“Müəllimlərin
sertifikasiyası təhsilin keyfiyyətinə mühüm təsir
göstərir”
Müəllimlərin sertifikatlaşdırma prosesində
bu il 2343 nəfər müvafiq keçid balını
toplamayıb. Sertifikatlaşdırmada uğur qazanmayanların
sosial vəziyyətləri və məşğulluq
imkanlarının qiymətləndirilməsi məqsədilə
yerli təhsili idarəetmə orqanlarında xüsusi
komissiyalar yaradılıb. Komissiyalar tərəfindən
keçirilmiş fərdi görüşlər nəticəsində
sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri
müəyyən edilib və işlə təmin olunma istiqamətində
müvafiq tədbirlər görülüb. Bildiririk ki, cari
ildə baş tutmuş sertifikatlaşdırma prosesində
2343 nəfər müvafiq keçid balını
toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin
sayı 872 nəfər olub. Prosesin şəffaflığı
və sosial ədalət prinsipləri əsasında
aparılması məqsədilə müvafiq monitorinq və təhlil
işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində
saxlanılır. Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin
təşkili şöbəsinin müdir müavini Nurlan
İsmayılbəylinin sözlərinə görə, 2022-ci
ildən keçirilən sertifikatlaşdırma prosesində
64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan
keçmiş 17 426 təhsilverənin vəzifə
maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə
maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci ildə
keçirilmiş sertifikatlaşdırılma imtahanında 21
000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika,
eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat,
riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili
(rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri
iştirak edib. Test imtahan mərhələsində 6 600 təhsilverən
51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və
daha yuxarı nəticə göstərib:
“Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi,
yəni müsahibə mərhələsinə artıq avqust
ayının sonlarından başlayırıq. İlk növbədə
təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində
uğur qazanan müəllimlər üçün müsahibələr
təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə
1400-dən artıq müəllimin müsahibə mərhələsində
iştirakı nəzərdə tutulub”.
Sertifikatlaşdırılma prosesinin keçirilməsində
əsas məqsəd ümumtəhsil müəssisələrində
pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul
olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyələrinin
yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma
zamanı müəllimlərin peşə
yararlılıqlarını yoxlamaq, onların peşəkar
inkişafına nail olmaq və təlim ehtiyaclarını
öyrənməkdir. Sertifikasiya zamanı müəllim
müstəqil qiymətləndirilmədən keçirilir,
onun biliyi, səriştəsi müəyyən olunmuş
qaydalar əsasında dəyərləndirilir və konkret
parametrlər əsasında aparılan qiymətləndirmə
nəticəsində onun pedaqoji yararlılığı
müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni
tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin
bütün fəaliyyətini qiymətləndirən
mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin
təkmilləşmədən keçmələri, dərslərinin
qiymətləndirilməsi, dərslərinin monitorinqi və
sair daxil ola bilər.
Sertifikatlaşdırma iki mərhələdən -
test və müsahibə mərhələsindən ibarətdir.
Test imtahanı mərhələsində namizədlərə
120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim
olunur. Bunlar təlim strategiyası və təlim metodikası
olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası
üzrə: müasir təlim metodları və
üsulları, fəal-interaktiv təlim texnologiyaları,
interaktiv dərsin mərhələləri və ona verilən
tələblər, kurikulumun mahiyyəti və məzmunu,
innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri
mövzularını əhatə edir. Təlim metodikası
üzrə isə, buraya fənnin tədris metodikası sahəsində
yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim
fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə
verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi
metodları, qiymətləndirmənin növləri və məqsədləri
mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən
edilir. Müəllimlər tərəfindən
cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur.
İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə
buraxılır. Həmin mərhələdə 20 bal toplayan
namizədlər sertifikatlaşdırılır.
Təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, Azərbaycanda
təhsil işçilərinin
sertifikatlaşdırılması prosesi fəal şəkildə
davam edir: “Bu məsələ həm təhsil ictimaiyyəti, həm
də cəmiyyətin geniş təbəqələri tərəfindən
müzakirə doğurur. Çox vacib və önəmli bir
məsələdir. Bu proses müəllimlərin bilik və
bacarıqlarının qiymətləndirilməsi və
inkişafı üçün bir vasitədir. Burada əsas məsələlərdən
biri keyfiyyətin yoxlanılmasıdır. Müəllimlər
həm ixtisas bilikləri, həm də pedaqoji və kurikulum
bilikləri baxımından qiymətləndirilirlər. Nəticələrə
əsasən 30-50 bal toplayan müəllimlərin
maaşına 10 faiz artım edilir. 51-60 bal toplayanlara isə 35
faiz maaş artımı verilir.
Yüksək nəticə göstərən müəllimlər
karyera baxımından üstünlük qazanır, məsələn,
məktəb direktoru və digər rəhbər vəzifələrə
irəli çəkilə bilirlər. Bu sistem müəllimlərin
peşəkar inkişafını təşviq edir. Onlar daim
öz üzərlərində işləməyə yönəldilir”.
O söyləyib ki, bu proses həm də şagirdlər
üçün faydalıdır: “Çünki nəticədə
siniflərdə daha hazırlıqlı, motivasiyalı və
peşəkar müəllimlər dayanır. Bu da ümumi tədris
keyfiyyətini artırır. Təhsil siyasəti
baxımından da önəmlidir. Çünki bu proses nəticəsində
hansı fənlərdə və bölgələrdə zəifliklərin
olduğu üzə çıxır və gələcək
planlaşdırmalarda bu məlumatlar nəzərə
alınır. Ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm.
