"İlandağ"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Qərbi Kaspi Universitetinin dizayn ixtisası müəllimi
Əsli Abbasovadır. Onunla Xalq rəssamı Arif Əzizin
"İlandağ" əsərindən
danışmışıq.
Arif Möhübəli oğlu Əzizov - Arif Əziz 3
yanvar 1943-cü ildə Bakı şəhərində
dünyaya gəlib. Hələ uşaq yaşlarından rəssamlığa
və dolayısı yolla incəsənətə olan
marağı onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq
Məktəbinə gətirir. Burada 1960-1965-ci illərdə
oxuyur və bitirdikdən sonra o, təhsilini artırmaq
üçün Moskva Ali Bədii-Sənaye Məktəbinin
"Qrafik dizayn" fakültəsinə daxil olur. Bu məktəbin
rəssamın bədii üslubunun formalaşmasında
çox ciddi təsiri olur. Moskvada sözügedən ali təhsil
müəssisəsində 1966-1971-ci illərdə təhsil
alan Arif Əziz yenidən Bakıya gəlir və 1971-ci ildən
bu günə kimi bir zamanlar M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstituti kimi
tanınan, hazırda isə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitet olan ali təhsil müəssisəsində
rəssamlıq üzrə pedaqoji fəaliyyətə
başlayır. Bir müddət, yəni 2004-2008-ci illərdə
Türkiyədə - İstanbuldakı Beykent Universitetində
də pedaqoji fəaliyyət göstərən rəssam
hazırda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti "Rəssamlıq"
fakültəsi "Dekorativ-tətbiqi sənət"
kafedrasının müdiridir.
Arif Əziz bədii fəaliyyəti müddətində
bir sıra rəsmi adlar və titullar alıb. Onlar arasında "Şərəf
Nişanı" ordeni, Əməkdar incəsənət
xadimi, professor və 2018-ci ildə Azərbaycan
Respublikasının Xalq rəssamı adını qeyd edə
bilərik. O, eyni zamanda Dünya Rəssamlıq
Akademiyasının Bakı nümayəndəliyinin rəhbəridir.
- Rəsm Arif Əziz
yaradıcılığının hansı dövrünə
aiddir?
- "İlandağ" tablosu 1992-ci ilə aiddir.
Qarışıq texnikada işlənmiş əsər 60x45
sm ölçülərinə malikdir. Rəssam özü
tez-tez doğma Azərbaycanımızın müxtəlif
guşələrində olur və olduğu yerlərin əsrarəngiz
mənzərələrini özünəməxsus bədii
üslubi formada ərsəyə gətirir. İlandağ da məhz
bu nüanslardan təzahür edən bir nümunədir. Arif
Əziz Naxçıvana gedərkən dağın mənzərəsi
ona təsir edir və bu təsvir nümunəsini ağ
kağıza köçürür.
- Əsərin rəng həlli necədir?
- Adətən dağ təsvirlərini ya daha çox
tünd çalarlı qəhvəyi rəngdə, ya da üzərini
yaşıllıq örtmüş formada görürük.
Ancaq Arif Əziz bu təsvirdə də özünəməxsusluğunu
nümayiş etdirir. O, qəhvəyi ilə yanaşı,
yaşıl, sarı və digər rəng tonlarından
istifadə edərək dağın formasını təzahür
etdirib. Nəticədə olduqca rəngarəng bir təsvir
ortaya çıxıb. Mərkəzi hissədə dağ
olduğuna görə, dağın daha çox diqqət mərkəzində
qalması üçün rəssam onun kənarlarını
açıq rəng tonları ilə tamamlayıb.
Bu nümunədə, eyni zamanda Arif Əzizin rəng
dünyasının nə qədər zəngin və rəngarəng
olduğu gözə çarpır, çünki o,
ilhamını təsvir etdiyi doğma yurdumuzun gözəl
guşələrində yer alan çalarlarından alır.
Onun bu təsvirinə aid kolorit palitrasında milli ruh duyulmaqla
yanaşı parlaq, həyat dolu və inandırıcı
görüntülər mövcuddur. Biz burada rəssamın
heç də gördüyü mənzərəni, yəni təbiətin
rənglərini olduğu kimi kopyalamaqla kifayətləndiyini
görmürük. Arif Əziz istifadə etdiyi rəng
çalarına sirli bir ahəng, poetik bir cazibə bəxş
edir. Elə bu səbəbdəndir ki, onun əsərlərində
rənglər sanki sözə çevrilir, içlərində
gizlənmiş romantik və fəlsəfi dərinliyi təsvir
etməyə müvəffəq olur.
