Əxlaq və instinkt arasında...
Esse
İnsan doğrudanmı əxlaqlı
varlıqdır, yoxsa..?
İnsan haqqında deyilənlər çoxdur: o,
düşünən varlıqdır; o, danışan
heyvandır; o, alət düzəldəndir; o, dəyərlər
yaradır. Amma bəlkə də bu təriflər içində
ən mürəkkəbi və eyni zamanda ən
aldadıcı olanı budur: insan əxlaqlı
varlıqdır. Bu iddia sadə səslənə bilər, amma
onun içində minillərin dərin fəlsəfi
sualları, tapılmamış cavabları yatır. İnsan əxlaqı
doğuşdanmı gəlir, yoxsa cəmiyyət tərəfindənmi
formalaşdırılır? İnsan yaxşılıq etdiyi
üçün əxlaqlıdır, yoxsa pislik etmədiyi
üçün? Başqa sözlə: biz daxilən doğru
olanı edirik, yoxsa sadəcə qorxduğumuz
üçün pislikdən çəkinirik?
İnsan psixologiyasının və
davranışlarının qaranlıq qatlarında
dolaşdıqca, onu nəyin idarə etdiyi sualı daha da
mürəkkəbləşir. İnsan doğrudanmı əxlaqla
hərəkət edir, yoxsa yalnız cəzadan və itkidən
qorxduğu üçün davranışlarına nəzarət
edir? Yüzillərdir bu sual fəlsəfə, psixologiya,
sosiologiya və ədəbiyyatın diqqət mərkəzindədir.
Çünki insan nə tam mələkdir, nə də tam
heyvan. O, bu ikisinin arasında var-gəl edən bir
varlıqdır.
Əxlaq cəmiyyətin, dinlərin, fəlsəfi
sistemlərin yaratdığı davranış
normalarıdır. Amma instinkt təbiətin bizə
kodladığı ilkin ehtiyac və reaksiya mexanizmləridir.
İnsan bu iki qüvvə arasında hər gün seçim
etməli olur.
İnsanın instinktiv davranışları ilə
sosial kodekslər, əxlaqi prinsiplərlə bioloji ehtiyaclar
arasında gedib-gələn daxili savaş əsrlərdən
bəri fəlsəfənin əsas mövzularından biri
olub. Nə üçün yaxşılıq edirik? Cəza qorxusundanmı?
Vicdanın səsini dinlədiyimiz üçünmü? Yoxsa
bu, sadəcə "sürüyə uyğunlaşma
mexanizmi"dir?
İnstinktin səsi
İnsan təkamül baxımından heyvani instinktlərlə
silahlanmış bir canlıdır. Qorunmaq, çoxalmaq, yemək
tapmaq, güc nümayiş etdirmək - bunlar təkcə
heyvanların yox, insanın da davranış sistemində dərin
izlər buraxmış həyati ehtiyaclardır. Əgər
bir insanı hansısa məkanda tək, nəzarətsiz
yaşamağa buraxsan, o zaman onun əxlaqı yox, instinkti
işə düşür. İnstinkt nəzarət edilmədikdə
əxlaq susur.
Fransız filosof Jan Jak Russo insanın doğulanda, fitrətən
"təmiz" olduğunu, onu cəmiyyətin
"korladığını" söyləsə də,
ingilis filosof Hobbs bunun əksini iddia edir. Ona görə insan
"insanın canavarına" çevrilməməsi
üçün sosial müqavilə və əxlaqi nəzarət
sisteminə ehtiyac duyur.
Əgər əxlaq fitridirsə, niyə biz onu öyrədirik?
Niyə uşaqlara "yalan danışma",
"başqasının haqqına girmə", "vurmaq
olmaz" deyə təkrar-təkrar xatırladır, mərhəmətli
olmağı aşılayırıq? Bu, onu göstərmir
ki, insan davranışları əvvəlcə instinktə
bağlıdır və sonra bu davranışlara
"doğru" və "yanlış" damğası
vurulur?
Cəzanın kölgəsində formalaşan
yaxşılıq
Sosiologiya və psixologiya əxlaqın fərdi və
ictimai ölçülərini fərqləndirir. Əgər
bir insan heç bir nəzarət mexanizmi olmayan məkanda belə
"doğru" davranırsa, bu, əxlaq sayılır. Amma
polis, kamera və ya qanun qarşısında "doğru"
davranmaq çox vaxt sosial uyum və qorxunun nəticəsidir.
