"Heydər
Əliyevi mən Qayıdışından sonra kəşf
etdim"
"Yalnız bu zaman onun şəxsiyyətinin
bütün dərinliyini və bənzərsizliyini anlaya
bildim"
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq şənbə
saylarında həmin söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Fərhad, biz "Heydər Əliyev və
incəsənət" mövzusunda danışacağıq,
çünki sizin bu böyük siyasətçinin
yaradıcı ziyalılarla qarşılıqlı münasibətlərini
uzun müddət müşahidə etmək imkanınız
olub. Gəlin lap əvvəldən başlayaq...
Fərhad Xəlilov - Yaxşı, əvvəldən
başlayaq. Mən daim sovet hakimiyyətinin, belə deyək,
qaymaqları içərisində olsam da, hələ gəncliyimdən
həmin sistemə, daha doğrusu, ideologiya ilə bağlı
məsələlərə daim tənqidi
yanaşırdım. Məsələn, Moskvada oxuyarkən
öz azad təbiətimə görə müəllimlərdən
daha çox rəhbərliklə problemlər
yaşayırdım, çünki onlar mənim incəsənətlə
bağlı bütün söhbətlərimdən xəbərdar
idilər.
E.A. - Bu necə ola bilər? Axı atanız partiya
xadimi və dövlət adamı idi...
F.X. - O, partiya xadimi deyildi. Atam otuz yaşlarında
artıq iki hərbi zavodun direktoru idi və beş ordeninin
birincisini artıq qazanmışdı. Bəli, o, partiya
üzvü idi, amma atam hər şeydən əvvəl
mühəndis idi. Elə ön cəbhəyə də
sıravi minaaxtaran kimi yazılmışdı. Bağırov
bundan xəbər tutanda atam artıq bəlli bir hərbi hissədə
qeydiyyata düşmüşdü. Və Bağırov bu təyinatı
ləğv etmək üçün Stalinə şəxsən
zəng etməli oldu: "Mənim bir işçim var, iki hərbi
zavodun direktorudur, o düşünür ki, cəbhədə
buradakından daha lazımlı ola bilər". Bir sözlə,
onu geri qaytardılar. Sonralar, Heydər Əliyevin vaxtında
atam Ali Sovetdə işləyirdi, bu, sırf partiya işi yox,
daha çox sovet işi sayılırdı. Heydər
Əliyev ona çox hörmətlə yanaşırdı,
atam, demək olar, yeganə adam idi ki, Heydər Əliyev ona
adı və ata adı ilə müraciət edirdi. Öz
növbəsində, atam onun barədə görkəmli
dövlət xadimi kimi danışırdı. Heydər
Əliyev Moskvaya işləməyə gedəndən sonra atam
mənə Mərkəzi Komitənin büro iclaslarında
iştirak etməyin onun üçün nə qədər
çətin olduğunu söyləyirdi, çünki bu
müzakirələri həm miqyas, həm də dərinlik
baxımından Heydər Əliyevin keçirdiyi
toplantılarla müqayisə etmək olmazdı. Mən hiss
edirdim ki, atam mövcud "şəraitdə" orada
çox qala bilməz. Və o, ahıl yaşında təqaüdə
çıxdı - o zaman artıq 79 yaşı vardı, amma
özünü hələ də gümrah hiss edirdi.
İdeologiyaya gəlincə, ona münasibətimi mənim
həyatımın amalı saydığım iş müəyyən
edirdi. Sovetlər ölkəsində sosializm realizmindən fərqli
hər şey, yumşaq desək, təqdir edilmirdi, respublika və
ümumittifaq miqyasında keçirilən böyük sərgilərdə
iştirak üçün bu sərgilərə uyğun əsərləri
seçmək lazım gəlirdi, seçim zamanı isə,
xüsusən də tematik mövzularla bağlı istər-istəməz
uyğunsuzluq ortaya çıxırdı.
