Dənizlər fatehi
Memar Sinanın kiçik ayasofyası
Osmanlı donanmasının önəmli komandirlərindən
biri, Uluç Əli Rəis kimi də tanınan
Kılıç Əli Osmanlı dövlətində
kapitan-ı dərya vəzifəsində idi. Özü də
nə yunan idi, nə erməni, tərtəmiz italyan idi. İtaliyanın
kəndlərindən Kalabridən olan Uluçun əsl
adı Covanni Dionik Qaleni idi. 1500-cü illərin əvvəllərində
doğulduğu ehtimal edilir. Kiçik yaşlarında dini təhsil
almaq üçün ailəsi tərəfindən Neapola
göndərilərkən Əlcəzirəli Əli Əhməd
Rəis tərəfindən əsr götürülür. Bir
daha nə kəndini görür, nə ailəsini. İlk
vaxtlar ona Uluç ləqəbi verilir. Uluç müsəlman
üzlü kafir deməkdir. Piratlıq edən xrsitian dənizçilər
belə çağırılırmış. Uluç
Əli müsəlmanlar tərəfindən əsr
götürüldükdən sonra islamı qəbul edir, piratlıqla
məşğul olur və tezliklə Osmanlı donanmasına
qatılır.
Fəthlər, zəfərlər və zirvə...
İlk vaxtlar Turgut Rəis ilə işləməyə
başlayır. Onunla birlikdə Trablus fəthinə
qatılır. Neapol, Siciliya hərəkatına qoşulur.
Ordan da Turgut Rəis ilə birlikdə ilk dəfə
İstanbula gəlir. Orduda göstərdiyi şücaətlərinə
görə, Tərsanəyə rəis təyin edilir. Ancaq bu,
onun üçün həddən artıq oturaq iş idi. Bir
neçə il sonra Ağdəniz donanmasına qatılır.
Arxasınca Malta mühasirəsinə qoşulur. Uğuru
uğurunu təqib edir. Tezliklə İzmir bəylərbəyi,
yeddi il sonra isə Əlcəzirə bəylərbəyi olur.
Sonra yenidən Osmanlı donanmasına qoşulur və
Kıprıs fəthində iştirak edir. Ardından Pertev
Paşa və Əli Paşa ilə Rodosa gedir, Girit sahillərini
vururlar. Osmanlılara qarşı Xaçlı Ordusunun
yaxınlaşdığı xəbərinin gəlməsi ilə
işlər qarışır. Uluç Paşa savaşın
açıq dənizdə olmağını təklif edir,
ancaq o dönəmki kapitan-ı dərya (dənizlərin
baş komandiri) Əli Paşa bunu qəbul etmir. O da əmrə
tabe olur, amma bütün gücünü ortaya qoyur,
düşmənin sol qolunu dağıdır və
maltalıların kapitan gəmisini ələ keçirir.
Ardınca Sinan Paşa ilə birlikdə Ağdənizə
çıxır. İtaliya və Sicilya sahillərinə
vurur. Ancaq ən əhəmiyyətlisi İnebaxdı
savaşından sonra İspaniyanın geri aldığı
Tunii La Qoulatta qalası ilə birlikdə otuz üç
gün sürən mübarizədən sonra yenidən ələ
keçirməyə müvəffəq olur. Bununla da Berberi
sahilləri Osmanlının üçüncü əyaləti
olur və Kılıç Əli Paşa zirvələrə
ucalır. Paşanın yaşadığı həyata heyran
qaldım. Bəzən kriz kimi görünən nəsnə
insanın ən böyük fürsəti olur. Ola bilər ki,
bunu o an görə bilmirsən, illər sonra dönüb
arxaya baxanda heç bir şeyin təsadüf
olmadığına əmin olursan. Eynilə Kılıç
Əli Paşa kimi... rahib olmaq üçün yola
çıxır, Osmanlı İmperatorluğun ən önəmli
adamına çevrilir.
Memar Sinan əsəri
Paşanı kəşf etməyimə səbəb
mütəmadi getdiyimiz Karaköydə, yolun kənarında
ucalan və onun adını daşıyan Kılıç
Əli Məscidi oldu. Memar Sinana inşa etdirdiyi bu abidə,
sanki açıq hava altındakı sənət əsəridir.
