Azərbaycanda saatlıq əməkhaqqı
sistemi tətbiq olunacaq
Natiq Cəfərli: "Saatlıq minimum əməkhaqqı
sistemi dünyanın bir çox ölkələrində tətbiq
edilir"
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq
olunacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Anar Əliyev deyib. O bildirib ki, nazirlik tərəfindən
əmək münasibətlərinin təkmilləşdirilməsi
məqsədilə davamlı tədbirlər
görülür: "Azərbaycanda Əmək Məcəlləsində
200-ə yaxın dəyişikliklər üzərində
iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən
işin tənzimlənməsi, saatlıq əməkhaqqı
sisteminin tətbiqi, bərabər dəyərli əməyə
görə bərabər əməkhaqqının ödənilməsi,
ailə üzvləri olan işçilərə və
qadınlara ayrı-seçkiliyin aradan qaldırılması
ilə bağlı müəddəaların və sair məsələləri
nəzərdə tutur".
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
saatlıq minimum əməkhaqqı sistemi dünyanın bir
çox ölkələrində tətbiq edilir. Burada
işçilərin işlədiyi saatın müqabilində
maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən
saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni
iş adamları müqavilə bağlayarkən
işçiyə saatlıq minimum əməkhaqqından
aşağı maaş ödəyə bilməz. Azərbaycanda
isə aylıq minimum əməkhaqqı qaydası tətbiq
edilir. Fikrimcə, bizdə də normal mexanizm olsa, saatlıq
minimum əməkhaqqı sistemini tətbiq hesab etmək olar:
"Minimum əməkhaqqının artırılması ilə
bağlı təkliflərdə saathesabı hesablanma ilə
bağlı yeniliklər var. Minimum saatlıq əməkhaqqına
keçid zamanı maaş ödənərkən dövlət
tərəfindən qanunvericiliklə 1 saatlıq ödəniş
məbləği müəyyən edilir. Azərbaycanda da belə
bir mexanizmin hazırlanacağı güman edilir. Lakin elə
bir mexanizm hazırlanmalıdır ki, işçilərin
hüquqları pozulmasın".
Ekspert əlavə edib ki, hazırda Azərbaycanda
minimum saatlıq əməkhaqqı olduqca
aşağıdır: "Hazırkı minimum əməkhaqqını
saat hesabına çevirsək, 1,79 manat təşkil edəcək.
Bu, çox azdır. Əgər minimum saatlıq əməkhaqqına
keçilərsə, bu, ən azı 2 dəfə artıq
olmalıdır. Azərbaycanın da daxil olduğu inkişaf
etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı
2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə
3,4 manat edir. Belə bir yanaşma daha məntiqli olar".
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi
Araşdırmalar Mərkəzinin rəhbəri, professor
Elşad Məmmədovun sözlərinə görə,
saatlıq minimum əməkhaqqının tətbiqi ölkə
üzrə əsasən, iki istiqamətdə əməkhaqqı
fondunun fornalaşmasına təkan verə bilər:
"Saatlıq əməkhaqqı minimumunun tətbiqi işə
götürənlər qarşısında yeni öhdəliklər
qoyacaq. Bu da tədricən əməkhaqqı fondunun
artımına təsir göstərə bilər. Digər tərəfdən,
məlumdur ki, bu gün ölkədə qısa müddətli
işə götürmə geniş yayılıb. Belə
olan halda konkret olaraq günlük, beş günlük, bir həftəlik
hansısa işlərin yerinə yetirilməsi
üçün əmək müqavilələri bağlana
bilər. Orada artıq aylıq deyil, saatlıq minimun əməkhaqqının
tətbiqi daha effektiv və məntiqlidir. Ona görə də
hesab edirəm ki, bu yanaşmaların tətbiqi müsbət nəticələr
verə bilər. Artıq ölkədə işə
götürmə prosesinin, əmək münasibətlərinin
leqallaşmasında müsbət nəticələr əldə
etmişik. Əməkhaqqı fondunun artımı, minimun əməkhaqqının
artırılması istiqamətində də müsbət
addımlar atılıb. Bu baxımdan hesab edirəm ki, saatlıq
minimum əməkhaqqının tətbiqi də müsbət
dəyişikliklərə əlavə impuls verə bilər".
