Gecikmiş
uşaqlıq qəzası
Esse
Küçələrdə qaçan, toz-torpağa
bulaşan, top qovlayıb qolunu-ayağını qıran,
qonşu uşağa yumruq atıb, sinif yoldaşından yumruq
yeyən bir uşaqlığım olmayıb. Sakit, nə desələr
razılaşan, səs-küydən tez yorulan, dinc, hər kəsin
sevimlisi, gülərüz biri olmuşam. Bir də kitabdan əl
çəkməyib, oxuduqlarımı "on iki vərəq",
yaşıl astarlı dəftərlərə
köçürüb, dağa, çaya, gülə, böcəyə
şeir yazmışam. Nənəm ədəbiyyat müəllimi
idi, bibim də. Anam isə piano təhsili almışdı,
oxuduğum məktəbdə musiqi dərsi deyirdi. Qohum-əqrəbada
kimi tanıyırdımsa, hamısı müəllim
olmuşdu. Biri riyaziyyat, biri ibtidai sinif, biri əmək təlimi,
biri coğrafiya, o biri tarix, bir digəri ingilis dili - fərqli dərsləri
tədris edən onlarla tanış-biliş. Amma mən
kitablara müəllimlərin yox, ali təhsili olmayan, buna rəğmən,
müdhiş coğrafiya və tarix bilgisi olan atamın sayəsində
dadanmışdım. Mütaliə vərdişi kimi, o,
küçələrdə qaçıb-oynamağı da mənə
aşılayırdı, amma sözünə baxmırdım.
Məktəbdən gələn kimi ev
tapşırıqlarını həll edib, sonra
otağımda kitabxanalardan yığıb gətirdiyim
klassiklərlə dostlaşırdım. Kitablar xaric, tək
arzum velosipedimin olması idi. Kasıb, öz taleyinə təslim
olmuş bir ailə üçün o vaxt velosiped bahalı
idi. Bu yay, gələn yay, səbr et, az qaldı deyə-deyə
səkkizinci sinfə kimi səbr elədim. Bir gün
qonşumuzun oğlu dedi ki, mən təzə velosiped alacam, gəl
köhnəni sənə "su qiymətinə" satım.
Atam razı oldu. Aldıq. Ondan sonra küçələrdən
yığışmadım. Dərsdən gələn kimi
velosipedlə az qala bütün kəndi gəzirdim. Kitab oxumaq
vərdişim də axsamadı. Hətta bütün
günüm hərəkətli keçsə belə, gecəni
yuxusuz qalıb başımı kitabların içinə
gömə bilirdim. Düz iki il - onuncu sinfə kimi
düşmədim o velosipeddən. Heç bircə dəfə
yıxılmadım da, kola-kosa ilişmədim, daşa-divara
çırpılmadım da...
Onuncu sinifdən sonra universitetə hazırlıqlar
başladı. Ən yaxın dostum olmuş velosipedimdən
uzaq düşdüm. Qarajda ən əldən-gözdən
uzaq bir yerə qoyduq. Repetitorlarımın hamısı rayon mərkəzində
idi. Uzaq olduğu üçün velosipedlə gedib-gəlmədim.
Ara-sıra qarajdan çıxardıb trosunu, təkərlərini
yağlayır, sükanını, oturacağını silir,
yenə qaytarıb yerinə qoyurdum. Çox vaxt
yaşıdlarım uşaqlıqda velosipeddən necə
yıxılıb qolunu qırdığını
danışanda qürurla deyirdim ki, bircə dəfə də
yıxılmadım. Uşaqlığımın bu xırda
qüruru üçün həmin velosipedimə minnətdar
olurdum.
Böyüdüm, Bakıya getdim, bulvarda həftəsonları
velosiped sürdüm. Yıxılmadım. Sonra əsgərlikdə
dağda xidmət etdim. Hər gün bəlkə on dəfə
dik yamacı çıxıb müşahidə məntəqəsində
ya özüm postda durdum, ya da postdakı yoldaşıma su-yemək
apardım. Qışda o dik yol buz bağladı. Bütün əsgər
yoldaşlarım heç olmasa bir dəfə
yıxıldı, mən yıxılmadım. Tərxis
olundum. Türkiyəyə gələndən sonra buradakı
dostlarımla, demək olar ki, hər gün motosiklet
sürdük. Ən keçilməz yerlərdə "dəmir
at"ın sürəti kəllə-çarxa
çıxdı, yenə mənə heç nə olmadı.
