Bənzərsizlik,
dəqiqlik, yenilik
"1920-ci İLƏDƏK ALİ
MƏKTƏBLƏRDƏ OXUMUŞ AZƏRBAYCANLILAR"
ONCİLDLİYİ (BAKI:
"TƏHSİL", 2018-2025) HAQQINDA DÜŞÜNCƏLƏR
1888-ci ildə dövrün imperiyalarından birinin
paytaxtı olan Sankt-Peterburq şəhərindən Parisə
yola düşən qızğın və coşqun bir tələbə
öz taleyini dəyişdirmək üçün
bütün ehtimalları göz önünə alaraq qərarını
vermişdi: o, Sankt-Peterburqdan daha üstün bir yerdə
oxuyacaq və ona imtahanlarda haqsızlıq edən müəllimlərin
qarşısına güclü bir şəxs olaraq
çıxacaqdı. Evinə bir teleqram göndərib,
Avropaya gedən qatara bilet alıb yola
çıxmışdı. Qatar isə yüz il öncə
dünya tarixini dəyişdirəcək bir inqilaba ev sahibliyi
etmiş bu şəhərə həmin tələbəni
yetişdirməyə çalışarkən Cənubi
Qafqazda və Türkiyədə bir çox önəmli hadisələrin
mərkəzində yer alacaq bir şəxsiyyəti
apardığının fərqində deyildi. Cüzi pulla
Parisdə yaşayan, fransız dilini öyrənən,
dövrün böyük şərqşünaslarından dərs
alan, paytaxtın ən mühüm dərgilərinə
yazılar yazan, bir neçə il sonra Londona yola düşərək
şərqşünasların konqresində məruzə
oxuyan, buna görə Qacar şahından qiymətli
üzük hədiyyə alan bu şəxs şuşalı
bir tələbə idi - Əhməd bəy Ağaoğlu.
Tarixi bir daha xatırladaq: 1888-ci il.
Məşhur bir söz var: "Tarix bioqrafiyalardan ibarətdir".
Şübhəsiz ki, söhbət burada tarixi yaradan və dəyişdirən
böyük şəxsiyyətlərdən gedir.
Bioqrafiyaları yazarkən də mütləq şəkildə
doğum tarixindən sonra aldıqları ilk təhsilə nəzər
yetirilir. Çünki gələcəkdə tarixi dəyişdirəcək
şəxsiyyətin özünün hansı dəyişikliklərdən
keçməsi elə bu ilk təhsil mərhələsindən,
davamı olaraq ali təhsil dönəmindən
asılıdır. Necə ki, Əhməd Ağaoğlu
ahıl çağlarında yazdığı xatirələrində
onu atasından və əmisindən gizli şəkildə rus
dilini öyrənmək üçün müəllim tutan
anasına üsyan edirdi ki, "bilsəydin ki, oğlun nə
müsibətlərdən keçəcək, heç bu
addımı atmazdın". Həqiqətən də,
Əhməd bəy gizli şəkildə rus dili dərslərini
almasaydı, Şuşada və Tiflisdə yeni tipli məktəblərdə
oxumasaydı, daha sonra Peterburq və Paris mühitini görməsəydi,
əmisinin ən böyük arzusu olan müctəhid
olacaqdı, həyatı Qarabağla məhdud qalacaqdı. Bir
ana bir oğulun taleyini dəyişdirdi, bir oğul da millətinin.
Ağaoğlunun müasir qəzetlər təsis etməsi, erməni
və rus zülmünə qarşı "Difai" təşkilatını
qurması, müsəlmanların hüquqlarını mərkəzdə
müdafiə etməsi elə o ilk təhsildən gələn
təbii nəticələrdi. Necə ki, eyni yolu keçənlər
irəlidə Azərbaycan Cümhuriyyətinin baş nazirləri,
nazirləri, parlament üzvləri oldular. Ali bir zümrə
formalaşdırdılar, keçmişin niqabını
üzlərindən çıxarıb özlərini, millətlərini
və ölkələrini gələcəyə
daşıdılar. Bunların hamısı təhsilin sayəsində
oldu.
Bu insanlar arasında bizim tanıdığımız
çox məşhur simalar var: Nəsib bəy Yusifbəyli, Fətəli
xan Xoyski, Həsən bəy Ağayev, Əlimərdan bəy
Topçubaşı və onlarcası... Ancaq
tanımadığımız yüzlərlə tələbə
var idi ki, artıq onları da tanıyırıq.
lll
...AMEA Riyaziyyat və Mexanika İnstitutunun 6-cı mərtəbəsi.
Yeddi yüzdən çox tələbənin taleyi buradakı
otaqlarda yenidən yazılır, unudulmuş, sonuncu dəfə
arxiv işçilərinin bağladığı sənədlər
bir əsrdən sonra ilk dəfə olaraq tədqiqata cəlb
edilir. İkinci ömür qazanan tələbələrin
hansı ibtidai və orta məktəbdə oxuduqları,
hansı qiymətləri aldıqları, hansı ali məktəblərə
qəbul olunduqları əlifba sırasına uyğun olaraq
yazılır, nəticədə cildlər formalaşır.
