İsrail ədəbiyyatının
qaynaqları
(Seyfəddin Hüseynlinin tərcüməsində)
İsrail ədəbiyyatından tərcümə
olunmuş nümunələrin toplandığı nəşri
açıb oxumazdan əvvəl oxucu bu ədəbiyyatın
nə kimi inkişaf yolu keçdiyi barədə ən azı
ümumi məlumata malik olmalıdır. Elə buradaca qeyd etmək
yerinə düşər ki, qədim yəhudi dilindəki ədəbiyyat
əvvəlcə köçəri habiri tayfalarının (yəhudilərin
ən əski əcdadları belə adlanırdı), daha
sonralar isə şimal (israillilər) və cənub (iudeylər)
yəhudilərinin ölüm-qalım mücadiləsi barədə
nəğmələrin, əfsanələrin yazıya
alınması ilə başlanıb.
Üç min ildən artıq yaşı olan yəhudi
xalq ədəbiyyatı
nümunələri - ümumdünya
daşqını barədə əsatirlər,
"Deboranın nəğməsi", Samson bahadır
haqqında əfsanə, bəşəri gözəlliyə
və məhəbbətə dair misilsiz himnə
çevrilmiş "Nəğmələr nəğməsi"
qədim dövrün ən yaxşı ədəbi nümunələri
sırasındadır. Bir məqamı da
vurğulamalıyıq ki, ilk hökmdarlara həsr olunan bu erkən
dövr abidələrinin naməlum müəllifləri hələ
o zamanlar ədəbiyyata publisistik çalar və polemik ruh gətirəcək
qədər cəsur davrana biliblər. Misal üçün,
Davud şahın ünvanına ənənəvi mədhlərlə
yanaşı, onun məkrli və qəddar olması barədə
sərt ifadələrə də yer verilib.
Qədim yəhudi ədəbiyyatında bədii
publisistika
özünün gerçək zirvəsinə
eramızdan əvvəl VIII-VI əsrlərdə peyğəmbərlərin
əhaliyə, xalqa ünvanladıqları xütbələrlə
yüksəlib. Bu xütbələrin kəskin ictimai məzmunu
qədim yəhudi ədəbiyyatının publisistik nəsr
xəttinə zamanla ayaqlaşmaq, quldarlığa qarşı
fəal mübarizədə rol oynamaq imkanı verib.
Bizim eradan əvvəl V əsrin ortalarında əski
çağlarda yaranmış və inanc süzgəcindən
keçib gəlmiş əsərlərin dini məcraya
salınması yönündəki son dərəcə əhatəli
iş yekunlaşdı, Əhdi-Ətiqin əsas təsisçisi
olan ruhani Ezra onları yəhudilər üçün Mənəviyyat
Kodeksi səviyyəsinə çatdırdı. Belə
görünürdü ki, xalqın ötən yüzilliklər
boyu ortaya qoyduğu ədəbi yaradıcılığa yekun
vurulub və indi yeni inkişaf mərhələsi gəlməlidir.
Ancaq həyatın hökmü fərqli oldu.
Əhdi-Ətiqə daxil ediləcək ədəbi əsərlərin
toplanılması və yenidən işlənməsi yəhudilərin
- Nabuhadnazar eramızdan əvvəl 586-cı ildə İudey
diyarını zəbt və viran etdikdən sonra - ən
azı yarım əsr sürən Babil əsarətində
qaldıqları bir dövrdə gerçəkləşdirilib.