Yetmişinci illərin lap əvvəllərində
Bakıda rəssamların genişmiqyaslı respublika sərgisi
keçirilirdi. Açılışdan əvvəl
ekspozisiyanı təsdiqləmək üçün başda
birinci katib olmaqla Mərkəzi Komitəsinin bütün
Büro heyəti sərgiyə baş çəkdi. Zallardan
birində mənim "Çağırış"
adlı üçmetrlik rəsm əsərim
asılmışdı. Tahir Salahov Rəssamlar
İttifaqına yenicə sədr seçilmişdi, Büro
üzvlərini o müşayiət edirdi. Və budur, Azərbaycan
DTK-sının rəhbəri Vitali Krasilnikov qəfil
soruşdu: "Bu, nəyə
çağırışdı belə?" Tahir ona nəsə
izah etməyə, vəziyyətdən necəsə
çıxmağa çalışdı. Heydər Əliyev
mövzunu uzatmağa imkan vermədi, o biri əsərlərə
baxmağı təklif etdi. Krasilnikov sakitləşmədi,
hamını ikinci dəfə mənim müəllifi
olduğum rəsm əsərinin yanına qaytardı. O,
axı mənim ideyamı dəqiq tutmuşdu, doğrudan da, əsərdə
azadlığa çağırış vardı. Demək
istəyirəm ki, o zaman Heydər Əliyev məni həmin
naqolay durumdan çıxardı və mübahisənin
böyüməsinə imkan vermədi. Mənim çəkdiyim rəsm əsəri
sərgidə qaldı və bağlanış gününədək
orada rahatlıqla nümayiş olundu, hətta deyərdim ki, cəmiyyətdə,
xüsusən də, incəsənət adamları arasında
rezonans doğurdu. Heydər Əliyev olmasaydı, onu proqramdan
çıxaracaqdılar, bəlkə də, bunun mənimçün
xoşagəlməz nəticəsi də olacaqdı.
Heydər Əliyev incəsənətə formal deyil,
səmimi qəlbdən yanaşırdı. Mən onun hakimiyyətə
qayıtdığı illəri xatırlayıram. O, bizim rəsm
sərgilərini ziyarət edirdi. Mən artıq Rəssamlar
İttifaqının rəhbəri idim və bu tədbirlərdə
onu müşayiət edirdim. Bax belə respublika miqyaslı
böyük sərgilərin birində o, zalları uzun
müddət gəzdi. Amma artıq zaman dəyişmişdi,
yeni dövr idi, rəssamlar sovet dövründəkindən fərqli
rəsmlər çəkirdilər. O isə nəhəng
intellektə malik şəxsiyyət kimi anlayırdı ki, dəyişikliyi
zaman özü diktə edir, yeni adlar, yeni imzalar ortaya
çıxmalıdır. Prinsipcə, Heydər Əliyev
özü də artıq yeni insan idi, onun şəxsiyyətinin
miqyası Siyasi Büro üzvünün miqyasını
aşmışdı. O, həmişə zamanından irəlidə
idi.
Bilirsiniz, o zaman mən nəyə heyrətləndim?
Heydər Əliyev uzun müddət əsərləri nəzərdən
keçirdi, xüsusən yeni, gənc rəssamların
işlərinə diqqət etdi və sonda, az qala, özünə
bəraət qazandırırmış kimi dedi: "Amma sən
anlayırsan da, mən klassikanı sevirəm". Mən cavab
verdim: "cənab Prezident, hər kəsin bəyənib-bəyənməmək
haqqı var. Hər rəssamın öz
tamaşaçısı olur. Sizə bir əsər xoş gələ
bilər, bir başqasına digəri". Onun
böyüklüyü də bu səmimiyyətində idi.
E.A. - O, incəsənətin müxtəlif növlərini
sevir və sizin mühitlə ünsiyyət saxlamağı
xoşlayırdı.
F.X. - Məsələn, Heydər Əliyev qurultaylardan
sonra - hələ sovet vaxtlarında - rəssamlar aktivini
toplayır və onlarla uzun müddət söhbət edir,
hansısa problemləri müzakirəyə
çıxarırdı. Bir dəfə o, çox haqlı
olaraq, mədəniyyətimizin qədim tarixi janrı kimi
miniatürlər məsələsini qaldırdı, dedi ki,
biz öz ənənələrimizi unutmamalıyıq və
sair. Amma bundan sonra onun ətrafında olan və incəsənəti
kurasiya edən məmurlar nə üçünsə belə
başa düşdülər ki, ətrafda kim varsa,
hamısını miniatürlə məşğul olmağa
məcbur etmək lazımdır. Əvvəlki dövrlərdə
olduğu kimi, necə deyərlər, ifratçılıq
başladı. Və Heydər Əliyev bizi növbəti dəfə
toplayanda o, bir məmura dedi: "Mən miniatürlərdən
danışanda bunu nəzərdə tutmurdum. Siz hər
şeyi başdan-başa miniatürə çevirmisiniz".
Və onun bu sözləri elə səhərisi gün öz
təsirini göstərdi. Heydər Əliyev bizim incəsənəti
bu ağılsızlıqdan xilas etdi. Çünki
lazımlı-lazımsız hər şey miniatürə
çevrilmişdi. O isə növbəti süni
kampaniyanın qarşısını aldı.
