“Onsuz da milyoner olan deyilik”
Rəssam Əziz Məmmədov:
"Olanımız budur, bundan artığını gözləmək
hələ ki çətindir"
Müsahibimiz Əməkdar mədəniyyət
işçisi, rəssam Əziz Məmmədovdur. O,
"Bağ mövsümü", "Qətl
günü", "Etiraf", "Yuxu", "Güllələnmə
təxirə salınır", "Arxada qalmış gələcək",
"Məkanın melodiyası", "Girov",
"Hökmdarın taleyi", "Qala", "Dərvişin
qeydləri", "Mahmud və Məryəm", "Məryəm",
"Əlvida, Şmidt" kimi filmlərin quruluşçu və
dekor rəssamıdır. .
- Əziz bəy, gəlin söhbətimizə
quruluşçu rəssamın iş fəaliyyətindən
başlayaq.
- Biz kinoya başlayanda ilk növbədə ssenarini
oxuyuruq. Daha sonra rejissor və operatorla birlikdə
çalışırıq. Əsas məsələ filmin
ümumi həllinə, estetik görünüşünə
və rəng palitrasına uyğunlaşmaqdır. Əgər
tarixi filmdirsə, ona uyğun dekorlar hazırlanır, müasir
filmdirsə, yanaşma fərqli olur. Məkanlara gedirik,
hazırlıq dövründə hər şeyi əsərin
ruhuna uyğun planlaşdırırıq.
- Ötən əsrin ən qarışıq,
böhran dövründə sənətdə olmusunuz. Həmin
illər yaradıcılığına necə təsir
göstərdi, rekvizit və dekor
çatışmazlığına səbəb oldumu?
- Bilirsiniz, həmin dövrdə elə bil həyat
dayanmışdı. Sovetlər birliyi dağıldı,
respublikalar ayrıldı, yeni dövlətlər
formalaşmağa başladı. Dövlət sistemi
kökündən dəyişdi, bütün qurumlar yenidən
təşkil olunmalı idi. Bu dəyişikliklər təkcə
siyasi və ideoloji sahədə deyil, həm də iqtisadi və
mədəni sahələrdə ciddi sarsıntılara, maddi
çətinliklərə səbəb oldu. Ən çox zərbə
alan sahələrdən biri də kino sənayesi idi. Kino
istehsalı kəskin şəkildə azaldı.
Düzdür, özəl filmlər çəkilirdi, amma
çox az idi. İşsizlik yayıldı, bir çox sənət
adamı fəaliyyətini dayandırdı. Kino sisteminin
özü və gələcək inkişafı bu
böhrandan zərər gördü. Yeni kadrların yetişməsi
xeyli gecikdi. Düzdür, sonradan vəziyyət qismən
düzəldi, amma öz universitetimiz açılanadək o
çətinliklər kinoya çox mənfi təsir göstərdi.
Sovet dövründən qalan rekvizitlər, geyimlər var idi,
amma filmlər çəkilmədiyinə görə istifadə
olunmurdu. Ən böyük problem isə maddiyyat idi.
- Bu gün "Azərbaycanfilm"
kinostudiyasının fəaliyyətinə dair tez-tez mənfi,
qalmaqallı fikirlər səsləndirilir. Bəziləri hətta
kinostudiyanın fəaliyyətinin lazımsız olduğunu
bildirirlər. Siz necə düşünürsünüz?
- Yox, niyə lazım olmasın ki? "Azərbaycanfilm"
kinostudiyası bu gün də çox vacibdir. Tələbələr,
kino sahəsində çalışanlar, gənc mütəxəssislər
- hamısı buraya gəlir və "Azərbaycanfilm"in
texniki bazasından istifadə edirlər. Studiyanın onlara
göstərdiyi dəstək də pulsuzdur. "Azərbaycanfilm"
sadəcə bir kinostudiya deyil, bizim tariximiz,
keçmişimizdir. Bütün klassik filmlərimiz burada
çəkilib. Mən özüm 21 yaşımda bu studiyada
işə başlamışam, indi 70 yaşım var. Həyatımın
böyük bir hissəsi burada keçib.
- Bəs indi kinostudiyanın fəaliyyəti necədir?
- Kinostudiya hazırda bədii film çəkmir.
Dövlət tərəfindən studiyaya bədii film layihəsi
verilmir. Amma geyim, rekvizit, texniki yardım göstərilməlidir.
Hələlik bu istiqamətdə qərar yoxdur.
