QARDAŞLAR ARASINDA BİRİNCİ
Tarixi dəyişmək mümkün deyil. O cür
yaşanıb, o cür keçib. Ancaq əlbəttə ki,
tarixi təhrif etməyə maillik də var, olmuşları
olduğu təhər deyil, başqa sayaq qələmə vermək
mümkündür və belə cəhdlər də həmişə
olub. Təzə zaman içərisində keçmişi
olduğu kimi deyil, ona sərf edən tərzdə göstərməyə
can atanlar da az olmayıb, belə etməyə yönəldən
siyasətlər də.
Doğrudur, vaxt gec-tez bir çox həqiqətləri
yerinə qoyur, uyduranları və uydurmaları zamanın
zibilliyinə tolazlayır. Ancaq yalanın, düz olmayanın
ayaq tutub yeridiyinə, şahidlər, sübutlar aradan gedəndən
sonra elə əsl gerçək kimi qəbul etdirildiyinə və
edildiyinə də az şahid kəsilməmişik.
İkinci Dünya müharibəsinin, bizim də
qatıldığımız və SSRİ var olduqca
"Böyük Vətən müharibəsi"
adlandırılmış 1941-1945-ci illər davasının
bitməsindən artıq 80 il keçir, o hadisələrin ən
qocaman iştirakçıları bir yana, bir müddət
sonra heç həmin illərin nələrisə
xatırlayan uşaqlarından da əsər-əlamət
qalmayacaq. Onsuz da, Sovet İttifaqının süqutundan,
sosialist düşərgəsinin dağılıb
parçalanmasından sonra yeni zaman və təzə siyasi
baxışlar dünəndəki çox başverənlərə
münasibəti və qiymətverməni də bir sıra
hallarda tam köklü dəyişib. Bu da ola bilər ki, onillər
sovuşandan sonra bu dəyişmiş baxışların
özü də bir daha təftiş edilərək dəyişsin.
Ona görə də gərək ən fərqli zamanlarda və
ən müxtəlif siyasi mühitlərdə dünənə
qiymətlərin ədalətli olmasından ötrü
başverənlər olduğu kimi yazıla və
ötürülə. Son qiymətsə yenə tarixlikdir...
Mehdi Hüseynzadənin qəhrəmanlıq hekayəti
xalq arasında açıq elan ediləndən, onun
haqqında məqalələr, kitablar yazılandan, "Uzaq
sahillərdə" filmi yayılandan sonra keçmiş
partizan yoldaşlarından - həm bizdə, həm ovaxtkı
Yuqoslaviyada, həm də Rusiyadakı partizan, hərbçi
silahdaşlarının sağ qalanlarından - hər biri yeni
təfərrüatları ictimailəşdirməyə
çalışmış, bu haqda ayrı-ayrı
görüşlərdə, tədbirlərdə
çıxışlar etmiş, qəzetlərə
müsahibələr vermiş, Mixaylonun ailəsinə xəbərlər
çatdırmışdılar. Ancaq bircə Mirdaməd
Seyidov (1922-2012) adətən təvazökarlığı ilə
seçilən digər keçmiş partizanlardan fərqli
olaraq, qəhrəman kimi şöhrətlənmək
sevdasına düşmüş, məqalələr dərc
etdirərək, cürbəcür müsahibələr verərək,
çıxışlar edərək söyləmişdi ki, əslində
Mehdi Hüseynzadənin qəhrəmanlıqları kimi
söylənənləri edən o imiş, Mehdi onun tabeliyindəki
əsgərmiş və başqa belə-belə söhbətlər.
Zamanında hadisələrin içində olanlar ləngimədən
onun dolğun, tutarlı və əsaslı-sübutlu cavabını veriblər. Bəlkə
elə buna görə daha köhnə palan içi eşməmək,
bir daha o xoşagəlməz dedi-qoduları xatırlamamaq
olardı. Lakin Mirdaməd Seyidovun yazdıqları da, ona
verilmiş cavablar da ayrı-ayrı qəzetlərin,
kitabların səhifələrində qalır. Sabah o əvvəlki
yazılar onlara daha sonra verilmiş cavablardan ayrı kimlərinsə
qarşısına çıxar, kimsə cavablardan və əsl
həqiqətlərdən xəbərsiz qalaraq bunları
oxuyub inanar da, yaxud artıq Mehdi Hüseynzadə ilə
bağlı bilinənlərə tərəddüdlə
yanaşanlar da tapılar. Yazılanlar öz yerində, amma iki
sənədli-publisistik film də var axı. İstedadlı və
təəssübkeş rejissor dostumuz Tahir Əliyev 2008-ci ildə
Mehdi Hüseynzadə haqda publisistik "Təxəllüsü
"Mixaylo" filmini çəkmişdi, lakin 2011-ci ildə
Mirdaməd Seyidovun taleyindən bəhs edən
"Unudulmuş partizan"ı da ekrana çıxardı.
Doğrudur, Seyidov haqqında filmdə rejissor əlavə heç
bir mətnə yer verməyib, Mirdamədin xidmətlərini nə
şəkildəsə qiymətləndirmək təşəbbüsü
etməyib, sadəcə onu danışdırıb, xronika
yaradıb. Fəqət orada danışdıqlarının
hamısında reallıqda baş verənlər arasında
ziddiyyət var. O özünü yenə cəsur bir partizan kimi
təqdim edir. Bir sıra məqamlarda Mehdidən də
üstün. Yaxşı, bilənlər bilir, mötəbər
mənbələr də təsdiqləyir ki, həqiqət
deyil, Mirdamədin öz xəyallarıdır. Lakin film var və
qalacaq axı.
Axı bu filmi görüb Mirdamədin əvvəllər
söyləyib-yazdığı heç də doğru
olmayanları oxuyanlar çaşa, yanıla, öz aləmində
elə bu adamın hər dediyinin düzgün olması qənaətinə
də gələ bilər. Odur ki, Mixaylonun sərgüzəştli
ömründən bəhs edən hekayətimdə bu incə
mətləblə də bağlı danılmaz olanları bir
daha yerli-yataqlı ortaya qoymağın yeri var.
