Xatirələrdə yaşamaq
haqqı
Ömürdən illər keçir, illər
köçür. Yadda qalanı da olur, unudulanı da...
Zəngilanda yaşadıqlarım da ömürdü,
Zəngilandan uzaqlarda Zəngilansız olmayan illərim də.
Hər dəfə bu illəri düşüncələrinin
işığında ömürləşdirənlərlə
söhbətləşəndə bir gerçəkliyi mən
də sabahlarımın mənəvi yolgöstərəni
bilmişəm: Dürüst yaşa, mərhəmətli ol,
insanları, insanlığı sev, unutma ki, el-obaya sevgin Vətənə
sevgindi. Sən həm də bu sevgi ilə tanınacaqsan, seviləcəksən.
Yeniyetməliyimdə də, gəncliyimdə də belə
yaşayanlarla söhbətləşməyi zamandan
ömrümə qazanc bilmişəm.
Həmsöhbətlərim ünlü zəngilanlılardan
söz düşəndə Ziyad və Atlıxan
qardaşlarından da danışardılar. Həm də
böyük ehtiramlarla deyərdilər ki, əkiz idilər. Təkcə
bioloji baxımdan deyil, həm də xasiyyət
baxımından, təfəkkür baxımından,
düşüncə baxımından, Zəngilana sevgi
baxımından, bir də dünyaduyumu baxımından...
Ziyad İsgəndər oğlu 1911-ci ildə Zəngilan
rayonunun Məlikli kəndində anadan olub. Zəngilan kənd
məktəbində təhsil alıb. Kənd təsərrüfatına
sevgisi olub. Bu sevgi hardan
yaranmışdı? - torpağa sevgidən,
ağsaqqalların torpaqla ömür həmdəmliyi səviyyəsində
ünsiyyətini görürdü,
düşünürdü, duyduqları marağa çevrilirdi.
Özümü qət etmişdi, məsləhətmi
görmüşdülər, 1927-ci ildə Zaqatalada kənd təsərrüfatı
texnikumuna daxil oldu. 1931-ci ildə texnikumu bitirdikdən sonra Zəngilan
rayon torpaq şöbəsində aqronom işləyib. Müəllimlərinin
bir məsləhəti onun da maraq dünyasının
işığına dönübmüş: kamil mütəxəssis
olmaq üçün ali təhsil mütləqdir. Bu məsləhət
onun ömür yolunu istiqamətləndirib; Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunu bitirdikdən sonra 1935-ci
ildə Azərbaycan SSR Torpaq Komissarlığının məsləhəti
ilə Maştağa rayon torpaq şöbəsinin müdiri təyin
olunub.
Yaradıcılıq insanda fitrətən olur. SÖZlə
ünsiyyət, SÖZə sayğı, düşüncələri
SÖZlə ifadə etmə bacarığı hər adama nəsib
olmur. Ziyad İsgəndər oğlu belə bir istedada malik
imiş. Onu 1936-cı ildə Azərbaycan KP Maştağa
rayon komitəsinin qərarı ilə "Abşeron
kolxozçusu" qəzetinin baş redaktoru vəzifəsinə
təyin etdilər. Kənd təsərrüfatı mütəxəssisi
hara, qəzet hara?" - deyən oldumu, olmadımı, bilinmədi,
bilinən bu oldu ki, təyinat özünü doğrultdu, qəzet
oxucularla daha səmimi "kəlmələşməyə"
başlamışdı. Belə təyinatlar o dövrün
kadr hazırlığı mərhələsi imiş.
1938-ci ildə Maştağa MTS-də aqronom işləyən,
1939-1942-ci illərdə Azərbaycan Elmlər Akademiyası
Botanika İnstitutunun aspiranturasında oxuyan Ziyad Məmmədov
1942-ci ildə Zəngilan Rayon Zəhmətkeş Deputatları
Soveti İcraiyyə Komitəsinin sədri təyin edilib. O illərdə
sovet ideologiyası xarici dövlətlərlə həmsərhəd
rayonlarda gerçək inkişafdan daha çox görünən
inkişafa daha çox diqqət yetirirdi və rayon rəhbərliyini
də fəaliyyəti, əsasən, bu istiqamətdə
qurmağı tələb edirdi. İranla sərhəd olan Zəngilanda
da beləydi. Ziyad Məmmədov bu tələblə kifayətlənmirdi,
rayonda sosial inkişafın şəbəkələrinin
gerçək inkişafının cəfakeşiydi. Əksər
hallarda öz təşəbbüsü ilə...
