Əbədiyyətə
imzasını çəkən zabit
ŞƏHİD MAYOR NATİQ İSMAYILOVUN
XATİRƏSİNƏ
Tarixin hər dönəmində bir xalqı
sınağa çəkən, onun iradəsini yoxlayan, öz
kimliyini isbatlamağa vadar edən anlar, dövrlər olur.
Talemi, təsadüfmü, bilinməz, amma Azərbaycan
xalqı üçün belə anların sayı birdən
çoxdur. Nahaqdan deməyiblər “coğrafiya qədərindir”.
Bizim də qədər-qismətimizmiş bu, bəlkə də.
Həmin tale yüklü imtahanlardan biridir 44 günlük Vətən
müharibəmiz. 2020-ci ilin sentyabrında başlayan bu imtahan
təkcə bizim 30 il boyunca “öyrəndiklərimizi”
sınağa çəkmirdi, həm də bizi təzədən
öyrədirdi. Otuz il işğal altında qalmış
torpaqların harayı, ruhu sındırılmış şəhərlərin
ahı, Vətənin tapdanmış namusu artıq susmurdu. Vətən
öz övladlarını səsləyirdi. Və bu səsə
ilk cavab verənlər vicdanı, namusu və ruhu Vətənlə,
xalqla, millətlə, dövlətlə bir olanlar oldu.
Bu gün Azərbaycan xalqı üçün
yalnız döyüş meydanı deyil, həm də mənəvi
bir imtahan yeri idi. Kim Vətəni öz canından
üstün tutdu, kim torpaq üçün gözünü
qırpmadan ölümə getdisə, onlar xalqın əbədi
övladına çevrildilər, şəhidlik zirvəsinə
yüksəldilər. Onlar dar günün oğulları idilər.
Mayor Natiq İsmayılov həmin övladlardan biri deyil, bəlkə
də, birincilərdən idi.
Şəhidlik xalqın inancında ucalıq,
paklıq, müqəddəslikdir. Bu, hər kəsin çata
bilməyəcəyi, ancaq hər kəsin hörmətlə
boylanmalı olduğu bir zirvədir. Natiq bu zirvəyə asan
getmədi. O, həyatını Vətən yolunda qurmuşdu.
Hərbi məktəbə ilk addım atdığı
gündən əqidəsi, məramı, baxışı dəyişməmişdi:
Vətən varsa, mən də varam, Vətən yoxsa, mən
kiməm? Onun yolunda ölüm belə, həyatın mənasına
çevrilmişdi Natiq üçün.
44 günlük müharibə Azərbaycanın
tarixində təkcə torpaqların azadlığı yox,
ruhun azadlığı, millətin təzədən ayağa
qalxması demək idi. Bu dirçəliş, bu ucalış
sıradan bir hadisə deyildi, bu, şəhidlərin qanı
ilə yazılmış yeni bir tarixin
başlanğıcı idi. Hər bir şəhid bu salnamənin
bir cümləsi, bir misrasına çevrildi. Natiq isə bu
kitabın ilk səhifələrindən biridir. Çünki
o, təkcə şəhid deyil, həm də böyük bir
xalq üçün, onun gələcək övladları
üçün sədaqət, igidlik nümunəsidir.
lll
Natiq İsmayılovun həyat yolu hər birimiz
üçün örnəkdir. Sadə ailədən
çıxmış, illərlə hərb sənətinə
sədaqətlə bağlı qalmış, ən
ağır yerlərdə Vətənə xidmətdən
çəkinməmiş, Vətən çağıranda isə
bir an belə tərəddüd etməmiş bir insanın
yoludur bu. Onun şərəfli həyat yolu, şəhidliyi
yalnız bir ailənin yox, bütöv bir xalqın qüruruna
çevrilib.
Natiq Əjdər oğlu İsmayılov 1980-ci il
martın 5-də Qəbələ rayonunun Bunud kəndində
anadan olub. 1986-cı ildə Bunud kənd orta məktəbində
1-ci sinifə başlayıb. 1994-cü ildə həmin məktəbin
8-ci sinfini bitirdikdən sonra ömrünü hərb sənətinə
bağlamağa qərar verən Natiq, Cəmşid
Naxçıvanski adına hərbi liseyə qəbul olub.
1997-ci ildə Heydər Əliyev adına Bakı Ali
Birləşmiş Komandirlər məktəbinə (indiki Heydər
Əliyev adına Hərbi İnstitut) daxil olub və 2001-ci ildə
həmin məktəbi motoatıcı ixtisası üzrə
bitirib. 2001-ci ilin sentyabr ayından 2002-ci ilin avqust ayına qədər
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin
Zabit ixtisası kursunun dinləyicisi olub.