Mehdinin bacısı qızı Gülarə xanım
danışırdı ki, 1956-cı ilin mayında SSRİ-nin
bir nömrəli qəzeti "Pravda"da Qriqori Jilyayevin
"Yoldaş Mixaylo" adlı məqaləsi dərc edildi,
həmin ilin noyabrında isə o keçmiş partizan
Bakıya gəldi, evimizdə qonaq oldu.
Jilyayev həmin gəlişində Mehdinin
bacılarına qəhrəmana həsr etdiyi şeirin əlyazmasını
da bağışlamışdı:
Doğma yurdu Mehdinin
Çiçəkli Azərbaycan,
Məni bir övlad kimi
Qarşıladı mehriban.
Mehdi! Unutmaram mən
Ömrüm boyu bu adı.
Ona candan əzizdi
Milyonların həyatı.
Dayanıb düşündükcə
Ötən hər ayı, ili,
Canlanır gözlərimdə
Qəhrəmanın heykəli.
...Hər çətin tapşırığa
Mehdi: "Mən gedim! - deyir,
- Ağlatmaqdır düşməni
Diləyim, əhdim", - deyir.
Gülarə xanım görüşlərimizdən
birində mənə "Dutaə Slava"
("Şişirdilmiş şöhrət") adlı bir məqalə
də gətirmişdi. Makinada çap olunmuş və 1969-cu
il may ayının 4-ü tarixi ilə imzalanmış bu məqalənin
də müəllifi vaxtilə Yuqoslaviyadakı sovet partizan zərbə
briqadasının komissarı olmuş Qriqori Aleksandroviç
Jilyayev (1926-2010) idi. Sən demə, Jilyayev o vaxt həmin məktubu
bütün qəzet-jurnal redaksiyalarına, müharibə
veteranları təşkilatlarına, əlaqədar qurumlara
yollayıbmış. Ancaq Gülarə xanımın mənə
göstərdiyi həmin yazının altında bu sözlərin
həqiqət olduğunu təsdiqləyən başqa
keçmiş partizanların da imzaları vardı.
Bu etiraz və təkzib məqaləsi isə təsadüfən
ortaya çıxmamışdı. Çünki 1950-ci illərin
sonlarından etibarən Azərbaycanda Mirdaməd Seyidov Mehdi
Hüseynzadənin bir çox şücaətlərini mənimsəməkdə,
yaxud Mehdi Hüseynzadənin qatıldığı əməliyyatlarda
özünün əsas sima olduğunu söyləməkdə
davam etsə və keçmiş partizanlardan bunun əksini
söyləyənlər çox olsa da, nəhayətdə
Mirdaməd Seyidov çevrəni bir az da genişləndirmişdi.
Onun rəvayətləri əsasında Azərbaycandan kənarlarda
da məqalələr dərc edilmişdi. 1964-cü il may
aynın 19-da Sovet İttifaqının ikinci aparıcı qəzeti
"İzvestiya"da Vladislav Stepanovun "İvan Russkiy"
adlı yazısı çap olunmuş, bundan bir qədər
sonra isə - 1967-ci il noyabrın 12-də "Sovetskiy
sport" qəzetində əslən bakılı olan Aleksandr
Kiknadzenin (1923-2002) "Kak jiznğ, Mirdamat?" ("Necə
yaşayırsan, Mirdaməd?") adlı məqaləsi
çıxmışdı. Bu yazılarda Mirdaməd Seyidov
sadəcə qəhrəman kimi təqdim edilmir, həm də
Mehdi Hüseynzadənin adıyla bağlı şücaətlər
ona şamil edilirdi. Lakin iş bununla da bitmirdi. Daha ciddi
çaşdırıcılığın bünövrəsi
bir az da əvvəl qoyulmuşdu. 1962-ci ildə Sovet
İttifaqının nüfuzlu "QosPolitİzdat" -
Dövlət Siyasi Ədəbiyyat Nəşriyyatında
çıxmış "O çem ne qovorilosğ v svodkax.
Vospominaniə uçastnikov dvijeniə Soprotivleniə" -
"Hesabatlarda nədən danışılmırdı?
Müqavimət hərəkatı
içtirakçılarının xatirələri"
toplusunda Mirdaməd Seyidovun da öz "qəhrəmanlıqlarından"
bəhs edən yazısı yer almışdı. Həmin
toplu isə günündə yetərincə populyar olmuşdu
və hətta fikir verirəm ki, indiyədək ara-sıra
müxtəlif yazılarda istinad edilməkdədir.
Dövr elə dövr idi ki, müharibə
veteranlarına hörmət böyükdü, onları hər
yerdə sayğı ilə qarşılayır,
çıxışlarını diqqətlə dinləyir, dərc
edilən xatirələrini maraqla izləyirdilər. Ancaq
ovçular öz şikar macəralarını
danışarkən hərdən hap-gopsuz keçmədiyi
kimi, burada da şişirtmələrsiz, özünütərifsiz
keçmirdi. Lakin bəzən də elə olurdu ki, xatirələrdəki
sərbəstliklər ciddi əyintilərə, kimlərinsə
xidmətlərinin azaldılmasına, ya unutdurulmasına gətirib
çıxarırdı ki, bu, artıq tarixin kobud təhrifi
deməkdi.
Hələ şahidlərin əksəri sağkən
belə riyakarlıqlardan çəkinməyənlərin
başıpozuqluqlarına dözməyənlərdən biri
də köhnə partizan Qriqori Jilyayev olmuşdu. Əslən
Moskva ətrafındakı Lyubersidən olan bu sədaqətli
insan yaşca Mehdidən də kiçik idi. 1941-ci ildə dava
başlananda cəbhəyə getməyi çox arzulasa da,
yaşının azlığından onu əsgər
aparmamışdılar. Almanlar Smolenski alanda əsir
götürülənlər arasında bu gənc də
varmış. Onu Avstriyadakı həbs düşərgəsinə
aparırlar, lakin çox keçmədən Qriqori də bir
neçə sovet zabitinə qoşularaq həbs düşərgəsindən
qaçmağa müvəffəq olur, əvvəlcə
İtaliyaya gedir, oradan da Yuqoslaviyaya keçərək
partizanlara qoşulur.
