Həmrəylik və dostluq
nümayişi
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq
aləmdə mövqeyini daha da möhkəmləndirib.
Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən
etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri
ilə siyasi və iqtisadi əlaqələrinin
inkişafı, əməkdaşlığın daha da
genişləndirilməsi baxımından böyük önəm
daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə
əlaqələrin əhəmiyyəti xüsusilə
vurğulanmalıdır. Çin öz növbəsində
dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb,
həm də Şimal-Cənub nəqliyyat
marşrutlarının kəsişməsində yerləşən
Azərbaycanla əməkdaşlığa böyük diqqət
ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə
arasındakı əlaqələri möhkəmləndirməklə
məhdudlaşmır, həm də regional və qlobal iqtisadi
inteqrasiyanı gücləndirmək üçün
mühüm amildir. Azərbaycanla Çin arasında
münasibətlər min ildən çox əvvəl qədim
İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr
bu günədək davamlı inkişaf edir. İki xalq
arasında tarixi və mədəni əlaqələrin təməli,
qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində
bu münasibətlər daha da möhkəmlənib və hər
iki ölkənin rifahı naminə müxtəlif sahələrdə
inkişaf edib. Azərbaycan ilə Çin arasındakı
diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu
illər ərzində əlaqələr güclənərək,
müxtəlif sahələrdə müştərək əməkdaşlıq
təşəbbüsləri irəliləyib. 1992-ci ilin
avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi
açılıb, 1993-cü ilin sentyabrında isə Azərbaycan
Milli Məclisi Pekində səfirliyin açılması
haqqında qərar qəbul edib.
Azərbaycan-Çin münasibətlərinin
inkişafı Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra daha da sürətlənib. 1994-cü
ildə Ulu öndər Heydər Əliyevin Çinə rəsmi
səfəri zamanı iki ölkə arasında səkkiz
mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində
isə Çin Xalq Respublikasının Baş nazirinin
müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.
Bu səfərlər qarşılıqlı əməkdaşlığın
və dostluğun möhkəmlənməsi baxımından
mühüm əhəmiyyət kəsb edib. Azərbaycan
Prezidenti İlham Əliyev də Çinlə əlaqələrin
inkişafına xüsusi diqqət ayırıb. 2003-cü ildən
sonra dövlətimizin başçısı bir neçə
dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin
dekabrında həyata keçirilən səfər zamanı
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq
Respublikası Hökuməti arasında İpək Yolu
İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə
dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin
əməkdaşlığında mühüm önəm
daşıyır. Son illər ərzində Azərbaycan və
Çin arasındakı əlaqələrdə xüsusi
canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq
Təşkilatının Səmərqənddə keçirilən
Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə
Çin Sədri Si Cinpin arasında keçirilən
görüşdə iki ölkə arasındakı
münasibətlərin gələcək inkişaf istiqamətləri
müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən
isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin
yeni dalğası başlayıb, qarşılıqlı səfərlər
davam edib.
Prezident cənab İlham Əliyevin 2025-ci il aprel
ayında Çinə səfəri çərçivəsində
CGTN (China Global Television Network) telekanalına müsahibəsi də
mühum məqamlarla yadda qaldı. Ölkəmizin
başçısı müsahibəsində Hərtərəfli
Strateji Tərəfdaşlıq Əlaqələrinin
Qurulması Haqqında Birgə Bəyanata toxunaraq
vurğuladı ki, bu sənəddə ikitərəfli əlaqələrin
geniş gündəliyi açıq şəkildə
görünür. Birgə Bəyanatın mahiyyətinin
çox əhəmiyyətli olduğunu söyləyən
Prezident bəyan etdi ki, Azərbaycan öz bölgəsində
bir çox ölkələrlə, eləcə də bəzi
Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq
haqqında bəyanatlar imzalayıb. Lakin Çin ilə Bəyanat
onların daxilində ən güclüsüdür. Məhz
buna görə bu sənədin xüsusi vacibliyi bir daha
göz qarşısındadır. Ölkələrimiz milli
maraqlara aid məsələlərdə həmrəylik və
dostluq nümayiş etdirir. “Vahid Çin” siyasətini qətiyyətlə
dəstəklədiyini bildirən Prezident cənab İlham
Əliyev Tayvanda qeyri-qanuni seçkiləri açıq şəkildə
pisləyən ilk ölkələrdən birinin də Azərbaycan
olduğunu qeyd etdi.
Şanxay Əməkdaşlıq Təşkilatına
daha yaxın olmağın tərəfdarı olduğunu qeyd
edən dövlətimizin başçısı Prezident Si Cin
tərəfindən bu qurumun Zirvə toplantısına dəvət
olunduğunu və bir neçə aydan sonra yenidən
Çinə səfər edəcəyini diqqətə
çatdırdı. Prezident cənab İlham Əliyev qətiyyətlə
bildirdi ki, bu təşkilatla yaxınlığımız həm
təşkilat, həm də Azərbaycan üçün
faydalı olar: “Çinlə strateji tərəfdaş
olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının
çətiri altında əməkdaşlığımız
baxımından bizə bir çox imkanlar açır”.
Çünki Azərbaycan güclü siyasi münasibətlərə
və eyni zamanda nəqliyyat layihələrinə malik Cənubi
Qafqaz ölkəsidir, bu da ŞƏT üçün cəlbedici
məqamdır.
Beləliklə, Prezident İlham Əliyevin Çin
Xalq Respublikasına səfəri, keçirdiyi yüksək səviyyəli
görüşlər, imzalanan sənədlər, səsləndirilən
bəyanatlar onu deməyə əsas verir ki, Çin və Azərbaycan
tərəfdaşlığı yüksələn xətt
üzrə inkişaf edir. İki dövlət
arasındakı iqtisadi-siyasi münasibətlərin
inkişafı həm də qlobal arenada böyük önəm
daşıyır.
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri
525-ci qəzet .-2025.- 29 aprel(¹72).- S.7.