“Vətən şairi” silsiləsindən
YÜZ İL DEYİL, MİN İL KEÇƏ...
Bəxtiyar Vahabzadənin 100 illiyinə
İmperiya üzərinə qılınc çəkdin,
Azadlığın məşəlçisi mücahid
- sən,
Əldə qələm ömrün böyu səngərdəydin,
Hürriyyətin qəhrəmanı, bir şəhidsən.
Səndən, sənin neçə-neçə əsərindən
Güc aldıq biz - tarix, millət, sən şahidsən!
Bəxtiyarla, Xəlil Rza, Məmməd Araz,
Şəhriyarla nəfəs aldı, dəyişdi
xalq,
Sözlərini oxuyaraq, dinləyərək
Mətinləşdi, poladlaşdı, bitişdi xalq,
Azadlığı haylayanda Ana Vətən,
Qöz qırpmadan bu haraya yetişdi xalq!
Bilə-bilə cəzasıdır ölüm,
qanlı
Kəfən geyib “Gülüstanı” yazan şair,
Şeirləri azadlığın himni olan,
Təzyiqlərə, zülmlərə dözən
şair,
20 Yanvar şəhidini “Şəhidlər”də
Qanı ilə vəsf eyləyən ozan-şair!
Özgə dili üstün tutan manqurtların
Öz xalqına bir faydası, sözü də yox,
Biganəlik şaxtasından dona bilən
Öz dilini isitməyə közü də yox,
Ana dili silinənin, yox olanın
Dövləti də, milləti də, özü də
yox!
Sən azadlıq eşqin ilə millətimin
Fikrindəsən, ruhundasan, qanındasan,
Əldə silah düşmən qovan əsgərimin
Ürəyində, nəfəsində, canındasan,
Yüz il deyil, min il keçə dövlətimin,
Bayrağımın keşiyində, yanındasan.
ÖZÜMÜZÜ KƏSƏN QILINC
“Mən həmişə demişəm, yenə də
deyirəm, bu taxtda kimin oturacağının mənim
üçün heç bir fərqi yoxdur. Mənim
üçün vacib olan Vətənimin müstəqilliyidir”
- Gur-Şad, Göytürk xaqanlığının qəhrəman
sərkərdəsi
(“Özümüzü kəsən qılınc”
pyesindən)
Türklüyünü unutdun sən,
Zəlzələlər yaratdın sən,
Kökümüzü qurutdun sən,
Özümüzü kəsən qılınc!
Qəzəbləndin, çıldırdın sən,
Qardaşları öldürdün sən,
Yağıları güldürdün sən,
Özümüzü kəsən qılınc!
Türkün hansı elindəsən,
Hansı türkün əlindəsən -
Şeytanların felindəsən,
Özümüzü kəsən qılınc!
Dulu xaqan, bax, başqa kim,
Teymur, daha neçə zalım,
Şah İsmayıl, Sultan Səlim...
Özümüzü kəsən qılınc!
Əlindədir gah xaqanın,
Gah bir şahın, gah sultanın,
Nahaq alır türkün canın,
Özümüzü kəsən qılınc!
Paramparça oldu türklük,
Saçlarını yoldu türklük,
Qan itirdi, soldu türklük,
Özümüzü kəsən qılınc!
Özümüzü kəsə-kəsə,
Türk qovmünü saldın nəhsə,
Qul eylədin kafir kəsə,
Özümüzü kəsən qılınc!
Sən qurduğun əməl, işdi,
Sayəndə yağı gəlişdi,
Türk axsadı, geri düşdü,
Özümüzü kəsən qılınc!
Ədavətlər silahısan,
Xəyanətlər silahısan,
Cinayətlər silahısan,
Özümüzü kəsən qılınc!
Sözümüzü kəsməsəydin,
İzimizi kəsməsəydin,
Özümüzü kəsməsəydin...
Özümüzü kəsən qılınc!
Ancaq “düşmən, yağı vur!” de,
Özümüzü kəsmə bir də,
Türkün olsun göy də, yer də
Özümüzü kəsən qılınc!
GÜN GƏLƏR Kİ...
“Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə...”
(“Gülüstan” poemasından)
Üzü gülür Qarabağın,
Sən azadsan daha, Şuşam!
Yaşa, var ol, Qalib Ordum,
Baş Komandan, igid Paşam!
Bilsin dünya, dəyişmədə
Daha dövran, daha yaşam!
Azad oldu Qarabağım,
Bəxti qara deyil daha.
Zəfərlərin işığında
Son qoyuldu dərdə, aha,
Eşit, Təbriz, dinlə, Güney,
Yurdum dönür qibləgaha.
Güclənməli, bir olmalı,
Düşmənləri vurmalıyıq.
Qanımızı soranları
Zəiflədib yormalıyıq.
Başdan-başa abad olan
Bütov Vətən qurmalıyıq!
Sevincindən Bəxtiyarın,
Şəhriyarın ruhu ağlar.
Məzarından dikələrək
Neçə-neçə dahi ağlar.
Məmləkətin neçə-neçə
Xanı ağlar, şahı ağlar.
Ey millətim, bütövləşib
Birliyini sən saxlarsan!
Gün gələr ki, çeşmə kimi
Mən çağlaram, sən çağlarsan!
Xoşbəxtlikdən, şadlığından
Mən ağlaram, sən ağlarsan!
Nazim HÜSEYNLİ
525-ci qəzet .- 2025.- 1 avqust(¹134).- S.15.