Əgər insan əxlaqlı varlıqdırsa, niyə onun əxlaqlı
davranması üçün bu qədər qanun, qayda, din və
cəza sistemi qurulub?
Amerikalı psixoloq Lourens Kolberqin əxlaqi inkişaf nəzəriyyəsinə
görə, insanların çoxu davranışlarını
ya cəza qorxusu, ya da mükafat ümidi ilə tənzimləyir.
Yalnız az bir qisim insan bu mərhələlərdən
keçərək vicdanın səsinə əsaslanan, daxili
mənəviyyatla yönləndirilmiş davranış səviyyəsinə
çata bilir. Yəni çoxumuz əxlaqlı
görünürük, amma bu, bəzən yalnız
görünmək üçün yetərlidir.
Psixoloq Ziqmund Freyd insanın içində üç
instansiyanın - "İd" (instinkt), "Eqo"
(şüur) və "Superego" (vicdan) daim mübarizə
apardığını bildirirdi. Burada instinktlər
(xüsusilə cinsi və aqressiv ehtiyaclar) daima əxlaqi
baryerlərlə toqquşur. Yəni insanın içində
daim bir döyüş gedir.
Bu konfliktin ədəbiyyatda da çoxlu örnəkləri
var. Məsələn, böyük rus yazıçısı
Fyodor Dostoyevskinin "Cinayət və Cəza" romanında
Raskolnikovun içindəki əxlaqi dilemma bunun klassik nümunəsidir.
O, cəmiyyətə zərər verən bir insanı
öldürərək "yaxşılıq" etdiyini
düşünür, lakin sonradan daxili vicdan əzabı və
əxlaqi narahatlıq onu sarsıdır. Raskolnikov nə tam bir
canidir, nə də bir qəhrəman. O, məhz bu "əxlaq
və instinkt" arasında sıxışıb qalan
insandır.
Dini və mədəni sistemlər: Əxlaqın ilahi
kökləri
İnsan əxlaqı ilə bağlı mühüm
mexanizmlərdən biri də dini inanclardır. Əksər səmavi
dinlər əxlaqın İlahi qaynaqdan gəldiyini iddia edir.
"Yaxşılıq et, çünki Allah belə əmr
edir". "Mərhəmətli ol, Allahın qaydası
budur". Burada davranışın motivasiyası əxlaq
deyil, itaətdir. Bu, əxlaqın Tanrının
varlığı ilə şərtləndirilməsi problemini
doğurur: əgər Tanrı yoxdursa, əxlaq da yoxdur?
Din əxlaqi davranışı sistemləşdirir,
onu mükafat-cəza ilə çərçivələndirir:
cənnət - cəhənnəm, savab - günah. Burada
yaxşılıq həm daxili vicdanla, həm də axirət
qorxusu ilə motivasiya olunur.
Digər tərəfdən, "Quran" və digər
dini mənbələr insanın fitrətən xeyirə və
şərə meyilli olduğunu bildirir. "Ənfal" surəsində
deyilir: "Allah insanın ürəyində olanı
bilir". Bu, əxlaqın yalnız zahirdə deyil, batində
də olmalı olduğunu vurğulayır.
Maraqlıdır ki, tarixdə din adına edilən əxlaqsızlıqlar
da çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin
mövzusu real həyatdan alınmış "Ölülər"
əsərində Şeyx Nəsrullahın dini don
geyindirilmiş riyakarlığı və ətrafındakıların
onu kor-koranə izləməsi göstərir ki, insan çox
vaxt əxlaqlı görünmək üçün
davranır, həqiqi əxlaq isə yoxa çıxır.
Burada da əxlaq sosial bir performansa çevrilir. Bunun
üçün içdən gələn dəyərlər
yox, xarici nəzarət və qorxu əsasdır.
Deməli, əxlaqın dinlə qorunması belə bəzən
yetərli olmur. Əxlaqın kökü daha dərindədir
- insanın içində, amma nəzarət altında. Nəticədə
sual açıq qalır: İnsan doğrudanmı içdən
əxlaqlıdır, yoxsa cəzadan və damğalanmaqdan
qorxduğu üçün "əxlaqlı" kimi
davranır?
Əxlaq sadəcə güzgüdür, bəlkə?
Sokrat deyirdi ki, "İnsan bildiyi halda pislik etməz".
Yəni ona görə pislik şüurlu şəkildə
edilmiş bir davranış deyil. Amma təcrübə
göstərir ki, biz çox şeyi bildiyimiz halda yenə də
"pis"i seçirik. Bəlkə də əxlaq
öz-özlüyündə mövcud deyil, sadəcə
ictimai gözün və daxili güzgünün əksidir.