"Russkiy batalyon"un komissarı olmuş, Mehdi və
digər azərbaycanlı partizanlarla dostluq etmiş,
özünün yazmasınca, hətta həmin vaxtlar onlardan
Azərbaycan dilini öyrənməyə başlamış
Qriqori Jilyayev gündəlik aparırmış (təsdiqləyir
ki, müharibədən sonra həmin gündəlikləri
Moskvadakı SSRİ Silahlı Qüvvələr Muzeyinin
arxivinə təhvil verib) və illər sonra həmin qısa
yaddaşlar alovlu illər haqqında xatirələrini qələmə
alarkən dadına çox yetmişdi.
Onun həmin hadisələrdən bəhs edən
"Zapiski partizana" - "Partizanın qeydləri"
adlı kitabı hələ 1957-ci ildə Bakıda nəşr
edilmişdi.
Ancaq 1969-cu ildə Qriqori Jilyayevin bir də qələm
götürərək həmin mövzuya qayıtması
abırsızca yalan yayan yazılara daha səbir gətirə
bilməməsi ucbatından, bir də keçmiş partizan
dostlarının təkidi ilə olmuşdu. Bəs deyincə
sərt müraciətindəki
kəskinlik və hiddət söhbətin artıq şərəf
və ləyaqətdən getməsi, tarixi həqiqətləri
və keçmiş partizan dostlarının xatirəsini,
haqqını qorumaq zəruriyyəti ilə bağlı idi.
Nə yaxşı ki, o da, Cavad Həkimli də, bir
çox başqaları da zamanında bu yazıları
hazırlayaraq dərc etdirmiş, yaymış və
yalanın dərin rişələr atmamasına öz
töhfələrini vermişdilər.
Jilyayev yazısını birbaşa Mirdaməd Seyidova
müraciətlə başlayırdı ki, "Siz hər yerdə,
həm də müxtəlif variantlarda təsdiq edirsiniz ki,
Mehdi Hüseynzadənin həyata keçirdiyi bir sıra təxribatlarda
iştirak etmiş, o cümlədən, Triyestdə,
Obçinada 1944-cü il aprelin 2-də seans zamanı faşist
hərbiçilərinin toplaşdığı
kinoteatrın, 1944-cü il aprelin 22-də Triyestdə Via Geqa hərbi
klubu "Döyçesoldatenheym"in
partladılmasını Mixaylo ilə birgə yerinə
yetirmisiniz. Yeri gəlmişkən qeyd etmək istərdim ki,
siz həm də hər yerdə təsdiqləyirsiniz ki, bu
çox yaxşı məlum olan əməliyyatlarda siz az qala
baş rolu oynamısınız. Ancaq mənim
topladığım məlumatlar əsasında cəsarətlə
bildirirəm ki, siz bu əməliyyatların heç birində
Mehdi Hüseynzadə ilə birlikdə iştirak etməmisiniz.
Bunun əyani sübutları yuqoslav mənbələridir".
Və Qriqori Jilyayev müharibə dövrünə
aid bir çox mötəbər və inkaredilməz yuqoslav mənbələrini
sadalayırdı. Gözüylə gördükləri, şəxsən
şahidi olduqları öz yerində, amma Jilyayev birbaşa elə
məxəzlərə söykənirdi ki, hər hansı
xatirədən fərqli olaraq, bunların həqiqiliyini
heç kəs şübhə altına ala bilməzdi.
Sabiq komissar kinoteatr və hərbi klubun
partladılması ilə əlaqədar vaxtilə Yuqoslaviyada
çıxmış "Borba" qəzetinin 1955-ci il 5-6 iyun
saylarındakı "Triyestdə iki aksiya" adlı məqaləni
yada salırdı, slovenlərin partizan qəzetinə əsaslanırdı, Lyublyanadakı Fəhlə və
İnqilabi Hərəkatlar İnstitutunun arxivində saxlanan sənədə,
"1941-1945-ci illər Yuqoslaviyada xalq azadlıq müharibəsi
haqqında sənədlər və məlumatlar" adlı
çoxcildliyə, 1964-cü ildə Lyublyanada "Borets"
("Mübariz") nəşriyyatında sloven dilində nəşr
edilmiş "İvan Qradnik" 3-cü Zərbə
briqadasının qərargah rəisi Stanko Petelinin (1924-1984)
müəllifliyi ilə nəşr edilmiş "Triqlavdan
Triyestə qədər (31-ci diviziyanın tarixi)" adlı sənədli
xronikaya istinad edirdi. Bunları ona görə
xatırladıram ki, Jilyayevin hər müddəasının
daşdankeçərliyi aşkar duyulsun.
O vurğulayırdı ki, bu son xronikada hətta
Mixaylonun hünərləri, keçirdiyi əməliyyatlar
haqdakı digər məlumatlarla yanaşı "İvan
Qradnik" briqadasının birinci batalyonunun "Əks-səda"
adlı partizan divar qəzetində Mixaylonun Triyestdə hərbi
klubda törətdiyi partlayış haqqındakı yazıya
istinad var.
Jilyayev bunu da yazırdı ki, gətirdiyi mənbələrdə
Mehdi Hüseynzadənin az bilinən digər vacib hünərlərindən
də söhbət açılır.
