Ada xanım
BÖYÜK BÜLBÜLÜN ÖMÜR-GÜN
YOLDAŞIADELAİDA MƏMMƏDOVANIN VƏFATINDAN 10 İL
ÖTÜR
İnsanların dünyaya gəlişi heç də
təsadüfi deyil. Hər bir insan dünyaya müəyyən
vəzifəni həyata keçirmək üçün gəlir.
Elə vəzifələr var ki, onların öhdəsindən
hər insan gəlməyi bacarmır. Qorumaq, onları nəsildən-nəslə
ötürmək, təbliğ etmək ən çətin və
məsuliyyətli işlərdəndir. Bu işləri
doğma, çox sevdiyi biri üçün etmək isə nəinki
məsuliyyət, eyni zamanda fədakarlıq tələb edir.
Belə fədakar insanlardan biri Azərbaycan musiqi mədəniyyətinin
inkişafında misilsiz xidmətləri olan, Azərbaycan
professional vokal sənətinin banisi, dahi Bülbülün həyat
yoldaşı Ada xanım - Adelaida Məmmədova idi.
Ada xanımın "həyatının nağıl
dövrü" adlandırdığı 23 il boyunca
yaşadığı evdə 1976-cı ildə Ümummilli
liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Bülbülün Memorial Muzeyi yaradıldı. 1977-ci
ildə Ada xanım muzeyin direktoru vəzifəsinə təyin
olundu və muzey artıq toplama işlərinə
başladı. Bülbülün çox sevdiyi həyat
yoldaşı həyatının ən gözəl illərini
keçirdiyi evi öz əlləri ilə muzey kimi
qurub-yaratdı. 1982-ci ildə iyun ayının 10-da Heydər
Əliyevin iştirakı ilə muzeyin təntənəli
açılışı baş tutdu.
Ümummilli liderimiz dəfələrlə muzeydə
olmuş, həm Bülbülə həm də onun ailəsinə
daim diqqət və qayğı göstərmişdi. Ada xanım
öz xatirələrində belə qeyd edirdi: "Biz onunla
çoxdan tanış idik. 1940-cı illərin sonunda indiki
Şəhriyar adına mədəniyyət sarayında konsert
idi. Bizə hündür, yaraşıqlı oğlan
yaxınlaşdı. Bülbülə Professor deyə
müraciət etdi və bildirdi ki, Bülbülün ifa etdiyi
bütün əsərləri, xüsusilə də
"Koroğlu" operasını əzbər bilir. Dəfələrlə
izləməyinə baxmayaraq, onu dinləməkdən
doymadığını bildirdi. Bülbül isə onu
növbəti tamaşasına dəvət etdi. Heydər
Əliyev hər zaman bizə dəstək olurdu. Muzeyin
yaradılmasına xüsusi diqqətlə
yanaşırdı. Şuşada, Bülbülün
doğulduğu və böyüdüyü ev məhz onun təşəbbüsü
ilə muzeyə çevrildi. O evdə başqa ailə
yaşayırdı. Heydər Əliyevin
tapşırığı ilə ailəyə Şuşada ən
yaxşı iki ev verildi. Şərait yaradıldı. Və
biz muzeyin ekspozisiyasını qurmağa başladıq..."
Bülbülün ömrünün sonunadək
yaşayıb-yaratdığı ev 1937-ci ildə məhz mədəniyyət
və incəsənət xadimlərinə verilmiş binada
yerləşir. Burada təkcə Bülbül yox, Süleyman
Rüstəm, Məmməd Səid Ordubadi, Qəmər Almaszadə,
Adil İsgəndərov kimi görkəmli şəxsiyyətlər
yaşamışdırlar. Hər biri ilə xatirələri
olan Ada xanım bu evdə qonaq olan doğmalarını tez-tez
xatırlayırdı. O, gənc bəstəkarların,
yazıçıların tez-tez evin qonağı olduğunu,
onların daim Bülbüllə məsləhətləşdiyini
vurğulayırdı.
Evin daimi qonaqlarından, Ada xanımın ən
çox xatırladığı görkəmli bəstəkarımız
Fikrət Əmirovdan danışa bilərik. Hələ gənc
ikən simfonik-muğam janrının əsasını məhz
Bülbülün təşəbbüsü ilə
qoymuşdur. "Şur" və
"Kürd-ovşarı" simfonik muğamları
Bülbülün evində - iş otağında bu gün
muzeyin dəyərli eksponatlarından olan pianoda
yaradılmışdır. Ada xanım onların dostluğunu
bu cür xatırlayırdı: "Şur" və
"Kürd-ovşarı" simfonik muğamları
yazılıb qurtarandan sonra Fikrət Moskvaya uçmalı
idi. Dirijor Rojdestvenski onu gözləyirdi. Fikrət təşviş
içində bizə gəldi. Hələ nə baş
verdiyini bilməyən Bülbül "Sən burada nə gəzirsən?