Əlbəttə, Heydər Əliyev böyük,
çox böyük və eyni zamanda çox həssas adam
idi, heç nəyə biganə qalmırdı. Bizim aləmdə
baş verənlərə etinasız yanaşmırdı.
E.A. - Axı o həm də rəssamlarla dostluq edirdi.
Onun Tahir Salahovla ömür boyu davam edən
dostluqlarını xatırlayaq.
F.X. - Heydər Əliyevin rəssamlarla dostluq etməsi
bir yana, ən əsası bu idi ki, o, doğrudan da, mədəniyyət
xadimlərinə - təkcə rəssamlara yox, həm də
yazıçılara, musiqiçilərə ciddi yardım göstərir,
onları müdafiə edir, ədalətsiz hücumlardan
qoruyurdu. Bu mənada rəssamlar elə sovet dövründə
də nisbətən daha müstəqil idilər, belə ki,
onların yaradıcılıq azadlığı - fakt kimi -
onların çəkdikləri əsərlərdə
mövcud idi, üzə çıxarılmasa belə, bu əsərlər
həmin rəssamların emalatxanalarında
"yaşayırdı". Heydər Əliyev rəssamları
heç vaxt unutmurdu. Hətta Moskvaya getməzdən əvvəl
o, öz sərəncamı ilə Əhmədlidə
tikilmiş yataqxananı yaradıcılıq emalatxanaları
üçün ayırdı. Eyni zamanda evə çox
ehtiyacı olan bir qrup rəssama mənzil verdi.
Təəssüf ki, o, müstəqillik dövründə
respublikaya qayıdandan sonra vəziyyət maddi baxımdan
çətin idi, büdcədə vəsait
çatışmırdı. Xatırlayıram ki, biz Səttar
Bəhlulzadənin yubileyini keçirirdik, amma Avropada bu rəssamın
adınalayiq albom çıxarmaq imkanı yox idi və bu mənada
Heydər Əliyevin dahiliyi növbəti dəfə
özünü göstərdi. O Moskva səfərindən
yenicə qayıtmışdı və hava limanından
birbaşa sərgiyə gəldi. Mən onu yola salanda yubiley
axşamında nitq söyləməsini xahiş etdim: "Siz
çıxış etməsəniz, tədbir
alınmayacaq". O dedi ki, bir azdan xəbər edəcək.
Düz yarım saat sonra mənə zəng edib dedilər ki,
Prezident Respublika Sarayına gələcək və
çıxış edəcək. O, parlaq bir nitq söylədi
və məhz bu çıxışdan sonra Səttar Bəhlulzadənin
adı layiqli şəkildə anılmağa başladı.
Hamı Səttardan danışırdı, onun əsərlərini
axtarır və tapıb alırdılar. Sonra isə Heydər
Əliyev ümumiyyətlə onu özünün ən
sevimli rəssamı elan etdi və beləcə, əməlli-başlı
canlanma başladı.
Yubiley gecəsindən sonra, ertəsi günü
Mustafayev adına Muzeydə akademik sessiya keçirilirdi. Mən
bəzi nitqləri dinlədim və dözməyib söz
aldım. Dedim: "Siz dünən Prezidentin
çıxışını eşitmədiniz? Ümumiyyətlə,
siz nədən danışırsınız?" Onlar rəssamın
yaradıcılığından başqa bütün məsələlərə
toxunurdular. Prezidentin nitqi elmi dərəcələri olan bu
"mütəxəssislərin"
çıxışlarından daha peşəkar və daha məzmunlu
idi. Hərçənd onun heç hazırlaşmağa da
vaxtı olmamışdı. Daim ağlasığmaz siyasi
ritmdə, daim seytnotda ola-ola yubiley gecəsinə gəlib rəssam
barədə ekspromt danışa bilmək üçün nə
qədər zəngin mənəvi aləmə malik
olmalıydın!
Heydər Əliyevə bir vaxtlar Səttarı pisləyirdilər.
Səttar Dövlət Mükafatından imtina etmişdi,
çünki o, Mərkəzi Komitənin birinci katibi ilə
görüşməyə çalışırdı, məmurlar
isə bu barədə Heydər Əliyevə məruzə
etmirdilər. Onlar söhbət zamanı Səttarın
çılğın xarakterinin özünü göstərəcəyindən
çəkinirdilər, üstəlik, o, bəzi məmurlarla
yola getmirdi və onlardan şikayət edə bilərdi. Səttar
coşqun, əsəbi adam idi, dedi ki, bu halda mən Dövlət
Mükafatından imtina edirəm və ümumiyyətlə
yaşamaq üçün Gürcüstana köçürəm.