Jilyayev davam edirdi ki, "sadaladığım yuqoslav mənbələrində,
eləcə də digər qaynaqlarda kinoteatrda və hərbi
klubda törədilmiş partlayışların birbaşa
Mehdi Hüseynzadə-Mixaylonun xidməti olduğu qeyd olunur və
heç bir yerdə sizin - Mirdaməd
Seyidovun adı çəkilmir. Mehdi Hüseynzadənin
apardığı əməliyyatların heç birində
sizin iştirak etməməniz haqqında mənə
Yuqoslaviyadakı partizan hərəkatından
tanıdığım dostlarım - Cavad Həkimov, Ənvər
Məmmədov, Hüseyn Hüseynov, Süleyman Ələkbərov,
Qədir İsgəndərov, Rza Orucov, Cabbar Əliyev də
yazmışlar. Bunu digər keçmiş partizanlar - Nikolay
Yakunin, Mixail Ajibeqaşvili, Beysen Raisov, Anatoli Dyaçenko,
Xartsxa Badmeyev, Anatoli Şanov və bir çox başqaları
da təsdiqləyir. Onlardan bəziləri sizin
haqqınızda yazılan oçerkləri və sizin
özünüzün yazdığınız "qəhrəmanlıqlarınız"
haqqında sicilləmələri oxumuş, son dərəcə
qəzəblənmiş, başqalarının xidmətlərini,
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə-Mixaylonun
şöhrətini mənimsəmək cəhdlərinizdən
çox hiddətlənmişlər. Sual olunur: Mirdaməd
Seyidov, nəyə görə siz 1956-cı ilə qədər
susmuş və öz qəhrəmanlıqlarınız
haqqında danışmamısınız? Nəyə görə
heç bir partizan təxribat qrupunun qalan fotolarında siz
Mixaylo, Frits, Tağı Əliyev, Ənvər Məmmədovla
yanaşı deyilsiniz? Ümumən, siz 1944-cü ilin
mayına qədər harada olmusunuz?"
Qriqori Jilyayev bunları ritorik suallar kimi vermirdi. Bu
sualları qoyurdusa, onların çox kəskin və faktlara əsaslanan
cavablarını da verirdi.
Ancaq burada bir məqama da diqqət yetirmək
lazımdır.
Bu doğrudur ki, 1956-cı ilə qədər Mirdaməd
Seyidovun partizanlıq dövrünün təfərrüatları
ilə bağlı nə bir çıxışı, nə
bir xatirə bölüşümü olmuşdu. Həmçinin
də partizan hərəkatına əsirlikdən qaçaraq
qoşulmuşların heç birinin.
İlk səbəb siyasi qorxu, necə, hansı şəraitdə
baş verməsindən asılı olmayaraq dava vaxtı alman əsirliyinə
düşmənin dövlət nəzərində xəyanət
sayılması idi.
Mehdi Hüseynzadənin igidlik tarixçəsinin
araşdırılması ilə əlaqədar Kremldən
göstəriş gələndən sonra DTK xətti ilə
müsbət istiqamətli təhqiqatlar aparılıb bəraət
sənədləri hazırlanarkən, Mehdi Hüseynzadə hətta
hələ Sovet İttifaqı Qəhrəmanı elan edilməzdən
qabaq mətbuatda silsilə yazılarda cəsur
döyüşçü kimi təqdim edilməyə
başlayandan sonra əslində İkinci Dünya müharibəsi
dövründə alman əsirliyində olmuş bir çox
başqa insanların taleyində də tam yeni mərhələnin
başlanğıcına təkan verilmiş oldu.
Çünki o vaxta qədər ucdantutma hərbi əsirlikdə
olmuşların hamısına yalnız qara eynəklə
baxılırdı. Bundan sonra isə yalnız Azərbaycanda
deyil, başqa respublikalarda da əsirlikdən qurtularaq
partizanlığa qoşulmuşların arasında cəsurlar
axtarışı başlandı. Yaxud ən azı belə
insanların hamısına ümumilikdə vətən xaini
kimi baxmamaq xətti yürüdüldü. Zənnimcə,
bunun sayəsində Qulubəyov da, Həkimli də, Ənvər
Məmmədov da və digər keçmiş qorxmaz partizanlar
da asta-asta həm mətbuat səhifələrində
görünməyə və eşidilməyə, həm də
artıq açıq şəkildə təqdirli sözlərlə
xatırlanmağa başlandılar.
Belə insanlar hürkü ilə yaşamaq mərhələsini
arxada qoydular, onların həm şəxsi həyatında, həm
də karyerasında bir çox maneələr aradan getdi. Ancaq
bu gedişatda kəmfürsətlər də ortaya
çıxdı ki, girəvə düşmüşkən
özlərindən qəhrəman yapmaq sevdasına uydular.
Mirdaməd Seyidov da həmin hadisələr barədə
açıq şəkildə ilk dəfə yalnız
1956-cı ildə DTK tərəfindən dəvət edilərək
Mehdi Hüseynzadə ilə bağlı müəyyən ifadələr
alınarkən söyləmişdi. Ancaq Mehdi Hüseynzadə
ilə bağlı Dövlət Təhlükəsizlik Komitəsinin
əməliyyat müvəkkillərinə ifadə verərkən
o da, eyni məqsədlə dəvət edilib dindirilən digərləri
kimi, sual-cavabların gedişindən bu
araşdırmaların Mehdi Hüseynzadənin quyusunu bir az da
dərin qazmaqçün yox, Mixaylonu qəhrəman kimi ortaya
çıxarmaq məqsədilə
aparıldığını hiss etmişdi. Dərhal da
şirniklənmiş, rola girmiş, hələ ilk dəfə
elə o dindirmələrdə hər epizodda özünün
də varlığını qabartmağa
çalışmışdı. Elə bu üzdəndir ki,
DTK arxivindəki Mehdi Hüseynzadəyə aid bəraət
yönümlü dindirmə protokollarında Mirdaməd
Seyidovun yalnız öz dediklərinə əsasən onun da
adı cəsur partizanlardan biri kimi əksini tapır. Lakin bu,
yalnız həmin protokollardadır. Qriqori Jilyayev kimi canlı
şahidlərin və onların əsaslandığı mənbələrin
dedikləri isə tamam başqa lövhəni təqdim edir.