Moskvada olmalı idin" deyib narahatlıq keçirdi. Fikrət
notları itirmişdi. Bülbül dərhal
çıxış yolu axtarmağa başladı. Xoşbəxtlikdən
simfonik muğamların qaralamaları bizdə idi.
Bülbül tapşırıq verdi və altı nəfər
notköçürən bütün gecəni işlədilər.
O biri gün səhər hər iki partitura hazır idi. Fikrət
Moskvaya uçdu və elə bundan sonra onun simfonik
muğamlarının zəfər yürüşü
başladı".
Ada xanımın hər zaman xatirində olan
böyük şəxsiyyətlərdən biri də Niyazi
idi: "Niyazigil ilə biz çox yaxın dost idik. Ailə
kimi olmuşduq. Niyazinin ad günü avqustun 20-i, mənimki isə
22-i idi. Ayın 20-dən qonaqlıq başlayırdı.
Düz üç gün davam edirdi. Gündüzlər
bağda, axşamları da şəhərdə ad günlərimizi
qeyd edirdik. Həm bizdə, həm də onlarda çox xatirələrimiz
olub. Bülbülün ölümü Niyaziyə çox pis
təsir etmişdi. Uzun müddət bununla barışa bilmədi".
Ən xoş xatirəsində belə Bülbüldən
danışarkən Ada xanım göz yaşlarını
saxlaya bilmirdi. Demək olar ki, hər gün onu
xatırlayır, "elə bilirəm indi əlində
notlarla o otaqdan çıxacaq (iş otağını nəzərdə
tuturdu)" deyirdi. Biz muzey əməkdaşları da dəfələrlə
o qapıya necə həsrətlə baxdığının
şahidi olmuşduq.
Bir sıra xatirələrini bölüşərdi
bizimlə. Onun sadəliyi, təvazökarlığı,
yardımsevərliyi bizdə xüsusi bir məhəbbət,
inam yaratmışdı. Hər zaman gənclərə dəstək
olmağa çalışır, gənc nəslin yeniliklərə
açıq olduğunu deyirdi.
Onun dəstək olduğu gənclərdən biri də
mən oldum. Ada xanımla ilk tanışlığım
2012-ci ilin yay aylarına təsadüf edirdi. İlk
görüşdən onun güvənini, etimadını
qazanmağın çox çətin olduğunu
anlamışdım. Lakin çox qısa zaman ərzində
yaranmış səmimi münasibət, bağlılıq bu
məhdudiyyəti aradan qaldırmışdı. Təcrübəli
dost kimi həm həyatı, həm də muzeyi bizə öyrədirdi.
Ada xanımı canlı əfsanə kimi kəşf
etmək, həmçinin Bülbülün
yaşadığı dövrü əhatə edən arxivdə
tanıma xoşbəxtliyi hər adama qismət olmur. Arxivdə
araşdırma apararkən qarşıma çıxan
müxtəlif sənədlər sübut edir ki, Ada xanım təkcə
Bülbülün həyat yoldaşı deyil, eyni zamanda onunla
çiyin-çiyinə bu çətin yolu gedən
silahdaşı, elmi işlərini icra edən katibi olub.
Bülbülün arxivində bir neçə sənəd
var ki, işlərinin həll olunması üçün
bütün səlahiyyətləri Ada xanıma etibar edib. Bu
etibarnamələr, həmçinin elə Bülbülün
adından Ada xanımın əl yazısı ilə
yazılan məktublar çox söz deyir. Muzeydə qorunub
saxlanılan 9 mindən çox eksponatın hərəsi bir
tarix danışır.
Ada xanımın öz əlləri ilə
qurub-yaratdığı muzey Bülbülə olan sevgisini tərənnüm
edir. İllər ötür, zaman sürətlə axıb
gedir, amma Bülbül də, onun vəfalı yarı da
ölməz olaraq qalır. Sanki onlar ömürlərinin ən
gözəl illərini keçirdikləri bu evdə əbədiyyətə
qovuşublar.
Artıq 10 ildir ki, Ada xanım aramızda olmasa da, əmanət
qoyub getdiyi muzey, Bülbül irsi onun vəsiyyət etdiyi kimi
qorunub saxlanır. Muzey var olduqca, Bülbül də, onun fədakar
xanımı da əbədi olaraq yaşayacaqlar.
Fərqanə CABBAROVA
Bülbülün Memorial Muzeyinin direktoru
525-ci qəzet .- 2025.-30 aprel(№73).- S.11.