Ali təhsilini bitirdikdən sonra N.İsmayılov
leytenant rütbəsi ilə hərbi vəzifəsinə
başlayıb. Naxçıvanda, Qusarda və Murovdağda
yerləşən “N” saylı hərbi hissədə xidmətini
davam etdirib.
Olduğu hər yerdə, tutduğu bütün vəzifələrdə
bircə amalı vardı Natiqin - Vətəninə sədaqətlə,
şərəflə xidmət etmək. Bu, onun həyat devizi,
yaşam səbəbi idi. Ona görə də hər zaman
zabit yoldaşları, əsgərləri tərəfindən
hörmətlə yad edilir, qürur və ehtiramla
xatırlanır.
Onunla 12 il ömür sürmüş, dörd
övladının anası Nigar xanım isə, yəqin ki,
Natiqi bu dünyada ən çox özləmlə yad edən
kəsdir. Natiqin yoxluğundan beş il keçməsinə
baxmayaraq, hələ də onun adı çəkiləndə
gözləri dolan, dili dolaşan bu vəfalı qadın həm
də onun ən birinci və ən sadiq silahdaşı idi.
“...Qocalıb adım yadımdan çıxsa belə, kimsə
“Natiq gəlir” desə, gözlərim axtaracaq, əllərim
titrəyəcək” - deyən şəhid xanımı onlu
günləri yad edərkən həm kövrəlir, həm də
sonsuz qürur duyur. Onlar bu həyat yollarında
çiyin-çiyinə addımlayarkən hərdən Nigar
xanım Natiqin çiynindəki ailə, uşaq
qayğısı yükünü də öz zərif
çiyinlərinə alardı. Çünki bilərdi ki,
Natiqin zabit çiynində daşıdığı o paqonlar
daha ağır, daha məsuliyyətli, daha şərəflidir.
Bunu Natiq də hər addımı ilə hiss etdirərmiş.
Nigar xanım müsahibələrinin birində belə
demişdi:
“İşinə qarşı son dərəcə ciddi
və məsuliyyətli idi. Elə olurdu ki, işdən zəng
gələndə boşqabda yeməyini qoyub qalxırdı
ayağa. Deyirdim, dərhal çata bilməzsən ki. Bilirlər
də, maşınla yol getməlisən, otur yeməyini ye,
get. Yenə də razı olmazdı, süfrədən durar,
iki dəqiqədə hazır olub gedirdi. O ikicə dəqiqədə,
təsəvvür edin forması ütülənməli idi,
üz təraşını edib, çəkmələrini
mazlayırdı. Heç sevməzdi töhmət almağı.
Ürəyi, qanı, canı Vətənlə
döyünən hər bir oğul kimi, o da Ali Baş
Komandanın verəcəyi əmri gözləyirdi. Gözləyirdi
ki, öz vəzifəsini olduğundan da artıq yerinə
yetirsin. Elə də oldu.
23 illik xidməti olan bir şəhid zabitin
xanımı olmaq çox böyük şərəf və
məsuliyyətdir. Bilmirsən necə təsəlli tapasan,
gözlərini uşaqlardan necə gizlədəsən.
Ən çox da onların sual dolu baxışları
insanı təsirləndirir. Ancaq düşünəndə
ki, necə bir oğulun, həyat yoldaşının, can
dostunun əmanətləri səndədir, ürəyə bir
hüzur çökür, gözdə yaş olsa da, üzdə
təbəssüm yaranır. Övladlarını ona söz
verdiyim kimi böyütmək hər gün onu yenidən sevməkdir,
hər gün onu xatırlamaqdır bu məsuliyyət...”
N.İsmayılov 2016-cı ilin Aprel döyüşlərində
vuruşub. Ömrünü hərb sənətinə həsr
edən zabit 2020-ci ilin iyun ayında ehtiyata
buraxılmışdı. Nəhayət, həyatını
bütün bu illəri onun yolunu gözləyən, bir
gün görəndə, beş gün həsrət qalan,
atalarını vətənlə bölüşmək məcburiyyətində
olan dörd övladına həsr edəcəkdi. Lakin o, dar məqamda
yenə də vətənin köməyinə tələsdi.