Artıq onuncusu - sonuncusu çapdan çıxacaq bu kitab
vasitəsiylə yüz ildən sonra tələbələrlə
xəyali bağ qurur, dövrün çətinliklərini
düşünür, müsəlmanlar üçün ali təhsilin
o dövrdəki əngəllərini anlayırıq. Bu
böyük səyahəti bizə bəxş edənlər
isə AMEA-nın müxbir üzvü, professor, Riyaziyyat və
Mexanika İnstitutunun direktoru Misir Mərdanov və Bakı
Avrasiya Universitetinin professoru Ədalət Tahirzadədir.
On cildlik kitabı ərsəyə gətirən hər
iki dəyərli alim bu əsərlərinə qədər də
təhsil tariximizlə bağlı tədqiqatlarda kifayət qədər
söz sahibi idi. Misir Mərdanov dörd cildlik "Azərbaycan
təhsil tarixi", Ədalət Tahirzadə isə
Oğuztoğrul Tahirli ilə birlikdə qələmə
aldığı 1200 səhifədən çox "Azərbaycan
Cümhuriyyəti tələbələri" kitabı ilə
nəhəng abidə əsərlər
yaratmışdılar. Digər tərəfdən, hər iki
alimin ali təhsil sahəsindəki 30 ildən artıq səmərəli
fəaliyyəti bu layihənin mütləq uğurla nəticələnəcəyini
göstərirdi...
Kiçik mənzilimin böyük kitabxanasına hər
yeni cild daxil olduqca rəflərdən başqa bir kitab arxaya
keçir, əlifba sırası ilə düzülən
cildlərdəki həyat hekayələri ilə üz-üzə
qalıram. Cildlərdəki yazıları oxuduqca ilkin təəssüratım
formalaşır, bu materiallara münasibətdə beynimdə
üç ifadə yaranır: bənzərsizlik, dəqiqlik,
yenilik.
Yeddi yüzdən çox soydaşımızın həyat
hekayətini saysız-hesabsız arxiv sənədləri əsasında
yazmaq bənzərsiz bir haldır. Sonradan daha geniş fəaliyyəti
olan tələbələrlə yanaşı, həyat hekayəsi
sadəcə iki səhifəyə sığan tələbələr
üçün də böyük zəhmət çəkilib,
çünki bu həyat hekayələrində daha əvvəl
yazılanları toplayıb, cilalayıb, yenidən oxu süfrəmizə
qoymayıblar. Əksinə, bu tələbələrin izi ilə
min bir əziyyətlə Rusiya imperiyasının
Sankt-Peterburq, Moskva, Kiyev, Xarkov, Saratov, Odessa, Kazan, Tiflis və
başqa mühüm şəhərlərinə səfərlər
edilərək onların arxivlərində aylarla
axtarışlar aparılıb, Tallin, Riqa kimi şəhərlərin
arxivlərindən sifarişlə çoxlu sənədlər
gətirilib, həmin ödənişli arxivlərdən on
minlərlə vərəq sənəd surəti
toplanılıb, o tələbələrin sonrakı həyatını
öyrənmək üçün başda DTX Arxivi olmaqla Azərbaycanın
ən müxtəlif dövlət arxivləri gərgin
araşdırılıb, çar və sovet dönəmi mətbuatı
ələnib, neçə-neçə ailədən qiymətli
özəl bəlgələr, fotoşəkillər əldə
edilib. Bundan sonra rəsmi sənədlərdəki məlumatlar
tutuşdurulub, saf-çürük edilib, nəticədə ən
dolğun və düzgün bilgilər həyat hekayələri
şəklində bizə təqdim olunub. Boynumuza
almalıyıq ki, bu həcmdə geniş işi normal halda
on-on beş nəfərlik yaradıcı bir kollektiv görə
bilərdi...
Bu bənzərsiz işdən sonra gələn bir dəqiqlik
amili də var.
Müxtəlif işlərdən ötrü müəlliflərin
yanına gedərkən bəzən onları
qayğılı görürdüm. Xüsusən Ədalət
müəllimin üzündə təəssüf və təəccübün
qarışığından ibarət bir emosiyasını
artıq çözə bilirdim - yenə də hansısa
adlı-sanlı bir müəllif heç bir qaynaq göstərmədən,
heç bir akademik tələbə əməl etmədən
görkəmli bir şəxsiyyətimiz haqqında
yanlışlarla dolu bir məqalə yazıb, özündən
sonrakıların da eyni səhvləri təkrarlamasına səbəb
olub. Bütün işlərində dəqiqliyi başlıca
prinsip kimi rəhbər tutan Ədalət müəllim hər
hansı bir tarixi şəxsiyyətin doğum
gününü belə dəqiqləşdirərkən
yüz ölçüb bir biçir. Sevindirici haldır ki, məhz
yuxarıda sadaladığımız şəhərlərdəki
ali məktəblərin arxivlərindən şəxsən əldə
edilmiş sənədlərin sayəsində bir çox
görkəmli soydaşımızın doğum ili, ayı və
günü artıq dəqiq müəyyənləşdirilib.