Jilyayev kinayə ilə yazırdı ki, "siz şöhrətə
çatmaq yolunda həqiqətən bir partizan kimi, kəşfiyyatçı
kimi ardıcıl və inadkar səy göstərmisiniz. Siz hətta
o həddə çatmısınız ki, guya Mehdinin "Uzaq
sahillərdə" filmində təsvir olunan silahdaşı
Vaselinin də siz olduğunuzu iddia etmisiniz. Əslində isə
aydın məsələdir ki, Vaselin sadəcə İmran
Qasımov və Həsən Seydibəylinin təxəyyülünün
məhsulu olan ədəbi obrazdır. Siz səylərinizdə
o qədər inadkar olmusunuz ki, hətta gedib Yuqoslaviya xarici
işlər nazirinin müavini Duşan Kvederin (1915-1966 - R.H.) qəbulunadək
dürtülə bilmisiniz və özünüzün guya
"İvan Russki" ləqəbli sabiq partizan olduğunuzu
iddia etmisiniz.
Qeyd etmək lazımdır ki, sizin bu təxribatınız
da baş tutmuşdur. Siz "Hesabatlarda nədən
danışılmırdı?" adlı kitabdakı məqalənizdə
yazırsınız ki, guya 1944-cü ilin martında sizinlə
podpolkovnik Duşan Kveder məşğələlər
aparırmış. Nəzərinizə çatdırmaq istərdik
ki, Duşan Kveder-Tomaj 1943-cü ildən ta müharibənin
axırına qədər Sloveniyanın Xalq Azadlıq
qoşunları və partizan dəstələrin baş qərargahının
dəyişilməz rəisi olmuşdur.
...O qədər məşğulkən Duşan Kveder
sizi nə görüb, nə də haqqınızda eşidib.
Mərhum Duşan Kveder-Tomaj, bütün başqa yuqoslavlar
kimi, sovet adamlarını sevir və onlara hörmət bəsləyirdi,
təbii ki, bu səbəbdən siz onun qəbuluna gedərkən
xoş üzlə qarşılamışdı".
Mirdaməd Seyidov oralara əbəs yerə gedib
çıxmamışdı. O dövr idi ki, müharibə
veteranları, keçmiş partizanlar faşizm üzərində
qələbənin hər növbəti ildönümündə
səxavətlə müxtəlif medallarla təltif olunurdular.
Mirdaməd Seyidov artıq Yuqoslaviyanın xarici işlər
nazirinin müavini olan şəxsin qəbuluna gedib
düşmüşdü, keçmiş partizan olduğunu
demişdi, yəqin, burada olduğu kimi, orada da məlum əməliyyatlarda
öz şücaətləri barədə
basıb-bağlamışdı. Partizan olması barədə
dediyi də həqiqətdi, haqqında bəhs etdiyi əməliyyatlar
da məşhur idi və onlar barədə, söz yox,
Duşan Kveder də eşitmişdi. Odur ki, mehriban
qarşıladığı, söhbətlərini dinlədiyi
azərbaycanlı qonaqdan səlahiyyətləri, imkanları
çərçivəsində iltifatını da əsirgəməmiş,
onun adını müharibə
iştirakçılarının növbəti təltifi
siyahısına daxil etmişdi.
Mirdaməd Seyidovun digər uydurduqlarından fərqli
olaraq, məhz bu gəlişin onun məharətlə
gerçəkləşdirdiyi əməliyyat olduğunu yazan
Jilyayev rişxənd edirdi: "Beləliklə, sizin təxribatınız
baş tutur. Qarşınızda semafor açılır və
siz karyera dalınca karyera, mükafat ardınca mükafat
yolunda çovumağa başlayırsınız. Bundan sonra
siz Sovet Müharibə Veteranları Komitəsinə mütəmadi
gedib-gələnlərdən birinə çevrilir, qəzetlərə,
radiolara, nəşriyyatlara vaxtaşırı mütəmadi
qonaq olursunuz və uzun sözün qısası, hörmətli
adama çevrilirsiniz. Necə deyərlər, batdaqlıqdan
knyazlığa...
...Amma siz daha çoxunun həvəsinə
düşürsünüz. Sizin yuxunuza hətta Sovet
İttifaqı Qəhrəmanının Qızıl Ulduzu girməyə
başlayır. Və siz bütün üsullarla onu əldə
etmək qərarına gəlirsiniz".
Jilyayev sual verirdi: "Özünüz
düşünün, siz hara, qəhrəmanlıq hara? Siz əsir
düşəndən sonra alman forması geyinmiş və əlinizdə
silah sədaqətlə 162-ci Türkistan diviziyasının
314-cü polkunda general Nidermayerin komandanlığı
altında xidmət etmisiniz. İtaliyanın
kapitulyasiyasından sonra, xüsusilə 1943-cü ilin
noyabrında Sloveniyadakı sovet partizanları tərəfindən
dəfələrlə 314-cü polkla əlaqədar müəyyən
işlər aparılmışdı. Legionçulara dəfələrlə
vərəqələr vasitəsilə müraciət
edilmişdi ki, onlar dağlara çəkilsinlər. Və o
Legiondan bir çox dərrakəli yoldaşlar gələrək
bizə qoşuldular. Amma siz tələsmədiniz, siz gözləyirdiniz.
Yalnız 1944-cü ilin fevralında, nəhayət ki, 9-cu
korpusun 31-ci diviziyası yanındakı "İvan
Qradnik" 3-cü partizan briqadasına gəldiniz. Və siz
Cavad Həkimovun komandirliyi altındakı "Ruska
çeta"da sanitar təyin edildiniz. 1944-cü ilin
mayında isə vəziyyətin çətinliyini görərək
siz döyüş yoldaşlarınızı tərk etdiniz,
Triyest altında Monripuno (Rippentabor) deyilən yerdə
özünüzə rahat bir guşə tapdınız, orada
Covanni Skabara adı ilə italyan vətəndaşı kimi
rahatca yaşadınız. Və orada rahat yeyib-içdiyiniz, təhlükələrdən
uzaq günlər keçirdiyiniz vaxtlarda sizin keçmiş
döyüş yoldaşlarınız atəşlər
altında mübarizələr aparırdılar. Diversant-kəşfiyyatçı
partizanların arasında Mehdi Hüseynzadə ilə sizin
şəkliniz ona görə yoxdur ki, siz nə kəşfiyyatçı,
nə də təxribatçı olmusunuz. Siz şöhrətindən
özünüzə pay götürmək istədiyiniz
Mixaylonun dəfnində də, əlbəttə ki, iştirak
etməmisiniz. Bu isə 1944-cü il noyabrın 14-də
Çepovanda olmuşdu. O vaxt siz 1944-cü ilin avqustundan
artıq Almaniyada idiniz. Beləliklə, sizin partizan
"odisseyanız" çox qısa
sürmüşdür. Bütün bunlardan sonra siz
özünüzü necə qəhrəman adlandıra bilərsiniz?
