Qərbi Azərbaycanla
bağlı bir toponimin izi ilə
Son dövrlər Qərbi Azərbaycan toponimlərinin
öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Bu
baxımdan Qərbi Azərbaycanın qədim yer
adlarını yenidən tədqiq etmək, bu adların yenidən
özünə qaytarılması istiqamətində
mühüm işlər görülür. Ona görə də
tarixi yer adlarının tədqiqi mühüm əhəmiyyət
kəsb edir. Müəyyən dövr ərzində bir
sıra siyasi səbəblərlə əlaqədar, tarixi yerlərimiz
düşmən tapdağı altında qaldığına
görə, Qərbi Azərbaycanın bir sıra yer adları
dəyişdirilərək başqalaşdırılıb. Həmin
toponimlərin yenidən öyrənilməsi, qədim yer
adlarımızın tədqiq olunaraq ictimaiyyətə təqdim
olunması indi aktual məsələ kimi irəli
sürülür. Qərbi Azərbaycan toponimlərinin tarixən
türk mənşəli olduğu gerçəyinin
özünü folklorda da mühafizə etməsini
müşahidə edirik. Belə adlar özünü daha
çox çay, dağ, kənd adlarında göstərir.
Tarixi yaddaşımızın bərpasına və
qorunaraq gələcək nəsillərə
çatdırılmasına hər zaman böyük önəm
verən Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın
24-də Qərbi Azərbaycan İcmasının inzibati
binasında yaradılan şəraitlə tanış olarkən
deyib: "Qərbi Azərbaycan bizim tarixi
torpağımızdır, bunu bir çox tarixi sənədlər
təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər
Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim
bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər,
dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək
istəyiblər, ancaq buna nail ola bilməyiblər.
Çünki tarix var, sənədlər var, xəritələr
var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə
təsadüf edən xəritə bir daha onu göstərir
ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan
mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı
yaşayıb".
Adında milli kimliyini ehtiva edən qədim Azərbaycan
toponimlərindən biri də indiki Ermənistan ərazisində
mövcud olan İtqıran kəndidir. Adın
etimologiyasına nəzər salaq. Toponim həm şifahi
qaynaqlarda, həm də elmi mənbələrdə
araşdırılıb. Bəzi tədqiqatçılar
toponimin ərazidə konkret bir hadisədən əsas
götürərək xalq arasında yayılan rəvayətlərlə
əlaqədar olaraq adlandırıldığını qeyd
edirlər. Həmin rəvayətlərdən biri belədir:
Qədim zamanlarda İran hökmdarı öz kəndlərindən
əlavə, Naxçıvan ətrafındakı kəndlərdən
də vergi alarmış. Günlərin bir günü
hökmdar öz adamlarını ucqar kəndlərdən birinə
göndərib deyir ki, İran ayğırları Tehranda
kişnəyib, onların atları quluna qalıblar. Həmin
qulunları versinlər.
Kənd camaatı hökmdarın əlindən cana
doymuşmuş. Ona görə vergi verməkdən boyun
qaçırırlar. Şahın adamları çox çək-çevirdən
sonra deyirlər:
- Sözünüzü hökmdara özünüz
deyin.
Kəndin camaatından bir dəstə ayrılıb
İrana gedir. Hökmdarın sarayına bir günlük yol
qalanda dəstə başçısı yoldaşlarına əmr
edir ki, qabağınıza çıxan itləri vurub
öldürün. Sözü bir yerə qoyub harda it
görürlərsə, öldürürlər. Xəbər
hökmdara çatır. O, həmin adamları yanına
çağırtdırıb itləri öldürmələrinin
səbəbini soruşur. Dəstə başçısı
deyir:
- Şah sağ olsun, bu itlər sizin də, bizim də
düşmənimizdir. Canavarlar qulunlu atlara hücum edəndə,
bu itləri nə qədər harayladıqsa, köməyə
gəlmədilər. Atların çoxunu canavarlar
parçaladı, qalanı da qorxudan bala saldı.
Şah özündən çıxıb deyir:
- Ordan haraylamağı itlər haradan eşidərdi?
Dəstə başçısı istehza ilə
şaha baxıb deyir:
- Şah sağ olsun, bəs İranda kişnəyən
ayğırların Naxçıvanda qulunları necə
olurdu?
Şah dəstə başçısının
qorxmazlığını, hazırcavablığını
görüb deyir:
- Bu gündən kəndinizin adını
"İtqıran" qoyuram. Kəndliləri də vergidən
azad edirəm.
Elə o vaxtdan həmin kəndin adına el arasında
"İtqıran" kəndi deyirlər.
Toponimin yaranması ilə bağlı şifahi
qaynaqlardan fərqli olaraq, elmi mənbələrə nəzər
yetirsək görərik ki, nəticə tamam fərqlidir.