Hansısa məqalədə "Qafqaz şeyxülislamı
(müftisi) tərəfindən təsdiqlənmiş doğum
haqqında şəhadətnamə" ifadəsini oxuyurdumsa,
əmin olurdum ki, bu şəxsin doğum tarixi ilə
bağlı qarışıqlıq artıq keçmişdə
qalıb.
Bütün bunlar həm də yenilik deməkdir. Nəzərə
alaq ki, öyrənilməsi sovet dövründə qadağan
olunmuş şəxsiyyətlərimizin həyat hekayələri
yazıldığı zaman 1990-cı illərin əvvəllərində
qələmə alınmış eyni məqalələrə
istinad edilirdi. O dönəmdə isə arxivlərin gizli
fondları hələ yeni-yeni açılmağa
başladığına, gerçəklərin yalnız
işartıları üzə
çıxarıldığına görə o məqalələrdə,
təbii ki, yanlışlıqlar da çox olurdu. Nəticədə
bu səhvlər bir müəllifdən başqasına
keçməklə günümüzə qədər gəlib
çatırdı. Müəlliflərin tarixşünaslıqda
ən önəmli qaydaya - birinci əldən qaynağa istinad
etməsi səhvlərə yol verilməməsində, tarixi
şəxsiyyətlərin ömür yolunun maksimum
doğru-düzgün yazılmasında başlıca rol
oynayıb. Keçmişdə bir tarixi sima haqqında
danışılanda onun ali təhsil alması heç bir
qaynaq olmadan qeyd edilirdisə, haqqında
danışdığımız kitabın hər bir məqaləsində
bu haqda mütləq şəkildə bəlgələr təqdim
olunmaqdadır.
Oncildliyi oxuduğumuz zaman müəlliflərin tədqiqatı
hansı prinsip üzərində qurduğu
aydınlaşır. Kitabın ilk cildində layihəyə
necə başlanılması ilə bağlı geniş
izahatdan da göründüyü kimi, prinsipin əsasında
bunlar durur: bölgələr, bəlgələr, bilgilər.
Müzakirələr nəticəsində öncə arxivlərində
çalışılacaq bölgələr müəyyən
edilib, ardınca oralara gedilərək ali məktəblərin
sənədlərinin saxlandığı arxivlərdə
çalışmaqla gərəkli bəlgələr
toplanıb, ən sonda bütün sənədlər sistemləşdirilərək
onların əsasında ortaya hazır elmi material qoyulub.
İlk baxışdan bu, çox asan proses kimi görünə
bilər, ancaq ömründə ən azı bir dəfə elmi
məqalə yazan şəxs bu prosesin necə
ağrılı gerçəkləşdiyini bilir.
İşin maddi-maliyyə tərəfini heç müzakirə
etmirik, çünki müharibənin uduzulması səbəbi
kimi "barıtın yaş olması"ndan sonra başqa
şərhə ehtiyac qalmadığı kimi, xarici ölkələrə
səfər xərclərinin qarşılanması, ödənişli
arxiv sənədlərinin alınması mümkün
olmazdısa (barıt yaş olardısa) bu layihənin
doğulmadan öləcəyi şübhəsiz idi. Ancaq
işin bu maddi tərəfinin əhəmiyyətini təsdiqləməklə
yanaşı, daha ağır bir mərhələdən bəhs
etmək istəyirəm.
