"Çernobıldan qayıdandan sonra normal həyata
adaptasiya ola bilmirdim"
Çernobıl faciəsindən 39 il ötür.
1986-cı ilin bu günü Ukrayna Sovet Sosialist
Respublikasının paytaxtı Kiyev şəhərinin
yaxınlığında yerləşən Çernobıl
Atom Elektrik Stansiyasında qəza baş verib.
Çernobıl AES-də qəzanın nəticələrinin
aradan qaldırılması əməliyyatlarına
ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara
görə, onların 15 mindən çoxu bir neçə
ildən sonra şüalanma nəticəsində
dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara
görə isə bu rəqəm 95-100 min arasındadır.
Xilasetmə işlərində iştirak edən digər
insanlar ağır şüalanmaya məruz qalıblar. AES-in
partlamış bloklarının təhlükəsizliyini təmin
etmək üçün keçirilən əməliyyatlarda
15 mindən çox azərbaycanlı da iştirak ediblər.
Müsahibimiz II qrup Çernobıl əlili Namiq Məmmədovdur.
- Ömrün Çernobıl səhifəsi...
- O vaxt 18 yaşım vardı. 1986-cı ilin iyun
ayında Lvov şəhərində hərbi xidmətə
başladım. Lvovla Çernobılın arası təxminən
2400 kilometrdir. Beş ay sonra bizim hərbi hissəni ora ezam
etdilər.
Yadımdadır, Çernobıla girməmişdən
qabaq şəhərin yaxınlığında yerləşən
bir rayonda məşskunlaşdıq. Orada bir polkovnik iyirmiyə
yaxın gənci cərgəyə düzdü. Sonra şəxsən
məndən yaşımı soruşdu. 18 yaşımın
olduğunu deyəndə, təəccüb içərisində
fikrə getdi və belə bir cümlə işlətdi:
"Sizə çox yazığım gəlir". Bu söz
ölənə kimi yadımdan çıxmayacaq. Sonda da əlavə
etdi ki, uşaqlar, çox xahiş edirəm,
özünüzü qoruyun.
- Polkovnikin sözlərinin mahiyyətini tam olaraq nə
vaxt anladınız?
- Düzü, əvvəlcə nə baş verdiyini dərk
etmirdik, əksinə, sevinirdik ki, tapşırıq yerinə
yetiririk. Yalnız xarabalıqları görəndə faciənin
miqyasını başa düşdük. Bir müddətdən
sonra bizim qrupdan doqquz nəfərin halı pisləşdi və
onları hospitala yerləşdirdilər. İkisi oradaca rəhmətə
getdi. Hadisənin təsirindən günlərlə
özümüzə gələ bilmirdik. Faciə ilə
üzbəüz qalmışdıq.
- Sovet əsgərini bu faciənin zərbələrindən
necə qoruyurdu bəs?
- Siz nə danışırsınız, nə qorumaq?
Təsəvvür edin, əsgər olaraq bizə heç
qoruyucu vasitə də vermirdilər. Özümüz maska
düzəldib taxırdıq. Çernobıla hansı geyimdə
getmişdiksə, həmin geyimdə də Lvov şəhərinə
qaytardılar. O paltarlar istifadəyə yararsız hala
düşənə kimi bizdə qaldı.
Bizim rayonda Qurban adlı Çernobıl əlili
vardı, 52 yaşında rəhmətə getdi. Uzun müddət
yataq xəstəsi oldu, çox əziyyətlər çəkdi.
Qurban danışırdı ki, partlayış baş verən
zavodda bizə əleyhqazı geyindirib, əlimizə sxemlər
verirdilər. Məsələn, 20 metr dayanmadan sola
qaçırsan, 15 metr sağa. Təyinat nöqtəsindən
bağlamaları götürüb qaça-qaça geri
qayıdırsan. Gətirdiklərini çuxura atıb
keçirsən bu tərəfə. Qurbanın sözlərinə
görə, əynində əleyhqaz olsa belə, bədən
o qədər şüa alır ki, qayıdanda radiasiyanı
ölçən vaxt qırmızı işıq
yanırdı. Bu tapşırıqların icrasına isə əsasən
ömürlük həbsə məhkum olanları göndərirmişlər.