Siz Yuqoslaviyaya - Triyestə bir də yalnız 1967-ci ilin
payızında gedib çıxa bildiniz. Özü də bu dəfə
artıq Triyesti azad edənlərin beynəlxalq
toplanışının fəxri qonağı kimi.
Allah haqqı, gülməlidir. Axı siz haranın xilaskarısınız?
Səbəbsiz deyil ki, Cavad Həkimov məktubunda sizi
"avantürist" adlandırır. Həmin sözə isə
"karyerist" və "saxtakar" kəlmələrini də
əlavə eləmək lazımdır. Triyesti 1945-ci ilin
mayında sizin keçmiş döyüşçü
yoldaşlar azad ediblər. Onlardan bir çoxu, o cümlədən
Ənvər Məmmədov yaralanmış, bir
çoxlarına isə Qələbə gününü
görmək qismət
olmadı. Sizə elə gəlmirmi ki, Mirdaməd Seyidov,
başqasının şöhrətinin ardınca düşməyiniz,
Mixaylonun qəhrəmanlıq şərəfini mənimsəməyə
çalışmağınız küfrdür?"
Yazısını Qriqori Jilyayev belə
tamamlayırdı: "Yalnız təəccüb etmək
qalır ki, siz bir hipnozçu kimi 10 il müddətində necə
olub ki, sadədil insanların hamısını, qəzet
müxbirlərini və müxtəlif sovet müəssisələrinin
işçilərini, eləcə də sovet adamlarını
aldada bilmisiniz. İnanmaq istərdik ki, sizin hərəkətləriniz
lazımınca araşdırılacaq və layiqli qiymət də
veriləcəkdir".
Qriqori Jilyayevin yazdığı və bir çox
başqa partizanların da imzaladığı bu
"Şişirdilmiş şöhrət"
yazısındakı iradlara 1969-cu ildən ömrünün
sonunadək olan müddətdə Mirdaməd Seyidov heç
bir mətbuat orqanında hər hansı cavab verə bilmədi.
Əlbəttə, belə faktların qarşısında
hansısa ağlabatan cavab tapmaq da müşkül idi.
Qondarma qəhrəman Mirdaməd Seyidov qurduğu saxta
ömür ssenarisinin hesabına tək tərifli məqalələri,
haqq etmədiyi təltifləri qazanmamışdı, hətta
milis rəisi vəzifəsinədək yüksələ
bilmişdi.
Ancaq köhnə partizanlar yaşayırdılar və
qəlp şöhrəti müdam onun burnundan gətirirdilər.
İtaliyadakı Müqavimət hərəkatının
qəhrəmanlarından olmuş, İtaliyanın
"Qızıl ulduz" medalı və "Şərəf
nişanı" ordenlərinə layiq görülmüş
Məmməd Bağırov xatırlayırdı ki, "1957-ci
ildə "Uzaq sahillərdə" filmi çəkilərkən
keçmiş partizan kimi məni də məsləhət
üçün dəvət etmişdilər. Orada filmə məsləhətçilər
kimi dəvət edilmiş daha iki nəfərlə - professor
Qaraş Mədətovla (1928-1993) və həmin Mirdaməd
Seyidovla rastlaşdım. Belə bir söhbətin şahidi
oldum ki, Mirdaməd Qaraş Mədətova söyləyirdi ki,
axı bu Mehdinin nəyini bu boyda şişirdirsiniz? Guya biz
heç nə etməmişik. Bunu eşidəndə mən
Mirdamədə çımxırdım ki, axı sən Mehdi
ilə heç bir döyüş əməliyyatında
iştirak eləmədiyin halda necə öz adını onun
adının yanında çəkir və hətta
özünü ondan üstün tutursan?"
Mirdaməd Seyidov o dövrdə əksəri həyatda
olan partizanların, canlı şahidlərin bu cür səsini
qaldırmasından sonra müəyyən müddətə
sussa da, vaxt ötəndən sonra bir-bir şahidlərin əksərinin
həyatdan getdiyi və keçmişlərin unudulduğu
inamıyla yenidən özünə qəhrəmanlıq
bioqrafiyası düzəldərək müxtəlif mətbuat
orqanlarına müsahibələr verməyə
başlamışdı. 1991-ci ildə bütün bunları
görən keçmiş partizan, vicdanlı insan, vaxtilə
Mehdinin də daxil olduğu "Ruska çeta" partizan dəstəsinin
komandiri Cavad Həkimov köhnə fantaziyalarından əl
çəkməyən Mirdaməd Seyidovun gülünc
süjetləri və yapma qəhrəmanlıq qaravəllilərini
rədd edən, bir-bir gerçəkləri ortaya qoyan
ayrıca məqalə yazmışdı. Cavad Həkimov
"Vestnik" qəzetinin 1990-cı il 15-ci sayında dərc
edilmiş "Faşizmə qarşı bütün dünya
vuruşurdu, yaxud Sloveniyada "İvan Russki"
adlandırılan azərbaycanlı Mirdaməd haqqında hekayə"
adlı məqalədəki "kəşflərə",
bunun ardınca "Gündəlik xəbərlər"
adlı həftəlik qəzetdə dərc edilmiş digər
məqalədəki oxşar sayıqlamalara dözməyərək
ifşaçı yazı ilə çıxış etməyi
lazım bilmişdi.