Arzuolunmaz siyasi qalmaqal baş verə bilərdi. O zaman mən
atama müraciət etdim ki, Səttarın xahişini Heydər
Əliyevə çatdırsın. O, rəssamı qəbul
etdi və onlar iki saat söhbətləşdilər. Söhbət
maraqlı keçdi. Heç kimi müzakirə etmədilər,
sənətdən və həyatdan danışdılar. Heydər
Əliyevlə görüşdən sonra Səttar
rahatlaşmış, sakitləşmişdi.
E.A. - Amma sovet dövründə bizim sənət
mühitində nonkonformistlər də vardı. Rasim Babayev,
Mircavad, Qorxmaz Əfəndiyev və b. Onlar üçün
sovet senzurasına və bürokratik əngəllərə
qarşı müqavimət göstərmək asan deyildi.
F.X. - Yox, nə üçün, Rasimin əsərləri
sərgiyə çıxarılırdı. Mircavadın əsərləri
də sonradan ekspozisiyalara düşə bildi. Amma ürəyin
istəyən hər şeyi sərgidə nümayiş etdirə
bilməzdin. Əlbəttə, biz nümayiş etdirə biləcəyimiz
əsərləri seçirdik. Amma bəzən ən
yaxşı rəsmlər emalatxanalarda, anbarlarda qalmalı
olurdu. Məsələn, mən Novruz bayramının
qadağan olunduğu vaxtlarda "Novruz" əsərini çəkmişdim
və bu əsər necəsə Mərkəzi Komitənin
Bürosundan keçmişdi. Onu sərgiyə
çıxarmışdılar. Hamı təəccüblənirdi
ki, mən qadağaları necə dəf etmişəm.
E.A. - Bəlkə, atanıza hörmət əlaməti
olaraq rəsm əsərinə toxunmayıblar?
F.X. - Yox, elə deyil. Bu, ideologiyadır, burada heç
bir qohumluq əlaqəsi rol oynamır. Mənim çəkdiyim
rəsmlər bəzi yüksək çinli məmurların əli
ilə xaricə göndərilən əsərlərin
siyahısından çıxarılırdı və buna
heç kim mane ola bilməzdi. Bəzən də
illüstrasiyalı kataloqdan mənim əsərlərim olan səhifələri
cırır, haqqımda "donos" yazırdılar və
sair.
Sadəcə, Novruzla bağlı toy-büsatlı,
bayram ovqatlı əsərlərin fonunda mənim çəkdiyim
əsər - Abşeron qadınının fiqurunu əks etdirən
tablo fondakı rənglər və kompozisiya ilə birgə
ümumən daha sərt, dramatik təsir
bağışlayırdı. Və yalnız
uşağın əllərindəki balaca səməni bu
bayramı miras alan nəsillərin varlığından
danışırdı.
Yəqin ki, əsər kiminsə xoşuna gəlmişdi.
Düşünürəm ki, "bu kimsə" məhz
respublikanın Birinci Adamı idi. Həlledici sözü o
deyirdi axı.
E.A. - Mircavada və digər nonkonformistlərə
qayıdaq. İndi yazırlar ki, onlar ağır şəraitdə
yaşayıb-yaradırdılar, əsərlərini çəkməyə
yer tapmırdılar, mənzilləri, emalatxanaları yox idi.
Bu, doğrudur?
F.X. - Bilirsən, insanlar çox zaman bilmədikləri
şeylərdən danışırlar. Məsələn,
kimsə Səttarın aclıq çəkdiyini deyəndə
mən onun sözünü kəsirəm. Səttar heç
vaxt ac qalmayıb, onun həmişə rəfdə pulu olurdu,
biz hətta pulun yerini də bilirdik. Heç xalq da onu ac
qalmağa qoymazdı. Elə həmin Mircavad da sifarişlər
alırdı, düzdür, Fonddan sifariş nadir hallarda olurdu,
o, hərdən tərtibat işləri görürdü. Biz
bu işi "xaltura" adlandırırdıq. Doğrudur, o,
yalnız pul qazanmaqla məşğul olan bəzi rəssamlar
kimi yağ-bal içində, geninə-boluna
yaşamırdı. Mircavad sənətlə məşğul
idi, buna görə də bəzən ailəsini təmin etməkdə
çətinlik çəkirdi. Bəli, onun ağır
günləri olurdu. Axı o, Rəssamlar İttifaqına
üzv olmaq istəmir, qəsdən ərizə
yazmırdı. Biz quruma üzv olması üçün onu dəfələrlə
dilə tutmuşduq ki, heç olmasa, sərgisini keçirmək,
sifariş almaq üçün hansısa imkanları olsun.