Yeni Babil səltənəti fars hökmdarı Kirin
hücumları nəticəsində çökdükdə yəhudilər
onun mərhəməti hesabına Fələstinə
qayıtdılarsa da, orada ali ruhaninin başçılıq
etdiyi qatı dini idarəçilik altında yaşamalı
oldular. Əlbəttə, peyğəmbərlər nəslinin
səsini tamam boğmaq yerli ruhani təbəqə və Kirin
təyin etdiyi valilər üçün heç də asan
deyildi. Nəticədə, məsələn, "Rufun
Kitabı" kimi - zahirən dinc, idillik məzmunlu, ərinin
ölümündən sonra qayınanasının qeydinə
qalan xeyirxah gəlindən bəhs edən - hakim xəttə
zidd çalarlı əsərlər meydana
çıxırdı. Bu əsərin müsbət qəhrəmanı
olan gəlin etnik mənşəcə moavitdir, halbuki ruhani
idarəçilik qarışıq nikahları qanunla
qadağan etmişdi! Vətənpərvər ruhlu bu cür əsərlər
ruhani hakimiyyətin və onun yadelli himayəçilərinin
qədim yəhudi ədəbiyyatı üçün
ölçüb-biçdikləri qəlibə
sığmırdı. Bununla belə, möhtəşəm ədəbi
abidələrin istər-istəməz dini-ruhani ehkamlara xeyli dərəcədə
uyğunlaşmalı olduğu da danılmaz faktdır. Bizim
eradan əvvəl IV-III əsrlərdə yarandığı
bildirilən bəzi nümunələrdəki
dərin bədbinlik, çarəsizlik, mütilik,
mübarizədən imtina ovqatı
məhz bunun təzahürüdür. Həmin dövrə
aid fəlsəfi mətn olan "Ekkleziastın
Kitabı"na da bənzər düşüncə hakimdir:
dünya durğunluğa qərq olub, heç nə dəyişilmir,
bütün cəhdlər əbəsdir, irəliləyiş
mümkünsüz, mübarizə mənasızdır.
Ellin və Roma dövründə yəhudilər dil
müstəvisində aşınmaya məruz qalıblar, odur
ki, yeni nəsil üçün anlaşıqlı olsun deyə
Bibliya yunancaya tərcümə edilib. Yəhudilik çərçivəsindən
kənara çıxan "Makkaveylərin Kitabı",
"Tovitin Kitabı" və başqa bu qəbil əsərlərin
yalnız yunancaya tərcüməsi qalıb. "İskəndəriyyəli
Filonun fəlsəfi risalələri", İosif Flavinin tarixə
dair qeydləri kimi nümunələr, yəhudi mühitində
yaransa da, birbaşa yunan dilində qələmə
alınıb.
Nəhayət, eramızdan əvvəl I əsrdən
erkən orta əsrlərə qədər olan bir dövr gəlir.
Bibliya mənbəli ədəbi abidələrin Talmud
üslubuna uyğunlaşdırılması - Haqada həmin
dövrə xas iqtisadi münasibətlərdəki
feodallaşma təmayülünü əks etdirir. Haqada xalq
yaradıcılığının bir çox qiymətli
ünsürlərini - möhtəşəm əfsanələri,
rəvayətləri, təmsilləri, nəsihətləri,
hikmətli kəlamları qoruyaraq ədəbiyyata
ötürüb. Ancaq bu da həqiqətdir ki, qədim yəhudi
ədəbiyyatına bədii dünyagörüşü,
insana məhəbbətin, təbiətə xas gözəlliklərin
tərənnümünü sıxışdıran basmaqəlib
mistik axın hakim kəsilmişdi.
Sonrakı yüzilliklərə aid
qədim yəhudi ədəbiyyatını sularda qərq
olmuş arxipelaqa bənzətmək olar:
sanki orda-burda okean dalğaları arasından sualtı
adalarda ucalan dağların zirvələri boy verir, adaların
qalan hissələri isə sadəcə ümumi əlaqəni
qorumağa yarayır, arxipelaq bu gizli
bağlılığın sayəsində mövcudluğunu
qoruyur, fincandakı suda həll olan qənd parçaları
kimi okeanda parçalanıb ərimir; əgər arxipelaq
salamat qalırsa, deməli, nə vaxtsa suyun çəkiləcəyinə,
adaların yenidən gün altında
yaşıllaşacağına, insan və quş səslərilə
canlanacağına ümid var.
Qədim yəhudi ədəbiyyatının
"sualtı arxipelaq"ının sonrakı əsrlərdə
görünən ən gözəgəlimli zirvələri
orta çağın qüdrətli lirikləri - Solomon ibn Qabirol,
Moisey ibn Əzra, İehuda Halevi (XI-XII əsrlər),
onların ardınca İehuda Əlharizi, Romalı İmmanuil
(XII-XIII əsrlər) kimi böyük sənətkarlar, daha
sonra XVIII-XIX əsrlərin görkəmli söz ustaları,
XX yüzilliyin ilk yarısında yazıb-yaradan Haim-Nahman Bialik,
Saul Çernixovski, Zalman Şneur gəlir.
Qəribə haldır ki, Bialik, Şneur və XVIII-XX əsrlər
yəhudi ədəbiyyatının digər simaları təkcə
Bibliyanın dilində yox, qədim dövrlərdə bilinməyən
başqa bir dildə - idişdə də yazıblar.
Nə dildir bu belə? Bu dildə necə bir ədəbiyyat
meydana gəlib?