Keçmiş SSRİ ölkələrinin arxivlərində
məmur kimi çalışan insanlarla əlaqə yaratmaq,
onların könlünü oxşayıb istədiyini qoparmaq
elə də asan olmur. Nəzərə alsaq ki,
Gürcüstanın timsalında bəzi ölkələrdə
xarici tədqiqatçılara münasibətdə
aşırı çətinliklər yaradılır, o zaman
müəlliflərin hansı mərhələlərdən
keçdiklərini anlamaq çətin olmaz. Məsələn,
Gürcüstan arxivində araşdırıcının
günlərlə gözlədilməsi, bəlgələrin
limitlə verilməsi, yaxud bəzi gərəkli sənədlərin
heç verilməməsi... kimi hallar özünü göstərsə
də, səbir və inad nəticəsində əksər bəlgələr
əldə edilib. Bu məqsədlə hər cür məhrumiyyətə
dözülüb, çünki əldə edilən sənədlər
hər bir cəhətdən əhəmiyyətlidir; onlardan
biz bir tərəfdən tələbənin keçdiyi təhsil
yolunu öyrəniriksə, digər tərəfdən
dövrün idarəçilik, vətəndaş-məmur
münasibətlərinin necə olduğunu da anlaya bilirik. Azərbaycan
gənclərinin imperiya mərkəzlərindəki ali məktəblərə
sənəd göndərməsi, bunun üçün bir
öncəki təhsil mərhələsindəki şərtləri
yerinə yetirməyə necə can atmasını görmək
qürurvericidir. Burada zəruri
bir məqamı qeyd edim ki, arxivlərdən sənədlərin
surətini almaq elə də asan olmayıb. Bəzi şəhərlərdə
(məsələn, Sankt-Peterburq və Kiyevdə) sənədlərin
surətlərini arxivin özü çıxararaq sonradan
Bakıya göndəribsə, əksər arxivlərdə
müəllif özü şəxsən öz fotoaparatı
ilə çəkilişlər edib və buna bəzən
günlərcə vaxt sərf edib. Ə.Tahirzadənin mənə
danışdığına görə, Sankt-Peterburq, Kiyev,
Xarkov və Odessa arxivlərində o, bəzən bütün
iş günü boyunca səhərdən axşamadək ayaq
üstündə duraraq qovluqlar dolusu sənədlər
çəkib. Bunun asan iş olduğunu düşünənlər
yanılır. Daim Türkiyə kitabxanalarından fotosurətlər
çəkən biri kimi prosesin necə bir fiziki
yorğunluğa səbəb olduğunu bilirəm...
Burada müəlliflərdən asılı olmayan
başqa bir məsələ də var. Belə ki, 1919-cu ildə
İstanbul Universitetində baş verən bir yanğın nəticəsində
oradakı tələbələrin sənədləri məhv
olub. Azərbaycandan gedən tələbələrin daha
çox oxuduğu Xarkov Unversitetinin arxivi isə 2-ci Dünya
müharibəsi zamanı yanaraq külə dönüb. Buna görə
də bəzi tələbələrin həyat hekayələrini
yazmaq mümkün olmayıb.
Fikrimizi daha çox ölkə xaricindəki arxivlərə
yönəltdik, ancaq onu da unutmayaq ki, kitabda Azərbaycanın
dövlət arxivlərindəki sənədlərdən, eləcə
də tələbələrin sonrakı nəsillərinin ailə
arxivlərindən də gen-bol istifadə edilib. Xüsusən
də Azərbaycan Cümhuriyyəti yıxılaraq sovet rejimi
qurulduqdan sonra repressiyaya məruz qalmış, sürgün
edilmiş tələbələrin ifadələri, onların
son günləri, tələbəlik və məhbəs
dönəmində çəkilmiş fotoşəkillərin
müqayisəsi insanı dəhşətə salır. Tək
məqsədi öz sahəsində mütəxəssis kimi
yetişmək olan bir çox tələbə 1920-ci il
işğalından sonra da vətəninə sədaqətlə
xidmət etsə də, sadəcə ziyalı olduğu
üçün, sadəcə oxumuş türk olduğu
üçün, sadəcə dövrün
tanınmış bir siyasətçisi ilə haradasa
bulunduğu üçün kommunist rejimi tərəfindən
məhv edilib. Bunu da unutmayaq ki, Azərbaycan tarixində xəyanətkar
rol oynamış bəzi şəxslər də alitəhsilli
olduğuna görə kitabda yer alıb. Ensiklopedik soraq
kitabında Çingiz İldırım, Əliheydər
Qarayev kimilərin də bioqrafiyalarının verilməsi bu
baxımdan əhəmiyyətlidir.
Müəlliflər böyük təvazökarlıq
göstərərək əsəri "ensiklopedik-soraq
kitabı" adlandırıblar. Düzdür, elə tələbə
var ki, haqqında yalnız ensiklopedik maddə həcmində məqalə
verilib, ancaq bəziləri haqqındakı yazıdan isə
ayrılıqda çap olunarsa, bir kitabça alınar. Digər
tərəfdən, hər məqalə dövrün
tarixşünaslığı üçün fərqli-fərqli
cığırlar da açmaqdadır. Məsələn, biz
kitabdakı həyat hekayələrini oxuduqca Azərbaycanın
bölgələrində hansı məktəblərin
olduğunu, tələbələrə təqaüd verən
hansı qurumların mövcudluğunu, diplomla qayıdan tələbələrin
əmək fəaliyyətinin mərhələlərini də
öyrənirik. Misal üçün, tələbə Qantəmir
haqqında yazılan məqalədəki cümləni oxuyaq:
"1915-ci ild? Göyçayda yeni açılan
"İqbal" m?kt?bin? t?yinat alıb. 1916-cı ild?