- Kompoziya haqqında nə deyə bilərsiniz?
- Göründüyü kimi, kompozisiya İlandağ
üzərində qurulub. Əsərin kompozisiyasının
tam ətraflı şərhi üçün dağ
haqqında kiçik bir məlumat verim. Azərbaycan
Respublikasının Culfa rayonu ərazisində yerləşən
İlandağ vulkan mənşəli olub 2415 metr
hündürlüyə malikdir. Bu dağın adı türk
dillərində "məskən", "xalq" və
"el" anlamına gələn il/el sözü ilə qədim
türk inancında səcdəgah kimi tanınan Annu
adının birləşməsindən yaranıb və
bütövlükdə "tanrının
yaşadığı yer" mənasını verir. Zirvənin
başqa iki tanınmış adı da var: biri İnandağ
- yəni "İnam dağı", digəri isə
Haçadağ - bu ad zirvənin dar bir keçidlə birləşən
iki hissədən ibarət olduğunu, yəni "ikiyə
bölünmüş dağ" mənasını
daşıyır.
Əfsanəyə əsasən, Nuh peyğəmbərin
gəmisi Gəmiqayadan Ağrı dağına hərəkət
edərkən İlandağın zirvəsinə elə
şiddətlə toxunub ki, dağ ortadan ayrılıb.
Güman edilir ki, bu əfsanə dağın adının
yaranmasında mühüm rol oynayıb. Bu dağın təsviri
bir daha onu sübut edir ki, mövzu baxımından Arif Əziz
rəngkarlığı geniş və rəngarəngdir.
Kompozisiya haqqında onu demək olar ki, burada
reallığın içində bir qeyri-reallıq var.
İlandağın real fotolarında onun əzəməti və
yüksəkliyi bir üçbucaq şəkildə
görünür. Lakin rəssam bu əzəmətin
bucaqlarını xəyali şəkildə artırır və
deyə bilərik ki, əzəmətə yeni bir estetiklik
qatır. Səma və torpaqla səsləşən bu
dağın təsvirində bir-birinə paralel olan iki
ünsürün arasında rabitə xəttini təşkil
edən təbii vasitəni görə bilərik. Onun kökləri
torpağa sıx bağlıdır, amma bununla yanaşı, səmanın
bağrını yaran bir güc də özünü
açıq şəkildə göstərir. Rəssam dinamik
və xaotik xətlərin ahəngindən istifadə edərək
əsərə həzin bir hərəkət bəxş edib.
- Tablo harada saxlanılır?
- Əsər hazırda rəssamın şəxsi
emalatxanasındadır.
- "İlandağ"da Arif Əziz
yaradıcılığına xas hansı xüsusiyyətləri
görürük?
- Rəssamın bədii fəaliyyətə
başladığı dövrdən indiyə kimi ərsəyə
gətirdiyi bütün nümunələrə nəzər
yetirsək, hər birində sirli bir hərəkət görə
bilərik. Kompozisiyada yerləşdirilən hər bir detal
sanki vizual olaraq hərəkətdədir və
tamaşaçının diqqətini öz gedəcəyi yerə
yönəldir. Fərqli cəhətlər isə daha
çox rəng həllində özünü göstərir.
Belə ki, istər sovet dövründə, istərsə də
XX əsrin 90-cı illərində rəssamın əsərlərində
tünd rəng tonlarının üstünlüyünü
müşahidə edirdiksə, indi daha açıq
çalarların yekdilliyini görə bilərik. Heç də
təsadüfi deyil ki, 2019-cu ilin martında Arif Əzizin
Türkiyədə baş tutan "Bəyaz körpü"
adlanan fərdi sərgisində istifadə edilən bəyaz
sözü onun fərdi üslubunda olan dəyişikliyin və
ağ rəngə üstünlük verməsinin göstəricisidir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Burada biz sadəcə adi mənzərə
görmürük. Tabloda Azərbaycan təbiətinin şah əsərlərindən
biri yer alıb. Rəssam mənzərəsində məhz bu
hissəni seçməklə doğma yurdumuzun təbiətinə
qarşı diqqəti artırmağa çağırır.
Həqiqətən də bir-birindən gözəl təbiət
abidələrimizin qorunması olduqca aktualdır və hər
bir vətəndaşımız təbiətimizə
qarşı xüsusi olaraq həssas yanaşmalıdır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.-30 aprel(№73).- S.14.