Üzərindəki kitabədən də öyrənirik ki,
1580-ci ildə inşa edilib. Bura eyni zamanda türbə, mədrəsə,
hamamdan ibarət külliyyədir. Abidə, qübbənin iki
yanındakı yarım qübbələr və digər iki
yanındakı kəmərlər, dəstək divarları ilə
Ayasofya məscidinin kiçik versiyasına bənzəyir.
Mehrab tərəfdəki çinilər İznikin parlaq
dönəminin məhsuludur. Giriş, pəncərə
üstləri və mehrab üstü işlər Qarahisar məktəbinin
son təmsilçisi olaraq qəbul edilən xəttat Dəmirçiqulu
Yusif Əfəndiyə aiddir. Məscidin
qarşısındakı Topxana çeşməsi ilə
hormoniya təşkil edən abidənin bağında qəbiristanlıq
mövcuddur. Qeyd edim ki, Paşanın da məzarı
buradadır, 1587-ci ildə vəfat etdikdən sonra burada dəfn
edilir.
Məscidin qeyri-adi hekayəsi
Böyük işlərə imza atan Dənizlərin
Kapitanının Memar Sinana inşa etdirdiyi məscidin yer
seçimi və inşa hekayəsi də olduqca
maraqlıdır. Hətta deyərdim ki, beləsinə ilk dəfə
rast gəlirəm. Kılıç Əli Paşa öz
adına məscid inşa etdirmək fikrinə
düşür. Bunun üçün bir neçə dəfə
Sultan III Muradın hüzuruna çıxır və bu iş
üçün ona yer təsis edilməsini istəyir, lakin bu
istəyinə heç cürə nail ola bilmir. Kapitan yenə
ümidini itirmir və təkrar hüzura çıxır. Axırda
Sultan deyir ki, "sən dəryaların sərdarısan, get
öz məscidini sərdarı olduğun dənizin
üstündə inşa et. Yoxsa sənə quru ərazidən
bir qarış torpaq belə verməyəcəm".
Kılıç Əli Paşa deyir ki, "Hökmdarım,
madəm ki, bizim evimiz, məkanımız dəryalardır, o
halda məbədimizin də dəryalar üzərində
inşası doğru olar" cavabını verir və
çıxır. Bu dialoq qarşısında insan zəkasına
heyran qalmamaq əldə deyil. Yəqin ki, bu söz bu
günün insanına belə bir söz deyilsə,
düşünər ki, "hər halda prezident bu
addımı atmağımızı istəmir deyə bu
cür deyir, ən yaxşısı, bu işə qol
qoymamaqdır". Bəlkə də, yanılırım,
bilmirəm, amma o dönəm insanının zəkası ilə
bu dönəm insanı arasında ciddi fərq var. Bəlkə
də, o dönəm insanlarının hədəfi, kökləndiyi
nöqtələr, xərcləyəcəyi enerjilərin ünvanı
bəlli idi. Amma bu günün insan bir yerdə oturur, min yerə
iy salır. Mövzudan yayınmadan qayıdaq məsələmizə...
bu dialoqdan sonra Kılıç Əli Paşa hərəkətə
keçir. Bu gün məscidin yerləşdiyi Topxananın
qarşısına gəlir. O vaxtlar buralar dənizə
aidmiş, yəni su imiş. Dövrün böyük
Memarı Sinan ilə bir neçə dəfə əraziyə
gəlib baxırlar. Axırda dənizin bu qismini dolduraraq
üstündə məscid inşa etməyə qərar verirlər.
Daş, torpaq, beton yığınını dənizə
doldururlar və məscidin təməlini atacaq zəmini
yaradırlar. Bu da dəniz üstündə inşa edilən
ilk məscid olaraq tarixə keçir.
Kılıç Əli Paşa Məscidi necə
Ayasofya oldu?
Məscidin Ayafoyanın kiçik modeli olmasına gəldikdə
isə bunun da hekayəsi var. Belə ki, o dönəmdə
padşah Memar Sinandan Ayasofyanı zəlzələyə
qarşı gücləndirməsini istəyir. Ayasofyanın
necə inşa edildiyini bilməyən Memar Sinan Padşaha
deyir ki, "hökmdarım, Ayasofyaya toxunsaq, dağılacaq.
Əmrinizi yerinə yetirməyim üçün əvvəlcə
onun bənzərini inşa etməliyəm ki, sonra belə bir
işə girişə bilim". Buna görə də, Memar
Sinan Kılıç Əli Məscidini inşa edərkən
Ayasofyanı model alır. Mənə elə gəlir ki, Memar
Sinan onun öyrəndiyim hər an məni təəccübləndirməyə
və özünə heyran qoymağa davam edəcək.
