Məğlubiyyətlə
tərbiyələnmək
Esse
Əgər məndən: "Həyatda ən
böyük dərsi nədən almaq olar?" - soruşulsa,
tərəddüdsüz: "Məğlubiyyətdən"
- deyərəm. Məğlubiyyət çox zaman qorxulan,
qaçılan bir təcrübə kimi qəbul edilsə də,
əslində böyük həyat tərbiyəçisidir.
Bu, yalnız fərdi inkişafımıza deyil, eyni zamanda
sosial münasibətlərimizə, məqsədlərimizə
və həyat fəlsəfəmizə də təsir edir. Məğlubiyyətin
içində gizlənən dərslər bəzən
uğurun gətirdiyi asan qələbələrdən daha dəyərli
olur. Əlbəttə, bunun üçün niyə məğlub
olduğunu, nədə məğlub olduğunu
düşünməli, araşdırmalı və
soyuqqanlılıqla saf-çürük etməyi
bacarmalısan. Məğlubiyyətin hüznünə
qapılıb özünü depressiyaya salsan, şübhəsiz,
ortada nə dərs qalar, nə müəllim...
Yox, mən də etiraf edirəm ki, məğlubiyyət
bizim üçün arzuolunmaz və çətin bir
haldır. Amma heç düşündükmü ki, bu, bir
başlanğıc da ola bilər?! Hər insan həyatında
bir neçə dəfə məğlubiyyətlə
qarşılaşır. Bəziləri bu anı həyatlarının
sonu kimi qəbul edir, bəziləri isə buna "yenidən
başlamaq" fürsəti kimi baxır. Məğlubiyyətin
özü bizə sadəcə uduzduğumuzu bildirmir; o, bizi
sınayır, zəif tərəflərimizi üzə
çıxarır və növbəti dəfə daha
yaxşı olmağımız üçün imkan
yaradır.
Bir çox insan məğlubiyyəti uğursuzluqla səhv
salır. Halbuki uğur çox zaman daha təhlükəli
bir anlayışa çevrilə bilər. Uğur, xüsusilə
çox rahat qazandıqda, insanı müəyyən bir
"komfort zonası"na bağlaya bilər. Elə bir zona
ki, öncə orada olmaq sənə özünü
yaxşı hiss etdirər, zamanla isə bir
asılılığa çevrilər. Artıq sən o
zonadan asılı birisən və hətta oradan
"ayağını kənara qoysan" ən başda
özün özünü bir heçlik kimi görəcəksən.
Məğlubiyyət isə əgər ona
düzgün qiymət verməyi bacarsaq, həmişə bir dərs
olaraq qarşımıza çıxır. O, bizi tənqid
edir, özümüzlə üzləşdirir və ən əsası,
silkinib, özümüzü yenidən
formalaşdırmağa sövq edir.
Tarixə nəzər salsaq, orada məğlubiyyətindən
doğulan şəxsiyyətlər heç də az deyil. Məsələn,
məşhur amerikalı basketbolçu M.Cordan "Mən
karyeram boyunca 9000-dən çox atışı
qaçırdım, 300-dən çox oyunda uduzdum. Dəfələrlə
qələbəni gətirən atışı
qaçırdım. Mən həyatımda təkrar-təkrar
məğlub oldum və məhz buna görə uğur
qazandım" - deyirdi. Bəli, bu məğlubiyyətlər
ona daha çox güc, istək və təcrübə
qatmışdı. O, məğlubiyyətləri uğura
çevirmək üçün onları öyrənmə və
inkişaf vasitəsi kimi istifadə edə bilmişdi. Məğlubiyyətin
ona verdiyi dərsi çox gözəl mənimsəmişdi.
