Məhəmməd
Əmin Rəsulzadənin imzaları
(Əvvəli ötən sayımızda)
Məlum səbəblərə görə sovet
dövrü tədqiqatlarında M.Ə.Rəsulzadənin əsərləri,
imzaları haqqında bəhs edilməyib. Bu problem müstəqillik
illərində də ayrıca tədqiqat predmeti olmayıb.
Ayrı-ayrı müəlliflər müxtəlif məsələlərdən
bəhs edərkən ara-sıra M.Ə.Rəsulzadə
imzalarına, bəzi hallarda müəyyən
yanlışlıqlara yol verilsə də, bu və digər
şəkildə toxunmuşlar.
M.Ə.Rəsulzadənin ədəbi, mətbu
imzaları haqqında tam təəssürat yaratmaq
üçün sənətkarın keçdiyi mürəkkəb
yaradıcılıq yolunu mərhələlər üzrə
izləmək məqsədəuyğundur. Yeri gəlmişkən
qeyd edək ki, ikinci mühacirət dövrünədək
olan yaradıcılığında M.Ə.Rəsulzadənin
istifadə etdiyi imzaların araşdırılması, müəyyənləşdirilməsi
rəsulzadəşünaşlığın
qarşısında duran ciddi vəzifələrdəndir.
Doğrudur, bir çox tədqiqat əsərində, daha
çox isə M.Ə.Rəsulzadə irsinin müqtədir tədqiqatçısı
və alovlu təbliğatçısı Şirməmməd
Hüseynovun və ədibin həyat və
yaradıcılığının fədakar
araşdırmaçısı Nəsiman Yaqublunun elmi-tədqiqat
işlərində mühərririn "Şərqi-Rus",
"Hümmət", "Dəvət-Qoç", "Dəvət",
"İrşad", "Təkamül", "Tərəqqi",
"İqbal", "Yeni iqbal", "Açıq
söz", "İstiqlal" qəzetlərində "Məhəmməd
Əmin Rəsulzadə", "M.Ə.Rəsulzadə",
"Rəsulzadə" "M.Ə.Rzadə",
"M.Ə", "M.Ə.R", "M.Əmin", "Məhəməd
Əmin", "Marzadə", "Mürəttib",
"Ə.H", "M.ƏM", "Niş" və s.
kimi imzalardan istifadə etdiyi vurğulanır. Lakin ədibin
imzaları ilə bağlı əsaslandırılmış
fikirlərlə yanaşı, xeyli mübahisəli, ziddiyyətli
məqamlar da var. Bir misal gətirməklə kifayətlənəcəyik.
M.Ə.Rəsulzadənin professor N.Yaqublu bir çox əsərində,
o cümlədən "Məhəmməd Əmin Rəsulzadə
ensiklopediası"nda (Bakı, - 2013.- 505 s.) ədibin
"İran-e-Nov" qəzetində "Niş" gizli
imzasından istifadə etdiyi fikrindədir. Yeri gəlmişkən
qeyd edək ki, N.Yaqublu adı çəkilən əsərində
M.Ə.Rəsulzadənin istifadə etdiyi "Məhəmməd
Əmin Rəsulzadə", "M.Ə.R-zadə",
"M.Ə.Rəsulzadə", "Məhəmməd
Əmin", "Rəsulzadə", "Marzadə",
"Mürəttib", "M.Ə", "M.Əmin",
"M.Ə.M", "R-zadə", "Niş",
"Sosialist", "Haman", "M.Ə.R" kimi
imzalarının siyahısını vermişdir. Əlbəttə,
bu imzalar Məhəmməd Əmin bəyin istifadə etdiyi
imzaların tam siyahısı deyildir. Berlin Humbolt Universitetinin
ilə Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri
Məktəbinin doktorantı Əlirza Hodaei də N.Yaqublu ilə
eyni fikirdədir: "Demokrat Partiyasının və Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularından biri olan Rəsulzadə
əvvəldən etibarən İran-e-Nov qəzetinin baş
redaktoru idi və qəzetin doktrinası ilə ideoloji xəttini
müəyyən edən məqalələrin əksərini
ya özü yazırdı, ya da onun məsləhəti ilə
yazılırdı. Rəsulzadənin öz yazıları bir
neçə sayda onun təxəllüsü olan Niş
(İynə) adı altında dərc edilirdi". Nəcibə
Bağırzadə "Məhəmməd Əmin Rəsulzadənin
elmi və publisistik yaradıcılığında milli təfəkkür
və dil məsələsi" adlı elmi tədqiqat əsərində
(URL: https: aak.gov.az) isə belə fikir yürüdür:
"Rəsulzadə "Niş" imzası ilə
yazdığı ilk məqaləsində (?) (sual
A.Tahirlinindir) cəmiyyətdə baş verən müxtəlif
ictimai-siyasi hadisələri işıqlandıran kiçik həcmli
yazıları bir başlıq altında toplayaraq öz
oxucusuna çatdırmaq ideyasının elə evdə, qoca nənəsinin
qurama tikdiyini müşahidə etdiyi vaxt
yarandığını qeyd edir". Bu cür bir-birini inkar
edən, dolaşıq fikirləri sayını artırmaq
olar.