Mən bunu genosid adlandırıram. Bizim təşkilatın
üzvlərindən 39-40 yaşında dünyasını dəyişənləri
görəndə "Çernobıl qara ləkə - təmiz
vicdan" adlı bir məqalə yazmışdım. Həqiqətən
də, onlar sağlamlığı yerində olan, normal
adamları aparıb orada ləkələdilər. Bizi
ömürlük ağrılı-acılı həyata məhkum
etdilər. Ağrılara dözməyib nə qədər
intihar edənlər olub.
- Çernobılı necə təsvir edərdiniz?
- Bir səhnə hələ də gözümün
önündən getmir. Çernobılda böyük həcmli
bir boru vardı, içərisi kül idi. Pişiyin oraya
girdiyini gördük. İki-üç saat borunun içərisində
qalandan sonra digər tərəfdən çıxanda
pişiyin bədənində tük yox idi. Borunun içərisində
şüanın dərəcəsini təsəvvür edin.
Bizim bəxtimiz onda gətirdi ki, 86-cı ilin
qışında temperatur bir ay boyunca -35 dərəcədən
aşağı düşmədi. Bir tərəfdən soyuq
bizə zülm etsə də, radiasiyanın yerdə olan
çirkablı hissəsini dondurmuşdu. Ancaq yenə də
radiasiyanı ölçəndə yüksək rəqəmlər
görürdük.
Biz sərhədin girişini qoruyurduq. Yerli əhali yox
idi. 30 km ölü zona və onun ətrafındakı kəndlər
tamamilə boşaldılmışdı. Həmin ərazidəki
boş evlərin sahibləri təkcə üst geyimini
götürüb çıxmışdı. Ərzaqlar isə
qalmışdı. Bədbəxtlikdən bizi bu məsələlərdə
maarifləndirən olmamışdı. Məsələn,
boş evlərə girəndə mürəbbə
görürdüksə, bankaları açıb yeyirdik. Nə
qədər ziyanlı ola biləcəyi ağlımıza belə
gəlmirdi. Halbuki radiasiya elə bir şeydir ki, havanı
udandan sonra beş saat müddətində qana sovrulur. Ona
görə də, Çernobıl ərazisində dörd ay
olan da, üç gün olan da eyni statusa malikdir. Tutaq ki, hər
ikisi I qrup əlil hesab olunaraq eyni məbləğdə pensiya
alırlar, eyni dərəcədə də
ağrıyırlar.
- Deyirlər, dövlət tərəfindən sizə
verilən evi Çernobıl əlilinə
bağışlamısınız.
- Bəli, çox götür-qoy edəndən sonra o
evi Çernobıl əlilinə bağışladım. Həmin
şəxs qamışdan özünə ev tikmişdi, o da
başlarına uçurdu. Buna çox ehtiyacı vardı.
İnanın, 70 minlik ev məndə zərrə qədər
tamah oyatmadı. Öz gücümə Goranboyda
Çernobıl əlillərinin xatirəsinə abidə də
ucaltmışam.
- Siz həm də Goranboy rayon Çernobıl
Əllilləri Cəmiyyətinin sədrisiniz. Rayonunuzda
neçə Çernobıl əlili var?
- Naftalanı da saysaq, hazırda 57 nəfər
sağdır. Ölkə üzrə ümumi sayımız isə
4000-dən də aşağıdır. Sayımız isə
sürətlə azalmağa davam edir. Birgə əsgəri
xidmətdə olduğumuz şəxslərdən 21 nəfəri
bizim rayonda yaşayır. Onların 11-nin övladı tələf
olub. Hətta birinin üç uşağı ölüb.
İki-üç nəsil lazımdır ki, bu, qandan təmizlənsin.
Çernobıldan sonra bir övladımı itirmişəm. Digər
iki övladımın da sağlamlığında müəyyən
problemlər var. İllər sonra ruhi xəstəliyə
düçar olan, hətta bütün bədən əzalarında
çürümə gedən Çernobıl əlilləri
tanıyıram.
