"Əgər birisi sizin sağ
yanağınıza vurarsa, ona sol yanağınızı
çevirin"
Bütün dünyada qaynar münaqişə
ocaqlarının və müharibələrin getdikcə
şiddətləndiyi indiki vaxtda qlobal siyasi və hərbi vəziyyətin
daha da pisləşəcəyi proqnozlaşdırılır.
Bu vəziyyətdə insanlığın pasifizmə olan
ehtiyacı daha da artmaqdadır. Pasifizm siyasi mənada ilk dəfə
1901-ci ildə yazıçı, hüquqşünas və
sülh aktivisti Emil Arno tərəfindən X Beynəlxalq
Sülh Konfransında istifadə olunsa da, onun etik-əxlaqi
kökləri daha dərinə - hinduizm, buddizm və caynizmə
söykənir. Hinduizmə görə, bütün
canlılar müqəddəsdir və heç birinə zərər
vermək olmaz. Digər tərəfdən, sözügedən
inanc sistemlərində zorakılıq göstərməyin
pis karmaya səbəb olduğuna inanılır və bu,
insanın mənəvi inkişafına mane olur. Müasir
dövrdə pasifizm müharibə və zorakılığa
qarşı çıxmaq mövqeyi kimi qəbul olunur.
Tanınmış pasifistlər arasında İsa Məsih,
Mahatma Qandi, Lev Tolstoy, Martin Lüter Kinq və Rotterdamlı
Erazmı göstərmək mümkündür. Pasifistlərin
fikrincə, münaqişələrin və
zorakılığın dayanıqlı həlli zorla deyil,
sülh və dialoq yolu ilə mümkündür. Onlar siyasi,
iqtisadi və sosial zorakılığı qəti şəkildə
rədd edir, müharibə əleyhdarı kimi
çıxış edirlər. Pasifistlər müharibəni,
şiddət və silahdan istifadə hallarını əxlaqi
cəhətdən yolverilməz sayırlar. Pasifizm həm də
imperializm və istismara qarşı yönəlir,
antimillitarizmi dəstəkləyir.
Qeyd etmək lazımdır ki, pasifistlər öz
aralarında əsas iki qrupa bölünür. Birinci qrup pasifist
müharibə, şiddət və fiziki müdaxiləni
bütün hallarda rədd edərkən (mütləq
pasifizm), digər qrup zəruri hallarda fiziki
zorakılığı (həyati təhlükə
yarandıqda) labüd hesab edir. Bu yanaşma şərti və
ya qismən pasifizm kimi qiymətləndirilir.
Pasifizm və humanizm olduqca yaxın
anlayışlardır. Onların əsas və əksər
ideyaları üst-üstə düşür. Passifizmin
özəyində məhz humanizm dayanır. İnsan həyatına
və ləyaqətinə hörmət, qarşı tərəfə
zərər verməkdən çəkinmək və dinc
yollarla anlaşmaq arzusu həm pasifist, həm də humanist
düşüncənin ortaq məqamlarıdır. Digər
ortaq cəhət ondan ibarətdir ki, humanizm insanı ali dəyər
saydığı kimi, pasifizm də insan həyatına
toxunmamağı, ona zərər verməməyi əsas
prinsip kimi qəbul edir. Beləliklə, pasifizmə humanist dəyərlərin
konkret - münaqişə və zorakılıq sahəsindəki
tətbiqi kimi yanaşmaq mümkündür.
Heç bir şübhə yoxdur ki, İsa Məsih ən
təsirli pasifistlərdən biridir. İncilin Matta 5:39 ayəsində
onun məşhur ifadəsi yer alır: "Sizə deyilir:
"Gözə göz, dişə diş". Amma mən sizə
deyirəm: pis adama qarşı durmayın. Əgər birisi
sizin sağ yanağınıza vurarsa, ona sol
yanağınızı çevirin". Luka 6:27-28-də isə
yazılıb: "Düşmənlərinizi sevin, sizə
nifrət edənlərə yaxşılıq edin, sizə lənət
edənlər üçün xeyir-dua edin və sizə pislik
edənlər üçün dua edin".
