Düzgün ixtisas seçimi: yeni
çağırışlara hazırlıq üçün
vacib şərt
Azərbaycanın ali təhsil müəssisələrinə
qəbul ilə əlaqədar ixtisas seçiminin vaxtı
açıqlanıb. Dövlət İmtahan Mərkəzindən
bildirilib ki, bütün ixtisas qrupları üzrə ixtisas
seçimi 2025-ci il avqustun 11-dən 19-dək aparılacaq.
"Abituriyent" jurnalının 4-cü
buraxılışı, həmçinin "İxtisas
seçimi zamanı nələrə diqqət yetirməli"
kitabçaları seçim başlanana qədər nəşr
olunacaq.
İxtisas seçimi - gənc insanın həyatında
verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Bu qərar
yalnız universitetə daxil olmaq üçün deyil, həm
də gələcək peşə, maddi təminat, şəxsi
məmnunluq və cəmiyyətə fayda baxımından
böyük əhəmiyyət daşıyır.
Bir çox gənc üçün ixtisas seçimi
sadəcə balla uyğun gələn fakültəyə
düşmək kimi görünsə də, bu qərarın
nəticələri uzun illər boyu hiss edilir. Sevdiyin və
bacardığın sahədə təhsil almaq motivasiyanı
artırır, uğur imkanlarını genişləndirir,
iş həyatında məmnunluq gətirir.
Əks halda, maraq dairəsinə uyğun olmayan ixtisas
seçimi insanı tez yorur, stressə salır və nəticədə
peşə dəyişmələrinə gətirib
çıxarır.
Doğru ixtisas seçimi həyat yolunun əsas istiqamətini
müəyyən edir. Bu, yalnız diplom almaq üçün
deyil, özünü reallaşdırmaq, sosial fayda yaratmaq və
xöşbəxt peşə həyatı qurmaq
üçün vacib addımdır.
Bəzi hallarda abituriyentlər ixtisas seçiminə səhlənkar
yanaşır və topladığı bal hara uyğundursa,
araşdırmadan, düşünmədən seçim edirlər.
Bəzən isə tam əksinə hadisələr baş
verir, abituriyent yüksək bal toplamasına rəğmən,
universitetə qəbul ola bilmir.
Mütəxəssislərin fikrincə, abituriyentlər
ixtisas seçimi edərkən yığdıqları
balı və oxumaq istədikləri ixtisası əsas
götürməlidirlər. Hər bir abituriyent seçə
biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan
dəqiqləşdirməlidir. Həmçinin iş
dünyasının hansı ixtisasa daha çox tələbatın
olduğunu və etibar etdiyini də araşdırmaq
lazımdır. Çünki bu, gələcəkdə məzun
olacaq tələbələrə bilik və təcrübə
ilə yanaşı, işəgötürən müəssisə
tərəfindən verilən müsbət qiymət kimi də
dəyərləndiriləcək.
Təhsil eksperti Elçin Əfəndinin fikrincə,
elə məqamlar olur ki, abituriyent səhv ixtisas seçimi
etdiyinə görə dövlət sifarişi ilə oxumaq
şansı olduğu halda, ödənişli əsaslarla ali məktəbə
qəbul olur. Belə halların yaşanmaması
üçün vacibdir ki, bu istiqamətdə peşəkar
mütəxəssislərdən rəy, fikir alsınlar ki,
dövlət sifarişi üzrə daha uyğun, normal
ixtisaslara, universitetlərə qəbul ola bilsinlər. Bəzi
hallarda müşahidə edirik ki, valideynlər dövlət
sifarişi üzrə yer ayrılmasına baxmayaraq, özəl
universitetlərdə təhsil almağa razı olmurlar. Halbuki
abituriyent dövlət universitetində ödənişli əsaslarla
oxuyacağına, özəl universitetlərdə dövlət
sifarişi əsasında təhsil ala bilər. Onsuz da hər
iki halda dövlət büdcəsindən həmin tələbənin
maliyyələşməsi həyata keçirilir. Bu
faktları valideynlər və abituriyentlər bilmədiklərinə
görə mütəxəssislərdən məsləhət
almaq vacibdir".
Təhsil ekspertinin sözlərinə görə,
ixtisaslaşma dövrü elə bir mərhələdir ki, bu
imtahan verənlər üçün ən strateji nöqtədir
və bu zaman abituriyentlərlə yanaşı, valideynlər
də çox diqqətli olmalıdır. İxtisas
seçimi özbaşına verilən qərarla edilməməlidir.
Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində
məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək
karyera imkanları məhz bu ixtisasdan asılıdır, demək
olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi
məhz ixtisas seçimidir: "Müşahidələrimə
əsasən onu deyə bilərəm ki, bu zaman bir çox
abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə
qəbul olmaq olur. Bu, haradasa 70, 80 faiz imtahan verənin hədəfidir.
Yerdə qalanlar isə konkret olaraq bilirlər ki, onlar hansı
ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul
olacaqlar".
İxtisas seçərkən əmək bazarında
həmin sahəyə olan tələbatı da nəzərə
almaq vacibdir. Hazırda informasiya texnologiyaları, tibb, maliyyə,
logistika kimi sahələrdə yüksək tələbat var.