Tədqiqat predmetimiz M.Ə.Rəsulzadənin ikinci
mühacirət dövründəki ədəbi və mətbu
imzaları olduğundan mövzuya qayıdır və bu qənaətə
gəlirik ki, ədibin bu dövrdəki əsərləri əsasən
"Məhəmməd Əmin Rəsulzadə", "Məhmed
Əmin Rəsulzadə", "M.Ə.Rəsulzadə","Mim
Əlif Rəsulzadə", "Rəsulzadə", "Rəsulzadə
M.Əmin", "M.Əmin", "M.E" imzası ilə
işıq üzü görsə də, o çar irtica,
İran mürtəce qüvvələrindən
ehtiyatlandığı əvvəlki dövrlərdəki
kimi, bu dəfə - xüsusilə ötən əsrin 20-ci
illərində və 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində
sovet rejiminin, xəfiyyəsinin təqiblərindən
yayınmaq məqsədi ilə yenə gizli imza və təxəllüslərdən
də istifadə etməyə məcbur olmuş və yaxud
yazılarını imzasız dərc etdirmişdi.
"Məmməd", "Məhəmməd",
yoxsa "Məmmədəmin"?
Ən əvvəl ölkə mühacirətşünaslarının
Rəsulzadənin adının "Məmməd", "Məhəmməd",
"Məmmədəmin" kimi yazılması ətrafında
səngiməyən, uzun illər davam edən mübahisələrə,
fərqli yanaşmalara münasibət bildirməyi vacib
sayırıq. Məsələ burasındadır ki, bu gün
də, elmi dövriyyədə və müxtəlif publisistik
məqalələrdə ədibin adı fərqli
yazılır. Sovet hakimiyyətinin süqutu ərəfəsində
Mövsüm Əliyevin "Odlar yurdu" qəzetinin 1988-ci
il sentyabr tarixli nömrəsində dərc olunan "Məmməd
Əmin Rəsulzadə" adlı məqaləsi imperiyanın 70 illik dövründə
ədibə, istiqlal mühacirinə həsr olunmuş ilk
yazı kimi tarixə düşüb. Onun bu yazısı da
daxil olmaqla bir çox əsərlərdə Rəsulzadənin
adı "Məmməd" kimi yazılıb. M.Ə.Rəsulzadənin
adı N.Nəsibzadənin "Azərbaycan parlamenti",
"Azərbaycan hökuməti" adlı məqalələrində
(Ədəbiyyat və incəsənət, 1990, 12 yanvar; 1990, 4 may.), N.Yaqublunun "Məmməd
Əmin Rəsulzadə"(Bakı: Gənclik, 1991, 308 s.) və
Bəxtiyar Nəcəfovun
"Azərbaycan Demokratik Respublikası": daxili və
xarici siyasət" kitablarında (Bakı, Bilik, 1992, 77 s)
"Məmməd", Xalq yazıçısı
Elçinin "Məmmədəmin Rəsulzadə" əsərində,
Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə
(1884-1955)" elmi-tədqiqat işində (Bakı: Şərq-Qərb,
- 1994. - 24 s.) əsərlərinin
adındakı kimi yazılıb. Asif Rüstəmlinin ərəb
qrafikasından transliterasiya edərək, qeydlər və
lüğətlə birlikdə hazırlayaraq çap
etdirdiyi "Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan
Cümhuriyyəti", Şirməmməd Hüseynovun tərtib
etdiyi "Məhəmməd Əmin Rəsulzadə", Vaqif
Sultanlının "Ağır yolun yolçusu. Məhəmməd
Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti"
adlı və bir sıra başqa kitablarda da M.Ə.Rəsulzadənin
adı əsərlərin üzərindəki kimi
yazılıb. Hərdən eyni mətndə Rəsulzadənin
adı həm "Məmməd", həm də "Məhəmməd"
kimi yazılır. Bəzi araşdırmaçılar son
dövr tədqiqatlarında əvvəlki fikirlərindən
imtina edərək "Məhəmməd" yazsalar da, bəziləri
öz fikirlərində israrlıdır və mətbuatda da
bu mövzu ətrafında polemikalar davam etməkdədir.