İdiş İspaniyadan qovulan yəhudilər
Almaniyaya sığınıb tez bir zamanda orada məskunlaşdıqdan
sonra, almancanın bir şivəsi əsasında ortaya
çıxıb. Sadə xalq kütlələrinin, gettolara
sıxışdırılmış zavallı insanların
danışdıqları bu dil lap əzəldən gündəlik
məişət qayğıları üzərində
köklənmişdi, onun lüğət tərkibi yenicə
oturaqlaşmadan xəbər verən bərbad məhəllələrdəki
kədərli həyatın izlərini
daşıyırdı. XV-XVIII əsrlərin ədəbi zəmini
əsasında görülən ağır işlərin
ardınca, XIX yüzilliyin 70-ci illərindən XX əsrin ilk
onilliklərinə qədərki müddətdə idiş,
dünyaya bu dildə yazan bir sıra görkəmli ədiblər,
klassiklər bəxş etdi.
Sonrakı dövrdə qədim yəhudi dili və
idiş artıq yanaşı işləndi,
bu dillərdə yaranan ədəbiyyat paralel inkişaf
yoluna qədəm qoydu. Nəticədə, bu və ya digər
ədibin zahirən bir-birinə zidd təsir
bağışlayan bu dillərin hər ikisində
yazıb-yaratmasına sıx rast gəlinməyə
başlandı.
1948-ci ildə ingilis protektoratı olan Fələstin ərazisində
İsrail dövləti bərqərar oldu. Bundan sadəcə
yarım əsr əvvəl qədim yəhudi dilinin - ivritin
danışıqda işlənmə funksiyası bərpa
olunmuşdu. İvrit indi canlı bir dildir və İsrail yəhudiləri
öz ədəbiyyatını həm bu dildə, həm də
idişdə yaratmaqdadırlar. ABŞ, keçmiş Sovet məkanı,
Polşa, Fransa, Argentina, Kanada və digər ölkələrdə
isə gündəlik həyatda, eyni zamanda ədəbi prosesdə
əsasən idiş işlənir. Bu baxımdan, üç
min il, hətta daha uzun inkişaf yolu keçmiş bir ədəbiyyatın
birdən-birə müasir dünyada "ən gənc ədəbiyyatlardan
biri"nə çevrilməsi heç də təəccüblü
gəlməməlidir.
İvritdə yazan ilk ədiblər, Fələstinə
mühacirət edərkən, gəldikləri ölkələrə
xas mövzuları buradakı ədəbiyyata gətirdilər.
Bu diyarda yaranmağa başlayan yeni ədəbiyyat, xüsusən
də onun nəsr qolu ilk vaxtlar son dərəcə kövrək
səciyyə daşıyırdı. Özünəməxsus
milli elementlər hələ formalaşma mərhələsində
olduğu üçün orijinal nəsr əsərlərinin
yaranmasına imkan verən kifayət qədər möhkəm
məişət və folklor zəmini yox idi. Yaşlı nəsildən
olan görkəmli İsrail nasirləri hələ
Qalisiyadakı (Aqnon), Ukraynadakı (Hazaz) həyatı, Şərq
ölkələrindəki yəhudilərin yaşamını
(Burla) təsvir edirdilər. Bununla belə, Aqnonun
yaradıcılığında bilərəkdən,
şüurlu şəkildə yol verilən üslubi arxaiklik
və nəsihətçi məqamlar, Hazazın yəmənli
yəhudilərdən götürdüyü mistik süjetlər,
eləcə də
Fələstinə xas idilliya, Bibliya retrospektivləri
- bütün bunlar əslində nəsə
köklü bir yenilik baş vermədiyini, sadəcə, yəhudi
ədəbiyyatının öz köhnə, daha doğrusu, qədim
axarıyla davam etməyə başladığını
göstərməliydi. 1920-30-cu illərdə Fələstində
yaranan yəhudi nəsri məhz buna görə öz
dövrü ilə ayaqlaşmırdı, onun zəif cəhətləri
də elə bununla bağlı idi.