İqtisadçi ekspert Xalid Kərimlinin dediyinə
görə, hazırda ölkədə aylıq minimum əməkhaqqı
standartı tətbiq edilir. Yəni 1 ay ərzində
işçiyə 400 manatdan aşağı maaş vermək
olmaz. İndi isə aylıq minimum əməkhaqqını
saatlıq minimum əməkhaqqı ilə əvəz etmək
istəyirlər. Məqsəd bu sahədə çevikliyi
artırmaq, nəzarət imkanlarını
yaxşılaşdırmaqdır. Ola bilər ki, işçi
ilə məsələn, 1-22 saatlıq müqavilə
bağlansın və bunun üçün də saatlıq
minimum əməkhaqqı müəyyən edilsin: "Bu, əvəzetmənin
minimum maaş alanlar üçün heç bir
üstünlüyü yoxdur. Çünki bu, texniki hesablama
qaydasıdır. Əvəzetmə minimum əməkhaqqının
artırılmasına yox, hesablama qaydasının dəyişdirilməsinə
yönəlib. Əsas iş yerlərində
çalışanlar üçün bunun heç bir fərqi
yoxdur. Bəzi işçilər isə aylıq deyil, saat
üzrə çalışır. Bu halda minimum saatlıq əməkhaqqının
müəyyənləşdirilməsi həmin şəxslərin
hüquqlarının qorunması baxımından müsbət
hadisə ola bilər. Bu, həm işəgötürən, həm
də işçi üçün rahatlıq yaradır. Azərbaycanda
minimum aylıq əməkhaqqı çox kiçik
olduğundan, bu kimi tədbirlərin ciddi təsirinin
olacağını düşünmürəm. Gələcəkdə
minimum əməkhaqqı artırılarsa, bu, işçi
bazarında münasibətlərin təkmilləşdirilməsinə
kömək edəcək".
İqtisadçı ekspert Pərviz Heydərov bildirib
ki, minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə
alınmaqla qanunvericiliklə ixtisassız əməyə və
xidmətə görə verilən aylıq ən
aşağı əməkhaqqı məbləğidir. Onun dəyişdirilməsi
həm dövlət, həm də özəl sektorda
çalışanların maaşlarına təsir edir. Belə
ki, birincisi, ölkə üzrə heç bir işəgötürən
bundan aşağı maaş verə bilməz, ikincisi isə
onun əsasında dövlət sektorunda, yəni büdcədən
maliyyələşən sahələrdə
çalışan işçilərin aylıq tarif (vəzifə)
maaşları müəyyən edilir: "Söhbət,
maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə
tənzimlənən təqribən 700 min nəfərdən
çox işçidən gedir. Minimum əməkhaqqının
aylıq mexanizmdən saatlığa keçirilməsi məsələsinə
dair əvvəla qeyd edim ki, ölkədə minimal maaş
göstəricinə aid mövcud mexanizmin işlək
xüsusiyyəti və təsiri əslində indikindən
daha çox əhəmiyyət təşkil etməli, ondan
heç bir sosial ayırma və vergi tutulmamalı, ümumiyyətlə
minimum maaşın ölkədə əsas iqtisadi, sosial
göstərici olaraq rolu birbaşa və həlledici xüsusiyyət
kəsb etməlidir. Bundan ötrü isə qanunvericilyə dəyişikliklər
etmək lazımdır. Minimum əməkhaqqı əgər
ixtisassız əməyə və xidmətə görə
verilən ən aşağı əməkhaqqı məbləği
sayılırsa, sözügedən göstərici bunu həqiqətən
tam mənada ehtiva etməlidir. Yəni o, əslində,
aylıq deyil, iş saatına görə ödənilsə,
yaxşıdır. Bir çox inkişaf etmiş ölkələrdə
olduğu kimi".
İqtisadçının dediyinə görə,
Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə
gündəlik normal iş vaxtının müddəti səkkiz
saatdan, normal iş vaxtına uyğun olan həftəlik normal
iş vaxtının müddəti isə 40 saatdan artıq ola
bilməz. Lakin işçi bəzi hallarda müəyyən səbəblər
üzündən bundan az və yaxud çox saat da işləyə
bilir. Bu zaman, minimum əməkhaqqının saata görə
deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli
sayıla bilməz. Bu baxımdan da, iş saatına görə
ödəniş həm işçi, həm də işəgötürən
üçün daha mükəmməl mexanizm sayılır.