Biz yaxşı davranmaq istəmirik, yaxşı görünmək
istəyirik, həm başqalarının gözündə, həm
də özümüzə baxdığımız
güzgüdə. Və bəzən, cəza yoxdursa, əxlaq
da olmur.
Müasir cəmiyyətdə sosial şəbəkələr,
kamera nəzarəti, hüquqi sistemlər, reputasiya mexanizmləri
insanları "əxlaqlı" olmağa vadar edir. Amma bu
davranışlar istəkdən deyil, nəzarətdən
doğursa, onların mənəvi dəyəri azalır,
heçliyə endir. Bu mənada fransız yazıçı
Alber Kamünün dediyi kimi: "Ən böyük azadlıq
vicdanın azadlığıdır".
Əgər əxlaq daxildən gəlirsə, niyə
bir çox insan yalnız "tutulacağı" halda qorxur?
Niyə kameraların olduğu məkanda davranış dəyişir?
Bu suallar əxlaqın formalaşmasında nəzarətin nə
qədər önəmli rol oynadığını göstərir.
Bu, həm də maşın sürməyə bənzəyir.
Sürət həddini aşmağın nə qədər təhlükəli
olduğunu, hətta insan həyatına başa gəldiyini
hamımız yaxşı bilirik. Amma çoxumuz o sürət
həddini məhz "radar"a yaxınlaşanda, ya da polisi
görəndə tənzimləyirik. "Radar" və polis
yoxdursa, sür sürə bildiyin qədər. Yəni bizim
qorxumuz özümüzün və digərlərinin həyatına
görə deyil, ödənəcək cərimələrə,
başqa sözlə, alacağımız cəzaya görədir.
Əgər insan sadəcə "əxlaqlı olmaq
üçün" yox, "əxlaqlı görünmək
üçün" yaxşılıq edirsə, bu, əxlaq
deyil, bu, təhlükəsiz instinktin maskasıdır.
Bəs həqiqi əxlaq nədir?
Əsl əxlaq, nə qanunla, nə dinlə, nə də
cəza ilə tənzimlənir. Əsl əxlaq təklikdə
edilən yaxşılıqdır. Əsl əxlaq, birini xilas
etməyi kimsə görmədiyi halda etmək, yalan
danışmaq imkanı olduğu halda dürüst qalmaq,
gücün olduğu halda bağışlamağı
seçməkdir.
Sosioloq Emil Durkheimin fikrincə, əxlaq cəmiyyətin
formalaşdırdığı sosial faktdır və bu faktdan
yayınmaq mümkün deyil. İmmanuel Kant isə daha mükəmməlliyyətçidir:
"Elə davran ki, sənin davranışın ümumbəşəri
qanun ola bilsin". Yəni insan öz içindəki əxlaqi
qanunla davranmalıdır, yoxsa davranışı dəyərsizdir.
Əxlaq o zaman gerçək olur ki, insan heç bir
qorxu və məcburiyyət hiss etmədən "doğru
olanı" seçir. Bu isə təlimlə, tərbiyə
ilə, mənəvi yetkinliklə formalaşır. Başqa
cür desək, əxlaq instinktlə tərbiyə arasında
qurulan körpüdür.
Ədəbiyyat, fəlsəfə və din bizə
göstərir ki, insan həm mələkdir, həm də
şeytan. O, həm əxlaqlı, həm də heyvani instinktlərlə
silahlanmış bir varlıqdır. Onu bu iki qütbdən
hansı daha cazibəli qüvvəylə çəkirsə,
insanın əxlaqı da o yerdə formalaşır. Yəni
onu əxlaqlı edən şey bu instinktlərə rəğmən
doğru olanı seçə bilmək
bacarığıdır. Amma bu bacarıq hər kəsdə
olmur. Cəmiyyət, qanunlar, din, vicdan - bunların hər biri
bir növ tənzimləyicidir. Lakin bunlar olmadan da əxlaqın
yaşaya bilməsi üçün, insanın içindəki
"öz nəzarətçisi" oyanmalıdır.
Bəlkə də bütün bu müzakirələrin
mərkəzində sadə bir sual dayanır: "Əgər
heç kim görməsəydi, yenə də yaxşı
insan olardımmı?"
Şahanə Müşfiq
525-ci qəzet .- 2025.- 2 avqust(№135).- S.18.