Cavad Həkimli belə yazırdı: "Baş verən
hadisələrdən onillər keçsə də, Mirdamədlərin
özləri barədə qəhrəmanlıq dastanları
quraşdırmağı, arxivləri öz istədikləri
kimi dəyişdirməyi və tarixdə özlərinə
şərəf gətirən yeni səhifələr yaratmaq cəhdləri
qəbuledilməzdir".
Nabələdləri aldatmaq mümkün dü, amma
yaşamış olduğu tarixi dəyişdirərək
başqa şəkildə Cavad Həkimliyə necə
sırımaq olardı?
"1944-cü ilin yanvarına kimi heç kəsin, o
cümlədən Mirdaməd Seyidovun kiminləsə əlaqə
saxlaması mümkün deyildi. Belə ki, 314-cü alay 1942-ci
il sentyabrın 23-dən eşelonda idi, ya da Sloveniyanın cənub-şərq
rayonları üzrə hərəkət edirdi. Mirdaməd
Seyidov bildirir ki, guya 1943-cü il oktyabr ayının 1-dən
Yuqoslaviya Xalq Azadlıq Ordusunun xeyrinə işləməyə
başlayıb. Guya o, ilk dəfə olaraq Villa Obçinada
Xalq Azadlıq Cəbhəsi ilə əlaqəyə girərək
"Savva" və "Katra"nın əməkdaşı
olur, Cəbhənin göstərişi ilə sovet hərbi əsirlərinin
düşərgələrdən
qaçırılmasını təşkil edir, 1944-cü
ilin fevralından isə özü də qaçıb partizan
sıralarına daxil olur. Guya o, qızıl əsgərlərdən
Mehdi Hüseynzadə, Cavad Həkimli, Əsəd Qurbanov və
başqalarını da partizan qərargahına gətirir".
Qəzetlərin müxbirləri cavan, təcrübəsiz
adamlar, bu qoca kişinin söylədikləri macəralı, nə
deyirmişsə, sadəlövhcə götürüb
yazır, çapa buraxırlarmış. Nə yaxşı
ki, Mirdaməd Seyidov hər dəfə belə uydurunca elə
sağkən onun dediklərinin yazılı ifşası da özünü çox gözlətmirmiş.
Cavad Həkimli və hadisələrin birbaşa içərisində
olmuş digər adamlar həyatda imiş, hər şeyi bilirlərmiş,
susmağı da rəva görmürlərmiş.
Cavad Həkimli
olmuşları olduğu kimi çatdırırdı.
Günlərin birində Mehdi hələ Legionda olduğu
vaxtlarda bir gün Cavada pıçıldayır ki, burada
mağazada Aleksandr adlı bir satıcı var, partizanlarla əlaqə
qurmaqda bizə kömək edəcək.
Bu Aleksandr deyilən 9-cu
Sloveniya partizan korpusunun Obçinadakı məxfi təmsilçisi
imiş. Onun vasitəsilə Mehdi "çöl"lə
rabitə qurur və bir müddət sonra ayrı-ayrı
legionçuların qaçışının təşkilinə
başlayır, günlərin birində Mərkəzdən
komanda alınca axırda özü də Legiondan qaçaraq
partizanların yanına gəlir.
Cavad Həkimli guya Mirdaməd Seyidovun 1943-cü ildən
Yuqoslaviya Xalq Azadlıq Ordusu ilə bağlı olması
haqqında sözlərinin cəfəngiyyat olduğunu qətiyyətlə
bəyan edərək yazırdı ki, 1944-cü ilin
yanvarına qədər Legionda heç kəsin, o cümlədən
Mirdaməd Seyidovun da kənardan heç kimlə əlaqəsi
yox idi. Həm də fiziki olaraq bu, mümkün deyildi.
Çünki 314-cü alay 1943-cü il sentyabrın 2-dək
Sloveniyanın cənub-şərq rayonları üzrə
tapşırıqlar yerinə yetirirdi, buralarda yox idi.
Və Cavad Həkimli təsdiq edirdi ki,
"legionçular arasında azərbaycanlı əsirlərdən
ibarət yaratdığımız gizli təşkilatın
köməyi ilə biz 1944-cü il fevralın 6-da
gündüz saat 12-də əsirlikdən qaçdıq. Biz kəşfiyyatçı
qız Savvanın bələdçiliyi ilə Dutovle kəndindən
Qabelye kəndində yerləşən "İvan
Qradnik" adına 3-cü Zərbə briqadasının qərargahına
gəldik. Burada özümüzü təqdim etdik və
silahlarımızı təhvil verdik".
Cavad Həkimli 1944-cü il fevralın 8-də Mehdi ilə
birgə 3-cü Zərbə briqadasının qərargahında
əsirlərin həbs düşərgələrindən dəstə
ilə qaçırılmalarının təşkili barədə
öz niyyətlərini açıqladıqlarını, əsirlərin
qaçırılmasını təşkil etmək
üçün 50 nüsxədə qısa müraciət məktubu
hazırladıqlarını və bu müraciətləri
partizan "Savva"nın əli ilə gizli təşkilatlara
çatdırdıqlarını, bu minvalla da 1944-cü il
fevralın 13-də məktubu aparan şəxsin təyin etdiyi
vaxtda və yerdə 57 nəfər şəxsin əsirlikdən
qaçırılmasına nail olduqlarını bildirir. Və
dəqiqləşdirir: "Mirdaməd Seyidovun özü də
bu 57 nəfərin arasında idi. Əsirlərin, xüsusən
də Mehdi Hüseynzadə, Cavad Həkimov və Əsəd
Qurbanovun qaçırılmasında Mirdaməd Seyidovun
heç bir fəaliyyəti olmayıb, onun Savva ilə də
heç bir əlaqəsi olmamışdır. Əsirliyə
qədər Cavad Həkimli baş leytenant, Mehdi Hüseynzadə
isə leytenant rütbələrində sovet ordusunun zabitləri
idilər. Onlar Mirdaməd Seyidovun göstərdiyi kimi
sıravi əsgər deyildilər".