Uzun sözün qısası, həyatımda bu yaşıma
qədər heç vaxt yıxılmaq, qırıq,
sınıq kimi bir travmam olmadı. Yıxılmağın
necə bir ağrı olduğunu heç vaxt bilmədim.
Yazılarımda heç kim, heç nə
yıxılmadı. İki şeir kitabım çap olundu,
bircə dəfə fiziki ağrını təsvir etmədim.
Roman yazdım, heç bir qəhrəmanımın
ayağı sürüşmədi, qəza keçirtmədi.
Beş hekayəmin ikisində ölüm var, amma
Əzrayıl sakit gəlir, sakitcə də gedir, yenə
ağrı yoxdur. Çünki bədənimdə onu
heç vaxt hiss etməmişəm. Bu da mənim belə bir
çatışmazlığım olsun, qəbul edirəm. Hər
işdə bir xeyir var, bəlkə bundan sonra
ağrını daha yaxşı ifadə edəcəyəm.
Bəlkə, bundan sonra oxuduğum qəza xəbərlərinin
ən dəhşətlisi belə mənə ilham verəcək,
kim bilir.
Niyə "bundan sonra"?..
lll
İki həftə qabaq motosiklet qəzasında
ağır yaralandım. Səhər saat beşdə. Günəş
Mərmərənin uzaqlarında təzə-təzə
özünü göstərəndə sahildə,
çınqıllı yolda idarəetməni itirdim. Yüksək
sürətlə az qala altımdan çıxıb
özünü dənizə atacaq motosiklet əvvəlcə
məni, sonra özünü devirdi...
Üzümə səkkiz tikiş atıldı.
Qaşımdakı tikiş izləri ömrümün sonuna qədər
mənə xatirə qalacaq - həkimlər belə dedilər.
Amma çox xarizmatik bir izdir, mən razı: qalsın. Yeni nəsil
qaşına elə iz qoymaq üçün dünyanın
pulunu tökür bərbərlərə.
Dodağımdakı izlər isə iki-üç ay
içində silinib gedəcək. Xırda bir çapıq
da bığımın altında gizlənəcək.
Yanağımın dərisi tamam soyulub. İlan dərisini dəyişən
kimi üzümün dərisini dəyişdim, onun da bir izi
qalmadı. Sol çiynim qəzadan sonra düz dörd gün
sözümə baxmadı, amma həkimlərin sayəsində
yenidən "əhliləşdi". Üç dişim
qırıldı, onlarında çarəsi tapıldı.
Sol qolum, sol ayağım büsbütün yara idi,
hamısı keçdi. İki həftə öncə, o qəzadan
əvvəl necə idimsə, həmin halıma geri
döndüm. Hər şey keçdi, hər yara
sağaldı. Amma travması və ağrısı heç
vaxt keçməyəcək. Mənə ilk qəza
travmasını yaşadan o "göyçək
dostum"un elə Mərmərə mənzərəsində,
qəza keçirdiyim Alkaya sahilindəki şəklini də
bura qoyum, qalsın...
lll
Huşumu itirmişdim, gözümü açanda
boynumda korset var idi. Xərəkdə məni MRT-yə
aparırdılar. Təpədən-dırnağa bütün
bədənimdə qırıq-çıxıq, daxili qanaxma
var, ya yox, onu öyrənmək üçün. Korseti hiss edəndə
qorxdum, elə bildim boynum qırılıb. Dostlarımın təsəllisini
çox dərin bir quyudan eşidirdim. Bir neçə saniyə
sonra sol gözümü aça bilmədiyimin,
ağzımdan, qolumdan qan axdığının fərqinə
vardım. Heç bir ağrı hiss etmirdim. Beş-on dəqiqə
yenə ağır bir yuxuya getdim. Yenidən gözümü
açanda həkimlər dodağımı tikirdilər. Hələ
də heç nə hiss etmirdim. Qıraqda dostlarımın
yanında dayanan və digərlərindən təcrübəli
görünən başqa bir həkim təəccüblə
xəstənin heç bir qırığının
olmadığını izah edirdi. İki polis dayanmadan sual
verirdi, mən isə ağzımı aça bilmirdim. İki
ildən bəri eyni evdə qaldığım İvan polisə
izah etmək istəyirdi ki, danışa bilmir, mənə
verin suallarınızı. Sonra onların söhbətinə
qulaq kəsildim. Çünki mən də qəzanın necə
olduğunu öyrənmək, xatırlamaq istəyirdim. Qəza
sahildə elə bir yerdə olub ki, heç bir kamera
"görə bilməyib". İki nəfər səhər
idmanına çıxan kürd (kürd olduqlarını bir
neçə dəfə təkrarladı) məni görüb
təcili yardıma zəng edib (Türkiyədə
bütün kritik zamanlarda kürdlər ortaya
çıxır). Spirtli içki qəbul edib-etmədiyimi
soruşurdular. İki səhifə izahata imza çəkdirib
getdilər. Həkimlər isə hələ də hansı vəziyyətdə
yıxıldığımla bağlı mülahizələr
yürüdürdü. Necə ola bilərdi ki, xəstənin
burnu qırılmayıb? Ya da necə ola bilər ki,
taxdığı eynək çilik-çilik olub, amma
gözünə batmayıb? Necə ola bilərdi ki, daxili
qanaxma yoxdur? Mən də bilmirdim necə olduğunu. Allah necə
haqdır?! Şəhriyar Del Geraninin tez-tez dediyi bu cümləni
üç dəfə təkrarladım.