Axırda o, İttifaqa üzv oldu, gec oldu, amma oldu. Ona
Bakıda sərgi də keçirdik. Asan deyildi, amma rəssamlıq
bölməsinin sədri kimi mən rəhbəri inandıra
bildim və biz bu sərgini keçirdik. Sonra, mən artıq
sədr olanda isə, fəaliyyətimin ilk ilindəcə onu
Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi
adına təqdim etdim, Moskvada Mircavadın sərgisini təşkil
etdim. Moskva sərgisindən sonra onun
yaradıcılığına münasibət müsbətə
doğru çox dəyişdi, əsərlərini
alırdılar. Mircavadın taleyindəki dəyişiklik
yenidənqurma dövrü ilə üst-üstə
düşdü. Həmin vaxt onun əsərlərinin əksəriyyəti
xaricə aparıldı. Bir məqamı da qeyd etməyə
bilmərəm ki, bəzi yazılmamış qaydalara rəğmən,
Cavad Mircavadovun xatirəsi Heydər Əliyevin sərəncamı
ilə əbədiləşdirildi.
Ümumiyyətlə, bilirsiniz, bizdə elə bir
dissident olmayıb. Sizin dediyiniz kimi, nonkonformistlər olub, onlar
heç vaxt partiya və hökumətin sifarişi ilə əsər
yaratmayıblar.
E.A. - Axı bu, elə mənəvi dissidentlikdir.
F.X. - Bəlkə də, elədir. Amma bu, başqa
söhbətin mövzusudur. Bizim ("bizim" deyirəm,
çünki buna tam haqqım çatır. Həyatımın
böyük hissəsi Mircavadla, Kamalla birgə Buzovnada
keçib) əsas məqsədimiz sənət idi. Vəssalam.
Moskvada mən nəhəng yaradıcı həyat, belə deyək,
"zirzəmi həyatı" yaşamışam. Orada
oxuyurdum, işləyirdim, dostluq edirdim. Bütün ili, ən
azı, ilin yarısını Moskvada olurdum, orada 11 fərdi sərgim
keçirilmişdi. Haqqımda yazılanların hamısı
Moskvada nəşr olunub.
1973-cü ildə Boris Polevoyun rəhbərlik etdiyi
"Yunost" jurnalının redaksiyasında mənim ilk sərgim
oldu. Moskvada Polevoyun dəstəklədiyi bütün
nonkonformistlər bu redaksiyadan keçirdilər. O, rəsmi
sovet hakimiyyətinin qəbul etmədiyi bütün
"solçuları" himayəyə alırdı. Orada
münsiflər heyəti çox ciddi idi və "Yunost"da
sərgisinin baş tutması müəllif üçün
çox prestijli sayılırdı.
1976-cı ildə Moskvada mənim "İspan" sərgimin
açılışı oldu. Yeri gəlmişkən, sərgi
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
tapşırığı ilə keçirilirdi və bu barədə
"Pravda" qəzetində də yazdılar. Məsələ
burasında idi ki, ispan-sovet münasibətlərində 40
illik fasilədən sonra bizdə ilk ticarət attaşeliyi
yaradıldı və Moskvaya İspaniyadan böyük
nümayəndə heyəti gəldi, onlar mənim sərgimin
açılışında da iştirak etdilər. Mənsə
1974-cü ildə İspaniyada olmuşdum, ispan motivləri
üzərində işləyirdim. Dostluq Evinə də Mərkəzi
Komitədən belə bir sərgi təşkil etməklə
bağlı tapşırıq verilmişdi. Başqa sözlə
desək, mənim sərgim zaman baxımından da yerinə
düşmüşdü. Amma bizi siyasət yox, sənət
maraqlandırırdı. Hərçənd Avropa, Qərb
nonkonformizmin bəzi təmsilçilərini öz məqsədləri
üçün istifadə etməyə can atırdı. Mən
bütün bunları görürdüm, Moskvanın
bütün "qapalı" zirzəmilərindən
keçmişdim. Dostluq etdiyimiz İlya Kabakovdan tutmuş Ernst
Neizvestnıya qədər dövrün bütün görkəmli
rəssamları ilə ünsiyyət saxlamışdım.
Özü də bizim qrupumuz təkcə rəssamlardan ibarət
deyildi, orada SSRİ-dən kənarda da adları məşhur
olan şairlər, yazıçılar, bəstəkarlar,
musiqiçilər vardı.