Toponimin V.Radlovun lüğətində əksini tapmış
itkür/ötkür sözündən ("itiləmək,
yonmaq") yarandığını, kənd adının
burada yaşayan əhalinin məşğuliyyəti ilə
bağlı olaraq adlandırıldığını da
ehtimal etmək olar. Bu ada bir çox variantlarda müxtəlif ərazilərdə
rast gəlinir. Azərbaycanın Cəbrayıl rayonunda
dağ, Tumas kəndi ərazisində dərə adı, Ermənistanda
İtqıran kənd, Laçın rayonu Çəmbər kəndi
ərazisində İtqıran dağ adı, XIX əsrdə
Şimali Qafqazdakı Ter bölgəsində, Nalçik dairəsində
İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin
Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat
(dağ) Ermənistanda İtgör, Gürcüstanda İdleti
başqa adlar mövcuddur ki, bunlar mənşəcə eynidir.
Bizim tədqiqata cəlb etdiyimiz İtqıran toponimi
İ.Bayramovun qeyd etdiyi kimi İrəvan quberniyasının
Şərur-Dərələyəz qəzasında, indi
Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd
adıdır. Məntəqə rayon mərkəzindən 17 km
cənub-qərbdə yerləşir. Kənddə 1831-ci ildə
157 nəfər, 1873-cü ildə 257 nəfər, 1886-cı
ildə 364 nəfər, 1897-ci ildə 235 nəfər,
1904-cü ildə 490 nəfər, 1914-cü ildə 539 nəfər,
1916-cı ildə 442 nəfər və yalnız azərbaycanlılar
yaşamışdı. 1918-ci ildə kəndə erməni təcavüzünə
məruz qalaraq qalmış və kənddə yaşayan azərbaycanlılar
qırğınlarla qovulmuşdu. Yalnız indiki Ermənistanda
sovet hökuməti qurulandan sonra sağ qalanlar öz doğma
yurdlarına dönə bilmişdilər. Burada 1922-ci ildə
103 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə
127 nəfər, 1939-cu ildə 202 nəfər, 1959-cu ildə
148 nəfər, 1979-cu ildə 253 nəfər və yalnız
azərbaycanlılar yaşayıblar. 1988-ci ilin noyabr ayında
Ermənistan dövləti tərəfindən kəndin
bütün sakinləri tarixi-etnik vətənlərindən
deportasiya edildi. İndi burada ermənilər yaşayır. Ermənistan
hökuməti tərəfindən 03.0l.1935-ci il fərmanı
ilə adı dəyişdirilib Gülüstan, Ermənistan
prezidentinin 19.04.1991-ci il fərmanı ilə yenidən adı
dəyişdirilərək Nor Aznaberd qoyulub.
Məntəqə adı 1590-cı ilə aid mənbədə
Rəvan əyalətinin "Məvaziyi-Xatun" nahiyəsində
İtqıran kimi qeyd olunub. 1728-ci ilə aid mənbədə
"Hüseyn vələdi Mövlud" adlı şəxsə
(mülkədara) aid kənd olduğu göstərilir. Toponimin
birinci komponenti qıpçaqların Et tayfasının
adı ilə bağlıdır. Mahmud Qaşqari oğuz
tayfalarından danışdıqda İt-peçeneq tayfasının
da adını çəkmişdir. Toponimin "qıran"
komponenti isə türk dillərində kuren, kuran, "hərbi
düşərgə", "maldar elin müvəqqəti
dayanacaq yeri" sözündən ibarətdir. XIII əsr
müəllifi Rəşidəddin yazır ki, hər hansı
bir maldar el bir yerdə dayandıqda ortada
başçının (xanın) çadırı yerləşmək
etibarilə alaçıqlardan dairəvi formada yaradılan
dayanacaq kuran adlanır. Bir qayda olaraq hər kuran 1000
alaçıqdan ibarət olurdu. Kuren, bir qayda olaraq qohum ailələr
qrupunu birləşdirirdi və başında xan dururdu. XII əsrə
aid rus mənbəyində qıpçaqlarda Itoqlı xan
adı da qeyd olunmuşdur. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin
Nalçik dairəsində İt-Sırtı dağı,
İtkolu çay adı, həmin əyalətin Qroznı dairəsində
Et-Kala, Azərbaycanda Yelizavetpol quberniyasında İt-yan
dağ adı, Tiflis quberniyasının Qori qəzasında
İdleti (İdli və gürcücə eti "yer"
sözlərindən), bəzi rayonlarımızdakı Ətcələr
(əsli Etcələr, yəni "Et tayfasından
olanlar") kənd adları və XIX əsrdə Quba qəzasında
Etilər dağı, oronimi bu etnonimlə bağlıdır.
Kəndin adı "Et tayfasının düşərgəsi"
mənasını verir. Toponim tarixi mənbələrində
adı çəkilən itbarak tayfa adında öz əksini
tapan və etnonimi kimi işlənən it və qədim
türk dilində "kənd yaşayış yeri, meşədə
yurd, dəyə, maldarların müvəqqəti dayanacaq
yeri" mənasında işlənən kuren//kuran (qıran)
sözündən əmələ gəlmişdir.
Quruluşca mürəkkəb etnotoponimdir. Sonda onu da qeyd etmək
lazımdır ki, kənd indiki Ermənistan ərazisində
yerləşsə də, adın etimologiyası təsdiq edir
ki, bu ad türk mənşəlidir və türklərə məxsusdur.
Adlar tarixdən birdəfəlik silinmir!
Cəmilə MƏHƏRRƏMOVA
AMEA Naxçıvan bölməsinin əməkdaşı
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.12.