"Bizim sənətdən
maddiyyat gözləmək ağlabatan iş deyil"
Bakı Musiqi Akademiyasının professoru Zümrüd
Dadaşzadə: "Mənim əsas prinsiplərimdən
biri gənclərimizin Azərbaycan
dilini mükəmməl bilməsidir"
Yazılarımın əksər hissəsi müsahibələr
olduğundan, yay aylarında həmsöhbət tapmaq o qədər
də asan olmur. Amma bununla belə, istirahət haqqında
düşünməyə vaxtı olmayan bizlər
çıxış yolu tapırıq. Üz tutduğumuz əksər
həmsöhbətlərimizdən həmişə müsbət
cavab almışıq. Düzdür, hansısa səbəb
üzündən istisnalar da olur ki, bunu da anlayışla
qarşılayırıq. Bugünkü müsahibimiz isə
yayın oğlan çağında Bakı bağlarında
istirahətininin bir gününü həvəslə bizə
fəda etdi.
Haqqında az-çox bildiklərim olsa da, sual
yükümü tutmaq üçün bir araşdırmaya
ehtiyac vardı. Mümkün olanlar üzərindən öyrənə
bildiklərim mənə: "Ot kökü üstündə
bitər" atalar məsəlini xatırlatdı. Əslində
bu qəbildən olan ailələr Azərbaycanda çoxdur.
Elə nəsil şəcərələri var ki, onlar təkcə
soyadın daşıyıcıları deyil, kökdən gələn
yolun davamçıları da olur və onların nümayəndələrilə
qəzetimiz yeri düşdükcə oxucuları daha
yaxından tanış edir. Elə bugünkü
qonağımız kimi...
Həmsöhbətimiz
Azərbaycan ədəbiyyatşünaslığının
və ədəbi tənqidinin banilərindən biri, akademik Məmməd
Arif Dadaşzadənin nəvəsi, Əməkdar elm xadimi,
alim, tənqidçi, tərcüməçi Araz Dadaşzadənin
qızı musiqişünas, musiqi tənqidçisi, Bakı
Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət
xadimi Zümrüd Dadaşzadədir.
Z.Dadaşzadə öz
fərdi və fərqli
intonasiyası olan
musiqişünasdır. Alim kimi bir neçə
monoqrafiya (o cümlədən "Azərbaycan simfoniyası:
1960-1980-ci illər", "Məhəbbətlə
doğulmuşam") və 200-dən çox məqalə müəllifidir. Məqalələrinin
bir qismi "Biz də dünyanın bir hissəsiyik..."
toplusunda nəşr olunub. Beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı ləyaqətlə
təmsil edir. O, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının musiqi tarixi kafedrasının möhtərəm
professorlarından biridir. Musiqi həyatımızın əsas hadisələrini operativ
işıqlandırmağa,
mütəxəssis rəyini bildirməyə
çalışır. Zümrüd xanım həm də
parlaq bədii söz ustasıdır -onun təqdimatları məzmunun
zənginliyi və emosional gücü ilə istənilən
auditoriyanı fəth etməyi bacarır. İllərdir "Musiqi
dünyası", "Qobustan", "525-ci qəzet"
kimi nüfuzlu nəşrlərlə əməkdaşlıq
edir. 80-ci illərdə "Xaqani, 27" televiziya
verilişinin müəllifi və aparıcısı kimi
tanınmışdır: hazırda da televiziya kanallarına
ekspert kimi dəvət olunur. "Eurovision",
"Böyük səhnə", "Riga Symphony" kimi
müsabiqələrin münsiflər heyətinin üzvü
olub.
- Azərbaycan ədəbiyyatşünaslığında
xüsusi imzası olan Dadaşzadələr ailəsində
boya-başa çatmısınız, lakin istiqamətiniz
musiqi sahəsi oldu...
- Dadaşzadələr ailəsinin musiqiyə
xüsusi münasibəti olub. Başlayaq ondan ki, Azərbaycanda
ilk qadın bəstəkarlarından biri olan Şəfiqə
Axundova nənəmin bacısı idi və onun Üzeyir bəylə
görüşməsi Məmməd Arif və Zümrüd
Axundovanın təşəbbüsü ilə baş tutub.