Ancaq bu, hər zaman dəyişə bilər, ona görə də
trendləri izləmək önəmlidir.
Seçilən ixtisas üzrə təhsil verən
universitetin keyfiyyəti də mühüm amildir. Yaxşı
müəllim heyəti, güclü praktiki baza və beynəlxalq
əməkdaşlıq imkanları gələcəkdə
iş tapmağı asanlaşdırır.
Elm-təhsil üzrə mütəxəssislərdən
Etibar Əliyev hesab edir ki, ixtisas seçimində ən önəmli
faktorlardan biri abituriyentin topladığı balın
miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki
sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir:
"Yüksək bal toplayan tələbələrdə
ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar
hansı ixtisası öz potensiallarına uyğun hesab edib
seçirlərsə, həmin ixtisasa da qəbul olmaq
ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər
hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə,
buna asanlıqla yiyələnə bilirlər. Ballar
aşağı düşdükcə isə heç
şübhəsiz, abituriyentlər ciddi seçim
qarşısında qalırlar. Aşağı bal toplayan
abituriyentlər böyük risk altında olur və onların
əsas məqsədi istədiyi ixtisası seçmək yox,
hansı ixtisas olursa olsun, universitetə qəbul olmaq olur.
Abituriyentin balı aşağı düşdükcə
seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı
azalır və bu ixtisas üzrə təhsilini davam etmək
istəyinə mənfi təsir göstərir".
E.Əliyevin qənaətinə görə, abituriyent
öncə topladığı baldan bir az yuxarı bal tələb
edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal
seçim sırası edilməlidir. Burada da əsas olaraq
abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə,
abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir:
"İxtisas seçərkən diqqət edilməli əsas
məsələlərdən biri də ixtisaslar üzrə
plan yerlərini, müsabiqədə iştirak edən
abituriyentlərin topladıqları balların paylanması
üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin
bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən
kodlaşdırma aparılmalıdır. Burada ən çox
istifadə edilən forma ötən illərin tələbə
qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar
üzrə formalaşmış keçid ballarını nəzərə
alaraq seçim etməkdir".
Təhsil eksperti Kamran Əsədovun fikrincə, gələcəkdə
karyera qurmaq istədikləri sahəni seçmək, yüksək
bal toplamaqdan daha çətindir. Yüksək bal toplayan
abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə
ixtisaslarını kodlaşdırmalıdırlar. Balı az
olanlar isə yiyələnmək istədikləri peşəyə
yaxın olan sahələri seçməlidirlər ki, gələcəkdə
özlərini seçmək istədikləri ixtisas üzrə
daha da inkişaf etdirə bilsinlər. O da etiraf
olunmalıdır ki, qərarsız tələbələrimiz
hələ də az deyil. Onlar
yüksək bal toplamağına baxmayaraq, hansı ixtisası
seçməsində hələ də çətinlik
çəkir və tərəddüd edirlər.
Çünki əvvəlcədən qarşısına məqsəd
qoymayıb. İlk növbədə qarşıya məqsəd
qoyulmalıdır, məqsədə müvafiq də
seçim edilməlidir. Bu sahədə çətinlik
çəkənlərin isə müəllimlər və
valideynlərin yardımına ehtiyacları var. Ekspert gənclərə
ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə
vasitəsi kimi baxmamalarını tövsiyə edir: "Bir
il, iki il gec olsun, ancaq seçdikləri ixtisas ürəklərincə
olsun. Seçdikləri ixtisasa özlərində bir
bağlılıq hiss etsinlər. Yalnız bu halda işini bilən,
işini sevən peşəkar mütəxəssisə
çevrilmək olar".
XXI əsr bütün sahələrdə texnoloji
inkişaf əsridir. Bu dövrün tələblərinə
uyğun ixtisaslar seçilməsi, mütəxəssislər
hazırlanması olduqca vacibdir. Tez-tez qeyd olunduğu kimi, gələcəyin
ən çox tələb olunan ixtisasları informasiya
texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter
mühəndisliyi ixtisaslarıdır. Sadalanan ixtisaslar üzrə
mütəxəssislərə indi də tələbat
çoxdur. Gələcəkdə bu tələbat daha da
artacaq. Dünyanın aparıcı universitetlərində
artıq neçə illərdir ki, sözügedən
ixtisaslar üzrə mütəxəssislər
hazırlanır.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, müəyyən
ixtisaslar var ki, abituriyentlər onlara maraq göstərir, amma
hazırda əmək bazarında həmin ixtisaslara önəm
verilmir və tələbat yoxdur. Bu səbəbdən də gənclər
ixtisas seçimi zamanı diqqətli olmalıdır.
Bazarın tələblərini nəzərə almalı, yeni
ixtisaslar istiqamətində seçimlərə
üstünlük verilməlidir. Ali təhsil almağa,
oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə
yönəldilməlidir: "Hər bir valideyn istəyir ki,
övladı ali təhsil alsın. Amma hansısa gəncin
oxumağa həvəsi, potensialı yoxdursa, onu peşəyə
yönləndirmək lazımdır. Gənclər əsasən
informasiya texnologiyaları, informasiya təhlükəsizliyi
kimi ixtisaslara üstünlük
verməlidir. Dünyadakı yeni
çağırışlara hazır olmalıyıq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.23.