"Əməkdə fərqlənməyə görə",
"Qafqazın müdafiəsinə görə"
medalları ilə təltif olunmuşdu. 1947-ci ildə rayonda
bütün sahələr üzrə, bu sıradan
pambıqçılıqda plan və tapşırıqlar
artıqlaması ilə yerinə yetrilmişdi. Rayonun tarixində
indiyəcən olmayan nailiyyət əldə edilmişdi.
Moskva bunu yüksək dəyərləndirdi. 1948-ci il
martın 10-da SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı
ilə digər 13 nəfərlə birlikdə Zəngilan Rayon
Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri Ziyad Məmmədov da Sosialist Əməyi Qəhrəmanı
adına layiq görüldü. Bu təltif onun gerçək
niyyətinin bir qədər ləngidilməsində vəsilə
oldu. 1953-cü ilə kimi burda işlədi...
Ziyad müəllimlə bağlı xatirələr,
deyilənlər, xatırlananlar həm tarixdir, həm də
bir insana ehtiramdır.
O vaxtların rayon rəhbərliyinin dəbdəbəli
kabinetləri, iş şəraitləri, rahat xidməti və
şəxsi maşınları olmayıb. Rayon rəhbərlərinin
istifadəsində Amerika istehsalı olan minik
maşını, bir də minik atları olarmış. Belə
bir şəraitdə Ziyad Məmmədovun əsl təşkilatçılıq,
rəhbərlik və işgüzarlıq məharəti
özünü göstərdiyi illər sonra da ehtiramla
xatırlanır.
50-ci illərin əvvəlləri haqqında bu
xatırlamalar nə yaxşı yaddaşlardan tarixə, tarixdən
yaddaşlara köçür. Bu da vətəndaşlıq
missiyasıdı. Zəngilandan Mincivan qəsəbəsinə
11 kilometrlik yol çəkilirmiş. Bu yol həm də
dağlıq yerlərdən keçdiyi üçün onu
genişləndirmək çox çətin imiş. Rayon rəhbərliyi
bu yolun dəmir yolunun kənarının keçilməzliyini
aradan qaldırmaqla çəkilməsini qərara alır. Yol
iməciliklə çəkilirmiş. Rayon Zəhmətkeş
Deputatları Soveti İcraiyyə
Komitəsinin sədri Ziyad Məmmədov
işin əsas təşkilatçılarından biri kimi
müntəzəm olaraq bütün iş sahəsi boyu
kollektivlərə baş çəkirmiş, hal-əhval
tuturmuş, işləyənlərə özü də
kömək edərmiş.
Pirçivan kəndinə "Çeşmə
gözü"ndən su çəkilməsi də o illərin
tarixidir. Ziyad müəllim bu tarixin də yaxın
iştirakçısı olub, su çəkilişi Ziyad Məmmədovun
təşkilatçılıq qabliyyətinin
açılmasını aydın şəkildə göstərmişdi.
Yaxşılıq da imandandır,
yaxşılığı yaşatmaq da.
Yaxşılığı unutmamaq insanın daxili zənginliyidir.
Unutmursan, mənən rahat olursan, sənə elə gəlir
ki, ruhun bundan rahatlıq tapır. Min illərdi belə
yaşanılıb, indi də belə yaşanılır.
