Bakı-Pekin strateji tərəfdaşlığı
yeni dünya nizamında
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq
Respublikasına bu həftə həyata keçirilən
dövlət səfəri təkcə iki ölkədə
deyil, bütün dünyada diqqətlə izlənilən və
böyük maraq doğuran hadisəyə çevrildi.
Dünyanın əsas qlobal güclərindən olan Çinin
Azərbaycanla əməkdaşlığın
inkişafına verdiyi önəm ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun, rolunun artması, malik olduğu
potensialla yanaşı, həm də etibarlı tərəfdaş
statusu qazanması ilə bağlıdır. Bu amil
qarşılıqlı münasibətlərdə
mühüm rol oynayır. Azərbaycan dünyada az sayda
ölkələrdən biridir ki, etibarlı, güvənli tərəfdaş
olaraq qəbul edilir.
Dövlət başçısının bundan əvvəl
də Çinə rəsmi, işgüzar və dövlət
səfərləri olub. Amma bu səfər tarixi olmaqla,
münasibətlərimizdə vacib yer tutur. Səfər
zamanı tərəflər arasında imzalanmış "Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli
strateji tərəfdaşlıq əlaqələrinin
qurulması haqqında Birgə Bəyanat" çox
geniş spektri əhatə edir. Burada siyasi dialoqdan tutmuş
iqtisadi əməkdaşlığın dərinləşdirilməsi,
nəqliyyat və logistika dəhlizlərinin dəstəklənməsi,
dünya nizamına ümumi yanaşma və digər
mühüm məqamlar yer alıb. Hərtərəfli strateji
tərəfdaşlıq münasibətlərinin qurulması
dövlətlərarası münasibətlərdə yeni səhifə
açmış oldu.
Çin Dövlət Şurasının Baş naziri
Li Qianq Azərbaycan Prezidenti İlham Əliyev ilə
görüşdə söylədiyi kimi, 33 il əvvəl
diplomatik münasibətlər qurulandan bəri Çin və
Azərbaycan bir-birinə həmişə
qarşılıqlı hörmət və bərabər rəftar
nümayiş etdirib, dərin dostluq və etimadı möhkəmləndirib,
onların əməli əməkdaşlığı daim dərinləşir
və hər iki ölkənin xalqlarına nəzərəçarpacaq
faydalar gətirir. Çin Azərbaycanla ənənəvi
dostluğu daha da inkişaf etdirmək, strateji
qarşılıqlı etimadı möhkəmləndirmək,
qarşılıqlı fundamental maraqların qorunmasında
bir-birini qətiyyətlə dəstəkləmək, ikitərəfli
qarşılıqlı faydalı əməkdaşlığı
daha yüksək səviyyəyə çatdırmaq,
miqyasını artırmaq və əhatə dairəsini
genişləndirmək niyyətindədir. Onun sözlərinə
görə, Çin "Bir Kəmər və Yol" Təşəbbüsünün
Azərbaycanın inkişaf strategiyaları ilə
uzlaşdırılmasını gücləndirməyə,
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
tikintisini birgə təşviq etməyə, Çin və
Avropa arasında transxəzər ekspress daşımaları
üçün birgə təhlükəsiz və sabit
birbaşa marşrut yaratmağa hazırdır.
Çin hökumətinin başçısı, həmçinin
Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal
texnologiyalar və rəqəmsal iqtisadiyyat kimi inkişaf etməkdə
olan sektorlarda əməkdaşlığı dərinləşdirməyə,
ticarətin ardıcıl optimallaşdırılmasına və
inkişafına kömək etməyə, yeni
qarşılıqlı faydalı imkanlar yaratmağa hazır
olduğunu bildirib.
Azərbaycan Prezidenti öz növbəsində Azərbaycanın
vahid Çin prinsipinə qətiyyətlə sadiq
qaldığını, "Tayvanın müstəqilliyi"nə
qəti şəkildə qarşı
çıxdığını və pislədiyini, bir-birinin
fundamental maraqlarına və mühüm qayğılarına
aid məsələlərdə bundan sonra da
qarşılıqlı dəstəyə ümid etdiyini
vurğulayıb.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru
Sergey Markov öz şərhində Azərbaycan liderinin səfərini
yüksək qiymətləndirib. Onun sözlərinə
görə, Azərbaycan üçün belə bir səfər
son dərəcə vacibdir, çünki bu, ölkənin
beynəlxalq mövqelərini möhkəmləndirir və
inkişafına daha böyük təkan verir: "Bu gün
dünyanın gözü Çindədir. Qərbdə onu əsas
təhlükələrdən biri hesab edirlər. Pekinlə
münasibətlərin möhkəmləndirilməsi Rusiya
üçün son dərəcə vacibdir. Çinin Azərbaycana
maraq nümayiş etdirməsi isə Azərbaycanın
dünyada artan rolundan xəbər verir. Təbii ki, strateji tərəfdaşlığa
dair hərtərəfli bəyanatın qəbulu İlham
Əliyevin Çinə səfərinin əsas nəticəsidir.