Ani qərar
Məscidin inşasında olduğu kimi, hamamın
inşa edilməsi də maraqlıdır. Əslində burada
hamam nəzərdə tutulmayıbmış. Necə baş
verdiyinə gələk; Kılıç Əli Paşa məscidin
inşa prosesini tez-tez yoxlayırmış. Bir gün yenə
inşaat yerinə gəlir, işçilərin iş
prosesini kontrol edərkən gözü bir fəhləyə
sataşır. Xoş çöhrəli, saf Anadolu insanı
olan bu fəhlə kürəyinə ağır daş
alıb yuxarıya çıxdığını, yuxarı
çatanda daşı yerə qoymadan bir qədər fikirləşəndən
sonra təkrar alıb qucağına aşağı endirdiyini
görür. Vəziyyətdə anormallıq olduğunu sezən
Paşa fəhləni yanına çağırır, elədiyi
hərəkətin səbəbini soruşur. Paşanı
tanımayan fəhlə deyir ki, "əfəndim, mən
burada fəhləyəm, pulla işləyirəm. Bu tikinti də
mübarək məscid olacaq. Mən isə bu gecə kirlənmişəm.
Ətrafa toxuna bilməyim üçün qüsul
almalıyam. Ancaq buralarda bir dənə də olsun hamam yoxdur.
İşi qoyub uzaq yerə hamama getsəm, həm
qazancımdan olacam, həm də işi başımdan eləmiş
olacam və aldığım pul halalım olmayacaq. Belə bir
vəziyyətdə bu daşın məscidin divarına
qoyulmağına könlüm razı olmur. Buna görə də,
çox müşkül haldayam". Fəhlənin səmimiyyətindən
təsirlənən Paşa kövrəlir. Özünü
tanıdır və gəncə pul verir, onu başqa səmtdəki
hamama göndərir. Sonra Memar Sinanın yanına gedir:
"Memarım, muradım odur ki, burada təcili bir hamam
inşa edilsin. Qoy məscid inşası bir az geciksin.
Hamamı Allah rizası üçün insanların xidmətinə
verək, savabına gəlib təmizlənib, paklansınlar.
Sonra məscidi tamamlayarıq" deyir. Beləliklə,
hamamın inşası başlayır. Paşanın dediyi kimi
olur; əvvəlcə hamam tikilir, sonra məscid tamamlanır.
Kılıç Əli Paşanın
sızıldayan sümükləri
Karaköyə mütəmadi gedirik. Məkanların
yolu bu məscidin yanından olduğuna görə, hər dəfə
qapısının önündən keçməli oluruq.
Yaxınlarda eyni yerdən yenə keçməli olduq,
baxdıq ki, hamamın qapısı açıqdır.
Çünki hələ də fəaliyyətdədir. Rəfiqələrim
qiymətlə maraqlanaq dedilər. Qiymətin yüksək
olduğunu, vaxt itirməməyi söylədim. Çünki
köhnə qapını çıxarıb, girişə
şüşəli və turist cəlb edən qapı
çərçivəsi qoyublar. Qızlar yenə də, dəqiqləşdirmək
istədilər. Məndən demək, dedim, üstələmədim.
Birdə gördüm suları süzülmüş halda geri
qayıdırlar, uşaqlar 100 manat, böyüklər 300 manat
ödəməklə hamamdan istifadə edə biləcəklərini
öyrənmişdilər. Belə qaynar nöqtədə yerləşən
möhtəşəm abidələrin hərəsi bir "at
oğrusu" olan biznesmenin əlindədir. Fantastik qiymətlər
təyin edirlər, bütün qazancı da ərəblərə
hesablayırlar. Nəticədə tarazlıq pozulur. Halbuki bir
vaxtlar bu hamam savab olsun deyə tikilib, Allah bilir, bəlkə də,
Paşanın sümükləri sızıldayır.
Külliyəyə gəldikdə isə... dünən
inşa edilmiş kimi sağlam, möhkəm
görünür. Yüz illərdir nə daşı əyilib,
nə divarı çatlayıb. Təbii ki, yüksək səviyyədə
restavrasiya edilib. Amma işin sirri yenə də Memar Sinanda
bitir. Dənizi doldurub, üstündə belə bir abidə
tikmək hər adamın hünəri deyil. Elə
texnologiyanın inkişaf etdiyi bu günün özündə
belə...
Türkan TURAN
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.21.