- Bu, sizin maddi durumunuza təsir edir?
- Yox, mən sərbəst rəssamam. Hər hansı
bir şirkət məni layihəyə dəvət edəndə,
ora gedib işləyirəm. Hazırda Elxan Cəfərovla
birlikdə uşaq filmi üzərində
çalışırı.
- Bəzən eşidirik ki, aktyorlar, rejissorlar kinodan
aldıqları gəlirdən narazıdır və buna
görə başqa sahələrə üz tuturlar.
- Azərbaycanın reallığı budur. Dünya ilə
müqayisə etmək olmaz. Hər bir ölkənin öz
qiymətləri, imkanları var. Bizdə olan budur, bundan
artığını hələ ki gözləmək çətindir.
Sadəcə iş görmək lazımdır, vəssalam.
- Onda hər şeylə qane olursunuz, hə?
- Neyləyək? Bizdə də belədir. Maddiyyat nədir
ki? Onsuz da milyoner olan deyilik. Nə varsa, imkan daxilində yetərlidir.
Əsas olan sənətə yanaşmadır, onun dəyərini
göstərməkdir.
İçəri girəndən küncə
qoyulmuş güzgü diqqətimi çəkir. Söhbət
zamanı qəfil yadıma düşür ki, bu, Afətin
cehizlik güzgüsüdür...
- Məşhur filmlərdən dekorlar qalırmı? Məsələn,
"Qayınana" filmindəki güzgü...
- Bəli, bəzi əşyalar qalıb. Məsələn,
o güzgü həm də "Sevil" filmində istifadə
olunub, amma insanlar onu daha çox "Qayınana" filmindən
tanıyır, çünki daim ekranda olub. O ağ mebel əslində
"Sevil" filmindən qalıb.
- Əşyaların bir neçə filmdə istifadə
olunması çatışmazlıqdan qaynaqlanır?
- Yox, bu yalnız dövrə uyğunluqla
bağlıdır. Əgər dövr uyğun gəlirsə,
istifadə olunur. Əks halda yenisi alınır. Müasir film
üçün yeni mebel, tarixi film üçün xüsusi
sifarişlə hazırlanan dekorlar lazım olur.
- Özünüz xatirə kimi nəsə
saxlamısınızmı?
- Yox, heç nəyi şəxsi olaraq
saxlamırıq. Çünki bütün rekvizitlər
dövlətin mülkiyyətidir. Biz sadəcə eskizləri
çəkirik və iş bitdikdən sonra onları da kinostudiyaya
təhvil veririk.
- İlk işiniz hansı olub?
- Eldar Quliyevin "Sevinc buxtası" filmində rəssam
köməkçisi olmuşam. Sonra "Şir evdən
qaçdı", "Babək" kimi filmlərdə dekor
rəssamı kimi çalışmışam.
- "Babək" filmində işləyərkən
hansı duyğular sizi müşayiət edirdi?
- "Babək" filmində işləyəndə
biz çox gənc idik. Hətta 50 dərəcə isti bizim
üçün bir şey deyildi. Çölün
düzündə gah bu yana, gah da o yana qaçırdıq,
yorulmaq nədi bilmirdik.
- Yəni istinin, çətinliyin heç bir əhəmiyyəti
yox idi sizin üçün?
- Əlbəttə, yox. Gənc idik axı. Həmin
dövrdə istiliyi, əziyyəti o qədər də hiss
etmirdik. Həmişə Eldar Quliyev deyirdi ki, bu filmə ancaq gənclər
lazım olacaq, yalnız onlar bu ağır işin öhdəsindən
gələ bilərlər. Özü də gənclərlə
işləməyi çox sevirdi. Demək olar ki, filmin heyətinin
böyük əksəriyyəti gənclər idi. Hətta
"Babək" qalasını dağın başında
tikmək üçün şəxsən mən
getmişdim. Dekor rəssamı idim. Təxminən bir ay ərzində
o qalanın dekorasiyanı tikdik. Çətin idi, amma çox
maraqlı və dəyərli bir təcrübə oldu.
- Səhv etmirəmsə, filmdə baş obrazın
geyimi itmişdi.
- Çəkilişlər çöldə,
açıq ərazidə aparılırdı. Hər şey
ortalıqda idi. O qarışıqlıqda geyimlərdən
biri itdi. Orada 2000-3000 adam çəkilirdi, indiki kimi qrafika yox
idi. Hər gün 2500-3000 nəfər kütləvi səhnələrdə
iştirak edirdi. Ona görə belə hallar olurdu. İtən
geyim üst geyim idi, sonradan yenidən tikildi, düzəldildi.