Babam və nənəm gənc Şəfiqədə
istedadı görəndən sonra belə qərara gəliblər
ki, mütləq Üzeyir bəy Hacıbəyliyə
müraciət etmək lazımdır, çünki onun qərarından
çox şey asılı idi. Bu işdə Mirzə
İbrahimovun da rolu olub. Nəhayət dahi bəstəkar gənc
qızı qəbul edib və beləliklə də, onun taleyi
həll olunub. Digər tərəfdən atam zamanında
konservatoriyanın nəzdində fəaliyyət göstərən
musiqi məktəbində (indiki Bülbül adına musiqi məktəbi)
yeddi il təhsil alıb. Burada bir haşiyə çıxmaq
istərdim.
- Buyurun...
- O zaman Kövkəb Səfərəliyevanın bir təşəbbüsü
vardı. O çalışırdı ki, Azərbaycanın
tanınmış ziyalı ailələrinin - ədiblərin,
alimlərin, bəstəkarların uşaqları onun direktoru
olduğu məktəbdə musiqi təhsili alsınlar. Həmin
məktəbdə gələcəyin tanınmış
simaları - Anar, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu,
Vaqif Səmədoğlu, Elmira Paşayeva, Sevda İbrahimova və
bir çoxları musiqi təhsili alıb. Onlardan bir qismi musiqinin
ardınca getdi, getməyənlərdə də musiqiyə
sevgi özünə yer edə bildi. İllər sonra artıq
özüm musiqi sahəsində püxtələşəndən
sonra anladım ki, Kövkəb Səfərəliyeva o zaman bu
millət üçün böyük iş görüb,
çünki kiçik yaşlarından formalaşmağa
başlayan musiqi duyumu, musiqi zövqü bir fərdin mükəmməl
yetişməyində az rol oynamır.
- Yəni musiqi sahəsinə getməyinizdə ailənin
müəyyən rolu olub...
- Şübhəsiz! Kiçik yaşlarımızdan
atam Araz müəllim və anam Aida xanım mənimlə
qardaşımı opera teatrının tamaşalarına,
filarmoniyadakı konsertlərin demək olar ki, hamısına
aparardılar. O zaman tanınmış bəstəkarların,
ifaçıların dirijorların valları
buraxılırdı və onu da deyim ki, onları əldə
etmək o qədər də asan deyildi. Atam böyük
çətinliklə də olsa, o valları tapırdı.
Araz Dadaşzadənin böyük kolleksiyasında klassik Qərb
musiqisi, caz ustalarının ifaları ilə yanaşı, Azərbaycan
muğamları, Bülbülün ifasında səslənən
vallar dəsti də vardı. Yəni evimizdəki nəhəng
kitabxana ilə yanaşı, bu val kolleksiyasını da
valideynlərim həvəslə toplayardı. Atam
"Koroğlu"nu əzbər bilirdi, operanın istənilən
hissəsindən bir parçanı oxuya bilərdi. Bu əsnada
bir məqamı da vurğulayım. 60-cı illərin musiqi, sənət
atmosferi xüsusi idi. Məhz həmin dönəmdə beynəlxalq
müsabiqələrdə bizim azərbaycanlı
ifaçılarımız iştirak etməyə
başladılar. Bunu deməyə bilmərəm: Fərhad Bədəlbəylinin
1968-ci ildə Lissabonda Viana da Mota adına beynəlxalq
müsabiqədə qazandığı qələbə bir
ruh yüksəkliyi yaratmışdı. Bütün
bunları görən valideynlərim bəlkə də
hansısa reallaşmamış arzularını gerçəkləşdirmək
üçün məni də, qardaşımı da
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə
verdilər. Qardaşım Aqşin dördüncü sinifdən
sonra oradan ayrılıb qonşuluqdakı 190 saylı məktəbə
keçdi, mən isə orta musiqi təhsilimi Qızıl
medalla başa vurdum. Özümdə
araşdırmaçılıq meylini hiss etdiyimdən səkkizinci
sinifi bitirib nəzəriyyə sahəsinə keçdim.