D.Əhmədin "Məmməd, yoxsa Məhəmməd?",
Qan Turalının "Məhəmmədəmin, Məhəmməd
Əmin, yoxsa Məmməd Əmin?", Nəsiman Yaqublunun
"Məhəmməd Əmin Rəsulzadə, yoxsa Məmməd
Əmin Rəsulzadə?", İradə Sarıyevanın
"Cümhuriyyətimizin banisinin adını hələ
düz yazmağı bacarmırıq - Məmməd, ya Məhəmməd...",
Şahlar Göytürkün "Məhəmməd
Əmin", yoxsa "Məmməd Əmin" və
başqa müəlliflərin məqalələri bu məsələyə
həsr olunsa da, hələlik elmi dövriyyədə Rəsulzadənin
adının necə yazılması ilə bağlı vahid
fikir yoxdur. Rəsulzadəşünasların böyük əksəriyyətinin
və bizim qənaətimizə görə, ədibin adı
"Məhəmməd Əmin" kimi yazılmalıdır.
Bu nəticəyə gəlməyimiz üçün ciddi əsaslar
var:
etimoloji və semantik baxımdan doğru olan "Məhəmməd",
"Muhammed", yaxud "Mohammed" adlarının sovet
dönəmində, 1928-ci ildə keçirilən əlifba
islahatından sonra "Allahsız"ların, ateistlərin
dinə qarşı amansız mübarizəsi dövründə
peyğəmbərimizi unutdurmaq kimi çirkin məqsədi
ilə ərəbcə saitsiz yazılan (ərəb əlifbası
ilə "Mhmd") "Məhəmməd", yaxud
"Mohammad" sözünün "Məmməd" kimi
oxunduğu və ya "Mamed"ə çevrildiyi, inkaredilməz
faktdır;
dövlət başçısının Rəsulzadə
haqqında, o cümlədən ədibin anadan olmasının
130 və 140 illik yubileylərinin keçirilməsi ilə
bağlı imzaladığı rəsmi sənədlərdə
ad, soyad yuxarıda qeyd etdiyimiz kimi yazılır;
Rəsulzadə II mühacirəti dönəmində
gizli, yaxud təxəllüslə yazdığı məqalələr
istisna olmaqla, bütün əsərlərində
adını "Mehmet" kimi qeyd edib. Türkiyə türklərinin
istifadə etdiyi "Mehmet" ismi "Muhammed" isminin
qısaldılmış formasıdır. Ədibin ilk
yaradıcılıq dövründə, həm də ənənəvi
olaraq (məs., Məhəmməd Füzuli, Məhəmməd
Hüseyn Şəhriyar, Məhəmməd Tağı, Məhəmməd
Şahtaxtlı, Məhəmməd Hadi və s.) bu adın
"Məhəmməd" kimi işlənildiyini nəzərə
alaraq, Rəsulzadənin adının həmin şəkildə
yazılması məqsədəuyğundur;
ərəb mənşəli "əmin", yaxud
"emin" sözü dilimizdə həm də, güvənilir,
inanılır, güvənli mənalarını
daşıyır və bu söz ya ayrıca (Əhmədov
Əmin Mütəllib oğlu - Əmin Abid; Emin Sabit oğlu
Mahmudov və s. ), ya da digər bir sözlə birgə
valideynlər tərəfindən körpələrə
verilirdi;
Türkiyədə "Mehmet" adı ilə
yazıb-yaradan mühacirlərin adları və ya soyadları
(Məhəmməd Sadıq Aran, Məhəmməd Altunbay,
Mirzə Bala Məhəmmədzadə) artıq mühacirətşünaslıqda
"Məhəmməd" kimi elmi dövriyyədədir.
Deyilənləri yekunlaşdıraraq bu nəticəyə
gəlirik ki, Rəsulzadənin adı elmi dövriyyədə
yalnız "Məhəmməd Əmin" kimi işlənilməli,
yazılmalıdır.
(Ardı var)
Abid TAHİRLİ
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.15.