Elmi-ədəbi ehtimallar gerçəklik
müstəvisində
KAMAL ABDULLA VƏ RAFİQ ƏLİYEVİN
BİRGƏ YAZDIQLARI KİTABLARIN AZƏRBAYCAN YAZIÇILAR
BİRLİYİNDƏKİ TƏQDİMATINDAN REPORTAJ
Aprelin 24-də daimi küləyini günəşli
havaya müvəqqəti güzəştə gedən
doğma Bakıda yenə həyatın sonsuz ehtimallarla dolu kəsişməsində
- tıxacda ilişib qalmışdım: bir gözüm
saatda, bir gözüm yolda, əlim sükanda, ayağım
qazda-əyləcdə, fikrim-zikrim isə Azərbaycan
Yazıçılar Birliyində (AYB) saat 11:30-da keçiriləcək
Xalq yazıçısı, akademik Kamal Abdulla və
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllifliyi
ilə nəşr olunmuş "Kitabi-Dədə Qorqud və
qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və
dil-nitq" kitablarının təqdimat mərasimində...
Bu fundamental nəşrlərin müxtəlif qurumlarda
keçirilən əvvəlki təqdimatlarını
xatırlaya-xatırlaya düşündüm, görəsən,
vaxtında tədbirə çatacağam, ya yox? Bu situasiyada -
tıxacın nə qədər çəkəcəyini bilmədən,
konkret "bəli" və ya "xeyr" cavabı sadəlövhlük
olardı, üstəlik, qeyri-səlis məntiqin fərqli sahələrə
tətbiqi ilə bağlı nəşrlərin təqdimatına
tələsərkən... Qeyri-səlis məntiqin mahiyyəti
də elə budur - həyatın sərt "ya hə",
"ya yox"unu "bəlkə"yə, "ola bilər"ə,
"görək necə olar"a çevirmək. "Bəli"
ilə "xeyr"in sərt sərhədlərini pozan qeyri-səlis
məntiq bizə öyrədir ki, hər şey ağ və
ya qara deyil. Bəzən rənglərin qovşağında
doğulan fərqli tonlar daha çox həqiqət, yaxud
ehtimalları özündə gizlədir. Bu, həm də
psixoloji bir gerçəkdir - insan daim qeyri-müəyyənlik
içində seçim etməyə məcburdur... Bu nəzəriyyə
azad iradə, seçim hüququ və təfəkkürün
demokratikləşməsi ideyaları ilə səsləşir.
...Tədbirə vaxtında çatdım. AYB-nin
"Natəvan" klubunun qarşısında televiziya
jurnalistləri sözügedən nəşrlərlə
bağlı videosüjet hazırlamaq üçün
uyğun müsahiblər axtarırdılar...
AYB-nin sədr müavini, tədbirin moderatoru Rəşad
Məcid təqdimat mərasimini açaraq adıçəkilən
kitabların həm məntiqin sərhədlərini genişləndirdiyini,
həm də ədəbi düşüncəyə yeni
baxışlar gətirdiyini vurğuladı, nəşrlər
haqqında yığcam məlumat verdi: "Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq" kitabı Lütfi
Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnərək
yazılıb, burada qeyri-səlis məntiqin dörd əsas
sütunu - ümumi məntiq, qeyri-səlis çoxluqlar,
epistemik (epistemoloji) və münasibətlər
sütunları haqqında məlumat verilir. Qədim
"Kitabi-Dədə Qorqud" dastanı qeyri-səlis məntiqin
prinsiplərini öz dilində geniş şəkildə əks
etdirir. Dastanımızda qeyri-səlis məntiqə aid zəngin
dil materialı mövcuddur. Kitab Türkiyədə, Almaniyada
da çap edilib."Qeyri-səlis məntiq və dil-nitq"
kitabında isə qeyri-səlis məntiq nəzəriyyəsi
ilk dəfə olaraq dilçilik obyekti olan dilə-nitqə tətbiq
edilib. Böyük rəy və coşqu yaradan bu kitabların
Yazıçılar Birliyində də təqdim edilməsinin
dərin mənası var. Onu da deyim ki, müəlliflər
hazırda uşaqlar üçün qeyri-səlis məntiqlə
bağlı nəşr üzərində işləyirlər,
səbirsizliklə həmin kitabı da gözləyirik".