"N?şri-Maarif" C?miyy?tinin Qubada açdığı
m?kt?b? müdir v?zif?sin? gönd?rilib". Ola bilsin ki, müəlliflər
üçün bu bilgilər ana mövzunun alovu
qarşısında qığılcım kimi qalsın, ancaq
şəxsən mənim üçün XIX əsrin sonu - XX
əsrin əvvəllərində başlayan cədidçilik
hərəkatı, yeni tipli məktəblərin tarixinin
öyrənilməsi baxımından bənzərsiz bir
qaynaqdır.
İmperiyanın önəmli mərkəzlərində
təhsil alan tələbələrin bir çoxunun
qarşılaşdığı təlatümlü bir
dönəm var: 1917-ci il Fevral inqilabı. Bu inqilabi dövrdəki
xaos, anarxiya əksər tələbələrin təhsili
yarımçıq qoyub vətənə qayıtmasına səbəb
olub, çünki Rusiya şəhərlərində
yaşamaq onlar üçün mümkünsüz olub. Müəlliflər
haqlı olaraq ali təhsil müəssisəsində qeydiyyata
düşmüş, oranın koridorlarındakı
ab-havanı hiss etmiş, qısa müddət də olsa
oxumuş soydaşlarımızı da əsərə
salıblar. Axı onların təhsilinin yarımçıq
qalması özlərindən asılı
olmamışdı. Məsələn, Üzeyir bəy
Hacıbəylini götürək. Biz sovet dövründə
qardaşına yazdığı məktublardan görəcəyik
ki, böyük vəzifələri icra edən, Azərbaycan
musiqisini ilmə-ilmə toxuyan Üzeyir bəy diplomu
olmadığına görə təəssüf hissi
keçirib, halbuki yarımçıq təhsilli Üzeyir bəy
özünü ta 1908-ci ildən görkəmli bir bəstəkar
kimi təsdiqlətmiş, ali təhsilini tamamlaya bilməsə
də, "Koroğlu" kimi abidə əsər yaradaraq necə
yüksək biliyə sahib olduğunu göstərmişdi.
İnsan mühitinin əsəridir. On cildlik kitabın
ən mühüm cəhətlərindən biri də Azərbaycan
tarixində önəmli rol oynamış şəxsiyyətlərin
dövrün hansı ab-havası içərisində
yetişdiyini göstərməsidir. Məsələn, Əli
bəy Hüseynzadə Sankt-Peterburqdakı hərəkatlanmadan,
oradakı millətçi görüşlərdən təsirlənmiş,
dünyagörüşü bu təsirlər altında
formalaşmış, sonrasında o, məhz oranın
mühitində qazandıqları ilə Osmanlı Türkiyəsində
də bir çox yeniliyə imza atmışdı. Yaxud bəzi
tələbələrin Kiyev kimi şəhərlərdə
tələbə təşkilatı qurması, Azərbaycandakı
siyasi firqə təmsilçisi olması onların gələcəkdə
vətəndə önəmli mövqe tutacağını
göstərirdi. Biz kitabdakı fotolarda bir çox məşhur
şəxsləri yan-yana görəndə bəzən təəccüblənir,
sonradan bir-birinə qarşı da çıxmış
insanların eyni fotoşəkildən bizə
boylanmasını təəccüb edirik. Məsələn,
kitabdakı bir fotoşəkildə Nəsib bəy Yusifbəyli
ilə Nəriman Nərimanovu yanaşı görürük.
İllər sonra biri müstəqil Azərbaycan Cümhuriyyətinin
Baş naziri olacaq, digəri isə həmin Baş nazirə
Rusiyanın təmsilçisi kimi hədələyici məktub
yazaraq onun rəhbərlik etdiyi hökumətin tezliklə
yıxılacağını bildirəcək və
üstünə barmaq silkələyəcəkdi... İndi isə
onlar fotoşəkildən sadəcə arzularının
arxasınca qaçan yüzlərlə gəncdən biridir.
Şəfi bəy Rüstəmbəyli ilə Yusif Vəziri,
Behbud xan Cavanşirlə Xosrov bəy Sultanzadəni və digərlərini
bir arada görmək olduqca həyəcanvericidir... Kim deyərdi
ki, eyni fotoşəkildən boylanan Əlimərdan bəy
Topçubaşı ilə Əli bəy Hüseynzadənin həyatı
necə davam edəcəkdi? Onlardan birincisi saqqallı, gur
saçlı bir universitet tələbəsi ikən illər
sonra böyük və əzəmətli dövlətlərin
siyasət masasında əyləşəcək, Parisin Versal
sarayında Azərbaycanın taleyini həll edəcəkdi.
Çar müəllimlərinin qarşısında imtahan verən
bu tələbə 1919-cu ildə ABŞ prezidenti Vudro Vilsonla
üzbəüz dayanacaq, zəkası ilə onu heyrət
içində qoyacaqdı. İkincisi isə Peterburqdan
İstanbula dönəcək, Türkiyənin taleyini dəyişdirən
"İttihad və Tərəqqi"nin pərdə
arxasındakı siması olacaq, Azərbaycanda siyasi mətbuatın
əsasını qoyaraq xalqına "Həyat" bəxş
edəcəkdi.