Sənəd iki ölkə arasında əməkdaşlığın
geniş sahələrini əhatə edir: ticari-iqtisadi və nəqliyyat
sahələrində, energetika, təhlükəsizlik, ərazi
bütövlüyünün qarşılıqlı
tanınmasını təsbit edir, daha ədalətli dünya
nizamı və beynəlxalq prinsiplərə əməl
olunması uğrunda birgə mübarizəyə hazır
olduğunu, müasir geosiyasi reallıqlar kontekstində son dərəcə
vacib olan ümumi sivilizasiya yanaşmalarına sadiqliyi
vurğulayır".
Politoloq hesab edir ki, praktiki nöqteyi-nəzərdən
Azərbaycanın daha böyük ölçüdə nəhəng
Çin bazarına açılmaq imkanı var ki, bu da son nəticədə
müxtəlif sənaye sahələrinin
açılmasını, o cümlədən ticarət
dövriyyəsinin əhəmiyyətli dərəcədə
artırılmasını nəzərdə tutur. Bundan əlavə,
Çinlə qarşılıqlı fəaliyyət Azərbaycana
böyük investisiya qoyuluşudur.
Azərbaycan Çin üçün maraqlı tərəfdaşa
çevrilir. Bu, bir neçə səbəbə görə
Çin üçün maraqlıdır. Birincisi, Çin
ABŞ-ın tarif müharibələrinə qarşı
koalisiya qurmağa çalışır. İkincisi, Çin
Avropa ilə strateji müttəfiqlik yaratmağa
çalışır. Və burada Azərbaycan Aİ-nin
enerji siyasətində liderlərdən biri kimi öz töhfəsini
verə bilər. Üçüncüsü, Azərbaycan
Çinin çoxqütblü dünya konsepsiyasını dəstəkləyir.
Burada Azərbaycan Aİ-nin enerji siyasətində liderlərdən
biri kimi öz töhfəsini verə bilər. Bu o deməkdir
ki, Azərbaycan Çinin müxtəlif xalqların öz
inkişaflarını sürətləndirmək
üçün müxtəlif siyasi sistemlərdən istifadə
etmələri, avropalılara və amerikalılara demokratiya
anlayışı ilə bağlı imtahan verməli
olmadıqlarına dair siyasətini dəstəkləyir. Nəhayət,
İlham Əliyevin əvvəllər Çinə dövlət
səfərində olmasına baxmayaraq, bu gün Bakı ilə
Pekin arasında münasibətlər intensivləşib.
Bakı üçün bu, beynəlxalq arenada irəliyə
doğru böyük sıçrayışı
simvollaşdırır".
S.Markov vurğulayıb ki, çoxqütblü
dünya quruculuğu və beynəlxalq təhlükəsizliyin
təmin edilməsi istiqamətində Azərbaycan ilə
Çin arasında qarşılıqlı fəaliyyət Azərbaycan
Respublikasının beynəlxalq aləmdə mövqelərinin
yüksəldilməsi baxımından böyük əhəmiyyət
kəsb edir. Onun sözlərinə görə, Moskvada
Bakı ilə Pekin arasında belə təmaslar çox
müsbət qarşılanır.
Milli Məclisin deputatı Elman Nəsirov isə deyib
ki, Azərbaycan- Çin münasibətləri hazırda
özünün ən yüksək səviyyəsindədir.
Keçən il Şanxay Əməkdaşlıq Təşkilatının
Astana sammitində imzalanan strateji tərəfdaşlıq
haqqında birgə bəyannamə, Prezidentin Çinə
dövlət səfəri zamanı imzalanan "Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli
strateji tərəfdaşlıq əlaqələrinin
qurulması haqqında Birgə Bəyanat"ın
imzalanması münasibətlərimizi yüksək səviyyəyə
gətirib çıxardır.
Onun sözlərinə görə, bu gün ikitərəfli
və çoxtərəfli münasibətlərimizi
inkişafı üçün unikal imkanlar var. Dövlət
başçıları və xalqlarımız dostdurlar:
"Çünki 2500 il bundan əvvəl hələ Qədim
İpək Yolu ilə xalqlarımız arasında əlaqələr
olub. Eyni zamanda, dövlətlərimiz də dost dövlətlərdir.
Bax bu reallıqlar indiki yüksək Bakı-Pekin münasibətlərinin
formalaşmasına gətirib çıxarıb. Siyasi,
iqtisadi, humanitar, media, təhsil, mədəniyyət, nəqliyyat
və digər sahələrdə əlaqələrimiz
inkişaf dinamikasına malikdir. Siyasi dialoq yüksək səviyyədədir.
