Qlobal Cənub Platformasının təsis olunmasının əhəmiyyəti

"Qlobal Cənubun səsinin eşidilməsinə, onun ümumdünya səviyyəsində irəli aparılmasına ciddi ehtiyac var"

 

 

Bakı bu günlərdə daha bir mühüm tədbirə - "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı beynəlxalq foruma ev sahibliyi etdi. Forum çərçivəsində 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Bu mühüm tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı "Bakı dönüşü"nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir.

Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür.

Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrinin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. Həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan növbəti dəfə mühüm bir tədbirə ev sahibliyi etdi, Bakıda Qlobal Cənub QHT Forumu keçirildi. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin daha da zənginləşməsi deməkdir. Onun sözlərinə görə, eyni zamanda, bu hadisə Azərbaycanın get-gedə beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir: "Məsələnin başqa bir mühüm cəhəti ondan ibarətdir ki, hazırda Qlobal Cənub bütövlükdə yeni dünya nizamına yön verən mərkəzlərdən biri kimi iştirak edir. Təsadüfi deyil ki, Şuşada keçirilən beynəlxalq forumda Prezident Azərbaycanı Qlobal Cənubun tərkib hissəsi adlandırmışdı. Azərbaycan Prezidenti Qlobal Cənubun əsas ağırlıq mərkəzi hesab olunan Çinə səfərində də bir daha məsələ ilə bağlı öz fikirlərini bildirib. Qlobal Cənub və onun perspektivlərindən danışaraq bu mövzuda mühüm strateji məsələlərə toxunub, eyni zamanda, Azərbaycanın BRIKS və Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı məsələlərini də bu kontekstdə qiymətləndirib. Ona görə də əlbəttə ki, hazırda QHT-lər mühüm yumuşaq güc vasitələrindən biri kimi dünyada baş verən bu proseslərin əsas aktorlarından biridir və biz Azərbaycan QHT-nin gücünü, nəyə qadir olduqlarını hələ 2022-ci ilin dekabr ayından başlayıb, 2023-cü ilin aprel ayına qədər davam edən Laçın yolunun nəzarətə götürülməsi və orada Azərbaycan nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsində bir daha gördük".

QHT-lər mühüm güc olduğunu deyən H.Babaoğlu əlavə edib ki, Azərbaycanın bu təşkilata həm də sədr seçilməsi gələcəkdə ölkəmizin beynəlxalq münasibətlər sistemində daha mühüm funksiya yerinə yetirəcəyinin göstəricisi hesab edilə bilər.

Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov "525"ə deyib ki, Azərbaycanın bu müstəvidə həyata keçirdiyi, xüsusilə də QHT-in, vətəndaş cəmiyyəti institutlarının bu tipli platformalarının yaradılmasında, geniş şəkildə təşviq edilməsində rolu kifayət qədər yüksəkdir. Çünki zaman-zaman Azərbaycan QHT-ləri müxtəlif beynəlxalq əhəmiyyətli təşəbbüsləri irəli sürürlər.