Ardınca indiki Bakı Musiqi Akademiyası, aspirantura və beləcə,
musiqi fəaliyyət yolumu müəyyən etdi. Söhbət
əsnasında elə məqamlar yadıma düşür ki,
onları vurğulamağı lazım bilirəm.
- Əlbəttə, belə daha maraqlı olar...
- Bülbül adına məktəbin tədris
proqramları əsasən Avropa bəstəkarlarının əsərləri
əsasında təşkil olunurdu. Təbii ki, babam da
çaldıqlarımızı eşidirdi. Bir gün
soruşdu ki, bəs niyə Azərbaycan bəstəkarlarının
əsərlərini çalmırsınız? Dedik ki, proqram
belə tərtib olunub. "Belə olmaz" deyərək,
etirazını bildirən Məmməd Arif işinin
çoxluğuna baxmayaraq, Aqşinlə məni "Əsli və
Kərəm" muğam operasına apardı. O zaman
kiçik olduğumdan həmin əsəri qavramaq çətin
olsa da, hadisə yaddaşımda özünə yer edə
bildi. Səhnənin quruluşu, rənglər, ifa olunan
parçaların cazibəsi və digər məqamlar var ki,
onların insanın musiqi duyumunun, zövqünün
formalaşmasında əhəmiyyəti böyük olur. Təəssüf
ki, bu gün tələbələrimdə bu
qığılcımı görmürəm.
- Yəni ki, narazısınız gənclərdən...
- Gənclər müxtəlifdir, sanki onlarda bir
qütbləşmə yaranıb. Elə gənclər
tanıyıram ki, həqiqətən onlara heyran qalmamaq
mümkün deyil. Dil bilgiləri yüksək, daima
axtarışda olan gənclər var ki, onlarla
qürurlanmağa dəyər. Tamam fərqli ədəbiyyatla
püxtələşən, xaricdə oxuyub Vətənə
qayıdanlarımız da var və ya əksinə, orada
qalıb karyerasını inkişaf edənlər də var. Mən
öz sahəmiz üzrə vurğulamaq istəyirəm ki, sənətdə,
musiqidə sevgi, xüsusi qabiliyyət olmadan çox çətindir.
Təəssüf ki, bizdə təsadüfi adamlar da
görürəm və açıq şəkildə fikrimi
özlərinə də bildirirərək deyirəm - nə qədər
gec deyil, başqa ixtisas seçin! Bizim sənətdən
maddiyyat gözləmək ağlabatan iş deyil. Əgər
sənətə yanğı, istək, sevgi, həvəs
varsa, müəyyən məqsədlərə nail olmaq
mümkündür. Mənim əsas amallarımdan, prinsiplərimdən
biri gənclərimizin Azərbaycan dilini mükəmməl
bilməsidir. Sirr deyil ki, bizim yetişdiyimiz mühitdə rus
dili daha üstün idi və təbəqəsindən
asılı olmayaraq, əksər ailələr
övladlarını rus şöbəsinə yönəldirdi.
Lakin babam da, atam da birmənalı şəkildə bildirdilər
ki, bizim Azərbaycan bölməsində təhsil
almağımız müzakirə oluna bilməz. Araz
Dadaşzadə deyirdi ki, özümüz Azərbaycan ədəbiyyatı
ilə məşğul oluruq, uşaqlarımızı rus
bölməsinə versək, bizim yazdıqlarımızı
sabah kim oxuyacaq, araşdırmalarımız kimə
lazımdır? Mən çox dil bilməyin əleyhinə
deyiləm, lakin hər kəs öz ana dilini mükəmməl
mənimsəməyə borcludur.
- Hiss olunur ki, soyadınızla qürur duyursunuz. Xatirələrinizdə
yaşayan Məmməd Arif Dadaşzadə...
