixaylonu öldürənə, ya tutub gətirənə
mükafat veriləcəyi haqqında elan dərc edildi. Vəd
olunan mükafat kifayət qədər böyük idi. Bu, təxminən
200 alman markası idi. Biz partizanlar da "Adria Tsaytunq" qəzetində
dərc edilmiş həmin məqaləni oxuduq. Yeri gəlmişkən,
həmin qəzeti bizə Mehdi özü gətirmişdi və
zarafatla dedi ki, baxın ha, mənimlə zarafat eləməyin.
Mən qiymətli başı olan adamam".
Mehdi əcnəbi dilləri mənimsəməkdə
xüsusi səriştə sahibiymiş. Təbii ki, bu da hər
adamda olmayan məxsusi bir qabiliyyətdir. Onun rus dilində sərbəst
danışdığını müasirlərinin bir
çoxu təsdiq edir. Amma partizanlıq dövründə
Mehdinin komandiri olmuş Anatoli Dyaçenkonun şahidliyi daha
diqqətəlayiqdir. Deyir ki, Mehdi rus dilində elə
danışırdı ki, nitqində ləhcə əlaməti
sezilməzdi. Ya elə Qulubəyovun xəbərini
çatdırdığı əhvalat. Mehdi
maşınını saxlatdırıb sənədlərini
yoxladığı alman zabitiylə onun öz dilində
danışır. Ən cüzi aksent olsaydı, həmin
şəxs dərhal şəklənməzdimi?
Demək, almancanı o səviyyədə bilirmiş
ki, ağzını açanda alman onu elə
özününkü kimi qəbul edirmiş. Həm də
almanca hələ heç Mehdinin birinci dili də deyildi. O,
Leninqradda təhsil alarkən əsas dili fransızca
olmuşdu. İndi baxın ki, ixtisasca onunçün ikinci
olan alman dilinə belə gözəl yiyələnibmişsə,
gör fransızcası hansı səviyyədə imiş!
Həyat ayrı bir məcrada keçmiş olsa idi,
şair Mehdi Hüseynzadə nə "Qürbətzadə"yə
dönərdi, nə də dil bilgilərindən düşmənin
qılığına girə bilmək vasitəsi kimi
yararlanardı. Qaynar həvəs, yaratmaq şövqü ilə
dolu bu cavan görün nə qədər alman, fransız
şairinin şeirlərini ana dilimizə ilkin çevirənlərdən
ola bilərdi. Unudulmaz Xalq rəssamı Kazım Kazımzadə
söyləyirdi ki, 1940-cı ildə Nizami muzeyi qurulmağa
başlarkən tərtibat işlərinə bir çox
başqa rəssamlarla yanaşı, Mehdi Hüseynzadə də
cəlb edilmişdi. Mehdi dağıdıcı təxribatlar
törətməkçün yox, nəfis tərtibatlar
doğurmaqçün yaranmışdı. Tanrı onu bu
dünyaya körpülər partlatmaqçün yox,
körpülər salmaqdan ötrü gətirmişdi.
Dövran macal vermədi.
8 aprel 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.16-17;24.