Odur ki, ölkəmizdə də saatlıq minimum əməkhaqqı
sisteminin tətbiqi zəruri görünür. Ancaq bunun nəticəsində
büdcə sektorunda çalışanların
maaşlarının əvvəlkindən daha çox
artacağını gözləməyə dəyməz.
Başqa sözlə, minimum əməkhaqqının aylıq
deyil, saatlıq iş rejimi əsasında tətbiqi büdcə
sistemində çalışanların maaşlarına indiyədək
olduğundan artıq təsir etməyəcək və edə
də bilməz.
"Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası"nın
İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab
edir ki, yeni sistemin tətbiqi üçün bu sahədə
müzakirələr getməli, hesablamalar
aparılmalıdır: "Bununla bağlı aidiyyəti
qurumlar tərəfindən xüsusi hazırlıq görülməli,
eyni zamanda qanunvericilik aktlarında da müvafiq dəyişikliklər
edilməlidir. Məsələn, şərti olaraq 1 saatlıq
iş üçün minimum 3 manat əməkhaqqı müəyyən
edilsə, 22 iş günü götürsək, bu, ayda 500
manatı keçəcək. Bu zaman əhəmiyyətli dərəcədə
maliyyə vəsaitləri tələb olunacaq. Dəyişikliklər
qəbul edilərsə, dövlət büdcəsindən əlavə
vəsait ayrılmalı, eləcə də kommersiya
qurumları əməkhaqlarını əhəmiyyətli dərəcədə
artırmalıdır".
Xatırladaq ki, Əmək Məcəlləsinin 89-cu
və 90-cı maddələrinə əsasən Azərbaycanda
gündəlik normal iş vaxtının müddəti 8
saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət
günü olan beşgünlük iş həftəsi müəyyən
edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik
normal iş vaxtının müddəti isə 40 saatdan
artıq ola bilməz. Qanunvericiliyə uyğun olaraq 2024-cü
il üçün 40 saatlıq iş həftəsində
iş vaxtının illik norması 1901 saat təşkil edir.
Minimum aylıq əməkhaqqının məbləği
2025-cü il yanvarın 1-dən 400 manat müəyyən
edilib.
Millət vəkili Vüqar Bayramov bildirib ki, saatlıq
minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların
bir neçə yerdə çalışmasına və daha
yüksək maaş almasına imkan verir: "Saatlıq
minimum əmək haqqı praktikası bir sıra ölkələrdə
tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən bu praktikanın
araşdırıldığı və tətbiqi
imkanlarının müzakirə olunduğu bildirilmişdi.
Saatlıq minimum əmək haqqının tətbiq edilməsi
vətəndaşlarımızın bir neçə yerdə
işləmə imkanları üçün vacibdir. Vətəndaşların
bir neçə iş yerində çalışması
onların yüksək əmək haqqı almasına gətirib
çıxara bilər".
Millət vəkili vurğulayıb ki, saatlıq minimum
əmək haqqı tətbiq edən ölkələrin
praktikası bunun işləyən vətəndaşların
maaş artımına təsir göstərdiyini ortaya qoyur:
"Saatlıq əmək haqqı xüsusilə də əmək
müqaviləsi ilə çalışan vətəndaşların
maaşına təsir edir. Digər tərəfdən, bu həm
həftəsonu, həm də iş saatlarından sonra, o
cümlədən bayram günü işləyən vətəndaşların
daha yüksək tarifli əmək haqqı almasına, beləliklə
də, onların maaşlarının artmasına gətirib
çıxarır. Bu, həmçinin işçilərin
sosial hüquqlarının qorunması baxımından
vacibdir. Çünki söhbət çalışılan hər
saat üçün əmək haqqı ödənilməsi
məsələsindən gedir. Ona görə də oxşar
praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun
olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin
aparılması, saatlıq iş rejiminə keçilməsi
istisna deyil".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.-30 aprel(№73).- S.9.