E.A. - Amma gəlin mövzumuza - "Heydər Əliyev
və yaradıcı ziyalılar" mövzusuna dönək.
Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siz onunla
daha sıx və ardıcıl əlaqə saxladınız.
Siz onu yeni bir rakursdan gördünüzmü? O dəyişmişdimi?
F.X. - Əlbəttə. O, artıq tam mənada azad,
ixtiyar sahibi idi. Bir zaman onunla orada - elə burada da - işləmiş
rəhbərlərin çoxu indi arxada - köhnə zamanda
qalmışdı, amma o, irəlidə, gələcəkdə
idi.Tutalım, elə hadisələr olurdu ki... O, məni cavanlığımdan
tanıyırdı axı, bilirdi ki, çox azad təbiətli
adamam. Amma yenə də məni bütün rəsmi tədbirlərə
dəvət edir, xarici səfərlərə özü ilə
aparırdı. Xatırlayıram ki, bir dəfə çox tələsirdim
və az qala Rostropoviçlə görüşə gecikəcəkdim.
Orada bizim yaradıcı xadimlərimizin kiçik bir qrupu
toplaşmışdı. Mən qalstuksuz gəlmişdim,
köynəyimin yaxası açıq idi. Prezident Aparatı
işlər idarəsi müdirinin məni görəndə az
qala ürəyi gedəcəkdi. Görüşün
gedişində Heydər Əliyev mənə
yaxınlaşdı və ərklə soruşdu: "Hə,
necəsən? İşlərin necədir?" Bir az əvvəl
o, çox gözəl çıxış etmişdi, mən
də bu məqama toxundum. Biz söhbət etdik, bundan sonra
baxdım ki, işlər idarəsi müdirinin ürəyi
yerinə gəldi...
Əlbəttə, bu, artıq tamam başqa İnsan
idi, Heydər Əliyev yeni dövrdə özünü
üstün şəxsiyyət kimi tam açıb göstərə
bildi. Onun hətta üz ifadəsi də, yaşına
baxmayaraq, yaxşılığa doğru xeyli dəyişmişdi.
Çünki artıq istədiyi kimi azad, müstəqil idi.
Bir dəfə biz Heydər Əliyevin dəvəti ilə
Müslüm Maqomayevin doğum dününə
yığışmışdıq. Heydər Əliyev dedi:
"Vəssalam. Heç bir sağlıq olmayacaq (öz
ünvanına sağlıqları nəzərdə tuturdu).
Sadəcə səmimi söhbət eləyək". Və
biz gözəl bir axşam keçirdik. Sona yaxın mən
dedim: "Bu ərazinin köhnə sakini kimi
(Zuğulbadakı şəhərkənarı iqamətgah nəzərdə
tutulur - E.A.) olar bir söz deyim?" O, təbəssümlə
cavab verdi: "Yaxşı, sən de". Mən də
danışmağa başladım: "Əgər siz
yazıçı olsaydınız, dahi yazıçı
olardınız... Əgər xanəndə olsaydınız,
vokal göstəricilərinizə görə hamıdan
seçilərdiniz... Rəssam olmaq istəsəydiniz, sizdə
bu da rahat alınardı... Amma nə yaxşı ki, siz siyasətçi
olmusunuz, çünki pis-yaxşı, xanəndələrimiz
var, elə rəssamlarımız, bəstəkarlarımız
da, siyasətçilərimiz isə yoxdur. Cənab Prezident,
amma bizim sizdən çox böyük bir xahişimiz var... -
burada Heydər Əliyev bir qədər gərginləşdi,
çünki söhbətin yönünün bu cür dəyişəcəyimi
gözləmirdi - və mən qısa nitqimi belə bitirdim. -
Siz özünüzü qoruyun, çünki Sizin
sağlamlığınız ölkəmizin
uğurlarının təminatçısıdır". Mən
bu sözləri səmimi qəlbdən söylədim, Heydər
Əliyev isə bunu hamıdan yaxşı duyurdu və onun
üzündə mehriban bir təbəssüm yarandı.