Məğlubiyyətin içində formalaşan
xarakter isə həyatın ən mühüm və ən dəyərli
nəticəsidir. Unutmaq olmaz ki, uğur sadəcə məqsədə
çatmaq deyil, həm də məğlubiyyətə necə
yanaşmağındır. Hər bir məğlubiyyət
insanın özünə olan inamını və iradəsini
sınayır. Bir növ, hər dəfə yeni bir imtahan
verirmiş kimi. Amma bizi bu imtahanlarla sınağa çəkən
və sonda qiymətimizi verəcək olan həyatın
özüdür. Uğursuzluq anlarında insan ya yorulur, bezir,
ya da daha çox güclənir. Məğlubiyyətlər
bizi həyata daha real baxmağa və çətinliklər
qarşısında daha mübariz olmağa sövq edir.
Bu, həyatdan ala biləcəyimiz ən qiymətli dərslərdən
biridir: insan yalnız öz çətinlikləri ilə
üzləşməklə gerçək kimliyini tapar. Bəzən
təkcə öz gücümüzlə deyil,
başqalarından alınan dəstək, dərslər və
yeni perspektivlərlə böyüyürük. Bu da ondan ala
bildiyimiz motivasiyaya bağlıdır.
Həyatda bəzən qarşımıza
çıxan maneələr və uğursuzluqlar, sadəcə
bizi sınamaq deyil, bizi insan olaraq inkişaf etdirmək, bir
şəxsiyyət kimi yetişdirmək məqsədi
güdür. Məğlubiyyətin ardından doğru dərsləri
çıxarmaq və bundan faydalanmaq insan ömrünün ən
gözəl tərbiyə məktəbidir.
Həm uşaqların, həm də böyüklərin
ən məşhur və ən sevimli cizgi film qəhrəmanlarının
yaradıcısı, əfsanəvi multiplikator Volt Disney bu qədər
böyük uğurları bircə andamı
qazanmışdı? Əlbəttə, yox! Uğura gedən
yolda saysız-hesabsız məğlubiyyətlərlə
qarşılaşan dahinin həyatından sadəcə iki
fraqmenti misal göstərmək kifayətdir ki, bu möhtəşəm
uğurun arxasındakı dərsləri görə bilək.
Belə ki, karyerasının çiçəklənən
dövründə gənc dahi işlədiyi qəzetdən
qovulmuşdu, özü də istedad və ideyalarının
olmaması səbəb göstərilərək.
Həmçinin, Disney tərəfindən çəkilən
ilk qəhrəman Osvald adlı dovşan ona böyük
uğur gətirə biləcəyi halda, ən böyük məğlubiyyətinə
və həyatının dönüş nöqtəsinə
çevrilir. Çünki Osvaldın müəllif hüquqları
Disneyin əldə edilən qonorarı onunla bölmək istəməyən
ortağı tərəfindən alınır. Bu, əlbəttə,
böyük zərbə idi. Amma bu hadisə onun
üçün nə qədər ağır olsa da, elə
həmin gün, o, indiyədək məşhur olan Mikki Mausun
eskizini çəkir. Yəni məğlubiyyətinin ona
öyrətmək istədiklərini məmnuniyyətlə qəbul
edir.
Məğlubiyyətlə dost olmaq heç də asan
deyil, amma mümkündür. Əgər biz onu
inkişafın bir hissəsi kimi qəbul edə bilsək, onun
gətirdiyi dərslər bizə yalnız güc qatacaq. Məğlubiyyət
bir çətinlik olaraq deyil, həyatımızda daha
yaxşı olmaq üçün bir fürsət olaraq
görünməlidir. Çətin anlarda özümüzdən
soruşaq: "Bu məğlubiyyət mənə nə
öyrətdi?" Məğlubiyyətin tərbiyəsi
insanın özünü anlaması və inkişaf etməsi
üçün çox vacib amildir. Yəni məğlubiyyət
"həyatda ən yaxşı müəllim"dir.
Çünki o, bizə özümüzü daha yaxşı
başa düşməyi, daha dərin düşünməyi
və ən əsası, hər yıxılandan sonra yenidən
qalxmağı öyrədir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.13.