Çünki həm şagirdlər, həm də səriştəli
müəllimlər qazanır. Layiq olan müəllimlər
öz vəzifələrini qoruyur və maaş artımı
alırlar. Lakin bəzi problemlər və tənqidlər də
var. Xüsusilə yaşlı və təcrübəli
müəllimlər üçün bu proses stresli ola bilər.
Texnologiyadan istifadə və imtahan təcrübələri zəif
olan müəllimlər aşağı nəticə göstərə
bilirlər. MİQ imtahanından uğur qazanmış müəllimlər
sertifikatlaşdırmada da uğur qazanırlar, amma bu proses
MİQ-dən fərqlidir. Yaşlı və pedaqoji təcrübəsi
çox olan müəllimlər bəzən zəif nəticələr
müşahidə olunur. Sosial şəbəkələrdə
xüsusilə filoloqlar yəni Azərbaycan dili Ədəbiyyat
müəllimləri etiraz edirlər. Onlar bildirirlər ki,
suallar və mətnlər çox uzun, vaxt isə azdır -
bu da haqlı narazılıqdır. Burada balanslı yanaşma
olmalıdır. Məsələn, riyaziyyat müəllimlərinə
təqdim olunan sualların çətinlik səviyyəsi necə
tənzimlənirsə, eyni yanaşma Azərbaycan dili müəllimlərinə
də tətbiq olunmalıdır. Sertifikatlaşdırmanın
məqsədi müəllimlərin bilik səviyyəsini
ölçmək və həmçinin gələcək təlim
hazırlıqlarının nə qədər ehtiyac
olunmasını üzə çıxarmaqdır. Ümumiyyətlə,
bu sertifikatlaşdırma Azərbaycan təhsili
üçün bir dönüş nöqtəsidir və
burada mənfi birşey axtarmaq düzgün deyil”.
Millət vəkili Ceyhun Məmmədov deyir ki,
sertifikasiya prosesi ümumitəhsil məktəblərində dərs
deyən müəllimlərin savadlılıq dərəcəsinin
müəyyənləşdirilməsi üçün
münasib üsul hesab edilir: “Hesab edirəm ki, hazırkı
dövrdə müəyyən mərhələ
üçün sertifikasiya imtahanlarının keçirilməsinə
ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə
baş verən səbəblər nəticəsində bəzi
məktəblərimizdə müəyyən xoşagəlməz vəziyyətlər
yaranıb. Ona görə də hazırda Elm və Təhsil
Nazirliyi bu məsələdən çıxış yolunu
sertifikasiyada görür və bu proses davam edir. Ancaq mən
düşünürəm ki, sertifikasiya uzunmüddətli
proses olmamalıdır. Biz sertifikasiya ilə paralel olaraq universitetlərdə təhsilin
keyfiyyətinin artırılması, məzmunun gücləndirilməsi
istiqamətində də addımlar atmalıyıq. Bu proseslər
paralel getməlidir”.
Təhsil eksperti Kamran Əsədov sertifikasiyanın təhsilimiz
üçün zəruri olduğunu bildirib: “Azərbaycan təhsilinin
səviyyəsini müəyyənləşdirmək,
artırmaq üçün yeganə vasitə bu tipli yoxlama
prosesləridir. Məşhur bir ifadə var: “Heç bir təhsil
sisteminin səviyyəsi müəllimin səviyyəsindən
artıq ola bilməz”. Sizin müəlliminiz nədirsə, təhsil
sisteminiz də odur. Birmənalı şəkildə müəllimlərin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini
həyata keçirməliyik. Azərbaycanın müstəqilliyi
dövründə akkreditasiya 1994-cü ildə olmuşdu.
Ondan sonra 2014-2018-ci illərdə orta ümumitəhsil məktəblərində
çalışan müəllimlər diaqnostik qiymətləndirilməyə
cəlb edildilər. Ardınca yeni prosesi - sertifikasiyanı
görə bilirik. 2009-cu ildən etibarən orta məktəbin
kadr bazası üçün müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə (MİQ) start verilsə
də, sonrakı prosesdə hətta yüksək balla qəbul
olunmuş müəllimlərin yoxlanılması həyata
keçirilməmişdi. Buna görə də sertifikasiya zəruridir”.
Ekspertin fikrincə, müəllimlərin sertifikasiyaya
cəlb edilməsinin təhsilin keyfiyyətinə mühüm
təsir göstərir: “Müəllimlərin sertifikasiyaya cəlb
edilməsi onların bilik və bacarıqlarını
artırmasını zəruri edir. Hazırda gözləntilərimizin
ikinci tərəfi müəllimlərimizin öz üzərlərində
işləməsi, özlərini inkişaf etdirmələridir.
Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri
çap edəndə belə, bəzi müəllimlər həmin
vəsaitləri oxumurdu. Dərs prosesində ümumi, köhnə
bilikləri əsasında iştirak edirdilər. Sertifikasiya
müəllimlərimizin bilik və
bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə
də keyfiyyət artımı görəcəyik. Müəllimlər
öz üzərlərində işləyirlər.
Bütün müəllimlər hazırlaşırlar, kitab
oxuyurlar. Bu, onların uşaqlara verəcəkləri biliyə
də öz təsirini göstərəcək”.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 1 avqust(¹134).- S.13.