- Babam çox təmkinli, ciddi, siması nur saçan
insan idi. 1950-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunun direktoru olan Məmməd Arif Dadaşzadə Azərbaycan
ziyalılarının yığıncağındakı
çıxışında filosof Heydər Hüseynova
qarşı başlayan qarayaxma kampaniyasında əsas
ittihamları irəli sürmək əvəzinə, o,
institutun tarixi, gördüyü işlər haqqında
danışmaqla, Mir Cəfər Bağırovun qəzəbinə
tuş gələrək özünə qarşı
böyük təhlükə yaratmışdı. Qətiyyətlə
Heydər Hüseynovun adınə çəkməyən
babamı "Heydər Hüseynovdan daha betər türk
casusu" adlandırsalar da, Məmməd
Arif həmin çıxışında özünün əsl
şəxsiyyət olduğunu göstərə bilmişdi. Həmin
hadisədən sonra babam özünə qapanan birinə
çevrilmişdi. Millət sevgisi böyük olan azərbaycançı
idi babam. Gördüyü bütün işlər buna dəlalət
edirdi. Nə babamda, nə atamda birini qarşısına
alıb öyüd-nəsihət vermək kimi bir xüsusiyyət
olub. Onlar bizi gündəlik həyat tərzi, əməksevərliyi,
icra etdikləri işə münasibətilə tərbiyə
ediblər. 1974-cü ildə Məmməd Arifin 70 illik yubileyi
keçirildi. O zaman on iki yaşım vardı və
Akademiyanın Rəyasət Heyətinin konfrans zalında
keçirilən gecədə kiçik olduğumdan
sıxılırdım, çıxışları
anlamırdım deyə, darıxırdım. Sonda babama
söz verdilər. O tədbirdə olanlar həmin
çıxışı xatırlayarlar. Məmməd Arif
dedi: "Keçdiyim yola nəzər salanda görürəm
ki, ağır sınaqlarla dolu keşməkeşli bir yol gəlmişəm.
Lakin bu yolda vicdanımın əyildiyi anı
xatırlamıram və bununla fəxr edirəm". Bu
sözlərdən sonra bütün zal ayağa qalxıb onu
alqışlamağa başladı. Uşaq yaddaşıma həkk
olan həmin mənzərəni indi də xatırlayıram.
Babam olduqca intizamlı adam idi. Özü üçün
qurduğu gündəlik rejimdən kənara
çıxmazdı və iş yükü də az deyildi.
Vaxt olub ki, o, eyni zamanda həm Ədəbiyyat İnstitutunun
direktoru, həm Maarif Nazirliyində müavin, "Vətən
uğrunda" adı altında çıxan indiki "Azərbaycan"
jurnalında redaktor olub. Üstəlik, dərs də deyirdi və
tələbələrinə olan sevgisi, diqqəti,
qayğısı heç vaxt əskik olmurdu. Ən əsas Azərbaycan
ədəbiyyatının, dilinin təəssübkeşi idi
Məmməd Arif. Həyatında ağır, təhlükəli
məqamlar az olmasa da, təmkinini qoruyub saxlaya bilmişdi.
- Nənənizin adını
daşıyırsınız, yəqin ki, ona bənzərliyiniz
də var...