Heydər Əliyev böyük siyasətçi idi və
Azərbaycanın gələcəkdə öz
torpaqlarını geri qaytarması və həm
döyüş meydanında, həm də
danışıqlar masasası arxasında öz şərtlərini
diktə etməsi üçün əlindən gələni
əsirgəmədi. İlham Əliyevin böyük lider
olacağını, ölkəni işğaldan azad edəcəyini
və dünyamiqyaslı siyasi xadimə çevriləcəyini
heç kəs ağlına gətirmədiyi bir vaxtda belə,
onun öz oğlu İlhama inanması çox vacib məqam
idi. Heydər Əliyev bunları oğlunda görürdü və
İlham Əliyevdə bunun üçün zəruri olan
bütün keyfiyyətləri inkişaf etdirmək
üçün əlindən gələni edirdi. Hərçənd
böyük Heydər Əliyevin və unikal qadın olan Zərifə
Əliyevanın genetikası dünyaya layiqli
ardıcılı - parlaq şəxsiyyət olan İlham
Əliyevi bəxş etməyə bilməzdi. Heydər
Əliyevin oğluna inamı təkcə ata məhəbbətinə
deyil, həm də onun öz təcrübəsinə əsaslanırdı,
o gözəl başa düşürdü ki, yanlış
seçim təkcə ölkə üçün deyil, tarixdə
Heydər Əliyevin şəxsiyyəti üçün də
taleyüklü fəsadlara səbəb ola bilər. Heydər
Əliyev qəti əmin idi ki, İlham Əliyev
atasının siyasi xəttini məharətlə davam etdirə
və ölkəni böyük nailiyyətlərə
doğru apara biləcək, Azərbaycan üçün
azadlıq simvoluna çevriləcək. Belə təntənəli
cümlələr üçün üzr istəyirəm,
amma bu, həqiqətdir.
E.A. -Fərhad, bəlkə, Heydər Əliyevlə
şəxsi ünsiyyətinizdən hansısa epizodları
xatırlayasınız? Siz 90-cı illərin əvvəllərində
onu Naxçıvanda görmüşdünüz?
F.X. -Naxçıvanda, Muxtar Respublika ilə Türkiyə
arasında körpü açılırdı. Heydər
Əliyev açılış mərasiminə Rüstəm
İbrahimbəyovu, Anarı və məni dəvət
etmişdi. Biz təyyarə ilə ora uçduq və onun
kabinetinə getdik. O zaman mən Heydər Əliyevin Bakıya
yorğun, arıqlamış halda
qayıtdığını xatırladım, onu
yaşamağa qoymurdular. İndi bunu deyə bilərəm, nə
yaxşı ki, ona Bakıda qalmağa imkan vermədilər.
Çünki elə gərgin şərait onun səhhətini
pisləşdirə bilərdi, Naxçıvan isə həmin
dövrdə bundan xilas olmaq üçün ən
yaxşı yol oldu. Mən onu kabinetində, masa arxasında
görəndə "metamorfoz" sözünün mənasını
daha yaxşı anladım. Bizim qarşımızda 70-ci illərin
Heydər Əliyevi idi. O, öz sağlamlığını
tamamilə bərpa edə bilmişdi.
Körpünün açılışından sonra
hamı - Süleyman Dəmirəl, Tansu Çillər,
Bakıdan və Türkiyədən olan nümayəndə
heyətləri səbrlə Heydər Əliyevin gəlişini
gözləyirdilər. Sonradan "kiçik sirri" öyrəndik
ki, Heydər Əliyev... həmin vaxt duş qəbul
edirmiş. Heydər Əliyevin bütün qeyri-adi
xarizması və cazibəsi də elə bunda idi. Mən
ümumiyyətlə hesab edirəm ki, dövlət xadimi kimi
Heydər Əliyev öz siyasi transformasiyasının
bütün mərhələlərini yaşayıb. Və
yaxşı ki, müstəqil Azərbaycanı görmək,
ona rəhbərlik etmək Heydər Əliyevə qismət
oldu. Bax bu zaman o, öz potensialını bütünlükdə
açıb göstərə bildi və dünya şöhrətli
liderə çevrildi.
Xatırlayıram ki, bir vaxt Moskvada dostlarımla
görüşürdüm, Heydər Əliyev artıq orada
işləyirdi. Görüşdüyüm dostlarımın
arasında SSRİ-nin məşhur onkoloqlarından biri Yevgeni
Matyagin və başqa üç-dörd həkim də
vardı. Heydər Əliyev məhz o gün həkimlərlə
görüş keçirirdi və həmin bu Jenya - məmurluqdan
uzaq, tamamilə azad olan bu adam dedi: "Sizin keçmiş rəhbəriniz
bütün bunları haradan bilir?" O, Heydər Əliyevin
danışdığı mövzunun bütün
detallarından və incəliklərindən xəbərdar
olmasına açıq-aşkar və səmimi şəkildə
heyran qalmışdı.