2014-cü ildə cənab Prezidentin Çinə
işgüzar səfəri oldu, 2015-ci ildə dövlət səfəri
baş tutdu, 2019-cu ildə növbəti işgüzar səfəri
və indi yenidən dövlət səfəri, həm də cənab
Prezident Çin lideri Si Cinpini Azərbaycana münasib vaxtda
dövlət səfərinə dəvət etdi. Bizim siyasi
münasibətlərimizi şərtləndirən ən
mühüm amillərdən biri odur ki, Azərbaycan Çin
üçün strateji əhəmiyyətli məsələlərdə
onun yanındadır. Çin dövlətinin əsas
yanaşması budur ki, qarşımızdakı tərəfdaş
dövlət vahid Çin ideyasını qəbul edir, yoxsa qəbul
etmir. Qəbul edirsənsə, bizim üçün dostsan, tərəfdaşsan
- əks halda, münasibətlərin taleyi fərqli istiqamətdə
formalaşır. Azərbaycan vahidçilik ideyasını
müdafiə edən ölkə olaraq hər zaman beynəlxalq
tərəfdaşlıqda ədalət və
qarşılıqlı hörmət prinsiplərinə önəm
verir. Bu baxımdan Çin ilə münasibətlərimiz
xüsusilə diqqətəlayiqdir".
Deputat əlavə edib ki, Çin Xalq Respublikası Azərbaycanın
ərazi bütövlüyü və suverenliyini
ardıcıl şəkildə dəstəkləyən
ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan-Çin
iqtisadi əlaqələri də sürətlə inkişaf
edir: "Çin artıq Azərbaycanın
dördüncü ən böyük ticarət tərəfdaşıdır.
Bu siyahıda birinci yerdə İtaliya, ardınca isə
Türkiyə, Rusiya və Çin qərarlaşıb.
Çinlə əməkdaşlığın daha da
inkişaf etdirilməsi üçün geniş potensial
mövcuddur. Hazırda Azərbaycanın ümumi ticarət
dövriyyəsində Çinin payı 7,9 %-dir. İdxal
göstəricilərinə baxdıqda isə Çin birinci
yerdədir və bu sahədə payı 17,7 %-ə
çatıb. Yükdaşımalar və nəqliyyat sahəsi
qarşılıqlı münasibətlərdə
mühüm yer tutur. Orta Dəhliz layihəsi hər iki ölkə
üçün strateji əhəmiyyət daşıyır.
Çin malları Mərkəzi Asiyadan Qazaxıstan üzərindən
Xəzər dənizinə, oradan isə Bakıya, daha sonra
Gürcüstana, Türkiyəyə və oradan Qara dəniz
vasitəsilə Avropaya çatdırılır. Bu nəqliyyat
marşrutu nəticəsində 10 min kilometrlik məsafə 7
min kilometrə qədər qısaldılır və
yükdaşımalar cəmi 12 günə reallaşır.
Artıq 378 min ton yük bu dəhliz vasitəsilə
daşınıb və bu göstərici getdikcə artır.
Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir.
Azərbaycanda iki Konfutsi institutu fəaliyyət göstərir
və burada Çin dili tədris olunur. Azərbaycanlı gənclərin
Çin dilinə və mədəniyyətinə
marağı artır və bu da iki ölkə arasında mədəni
körpü rolunu oynayır. Azərbaycanın bir sıra
ölkələrdə ticarət nümayəndəlikləri
mövcuddur və bunlar arasında Çin xüsusi yer tutur.
Çin bazarında artıq Azərbaycanın
xalçaları, qida məhsulları və digər məhsulları
öz yerini tapıb. Bu da milli brendlərimizin
tanıdılmasına mühüm töhfə verir. Ən
önəmlisi isə odur ki, Azərbaycan-Çin dostluğu və
strateji tərəfdaşlığı heç bir
üçüncü tərəfi hədəf almır. Hər
iki dövlət Qlobal Cənubun ayrılmaz hissəsidir və
beynəlxalq əməkdaşlıqda tarazlı, konstruktiv
mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin
Çinə bu günlərdə etdiyi səfər çərçivəsində
bir sıra mühüm sənədlər imzalanıb.
Xüsusilə "Azərbaycan və Çin arasında hərtərəfli
strateji tərəfdaşlığın qurulması
haqqında birgə bəyanat" ikitərəfli və
çoxtərəfli münasibətlərimizin yol xəritəsi
hesab edilə bilər. Bu səfər iki ölkə
arasındakı münasibətləri yeni mərhələyə
yüksəldəcək".
Pərvanə
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.5.