- Nənəm Zümrüd Axundova cəmi 49 il
ömür yaşayıb. Dünyasını dəyişmədən
əvvəl artıq ailədə mənim gəlişimi
gözləyirdilər. Zümrüd xanım qız nəvəsi
arzusunda olub. Anama vəsiyyət edib ki, bilirəm, indiki
valideynlər müasir adlara üstünlük verirlər, amma
arzum var ki, nəvəm qız olarsa, ona mənim adımı
verəsiniz. 1962-ci ilin iyun ayının 2-də mən
dünyaya gəldim və həmin təqvim vərəqi indi də
qorunub saxlanılır. Həmin vərəqin üstündə
babam yazıb: "Zümrüd anadan oldu", yəni mən
bu dünyaya adımla göz açmışam. Nənəm
13-14 yaşında özü oxuya-oxuya artıq dərs deyirdi
və gənc azərbaycanlı qızları təhsilə cəlb
edirdi. Həm indiki Azərbaycan Dövlət Pedaqoji
Universitetini, həm də Moskva Dövlət Pedaqoji
Universitetində təhsil alan Zümrüd Axundova sonralar ali məktəblərdə
dərs deyib. Onun dissertasiya işi "Azərbaycanda qadın
təhsili tarixindən. 1900-1914-cü illər"
mövzusunda olub. Nənəm pedaqoji elmlər namizədi
adını alan ilk azərbaycanlı qadın alimdir. Mənə
maraqlı olduğundan bir ekstrasensdən soruşdum ki,
dünyasını dəyişən birinin adı
başqasına qoyulanda bunun təsiri olurmu? Məlumdur ki, Azərbaycanda
bu, geniş yayılmış bir haldır. Cavabında öyrəndim
ki, müəyyən faiz ad qoyulan adamın həyatına bunun
təsiri var. Nənəmi görməsəm də,
haqqında çox eşitmişəm. Əksəriyyət
deyir ki, Zümrüd xanım çox zəhmli bir qadın
olub. Haqsızlığa qarşı barışmaz olub. Tələbələrin
sosial problemlərinə qarşı biganə qala bilməyib,
dərhal onları həll edib. Nənəm Azərbaycan
qadınını hər sahədə zirvədə görməyi
arzulayardı. XIX əsrdə Mirzə Fətəli Axundovun:
"Azərbaycan qadını dövlət işlərinə
cəlb olunmalıdır" fikrindən Zümrüd Axundova
elmi işində istifadə edərək, bu məsələni
tədqiqat obyektinə çevirə bilmişdi. Onu da deyim ki,
Məmməd Arifin bioqrafiyasında Zümrüd xanımın
böyük rolu var.
- Yəni...
- 50-ci ildə babama qarşı təqib
kampaniyasında Zümrüd xanım Məmməd Arifi qoruya
bildi. Yəni nənəm olmasaydı, babamın həyatı
təhlükə altında olardı. Müharibə illərində
babamın bütün sənədləri oğurlanır,
partiya bileti də onların içində. O dövrdə
partiya biletini itirməyin böyük fəsadları ola bilərdi.
Nənəm bir an özünü itirmədən bazarda
möhtəkirlik edən adamları taparaq pul müqabilində
babamın sənədlərini tapdıra bilmişdi.
Zümrüd xanım cəsarəti, qətiyyəti,
dürüstlüyü, mərdliyi ilə fərqlənirdi.
O, körpə vaxtında anasını itirmişdi deyə,
görünür, çox erkən yaşından müstəqil
qərar qəbul etmək məcburiyyəti, çiyinlərinə
düşən vaxtsız məsuliyyət onun xasiyyətinə
təsir etmişdi.
- Nənə Zümrüdlə nəvə
Zümrüd arasındakı ortaqlıq...
- Müəyyən oxşarlıq var, lakin mən onun
qədər zəhmli deyiləm. Qətiyyətim onun qədər
deyil, çünki bu gün edə bildiklərimdən daha
çox etmədiklərim var. Özümdən narazıyam, hər
yerə getməyə çalışıram. Öz hədəfimdən
kənar işlərə çox baş qoşmuşam. Sənətdə,
musiqi aləmində nə baş verirsə, mənim
üçün son dərəcə maraqlıdır. Bu,
tamaşa da, maraqlı mühazirə də, yeni kitabın
prezentasiyası da ola bilər. Üstəlik, mən tələbəlik
illərindən televiziya ilə əməkdaşlıq edirəm.
Bütün bunlar vaxtımı alır, əsas istiqamətim
olan tədqiqat işimdən məni yayındırır. Nə
etməli, mənim də xəmirim belə yoğrulub.
- Ailədə yolunuzu davam edən biri...
- Musiqişünas kimi yoxdur, amma sonradan sənət
yolunu seçən qızım var. Sonradan ona görə deyirəm
ki, hüquq fakültəsini yaxşı qiymətlərlə
bitirsə də, bir də gördük ki, onda sənətə
maraq yarandı. İngiltərədə kinorejissor təhsili
aldı və bu gün sənətlə bağlı olan məsələlər
onun maraq dairəsindədir. Yəni sırf musiqi olmasa da, sənət
qalib gəldi.