Quranda da müəyyən pasifizm elementləri tapmaq
mümkündür. Məsələn, Quranın 8-ci surəsi
olan Ənfal surəsinin 61-ci ayəsində yazılıb:
"Əgər onlar sülhə (barışığa) meyl
etsələr, sən də sülhə meyl et və Allaha bel
bağla. Həqiqətən, O eşidəndir, biləndir!"
Bundan əlavə, Bəqərə surəsinin 190-cı ayəsində
belə hökm olunur: "(Ey möminlər!) Sizinlə
vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən
kənara çıxmayın. Allah həddi aşanları sevməz!"
Furqan surəsinin 63-cü ayəsində isə deyilir: "Rəhmanın
(əsl) bəndələri o kəslərdir ki, onlar yer
üzündə təmkinlə (təvazökarlıqla) gəzər,
cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən
bir söz dedikləri) zaman (onları incitməmək
üçün) salam deyərlər". İslam əqidəsində
mühüm yer tutan sufizmdə pasifizm elementlərinin daha
güclü olduğunu demək mümkündür.
Müasir dövrdə pasifizm dedikdə yada düşən
qruplar arasında hippilər fərqlənir. Hippilik 1960-cı
illərin sonunda yaranmış və müharibəyə,
zorakılığa qarşı dinc müqavimət göstərən
sosial-mədəni hərəkatdır. Bu hərəkatın
təməlində başqalarına zərər verməmək,
sülhü və harmoniyanı təşviq etmək prinsipləri
dayanır. Hippilər pasifizmin ideyalarını öz fəaliyyətlərinə
tətbiq edərək, xüsusilə Vyetnam müharibəsinə
qarşı dinc mübarizə aparıblar. Onlar müharibə
və şiddətin həll yolu olmadığını
vurğulayıblar. Hippilər sülh və sevgi ilə dolu
bir dünya arzulayırdılar və sülh işarəsini
bu ideyaların təcəssümü kimi qəbul edirdilər.
Sülh işarəsi dairənin içində üç xətdən
(1 şaquli və 2 diaqonal) ibarətdir. Diaqonal xətlər
dairənin kənarlarından çıxaraq dairənin mərkəzi
doğru irəliləyir və şaquli xətti kəsir.
Sülh işarəsi ilk dəfə 1958-ci ildə
Britaniya fəalı Gerald Holtom tərəfindən
yaradılmışdır. Bu işarə nüvə
silahlarının əleyhinə keçirilən aksiyada
istifadə edilmiş, daha sonra isə hippilər tərəfindən
müharibəyə qarşı mübarizənin və
sülhün təbliğində əsas simvol olaraq qəbul
edilmişdir. Sülh işarəsi yalnız bir loqo deyil, həm
də müharibə əleyhinə olan ideyanın vizual təcəssümüdür.
Aydındır ki, pasifistlər öldürməyə
qarşı olduqları üçün məcburi hərbi
xidməti də doğru hesab etmirlər. Bu səbəbdən
bir çox ölkələrdə, o cümlədən Azərbaycanda
əqidəsi həqiqi hərbi xidmət keçməyə
zidd olan fərdlərin müəyyən edilmiş hallarda həqiqi
hərbi xidmətin alternativ xidmətlə əvəz
olunmasına yol verən müxtəlif qanunlar qəbul
edilmişdir.
Bütün bu nümunələrdən də
göründüyü kimi, pasifizm təkcə şiddətə
qarşı olmaq deyil, həm də insanın mənəvi
kamilliyə doğru atdığı bir addım, uzunmüddətli
inkişaf yoludur. Bu düşüncə tərzi yalnız fərdi
həyat üçün deyil, cəmiyyətin
bütövlükdə daha insani, daha ədalətli və
daha sabit qurulması üçün də əhəmiyyətlidir.
Sülhə inam, zorakılığa yox demək və
uzlaşma yolları axtarmaq - bunlar həm pasifistlərin, həm
də vicdanlı bir cəmiyyətin seçimidir.
Etibarlı SABİR
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.13.