Kitabdakı ən əhəmiyyətli məlumatlardan
biri də tələbələrin seçdiyi ixtisaslar
haqqındadır. Tələbələr arasında mühəndislər,
hüquqşünaslar, həkimlərlə yanaşı, Zivər
bəy Əhmədbəyovun timsalında memarlar da olub. Gələcək
cümhuriyyəti quranlar daha çox hüquqşünaslar və
həkimlər idi... Fətəli xan Xoyski, Xəlil bəy Xasməhəmmədli,
Məhəmməd xan Təkəli... kimi
hüquqşünaslarla yanaşı, Azərbaycan Cümhuriyyəti
Məclisi-Məbusanının (Parlamentinin) gerçək sədri
Həsən bəy Ağayev, Bəhram
bəy Axundov, Məhəmmədrza ağa Vəkilov... kimi həkimlər,
Behbud xan Cavanşir, Ağa Aşurov, Xudadad bəy Məlkaslanov...
kimi mühəndislər, Abdulla bəy Əfəndizadə,
Rza bəy Qaraşarlı, Həbib bəy Mahmudbəyli... kimi
müəllimlər vahid amal uğrunda çiyin-çiyinə
mücadilə aparıblar. Burada qısa haşiyə
çıxaraq qeyd edək ki, kitabda təkcə imperiya sərhədləri
daxilindəki universitetlərdə oxuyanlar deyil, Avropanın bir
sıra ölkələrində təhsil alanlara, eləcə
də Şərq ölkələrində ali dini təhsil
alan soydaşlarımıza da yer verilib. Məsələn, Mirzə
Fətəli Axundzadənin oğlu Rəşid bəy
1874-cü ildə ali təhsil almaq üçün
Belçikanın paytaxtı Brüsselə yola
düşüb. Digər bir tələbə Bala bəy
Qocazadə Belçikanın Liej şəhərinə gedib, həyat
daha sonra onu İstanbula gətirib. Şeyxülislam Axund
Ağa Ağaəlizadə, Bakı qazisi Mirməhəmmədkərim
ağa Mircəfərzadə, Azərbaycan Cümhuriyyəti
Parlamentinin üzvü Hacı Səlim Axundzadə... kimi ali
dini təhsilli bir çox ruhanilərimiz də əsərdə
yer alıb.
Kitabın "K-L" hərflərini əhatə edən
4-cü cildində böyük şərqşünas Mirzə
Kazım bəyin törəmələri olan və onun
soyadını daşıyan, ancaq ruslaşmış 7 nəfərin
tərcümeyi-halının Tatarıstan arxivindən əldə
edilmiş sənədlərə əsasən təqdim
olunması da dünyaca tanınmış bu alimin nəsil
şəcərəsinin öyrənilməsi baxımından
çox önəmlidir.
Kitabda diqqət çəkən məsələlərdən
biri də tələbələrin doğulduğu coğrafiya
ilə bağlıdır. Haqqında söz açılan tələbələr
əsasən o zaman çar Rusiyasının tabeliyindəki ərazilərdən
idilər. Azərbaycan xanlıqlarının
işğalından sonra həmin bölgələr müstəmləkə
altında idi, bu səbəbdən müəlliflərin
araşdırma dairəsi bugünkü siyasi coğrafiyanı
deyil, Azərbaycan türklərinin yaşadığı
bütün bölgələri əhatə edib. Buna görə
də tələbələr arasında Qars, Batum, Tiflis kimi
tarixi yurdlarda doğulanlar da vardır. Eləcə də
İrəvandan Bakıya, Lənkərandan Qazaxa qədər,
demək olar ki, ölkəmizin bütün bölgələrindən
çıxmış 713 ziyalı gəncimizin həyatı
ilə tanış oluruq. Bu da müəlliflərin ilk cilddə
sərt tənqid etdiyi bolşeviklərin maarif komissarı
Dadaş Bünyadzadənin Azərbaycanda 1921-ci ilə qədər
cəmi 63 nəfərin ali təhsilli olması
iddiasını bütünlüklə alt-üst etməkdədir.
Deməli, bu 10 cildlik həm də bolşevik yalanlarını
ifşa edən və millətimizin üzərinə
atılmış çirkabı fədakarlıqla təmizləyən
əvəzolunmaz bir tarixi qaynaqdır.
Müəlliflərlə söhbət zamanı həmişə
kitabın 9 cild olacağını, 10-cu cild üzərində
qərar vermədiklərini deyirdilər. Bunun səbəbi
vardı. Çünki onuncu cilddə yer alan tələbələr
Azərbaycanda doğulmasalar da, həyat və fəaliyyətcə
Azərbaycana sıx bağlı türk-müsəlmanlardır.