Heydər Əliyev Moskvada təkcə
ziyalıların deyil, sadə adamların arasında da
böyük populyarlıq qazanmışdı. Təyyarə
ilə paytaxta uçursan, taksiyəyə oturursan,
sürücü bilir ki, Azzərbaycandansan və dərhal
söhbəti onun üzərinə yönəldir: "Bax
Sizin rəhbər, nəhayət, buranı da qaydaya
salacaq". Hamı belə deyirdi... Allaha şükürlər
olsun ki, o, Azərbaycana qayıtdı.
E.A. - Sonda mən bütün müsahiblərimdən
Heydər Əliyevi gözlənilməz rakursdan səciyyələndirəcək
bir epizod danışmalarını istəyirəm. Siz belə
bir hadisə xatırlayırsınız?
F.X. - Bir dəfə mən çox məşhur bir
moskvalı fotoqrafı Heydər Əliyevin yanına gətirdim
və fotoqraf onun şəkillərini çəkdi. Həmin
adam Prezidentlə hədsiz sərbəst davranırdı. Hətta
mən ona irad da tutmalı oldum. Heydər Əliyev isə məni
saxladı: "İşin yoxdur". Və əlavə etdi:
"Qonşu otaqda, stolun üstündə yaxşı konyak
var, sonra ver ona, içsin". Yəni Prezident yaradıcı
adamların şıltaqlıqlarını anlayırdı və
özü də onlarla daha sərbəst davranırdı. Bu
hadisə şəhər iqamətgahında baş
vermişdi.
Heydər Əliyev həm polad kimi möhkəm, həm
də həyatsevər idi, o, özündə ən müxtəlif
keyfiyyətləri birləşdirirdi. Həmin axşam
Müslümün ad günündə musiqi səslənirdi,
Qasımova bacıları oxuyurdular. Və Heydər Əliyev qəfildən
mənə dedi: "Muğamatın vaxtı çatıb,
dur get, oxu". Mən oxudum və Heydər Əliyev Polad
Bülbüloğluna dedi: "Görürsən, bu, sənin
operan üçün hazır solistdir". Həmin vaxt isə
solist adını Toğrul Nərimanbəyov qazanmağa
çalışırdı. Mən də Heydər Əliyevə
eyni şəkildə cavab verdim: "Cənab Prezident, mən
teatra keçmək istəmirəm, amma siz desəniz, əlbəttə,
ora da gedərəm". Toğrul üçün opera solisti
statusu Parisdə yaşamaq və özünü təsdiq etmək
üçün lazım idi. Axırda ona bizim operanın
solisti adını verdilər, Heydər Əliyev şəxsən
bu məsələnin qayğısına qaldı. Mən bu
söhbətlərin içində idim...
Bilirsən, onu gəncik illərimdən
tanıyıram - iqamətgahda da, televiziya ekranında da,
qeyri-rəsmi şəraitdə də görmüşəm,
amma o zaman mən fikrən də, ruhən də rəsmiyyətdən
uzaq idim. Mən dağların, dənizlərin, küləyin,
yağışın arasında dolaşırdım... Bu səbəbdən
də, siyasi məqamlara nüfuz edə və Heydər
Əliyev şəxsiyyətinin böyüklüyünü
obyektiv qiymətləndirə bilmirdim. Hətta atam bir dəfə
məndən "sən partiyaya üzv olmağa
hazırlaşırsan?" soruşanda da ona belə cavab
vermişdim: "Mənim sizin alver təfəkkürlü
partiya üzvləri ilə mübarizə aparmağa vaxtım
yoxdur, mənim bütün zamanım incəsənətə
məxsusdur". Atam sistemə, doğrudan da, inanırdı,
bütün həyatı ilə ona bağlıydı, amma mənim
o quruluşa münasibətim Heydər Əliyevin şəxsiyyətinin
mahiyyətini sonadək başa düşməyimə mane
olurdu. Bu səbəbdən də, Heydər Əliyevi mən
Qayıdışından sonra kəşf etdim, yalnız bu
zaman onun şəxsiyyətinin bütün dərinliyini və
bənzərsizliyini anlaya bildim. Bu, özünün
bütün təzahürlərində tamamilə təkrarolunmaz
və unikal şəxsiyyət idi. Ən əsası, mən
sənətindən və fəaliyyət sahəsindən
asılı olmayaraq, hər kəsin ruhunun və fikrinin istənilən
şəkildə ifadəsinə həssaslıqla yanaşan
böyük bir insanı gördüm.
E.A. - Əziz Fərhad, Heydər Əliyev barədə
çox səmimi və xoş xatirələriniz
üçün çox sağ olun.
Tərcümə Rəbiqə
Nazmqızınındır
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.10-11;13.