- Rejissor Həsən Seyidbəylinin Eldar Quliyevlə əvəzlənməsi
heyətin digər üzvlərində dəyişikliyə səbəb
oldu?
- Yox, heyətdə ciddi dəyişiklik olmadı.
Yalnız bəstəkar dəyişdi.
- Mənə elə gəlir ki, bu gün artıq o qədər
maraqlı işlər görülmür...
- Əslində, olur. Film olanda, həqiqətən də
gözəl və maraqlı işlər ortaya
çıxır.
- Rəssamlar, quruluşçu dizaynerlər əksər
hallarda filmin önündə olmurlar, aktyor və rejissorlarla
müqayisədə adları az tanınır. Bu, sizi narahat
etmir?
- Yox, bu, bizim işin təbiətidir. Biz səhnənin
arxasında qalırıq. Dekoru qururuq, aktyorlar həmin məkanlarda
oynayır, operator çəkir. Bizim iş görünür,
amma özümüz görünmürük. Əgər bizim
işimiz yox, özümüz önə keçsəydik,
gördüyümüz iş iş olmazdı.
- 21 yaşınızdan bu sahədəsiniz. Həmin
dövrdəki həmkarlarınız indi haradadır?
İtirdiyiniz dostlarınız olubmu?
- Əlbəttə. Zaman keçdikcə çox
şey dəyişir. Bəziləri həyatda deyil, bəziləri
hələ də bu sahədə çalışır. Hər
birinin öz yeri var.
- Yeni gələn kadrlar həmin boşluğu doldura
bilirmi?
- Hər dövrün öz ruhu, öz insanları
olur. Amma gənclər arasında çox istedadlı,
bacarıqlı insanlar var. Sadəcə onlara şərait
yaradılmalıdır. Kino layihələri
çoxaldıqca, kadr çatışmazlığı da
daha aydın hiss olunur. Ona görə gərək tələbələr
işləsin, təcrübə qazansın. Təcrübəsiz
kadrı heç kim işə götürmək istəmir,
amma heç kim də təcrübəsiz kadrı təcrübə
qazanmağa buraxmır. Bu paradoksdur. Sovet dövründə bir
filmdə iki operator, iki rəssam, iki rejissor olurdu. Ona görə
də o illərdə kadr çox idi. İndi də o sistemə
qayıtmaq lazımdır.
- Demək olar ki, bu gün kadr
çatışmazlığının əsas səbəbi
maddiyyatdır?
- Bəli, şirkətlər bəzən maddiyyata
çox önəm verirlər, ona görə də az kadr
götürürlər. Halbuki biri təcrübəli, biri gənc
iki nəfəri bir yerə götürsələr, gələcəkdə
həmin gənc püxtələşər. Həm də, təkcə
universiteti bitirmək kifayət etmir, praktikada iştirak
vacibdir.
- Təhsil sistemimizdə ümumiyyətlə praktika
problemi var.
- Tamamilə doğrudur. Mən elə adamlar
tanıyıram ki, nə Mədəniyyət və İncəsənət
Universitetini bitiriblər, nə də peşəkar təhsil
alıblar, amma setdə işləyə-işləyə
öyrəniblər. Rejissorun, operatorun yanında dayanıblar,
praktiki bacarıq qazanıblar. İstedadla yanaşı, təcrübə
də vacibdir. Yəni sadəcə oxumaqla yox, işləməklə
də öyrənmək lazımdır.
- Sonda, bütün gördüyünüz işlər
arasında ən qürur duyduğunuz hansıdır?
- Mənim üçün bütün filmlərim bir
həyat yoludur. Hər birinə eyni dərəcədə məsuliyyətlə
yanaşmışam. Çalışmışam ki, işlərim
yüksək səviyyədə olsun.
- Azərbaycanın məşhur rejissorları ilə
çalışmışmısınız, onlardan biri ilə
yaddaqalan bir xatirənizi bölüşə bilərsiniz?
- Əslində onlarla bir yerdə işləməyin
özü bir xatirədir. Hər bir rejissorla
çalışmaq mənim üçün təcrübə
idi. Hər film yeni bir dünya idi və bu dünyanı
qurmaqdan böyük zövq almışam.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 2 avqust(¹135).- S.13.