Doğrudur, həmin cild hələ işıq üzü
görməyib, ancaq müəlliflər başa çatmaqda
olan X cildin bütün materialları ilə bizi lütfkarlıqla
tanış edib, bu üzdən də onun haqqında da ürəklə
danışa bilirəm. X cilddəki ali təhsillilər
arasında qumuq türklərindən Rəşid xan Qaplanov
kimi görkəmli şəxsiyyətlər var. Rəşid
xan Şimali Qafqaz hökumətində nazir idi, parlamentdə təmsil
olunub, daha sonra isə Azərbaycana gələrək maarif,
dini etiqad naziri kimi önəmli vəzifələrdə
çalışıb. Krım türklərindən olan
professor Bəkir Çobanzadə bütün türk
dünyasında ən mötəbər türkoloqlardan biri
kimi tanınır, əsərləri indi də qaynaq kitablar
olaraq qəbul edilir. I Türkoloji qurultay, əlifba
islahatları haqqında mühüm xatirələr
yazmış, türkün nəhəng abidəsi olan
"Divanü lüğət-it-türk" əsərini ərəbcədən
Azərbaycan türkçəsinə çevirmiş (bu,
"Divan"ın dünyada ilk tərcüməsi idi) Xalid Səid
Xocayev, Cümhuriyyətimizin xidmətində dayanmış
Polşa tatarlarından Leon (Arslan) və Olgerd Nayman Mirzə
Kriçinski qardaşları, memar Ömər bəy Abuyev,
tarixçilər (Əbdül) əziz Übeydullin, Cəmil
bəy Aleksandroviç-Nəsifi, Nəcib Xalfin, həkim
Əminə xanım
Batırşina, müəllim Səlimə xanım
Osmanzadə (Yaqubova), hərbçilər Masey (Məhəmməd)
bəy Sulkeviç, Murad Gəray bəy Tlexas,
hüquqşünas İsmayıl bəy Xuramoviç, mühəndislər
Adilgirey Daidbəyov, Vidadi Əmirov, Bahadur Mallaçixan(ov), Məhəmməd
Mollayev, (Məhəmməd) Zübeyir bəy Temirxanov və
başqa şəxslər kitabın sonuncu cildində yer
alıb. Bu önəmli simaların Azərbaycan oxucusuna
tanıdılması onların xidmətləri
qarşısında olan vəfa borcumuzdur. Nə yaxşı
ki müəlliflər X cildin çapında qərarlı
oldular. Hətta söhbətimiz əsnasında bir dəfə
Ədalət bəy Qazan arxivində çalışarkən
tatar tələbələrindən Terequlovların da bəlgələrinin
surətini çıxardığını demişdi,
çünki başqa türk-müsəlmanların sənədləri
ilə qarşılaşdıqda onları kənara atmağa
qıymamışdı.
Bunu da hökmən bildirməliyəm ki,
bugünkü Türk Dünyasında, özəlliklə
keçmiş Sovet İttifaqı coğrafiyasındakı
heç bir müstəqil və muxtar türk respublikasında
sovet işğalınadək oxumuş öz tələbələri
haqqında professorlar Misir Mərdanov və Ədalət
Tahirzadənin ortaya qoyduğu bu möhtəşəm
çoxcildlik kimi əsər yaradılmayıb
(açığı, yaradıla biləcəyinə də
nikbinliklə baxmıram). Bu oncildliyin qardaş cümhuriyyətlərin
araşdırıcıları üçün dəyərli
örnək olacağını düşünürəm.
Əminəm ki, bu əsər müxtəlif elmi
işlərin yazılmasına da təkan verəcək, onlar
üçün ən etibarlı bir qaynaq olacaq. Bu
bioqrafiyalardan yola çıxaraq çarlıq dönəmində
təhsil sisteminin tarixinin araşdırılması, dövlət
bürokratiyasının bu sahə üzrə necə
çalışdığını, ictimai-siyasi zümrələrin
necə formalaşdığını, ali təhsilin
insanların və toplumun həyatında hansı yeniliklərə
yol açdığını öyrənə bilirik.
lll
Kitab 1920-ci ilədək təhsil alan tələbələrimizi
ehtiva edir. Şübhəsiz ki, Azərbaycan türklərinn
ali təhsilə meyli bu tarixdən sonra da güclü olub. Bəzi
tələbələr Sovet Azərbaycanı təqaüdçüsü
olaraq xaricdə təhsil alıb, bəziləri isə
mühacirətdə təhsilini daha da təkmilləşdirib.