Cavad Həkimli lap nöqtəni qoyur: "Fevralın
13-də briqada komandiri Martin Qreyf-Rudi, qərargah rəisi Rusda
Çançi qaçıb gəlmiş 57 nəfəri cərgəyə
düzərək tanış oldu və əmr etdi ki, təzə
rota yaradılsın və bu rota "Ruska çeta"
adlandırılsın. Rotanın komandiri Qızıl ordunun
baş leytenantı Cavad Həkimov və siyasi hissə üzrə
müavini leytenant Mehdi Hüseynzadə təyin edilsinlər".
Cavad Həkimli təəccüblənirdi ki, axı
bunlar partizanların yaddaşındadır. Bu həm də
partizan hərəkatı üzrə bir çox
araşdırılma materiallarında, o cümlədən
Stanko Petelinin 1966-cı ildə Sloveniyada, Nova Qoritsa şəhərində
nəşr edilmiş kitabının bəlli səhifələrində
həkk olunub.
Mirdaməd Seyidovun
özünün elan etdiyi kimi qəhrəmanlıqları yox,
ciddi şübhələr doğuran başqa bir hərəkəti
haqqında da Cavad Həkimli xəbər verir. Yazır ki,
"rotanın "Qodoviç" əməliyyatından
sonra bir gün Mirdaməd Seyidov məndən Mehdinin təxribat
qrupunda tanışları ilə görüşmək
üçün Krasaya getməyə icazə istədi. Mən
icazəni o şərtlə verdim ki, 10 gündən sonra
gecikmədən rotaya qayıtsın. Lakin o getdi və bir daha
qayıtmadı. 10-15 gündən sonra mənə məlum
oldu ki, o, velosipedlə qonşu kəndə gedərkən guya
pusquya düşür və almanlar onu ikinci dəfə əsir
götürürlər".
Cavad Həkimli buna da diqqət çəkirdi ki, Mirdaməd
Seyidovun "əsir düşməsi" partizanlara çox
baha başa gəldi...
Cavad Həkimli və digərlərinin Mehdinin
bacılarına söylədiyi başqa əhvalatlar da
vardı, Aqşin Əlizadə mənə anasından,
xalasından eşitdiyi o söhbətləri də
etmişdi...
Daha dərinə getmirəm...
Mirdaməd Seyidov elə axıracan o cür
danışa-danışa 90 il yaşadı,
köçünü çəkib getdi. Qoy yaddaşlarda daha
tünd boyalarla yox, elə şişirtməyi sevən qoca
partizan kimi qalsın...
"Unudulmuş partizan" filmi rastınıza
çıxsa, baxsanız, bunu da görəcəksiniz ki,
artıq ömrün bitəcəyində Mirdaməd Seyidov yenə
(yəqin, özünün dönə-dönə söylədiyindən
doğruluğuna inanmağa başladığı) köhnə
nağıllarını danışır, yenə Mehdi
Hüseynzadənin və digər partizanların guya onun
yanında ikinci-üçüncü dərəcəli
olmalarından dəm vurur, guya əsas şücaətlərin
sahibi özü olduğunu iddia edir (Arada almanca da
danışır və görürsən ki, bu
zavallının heç fərli-başlı almancası da
yoxmuş. Özünü alman zabiti kimi təqdim edərsə,
bu tələffüzlə, bu danışıqla o vaxt elə
anındaca ifşa olunarmış).
Ancaq film çəkilib, qalır, yalanları ölməyə
qoymur. Yutubda da yerləşdirilmiş həmin filmdə
uydurmaçı partizanın söylədiklərini gerçək
kimi qəbul edənin hər birinə bütün bunların
qondarma olduğunu anlatmaq üçün nə edəsən?
Cin şüşədən buraxılıb, virus
ömrünü davam etdirir...
...Cavad Həkimlinin Mehdinin torpaq üstündə
axırıncı dəfə olduğu saatlar haqqında xatirəsi
ürəkgöynədəndir. Yada salırdı ki,
1944-cü il noyabrın 11-12-də Mehdinin cəsədinin
oğurlanması, yuyulması və dəfn mərasimi mənim
rəhbərliyimlə həyata keçirilib. Gecə Şamil
Süleymanovun başçılığı ilə 17 nəfər
gedib Mehdinin cəsədini bizim batalyonun olduğu Çepovana
gətirdi.
Cavad Həkimliylə Mikayıl Qulubəyov cəsədi
əvvəlcə suyla yuyurlar, sifətini spirtlə təmizləyirlər,
kəfən əvəzi yaşıl bir paraşütə
büküb tabuta qoyur, torpağa tapşırırlar.
Qüssə ilə xatırlayırdılar ki, o vida
günündə bütün kənd ayaq üstəydi,
Mixaylonu öz doğma övladı kimi yola salırdı.
Bu da Cavad Həkimlinin sözləridir: "Qəbrin
başdaşında onun adını, familiyasını və
"Mixaylo" təxəllüsünü öz əlimlə
yazdım. Almanlar dəfn olunanın Mixaylo olduğunu yəqin
etməkçün 2 gündən sonra bir batalyon əsgərlə
onun qəbri üstünə gəldilər.
Başdaşına qırmızı parça
dolamışdıq. Onu cırıb atdılar. Lakin qəbrə
toxunmadılar".
Ancaq Mehdiyə hətta ikinci məzarında da
rahatlıq tapmaq qismət deyilmiş.
Bunu mənə çepovanlılar
danışdılar. İllər sonra bu dağ kəndində
günlərin birində coşan güclü sel qəbiristanlığı
alt-üst edir.
O məzarlıqda Mehdidən savayı da, müxtəlif
xalqlardan olan döyüşçülər, partizanlar dəfn
edilibmiş. Seldən xeyli müddət sonra həyat məcrasına
düşüncə o igidlərin hamısını ortaq
qardaşlıq məzarında qovuşdururlar.
Ən birinci isə yenə Mehdinin - Mixaylonun adı
yazılıb...
14 aprel 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.-30 aprel(¹73).- S.12-13;16.