Ehtiyatda olmasına baxmayaraq, cəmi dörd aydan sonra - 2020-ci
ilin sentyabr ayında Vətən müharibəsi başlayanda
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin qismən səfərbərliyə
çağırışı ilə oktyabrın 3-də Yevlaxda
“N” saylı hərbi hissəyə yollanıb. Orada öz
taborunu hazırlayaraq döyüş bölgəsinə yola
düşüb. Talış, Suqovuşan, Füzuli, Xocavənd
istiqamətində gedən döyüşlərdə
iştirak edən mayor İsmayılov oktyabrın 17-də
Füzuli rayonu istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhidlik zirvəsinə
ucalıb. Oktyabrın 18-də Qəbələ rayonunun Bunud kəndində
dəfn olunan Natiq İsmayılov şəhadətindən
sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən
uğrunda” və “Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif edilib.
lll
Natiq İsmayılov kursant və zabit
yoldaşlarının, əsgərlərinin də
böyük hörmətini, ehtiramını qazanmış
bir hərbçi idi. Onun adını eşidən hər kəs
ondan elə böyük sevgi, elə böyük hörmətlə
danışır ki, Vətənin belə bir oğlu
olduğu üçün qürurlanmamaq olmur.
Kursant və zabit yoldaşı olmuş ehtiyatda olan
mayor Samir İsmayılov Natiqi belə yad edir: “Şəhid
Natiq qardaşımla bir məktəbdə təhsil
almışıq. O, çox sakit, az danışan, heç
kimlə işi olmayan bir kursant idi. Biz H.Əliyev adına məktəbi
bitirdikdən sonra təyinat üzrə Naxçıvan Muxtar
Respublikasına göndərildik. Orada Natiqlə mənim xidmətim
Sədərək rayonunda kəsişdi. Natiq “Qarağac” deyilən
ərazidə bölük komandiri idi. Sakit təbiətli
olmasına baxmayaraq, tabeliyində olanlara qarşı tələbkar
və qayğıkeş komandir idi.
Müharibə başlayanda hər ikimiz ordu
sıralarından tərxis olunmuşduq. Mən
Naxçıvanda, Natiq isə Qəbələdə
yaşayırdı. Natiqin himayəsində yaşlı bir
anası, dörd körpəsi və həyat yoldaşı
olmaqla 6 nəfərlik ailə vardı. Bunlara baxmayaraq, Natiq
müharibə başlayan kimi könüllü olaraq cəbhəyə
yollandı. Oktyabrın 17-də Natiqin şəhidlik xəbərini
aldım və bu, məni çox kədərləndirdi. Biz
2001-ci il buraxılışlarından ibarət qrup yaratdıq
və şəhid olan 7 qardaşımızın ailələri
ilə maraqlanmağa, acı günlərində yanlarında olmağa
çalışdıq. Allah bütün şəhidlərimizə
rəhmət eləsin!”
Müəyyən bir dövrdə onunla birlikdə xidmət
etmiş hərbçi Şahin Qubad deyir ki, Natiq zirehli
texnikaların xüsusiyyətlərini çox yaxşı
bilirdi: “Natiq bizim ən sevdiyimiz zabit idi. Xətrini çox istəyirdim.
Həmlə taborunda komandir müavini idi. Tabeliyində
çoxlu zirehli texnikalar var idi. Mən şəxsən onun
kimi zirehli texnikaları sevən, məsuliyyətli zabit
tanımadım. Şəxsi heyət arasında da xüsusi
hörmətə malik idi. Xüsusən BTR heyətləri onu
çox istəyərdi”.
Həmlə taborunda maddi-texniki təminat üzrə
müavin olarkən tabeliyində xidmət etmiş Nicat
Alıyev onu belə bir hadisə ilə yad edir: “Dekabr ayı
idi. Qusarda olarkən Şahdağ təlim mərkəzindən
geri qayıdanda axşamüstü texnikamız xarab olub yolda
qaldı. Ona zəng vurub problemi bildirdim. Hərbi hissədən
yenidən geri qayıdıb azı dörd saat bizimlə bərabər,
texnika ilə məşğul oldu, kömək eləməyə
çalışdı. Nəhayət, gecə düzəltdi
və gecə saat 11-dən sonra bizimlə birlikdə geri
qayıtdı”.
lll
Qarabağ uğrunda başlayan 44 günlük
müharibə sadəcə hərbi əməliyyat deyildi. Bu,
xalqın bütövləşməsi, torpağın
azadlıq həsrətinə verilən cavab idi. Və bu cavab
Natiq İsmayılov kimi oğulların fədakarlığında,
qorxmazlığında, cəsarətində cismə
çevrildi. Onlar şəhid olsalar da, özləri də fərqində
olmadan əbədi həyata qol çəkdilər.
Çünki vətən torpaqdan daha böyük bir
anlayış, şəhidlik isə ölümdən daha uca
bir zirvədir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 1 avqust(¹134).- S.14.