Məsələn, Miryaqub Mirmehdizadə, Qasım Qasımzadə
kimi şəxslər 1920-ci ildən sonra da bu dəfə
Parisdə ali təhsilin daha yüksək pilləsinə qədəm
qoyaraq doktor dərəcəsi qazanıblar. Yeri gəlmişkən,
bu cildlərin hər birini oxuduqdan sonra mən də mühacirət
tariximizlə bağlı araşdırmalarım zamanı
mühacir simaların təhsili ilə bağlı mənbələri
əldə etdikcə sevinir, tapıntılarımı müəlliflərlə
bölüşməyə çalışırdım. Məsələn,
bu yaxınlarda mühacir professor Əhməd Cəfəroğlunun
qızının arxivindən Miryaqub bəyin Parisdəki
doktorluq diplomunun surətini əldə etmişdim. Eləcə
də Türkiyə arxivlərində Xosrov bəyin diplomu ilə
bağlı yazışmaların olduğunu üzə çıxarmışdım
(Mənim araşdırmalarımı da bu cildlərdə dəyərləndirmiş
müəlliflərə öz minnətdarlığımı
bildirirəm).
Şübhəsiz ki, sonrakı illərdə də
müxtəlif universitetlərdə təhsil alan tələbələrin
həyat hekayələri yazılmalıdır.
Düşünürəm ki, gələcəkdə tarixi bir
qədər uzadıb 1920-1950-ci illərdə ali təhsil
almış mühacir azərbaycanlıların da tərcümeyi-hallarının
ayrı bir kitabda toplanılmasına ehtiyac vardır. Belə
bir kitabı yazmaq üçün bu on cildlikdə istifadə
olunan üsul və vasitələrdən yetərincə bəhrələnmək
mümkündür.
Professorlar Misir Mərdanov və Ədalət Tahirzadə
Azərbaycanın təhsil tarixi üçün
bahabiçilməz bir qaynağı elmi mühitə təqdim
ediblər. Kitabın birinci cildində layihənin
başlanğıcında çəkilmiş fotoşəkli
görəndə aradan nə qədər zaman keçdiyini, dəyərli
alimlərimizin ömürlərinin ən azı yeddi ilini bu
qiymətli işə həsr etdiklərini görürük.
Bu sətirləri yazarkən bir tərəfdən də
keçmişlə bugünü müqayisə etməyə
çalışıram. Hazırda doktorantura təhsili
aldığım İstanbul Universitetinin Ədəbiyyat
fakültəsinin koridorlarında gəzərkən vaxtilə
Əhməd Cəfəroğlu, Məhəmmədzəki
Dursunzadə və bu kimi onlarca azərbaycanlı tələbənin
bu universitetdə çətin dövrlərdə təhsil
aldığını düşünərək onlarla
bağ qurmağa çalışıram. Digər tərəfdən,
oxuduğum bu Universitetdə bir zamanlar Zeynəl(abdin) Əlizadə
kimi Cümhuriyyət tələbəsi də
çalışıb. Əhməd bəy Ağaoğlu, Adil
xan Ziyadxan kimi şəxsiyyətlərin də ömür
yolu bu divarlar arasında keçib...
Yenidən başlanğıcdakı fikrimə
qayıdıram: "Tarix bioqrafiyalardan ibarətdir". Bir
anlıq düşünsək ki, Fətəli xan Xoyski, Nəsib
bəy Yusifbəyli, Əlimərdan bəy
Topçubaşı, Həsən bəy Ağayev, Xəlil bəy
Xasməhəmmədli, Xosrov bəy Sultanzadə... kimi ali təhsilli
şəxsiyyətlərimiz olmasaydı, Cənubi Qafqaz
türkləri milli cümhuriyyət qura biləcəkdimi? Bu
suala cavab vermək çətin olsa da, tam əminik ki, müsəlman
Şərqində ilk demokratik parlamentli idarəçiliyi
qurmaq məhz bu ali təhsilli aydınlarımızın sayəsində
mümkün olub.
Bir dövləti qoruyan silahlı ordudursa, bir dövləti
yaşadan da ürfan ordularıdır. Hər ali təhsilli
şəxs həmin ordunun bir əsgəri kimi Vətənin və
millətin yolunda xidmət etməkdədir.
Şübhəsiz ki, dəyərli müəlliflərimizin
kitabı haqqında fikir söyləmək həddimiz və səlahiyyətimiz
xaricindəydi. Sadəcə hər cild çıxdıqca,
oradakı bioqrafiyaları oxuduqca düşüncələrimi
bölüşmək hissi, eləcə də müəlliflərə
təşəkkür etmək duyğusu yaranırdı. Tədqiqatla
məşğul olan biri kimi, bu abidə əsərə
görə müəlliflərə ürəkdən minnətdarlığımı
bildirir, ümid edirəm ki, onlar təhsil tariximizin tədqiqi
yolunda bundan sonra da mühüm yeniliklərə imza atacaqlar.
İstanbul-İzmir
10-18 aprel 2025
Dilqəm ƏHMƏD
525-ci qəzet .-2025.- 29 aprel(№72).- S.10-11