- Musiqimizə sizin nəzərinizlə baxaq...
- Ən əvvəl musiqi səslər sənətidir
və bu səslərin insana təsir etmək gücü
böyükdür. Səslər bizi hər yerdə
müşayiət edə bilir. Səslər söz dəqiqliyindən
məhrum olsalar da, onlarda dərinlik, sözün belə ifadə
edə bilmədiyi böyük enerji var. Musiqinin təsir
qüvvəsi hüdudsuzdur. İnsanın ən kədərli
vaxtında belə, musiqi ona təsəlli ola bilər. Bununla
belə, səslərin hər dəfə yaratdığı
fərqli harmoniya ən böyük möcüzədir. Azərbaycan
müstəqillik qazanandan sonra musiqimizin təbliği istiqamətində
çox işlər görülüb. Əvvəllər
bunun nəticələrini dərk etməsək də, son illər
tamam fərqli mənzərənin şahidi oluruq. Bu gün Azərbaycan
musiqisini dünya dinləyir, alqışlayır. Əslində
bu alqışı musiqimiz çoxdan qazanıb. Bir nümunə
çəkim. XX əsrin əvvəlində Cabbar
Qaryağdıoğlu bir məclisdə iştirak edir. Həmin
məclisdə İrandan gələn musiqi biliciləri də
olub. Əvvəl bir xanəndə oxuyur və onlar bir-birinə
baxıb istehza ilə: "Türk olasan və muğam
oxuyasan" deyirlər. Lakin Cabbar Qaryağdıoğlunun
ifasını eşidəndən sonra: "Türk olasan və
belə muğam oxuyasan" deyərək, onu
alqışlayıblar. 2009-cu ildə Bakıda keçirilən
"Muğam aləmi" I Beynəlxalq festivalında
qonaqlardan müsahibələr götürürdüm.
Müsahiblərimdən biri də Müzəffər Şafeyi
adlı iranlı xanəndə idi.
Çıxışından sonra ona yaxınlaşanda hiss
etdim ki, yorğundur, söhbət etməyə həvəsli
deyil. Əlimdə "Muğam" jurnalını
tutmuşdum və orada bütün muğam müsabiqələrinin
qaliblərinin şəkilləri yer almışdı.
Jurnalı göstərəndə o, şəkli olanların
bir-bir adlarını çəkməyə başladı.
Dedi ki, biz Tehranda bütün bu muğam müsabiqələrinə
baxırıq, onları
yazırıq. Şəxsən mən öz dərslərimdə
tələbələrimə həmin videoyazıları
nümayiş etdirirəm. Azərbaycanlı
ifaçıların timsalında şagirdlərimə
muğamı necə oxumaq lazım olduğunu izah edirəm. XX
əsrin əvvəlində bir azərbaycanlının
muğam oxumağına istehza edənlər, XXI əsrdə
Azərbaycan muğamından, xanəndələrimizin
ifasından, bizim təcrübəmizdən dərs vəsaiti kimi istifadə
edirlər. Bu, müqayisəni ona görə apardım ki,
musiqi sənətimiz, Üzeyir Hacıbəylinin
yaratdığı Azərbaycan musiqi məktəbi bu gün
sözün həqiqi mənasında dünyaya səs sala
bilib. Bununla öyünməyə dəyər.
SÖZARDI: Azərbaycanın uzaq tarixə söykənən
mədəni irsi bu gün dünya miqyasında nəinki
tanınır, həm də əhəmiyyətli yer tutanlar
sırasındadır. Qəlbindəki səsi dünyaya
çatdırmağı bacaran bir mədəniyyətin varisi
olmaq həm qürurdur, həm məsuliyyət. Çünki
mədəniyyət yalnız sərvət deyil. O, həm
kimlikdir, həm nəfəsdir, həm də yaddaş.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 2 avqust(¹135).- S.14;15.