Bu yaxınlarda 40 yaşında bir Çernobıl əlilimiz
vəfat etdi. Əvvəlcə onun nitqi tutuldu, sonra
qulağı batdı, sonra isə gözləri kor oldu.
Hazırda onun şikəst uşağı yaşayır. Təəssüf
ki, bu gün Çernobıl
iştirakçılarının övladlarına əlillik
dərəcəsi alarkən, problemin ata ilə
bağlılığını əlaqələndirilməkdə
müəyyən çətinliklər yaşayırıq.
- Bu gün sizə göstərilən diqqət və
qayğıdan razısınızmı?
- Dərman preparatlarının ayrılmasına,
pensiyaların məbləğinin artmasına ehtiyac var. Şəxsən
mənim pensiyam iynə-dərmana gedir. Ümumilikdə isə
bizə göstərilən dövlət
qayğısını daim hiss edirik. Azərbaycan
Çernobıl Əlilləri İttifaqı İctimai
Birliyinin sədri Mirhəsən Həsənov problemlərimizin
həlli istiqamətində daim əlindən gələni
edir.
Bu gün bizim şəhid ailələrimiz, qazilərimiz
var. Biz də tərəfdarıyıq ki, əsas diqqət
onlara yönləndirilsin. Allah şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə cansağlığı versin.
- Birinci Qarabağ müharibəsində iştirak edən,
şəhid olan Çernobıl əlillərimiz var.
- Bəli. O vaxt bu kateqoriyadan olan insanları müharibəyə
aparmağa qanun icazə vermirdi. Ancaq onların içərisində
könüllü şəkildə müharibəyə
yollananlar var. Elə adam var ki, həm Çernobılda olub, həm
Əfqanıstanda, həm də Birinci Qarabağ müharibəsində.
Goranboy rayonundan olan iki nəfər Çernobıl əlili
- Tofiq Əkbər və Xəqani Nağıyev
könüllü olaraq müharibədə iştirak edib
döyüşlərdə qəhrəmancasına şəhid
olublar.
- Üstündən illər keçməsinə
baxmayaraq, Çernobılın yaraları hələ də
sizinlədir. Necə gəlirsiniz öhdəsindən?
- Çernobıldan qayıdandan sonra normal həyata
heç cür adaptasiya ola bilmirdim. Bütün bədən
orqanlarım məni incidirdi. Həmin dövrlərdə Mərdəkan
qəsəbəsində yerləşən əlillər
üçün xəstəxanada iki
ay on gün qaldım. Sanki həyatdan təcrid
olunmuşdum. Həkimlər diaqnoz tapıb qoya bilmirdilər.
Bir gün Baş həkimin otağına girib dedim ki, cəmi
26 yaşım var, ətrafımda hamı deyib gülür,
ancaq mən can verirəm. Evdən özümə bal, iki
çolpa, nə qədər ərzaq gətirmişəm.
Ancaq birinə də əlimi vura bilmirəm.
Baş həkim halımı görəndən sonra
öz sürücüsünü mənim üçün
ayırdı. Bir həftə boyunca məni Mərdəkandan
Bakıya diaqnoz üçün müxtəlif institutlara gətirdilər.
Heç nə çıxmadı. Sonda məlum oldu ki,
hamısı şüanın təsirindədir.
Dişlərim tökülüb, 28 yaşımdan
gözlərim yaxşı görmür. Həmişə mənə
elə gəlir ki, ətimi sümüyümdən
ayırırlar. Ən çox ağrı isə baş və
kürəkdə olur. Kürəyimdə sanki bir yara
daşıyıram. Hələ də gündə ən
azı iki-üç ağrıkəsici içirəm. Hərdən
düşünürəm ki, nə yaxşı mədəm
deşilmir. Məni saxlayan göydə Allah, yerdə də ailəm,
36 illik ömür-gün yoldaşımdır.
- Çernobılda iştirakınız həyat
yoldaşınızı qorxutmadı?
- Həyat yoldaşım qohumumdur. Bütün nəsil-kök
Çernobıla görə deyirdi ki, o oğlana getmə. Ailəsi
onu mənə vermirdi.
- Bəs neynədiniz?
- Qaçırtdım.
Aytac SAHƏ
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.9.