Deputat söyləyib ki, COP29-un nümunəsində gördük ki, Azərbaycan QHT-nin, xüsusilə də Azərbaycan Milli QHT Forumunun bu tipli təşəbbüsləri həm regional müstəvidə çox geniş şəkildə dəstəklənir, həm də daha geniş kontekstdə beynəlxalq müstəvidə də çox böyük rəğbətlə qarşılanır: "COP29-da qazanılan istər təcrübə, istərsə də qurulan çox uğurlu platformalar imkan verdi ki, biz növbəti çox mühüm əhəmiyyət kəsb edən, hətta bəzi hallarda ümumbəşəri mahiyyət daşıyan təşəbbüslərlə çıxış edək. Bu təşəbbüslər arasında şübhəsiz ki, COP29-un mövzusundan irəli gələrək, xüsusilə də iqlim dəyişikliyi və onunla bağlı olan ümumbəşəri mahiyyət daşıyan qlobal məsələlərin, aktual mövzuların dilə gətirilməsi, geniş şəkildə müzakirə olunması mütləqdir və bu, davamlı şəkildə reallaşacaq proses olmalıdır. Nəticə etibarilə bu tələb elədi ki, elə bir dayanıqlı təsisat qurulsun ki, proses daim dialoq vasitəsilə geniş şəkildə irəli aparılsın, ümumdünya səviyyəsində dəstəklənsin. İndi burda iqlim dəyişikliyi məsələsi, xüsusilə də Qlobal Cənubla Qlobal Şimal arasında olan disbalans, bəzi hallarda Qlobal Şimala aid olan dünyanın inkişaf etmiş dövlətlərinin prosesə ədalətsiz yanaşması kimi məsələlər tələb elədi ki, məhz Qlobal Cənubun da səsini eşidə biləcək bir platforma qurulsun. İlk dəfə olaraq QHT-lər tərəfindən belə bir platforma yaradılır. Qlobal Cənub QHT Platforması faktiki olaraq bu sadaladığım istiqamətlərdə öz sözünü deyən, öz töhfəsini verə bilən bir platformaya çevrilməkdədir".

Deputat əlavə edib ki, platforma təsis edildikdən sonra 100-dən çox ölkədən olan QHT nümayəndələri böyük coşğu ilə bu hadisəni qarşıladılar. Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə məmnuniyyətlə qoşuldular: "Ümidlər təbii ki, çox böyükdür. İki gün aparılan müzakirələr bir daha onu göstərdi ki, Qlobal Cənubun səsinin eşidilməsinə, onun ümumdünya səviyyəsində irəli aparılmasına çox ciddi ehtiyac var və Milli QHT Forumunun bu təşəbbüsü məhz həmin ehtiyacdan doğaraq yeni strateji xətlər üzərində öz fəaliyyətini qurur ki, hansı ki, bu xətlər bilavasitə qeyd etdiyim kimi, Qlobal Cənubda təmsil olunan QHT-in vahid bir ideoloji mərkəzinə çevrilməsi ilə nəticələnəcək. Çünki burada Qlobal Cənubu narahat edən bütün aktual mövzular - ekoloji, qida təhlükəsizliyi, yoxsulluğun azaldılması, məşğulluq məsələləri, icma səfərbərliyi və bir çox istiqamətlər həm sosial, eyni zamanda humanitar, iqtisadi  yönümlü fəaliyyətlər də var ki, bunlar hamısı məhz birgə təşəbbüslərdən irəli gələrək sonrakı mərhələdə birgə həyata keçiriləcək. Ən azından qeyd etdiyim kimi, Qlobal Cənub QHT platforması faktiki olaraq bir tribunaya çevriləcəkdir və artıq çevrilməkdədir. İki gün ərzindəki çıxışları nəzərə aldıqda bunu söyləyə bilərik. Təbii ki, bu, Azərbaycan vətəndaş cəmiyyətinin tarixində yeni bir eranın, mərhələnin başlandığı deməkdir. Çünki bu tək Azərbaycanda deyil, dünya səviyyəsində Qlobal Cənub QHT-nin bir araya gəlib, bir platformada birləşdirərək onlar üçün çox mühüm tribuna imkanları verən ilk təşəbbüsdür ki, bu da məhz Azərbaycanda və ölkəmizin fəal dəstəyi ilə baş verdi. Bununla bağlı çox vacib istiqamətlər var və həmin istiqamətlər üzərində də gələcək fəaliyyətlər qurulacaq. Təbii ki, biz 100-dən çox dövləti əhatə edirik, eyni zamanda 100-lərlə beynəlxalq QHT burada təmsil olunur. Bunun da çox qısa bir müddətdə çevrəsinin genişlənəcəyini, mövzuların daha geniş miqyas alacağını və daha şaxələndirilmiş şəkildə icra olunacağına əminik".

 

Pərvanə  

525-ci qəzet .- 2025.-30 aprel(№73).- S.5.