Poeziyada isə inkişaf fərqli yolla getdi. 1920-ci illərdə
Fələstində yeni ivritdilli yeni poeziya dalğası
yüksəldi: əvvəlki ədəbi nəslin nümayəndələrinə
xas ənənəçiliyə ilk vaxtlar meydan oxusa da, daha
sonra bu yeni poeziya onların qədim yəhudi ədəbiyyatını
canlandıran nailiyyətlərini minnətdarlıqla qəbul
və istifadə etdi. Bu poeziya yarandığı ilk günlərdən
indiyədək özünün mütərəqqi xarakterini
qoruyub saxlamaqda, onun ən yaxşı təmsilçiləri
dünyada sülh və sosial ədalət ideallarına sadiq
qalmaqdadırlar. Tərəqqipərvər İsrail ədibləri
digər millətlərlə qırılmaz
bağlılıq və qardaşlıq məramlarını
davamlı ifadə edir, fərqli xalqlara mənsub sadə
insanların qayğılarını şəfqətlə qələmə
alırlar.
Yəhudilərlə ərəblərin
qarşılıqlı münasibətləri
az qala bütün İsrail
yazıçılarının
yaradıcılığından qırmızı xətt kimi
keçir. Mordehay Avi-Şaul bu mövzuya yanaşmasını
çox gözəl şəkildə ümumiləşdirib:
"Ey cəfakeş insanlar, əgər münaqişə
üzündən İordan çayının suyu bulanarsa, siz
kinə-hikkəyə qapılmayın, məni aranıza
körpü əvəzi uzadıb, üstümlə bir-birinizə
doğru addımlayın!"
Müşahidələrə əsasən, mütərəqqi
səciyyəli İsrail ədəbiyyatı milli məsələ
ilə bağlı mövzuların yeni, çağdaş həlli
yollarını təklif edir.
1943-cü ildə Fələstində ivritdə
yazılmış hekayələrdən ibarət toplu
işıq üzü gördü: müəlliflər İordan
çayının və Ölü dənizin sahillərində
doğulmuş gənclər idi. Kənardan gəlib məskunlaşmış
yox, yerli imzalar - bu diyarın köklü sakinləri ilk dəfə
müəllif qismində çıxış edirdilər və
bu, qədim yəhudi ədəbiyyatı Fələstin
hüdudlarından kənara çıxdıqdan sonrakı iki
min ildə birinci belə hadisə oldu. Hitlerçiliyə
qarşı savaşın ən qızğın vaxtında
ivritdə yazılan yeni nəsr təzahürü meydana gəldi.
Beş il keçdi, ingilis mandatının ləğvi
ilə nəticələnəcək müharibə qopanda ədəbiyyat
yeni bir dövlətin yaranmasından irəli gələn
problemlərlə qarşılaşdı. 1947-48-ci illər
savaşı ərəb qaçqınların
üzücü məşəqqətlərini, həmçinin
israillilər üçün işsizlik, bahalaşma kimi
problemləri, xaricdən ölkəyə axının səbəb
olduğu çətinlikləri doğurdu.
1920-30-cu illərdə Fələstində yaranan nəsrdən
tamam fərqli olaraq, gənc İsrail nasirləri sonrakı
onilliklər ərzində
ölkənin gerçək gündəmi ilə
üzləşməkdən yayınmadılar.
Onlar yəhudilərin Şərqi Avropada ilk
oturaqlaşma dövrünə aid motivlərin tərənnümünə
girişmədilər, çünki buna macalları
qalmamışdı, birtəhər öz problemlərinin
öhdəsindən gəlməyə
çalışırdılar.
Bu mərhələnin tipik nümayəndəsi
Moşe Şamirdir. O, Bibliyaya xas idillik mövzuların tərənnümçüsü
yox, gerçək həyatın təsvirçisi oldu.
Şamirin qayəsi İsraildə yaranmaqda olan ictimai nizamın
oturuşması və möhkəmlənməsi idi. İsrail
mühiti əsasında ilk sosial roman ("Günəş
altında") yaratmaq naminə uğursuz cəhdində də,
əvvəlki dövrlərdə geniş yayılmış həcv
məzmunlu nümunələrin əksinə, İsrail sosial
gerçəkliyinin təsvir edildiyi bir povest ("Öz əllərinlə")
yazanda da Şamir məhz bu qayəni əsas tuturdu.
Qeyd etmək vacibdir ki, hətta İsrail ədəbiyyatının
çarəsizliyə və dərin şübhəçiliyə
qapıldığı dönəmlərdə də onun
sağlam, mübariz qanadı gerçəkliyə xas olan,
insan həyatına aid mövzulara güclü sədaqət
nümayiş etdirib.
(Məqalə ixtisarla təqdim olunub)
"Dünya ədəbiyyatı" jurnalı
(2021, №2)
Aron VERGELİS
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.20.