AYB-nin sədri, Xalq yazıçısı Anar
çıxışında bu kitabları sadəcə elmi
deyil, həm də bədii düşüncəyə yeni
aspektdən nəzər salınan ciddi araşdırmalar kimi dəyərləndirdi:
"Professor Rafiq Əliyevi müəllif kimi
Yazıçılar Birliyində salamlamaqdan məmnunluq
duyuram. Yazıçı Kamal Abdulla ilə məni bir
çox məqam, o cümlədən "Kitabi-Dədə
Qorqud" birləşdirir. "Kitabi-Dədə Qorqud" o
qədər geniş mövzudur ki, onu humanitar sahədən
bir az kənar, dəqiq elmlər aspektindən də təhlil
etmək, öyrənmək mümkündür. Bu kitablarda əksini
tapan və bəzən çətin başa düşülən
ciddi mövzuları anlamaq üçün yeni bilikləri
öyrənməyə də açıq olmaq
lazımdır. Çox sevinirəm ki, "Kitabi-Dədə
Qorqud", eləcə də dil-nitq mövzusu qeyri-səlis məntiqlə
yeni səpkidə araşdırılıb".
Xalq yazıçısı, kitabların həmmüəllifi
akademik Kamal Abdulla bütövlükdə qeyri-səlisliklə
əhatə olunduğumuzu vurğuladı: "Həyatımızın
hər sahəsində qeyri-səlislik var. Hətta "Necəsən?"
sualına cavab kimi işlənən hər hansı söz,
yaxud ifadə də öz yaranışından qeyri-səlisdir.
"Yaxşıyam", "pisəm", "belə də",
"birtəhər" cavabları qeyri-səlislik nümunəsidir.
Qeyri-səlislik əslində səlisliyə olan meylimizin, can
atmağımızın göstəricisidir. Azərbaycan-amerikan
alimi professor Lütfi Zadə hələ 1994-cü ildə qeyri-səlis
məntiq nəzəriyyəsinin ədəbiyyatşünaslıq,
folklor, fəlsəfə, linqvistika, psixologiya, sosiologiya,
hüquq, iqtisadiyyat kimi sahələrdə də qeyri-səlis
məntiqin tətbiq olunacağını qeyd edirdi. Professor
Rafiq Əliyevlə uzun illər birgə dostluğumuz zamanı
dəfələrlə bu mövzuda apardığımız
söhbətlər bizi bu kitabları yazmağa təşviq
etdi".
Anarın "Kitabların yazılma prosesi
haqqında" ünvanladığı suala cavab olaraq Kamal
Abdulla dedi: "Qeyri-səlis məntiq" ibarəsini Azərbaycan
dilinə Rafiq Əliyev gətirib. Qeyri-səlis məntiqə
aid ideyalar da ona məxsusdur. Bu kitabların hər fəslinin
ümumi qayəsini, hətta hər bir cümləsini belə
birlikdə müzakirə edirdik. Bundan sonra isə fəsilləri
mən qələmə almışam. Yazdıqdan sonra hər
ikimiz oxuyub yenidən düzəlişlər etmişik".
Nəşrlərin həmmüəllifi professor Rafiq
Əliyev çıxışında düşüncənin
sərhədsizliyini yalnız qeyri-səlisliklə modelləşdirməyin
mümkünlüyündən danışdı. O, şair
Ramiz Rövşənin poeziyasından nümunələr səsləndirərək
qeyri-səlis məntiq nəzəriyyəsindən təhlil
etdi:
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Görərik kimlərin əli
kimlərin cibindən çıxır...
