Bu gün Beynəlxalq
Rəqs Günüdür
Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə
məşğul olan, rəqsi sevən hər kəsin
bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə
UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən
təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster,
balet nəzəriyyəçisi və islahatçısı
Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur.
Günün təsis olunmasında məqsəd ictimaiyyətin
diqqətini rəqs sənətinə cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, dünyanın əksər
ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq
Rəqs Günü təsis olunduğu tarixdən hər il
qeyd olunur.
Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir.
İncəsənətin bir qolu olan rəqslərimiz
ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Kökləri eramızdan əvvəlki minilliklərə
gedib çıxan milli rəqslərimiz tariximizlə
ayrılmaz surətdə bağlı olub, xalqımızın
milli xüsusiyyətini, həyat və məişətini əks
etdirir. Qobustan qayaüstü rəsmlərində əksini
tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir.
Onlar quruluş, süjet və mövzu baxımından
biri-birindən çox fərqlənir. Bu gün məşhur
olan milli rəqslərimizə – “Azərbaycan”,
“Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”,
“Tərəkəmə”, “Cəngi”, “Şalaxo”,
“İnnabı”, “Qızılgül”, “Qazağı”,
“Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”,
“Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini
misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən
yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı bu gün tamaşaçılara bir-birindən
gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə
Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov,
Kamil Dadaşov, Böyükağa Atababayev və
başqaları öz ifalarında milli elementləri qoruyub
saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni
çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı
Xoreoqrafiya Akademiyasının yaradılması haqqında
2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq
sahəyə olan diqqət və qayğının daha bir
nümunəsidir. Belə bir akademiya həm də Şərq
aləmində ilk dəfə bizim ölkədə
yaradılıb.
525-ci qəzet .- 2025.-30 aprel(¹73).- S.10.