Ziyad Məmmədov xeyirxah insan olub, heç kimdən köməyini
əsirgəməyib. Qanunsuzluğa yol vermədən
könüllər alıb, indi könüllərdə
yaşayır. Soltan Vəliyev əməkdar həkim olub, 35 il
Zəngilan səhiyyəsinə rəhbərlik edib. Azərbaycan
Tibb İnstitutunu bitirdikdən sonra özü həkim işləmək
istəsə də, Zəngilana səhiyyə şöbəsinin
müdiri göndəriblər. Çəkinə-çəkinə
Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri Ziyad Məmmədovun qəbuluna gedib. Göndərişi
göstərib, ancaq cərrah olmaq istədiyini bildirib. Ziyad
müəllim xeyli fikirləşəndən sonra məktubu
Soltanın özünə qaytarıb, deyib ki, bu məktubu nə
sən mənə göstərmisən, nə mən səni
görmüşəm. Sən əvvəlcə cərrah
işlə, sonra baxarıq. Bu cavab Soltan Vəliyevin taleyini
arzuladığı səmtə yönəldib...
Ali təhsil almışdı. Yüksək vəzifədə
işləyirdi. Ancaq ruhunun yaradıcılıq
işığı onu tədqiqatlara çəkirdi. Elmi məqalələr
oxuyurdu, düşüncələrini oxuduqlarının
fonunda sistemləşdirirdi. Hərdən düşüncələrinə
sarılan işıq oxuduqlarının işığı
ilə qoşalaşırdı. Onda ruhən Bakıya,
böyük laboratoriyalara meyillənirdi...
Bakıya gəldi. Niyyətinin şəhərinə,
arzularını gerçəkləşdirməyə, elmi
düşüncələrinin işığını
ümumiləşdirməyə. Həm də 43
yaşında! Yaş həddi istedadın
açdığı cığırda yel əsdirə bilməz.
Ziyad İsgəndər oğlu niyyətini gerçəkləşdirməyə
zamanın yaş sərhədini aşaraq gedirdi. Bitkilərdə
fotosintez proseslərini öyrənəcəkdi. Ziyad müəllim
biologiya elminin maraqlı və faydalı sahəsi olan bitki
fiziologiyası sahəsini, bitkilərdə gedən fotosintez
prosesinin bitkilərin məhsuldarlığı ilə əlaqəsini
geniş öyrənirdi. Onun elmi işləri 40-dan çox
elmi əsərdə, bir neçə kitabçada və 1991-ci
ildə çap etdirdiyi 317 səhifəlik "Kənd təsərrüfatı
bitkilərinin qidalanması və məhsuldarlığı"
kitabında öz əksini tapmışdır.
Ziyad Məmmədov biologiya elmləri namizədi alimlik
dərəcəsi almışdı. 1962-ci ildə ona baş
elmi işçi adı verilmişdi. 1967-ci ildən elmi fəaliyyətini
Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda davam
etdirirdi.
Müxtəlif buğda növ və hubridlərində
fotosintez göstəricilərini öyrənən biologiya elmləri
namizədi Ziyad Məmmədovun tədqiqatları sayəsində
yüksək fotosintez potensialına malik buğda növləri
müəyyənləşdirilmişdi və
seleksiyaçılar onun da tövsiyələrindən bəhrələnəcəkdi.
Ziyad Məmmədov həyatının ixtiyar
çağında "Qidalanma fizioloji və kənd təsərrüfatı
məhsulunun idarə edilməsi amili kimi" mövzusunda
doktorluq dissertasiyasını tamamlasa da, səhhətində
yaranan problemlərlə bağlı müdafiə edə bilməmişdi.
Akademik Cəlal Əliyev yazırdı ki, "Ziyad
müəllimlə işlədiyim dövrdə mən onun
işə necə böyük məsuliyyətlə
yanaşdığını, istər labortoriyada, istərsə
də çol şəraitində cəsarətlə işlədiyini
görürdüm".
Akademik Teymur Bünyadovun dediklərini insanı
xarakterizə etmək üçün gərəkli olan bir məqamın
ifadəsi bildim: "...Mən tez-tez elmi axtarışımla əlaqədar böyük insan, böyük alim,
xalqsevər akademik İmam Mustafayevin yanına gedəndə Ziyad
müəllimlə görüşərdim. Aman Allah! Ziyad
müəllim necə utancaq, abırlı, həyalıydı".
Tanrının sevərək yaratdığı
insanlardan biri olan elm fədaisi Ziyad müəllim heç bir
şeydən qorxmayan, hər vaxt öz sözünü deyən
bir adam idi. Mülayim təbiətli, xoşxasiyyət Ziyad
müəllimdə bütün insani keyfiyyətlər
toplanmışdı, bu mehriban çöhrəli insanla
ünsiyyətdə olmaq çox xoş idi...