Yəni dünyanın işıqlanması qəti
deyil, bir ehtimaldır. Ola da bilər, olmaya da bilər... Yaxud
şairin "Nə var Allahdan yuxarı? Nə var qəbirdən
aşağı?" misralarına da qeyri-səlis məntiq
prizmasından yanaşanda, "bəs bu yuxarı ilə
aşağının ortasında mən özüm
haradayam?" sualı meydana çıxır... Yadıma Bəxtiyar
Vahabzadə ilə Xudu Məmmədovun dialoqu düşür
bu məqamda. Hər ikisi tezdən durub bağda gəzirmişlər,
Bəxtiyar Vahabzadə görür ki, Xudu müəllim əlində
tutduğu bir çiçəyə dəqiqələrcə
tamaşa edir. Bəxtiyar müəllim dözməyib
soruşur ki, ay Xudu, nə baxırsan? Cavab verir ki, bu
çiçəkdə qırmızıdan çəhrayıya
keçid var. İndi gəl, bacarırsansa, o çaların
sərhədini tap". Qeyri-səlis məntiq Xudu müəllimin
dediyi həmin çalarları tapa bilməkdir".
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
direktoru, professor İlham Məmmədzadə qeyd etdi ki, epos və
tarix çərçivəsindən baxanda həqiqətin,
faktların mövcudluğunun tarixən olub-olmadığı
dəqiq bilinmir: "Belə ehtimal məsələlərini əhatə
edən bu nəşrlər bütövlükdə Azərbaycan
elmi üçün dəyərli tədqiqatlardır".
AYB-nin katibi, şair və tərcüməçi Səlim
Babullaoğlu təqdim edilən kitabların əhəmiyyətini
vurğulayaraq həyatın bir çox sahələrində
qeyri-səlis məntiq nəzəriyyəsinin
mövcudluğundan danışıb, müqəddəs
Qurani-Kərimdə də həm səlis, həm qeyri-səlis
məntiqlə bağlı həqiqətlərin yer
aldığını dedi.
AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli
bildirdi ki, bu kitabları oxuyandan sonra hara baxıramsa, nəyi
oxuyuramsa, istər-istəməz, qeyri-səlislik axtarıram:
"Kamal müəllimin dilimizin qədim qatlarını mənimsəməsi
və bunları Rafiq müəllimlə birgə qeyri-səlis
məntiqin tətbiq edərək qələmə alması nəşrlərin
uğurunu təmin edib".
Akademik Əli Abbasov təqdim edilən kitabları həm
fundamental elmi araşdırmalar üçün, həm də
praktiki tətbiqlər üçün dəyərli bir mənbə
kimi qiymətləndirdi.
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri
doktoru Hikmət Quliyev bu nəşrləri unikal bir təcrübə
adlandırdı: "Bu həm də elmlərin öz qəti
sərhəd çərçivələrindən
çıxaraq bir-birinə mədəni inteqrasiyasının
göstəricisidir".
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, professor Cəlil Nağıyev,
ADNSU-nun prorektoru, professor Lətafət Qardaşova,
folklorşünas alim, akademik Muxtar İmanov və digərlərinin
çıxışlarında qeyd olundu ki, təqdim edilən
kitablar həmmüəlliflərin qeyri-səlis məntiq
prinsiplərinə əsaslanan dərin elmi-fəlsəfi təfəkkürlərinin
və orijinal yaradıcılıq axtarışlarının
dəyərli nümunəsidir: "Bu fundamental əsərlər
yalnız akademik və elmi dairələr üçün
deyil, eyni zamanda fəlsəfi düşüncəyə maraq
göstərən geniş oxucu kütləsi
üçün də zəngin intellektual və idrak
yönümlü bir təcrübə təqdim edir".
Tədbirin sonunda müəlliflər tədbirin təşkilatçılarına
və qonaqlara minnətdarlıqlarını bildirdilər.
P.S. Alqışların və səslənən fikirlərin
fonunda tədbir yekunlaşdı, ancaq böyük ehtimalla, təqdimatda
şüuraltına səpilən qeyri-səlis
düşüncə və təfəkkür toxumları tədbirdən
sonra da zehinlərdə cücərməyə, boy atmağa
davam edəcək, həmin kitabları oxuyanlarda isə arxaik və
linqvistik hikmətlə qeyri-səlis məntiqin
çağdaş elmi yanaşmasından yaranan yeni
düşüncə modelləri formalaşacaq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.14.