Səhər 10-da xəstəxanadan evə göndərdilər.
Başımın üstündə bəlkə iyirmi nəfər
var idi. Eşidən dostlarımın hamısı gəlmişdi.
Anladım ki, Təkirdağda yaşadığım
üç ildə çox yaxşı, vəfalı dostlar
qazanmışam. Qəzadan sonra ikinci gün təptəzə
bir eynək hədiyyə etdilər. Hər gün şorba
hazırlayıb gətirdilər. Ailəmə, Bakıdakı
dostlarıma bir həftə sonra xəbər verdim. Ulucay Akif
"Kulis"də xəbəri yazan kimi bir neçə sayt
da qəzanın təfərrüatlarını öyrənmək
üçün mesaj atırdılar. Heç birinə cavab
verə bilmədim, bütün mesajları İvan
cavablayırdı. Eşidən hamı maddi dəstək
göstərməyə çalışdı. Etdilər də.
Onların sayəsində xəstəxana xərclərinin
qayğısını çəkmədim. Vəsimə
İsmayılqızı rayon ictimaiyyətini səfərbər
etmişdi. Bütün dostlarıma nə qədər minnətdaram:
bir mən, bir də məni Əzrayılla güləşdən
sağ çıxaran Allah bilir. On gün sonra tikişlərimi
sökdülər. Tamam özümə gəldim. Dişlərimin
müalicəsinə başladım. Yanımda olan, dəstəyini
əsirgəməyən hamıya cavab verdim. Dilini, mədəniyyətini,
camaatını bilsəm də, üç ildən bəri
burada yaşasam da, Təkirdağ mənim üçün
qürbətdir. Amma yataqda canımla əlləşdiyim on
gündə bircə dəfə də özümü
qürbətdə hiss etmədim. Dostlarım hiss etdirmədi.
Polis şöbəsinə çağırıldım.
Əllərində iki fərqli ikisəhifəlik hesabat var
idi. Birində - polislərin yoxlanışdan sonra
yazdığı izahatda sərxoş olmadığım
göstərilmişdi. Digərində - həkimlərin qan təhlilinə
görə verdiyi hesabatda isə spirtli içki qəbul
etdiyim yazılırdı. Deyəsən, İvan polisləri
"aldada bilsə də", həkimlərə "yalan
danışa bilməmişdi". Polis gülümsəyərək
mənə baxdı. Özümdən soruşdu. Dedim, vallah,
mən də sizin kimi, bilmirəm, xəbərim yoxdu. Cərimə
yazmadan dosyeni bağladılar.
İki həftə keçdi. Yanımdan motosiklet
keçəndə, ya da səsini eşidəndə
gülümsəyirəm. İlk qəza idi. İlk
küçə uşaqlığım idi. İndi bundan
sonrakı heç bir qəza məni bu qədər həyəcanlandırmaz,
mənə bu qədər duyğu yükləməz.
Qarajdakı velosipedimi xatırlayıram. Yəqin o da evdəkilərin
təşvişini duyub xəbər alıb məni. Və
indi mənim kimi gülümsəyib, lap uzaqlardan -
doğulduğum kənddən Mərmərənin sahilindəki
bu balaca şəhərə göz vurur.
Rəvan
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.19.