Ata övlad üçün qürur
ünvanıdır. Bu qürur el-obanın da qürurudursa,
daha möhtəşəm, daha əzəmətli, daha
yaşarı qürur olur. Ataya sevgi ictimaiyyətin səmimi
ehtiramı ilə tamamlananda zamanın da, ruhun da fövqündə
dayanır. Zəngilanlıların və AMEA-nın əməkdaşlarının
böyük ehtiramla xatırladığı vətənpərvər
bir ziyalının oğulunun atası haqqında dediklərini
milli mentalitetimizin zərrəsi bilmək günah olmazdı. Mərhum
oğlu tibb elmləri namizədi Namiq Məmmədov deyirdi ki,
"Çox yerdə bizi ona görə tanıyırlar.
"Ziyadın övladıdır" - deyirlər. Bundan
şərəfli an, bundan şərəfli hiss ola bilərmi?
Xalqın sevimlisi olmaq hər kəsə qismət olmur. Atam
öz gözəl qəlbi ilə camaat arasında sevilirdi. Biz
də onun adının həmişə şərəflə
çəkilməsi üçün
çalışmışıq..."
Ziyad müəllimin qızı, fizika-riyaziyyat elmlər
doktoru, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər
fizikası kafedrasının professoru Adilə Abbasova
atasını xatırlayanda həmişə
ömrünün dünənlərini xatırlayır. O
dünənlər tarix kimi xatırlanır, tarixdən
ömürə düşən işıq kimi xaırlanır:
"...Mən həyatda nə qazanmışamsa, - bunlar isə
az deyil, - atama borcluyam. O həmişə mənə:
"Oxu!" deyər, qiymətlərimlə maraqlanar, dərslərimə
kömək edərdi. İndiki BDU-nu bitirəndən sonra
aspiranturaya daxil oldum. Mən Moskvaya da onun məsləhəti
ilə getdim..." Bu kəlmələrə xatirə
biçimində mənəvi etiraf, mənəvi etiraf
biçimində xatirə deyərdim.
Adilə xanım atasını atasızlıq
ağrılarıyla anır, xatirələri bu
ağrıları üstələyirmi, bu ağrılar xatirələrini
sıxırmı, nə özü bilər, nə də bu
xatirələri tarix kimi dinləyənlər: "...O, mənim
həyat idealım idi. Atam həm də mənim dünyam
idi..." Elə gözəl günlərdən
uzaqlaşmağın övladı kövrəltməsi də
böyük sevginin təzahürüdü. Məktəb
yaşlı övladı ilə bu səviyyədə dost
olmaq ata ürəyinin böyüklüyünün ifadəsidir.
Bu fikirlər mənə Xalq yazıçısı İsa
Muğannanın bir fikrini xartırlatdı: Ona irad tuturlar ki,
niyə atandan çox yazırsan. Qüdrətli
yazıçı qətiyyətlə deyir: Çünki
atamı hamıdan yaxşı tanıyıram. Övladın
atasını yaxşı tanıması da mənəvi zənginlikdir,
onun haqqında çəkinmədən gerçəkləri
səmimiyyətlə danışmaq da...
Ziyad İsgəndər oğlu Məmmədov vətənpərvər
ziyalı idi. 1995-ci il sentyabrın 25-də dünyadan
köçdükdən sonra da xoş xatirələrlə,
ehtiramlarla anılır. Ananların hamısı onu gözəl
insan, qayğıkeş insan, insanpərvər insan,
dostluğa sədaqətli insan, ... kimi epitetlərlə
xatırlayır. Dilimizdə "gözəl insan" söz
birləşməsi böyük ehtiramı ifadə edir. Bu
ifadə qayğıkeşliyi də, humanizmi də,
xeyirxahlığı da, sədaqəti də, özündə
birləşdirən ifadədir. Mən bu ehtiramı Ziyad
İsgəndər oğlu Məmmədova da şamil edirəm,
həm də böyük qürurla, Zəngilanı sevmiş
bir insana Zəngilanı sevən bir insan kimi...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.14.