Bir həyat hekayəti
(Əvvəli ötən cümə sayımızda)
Gəlin bilirdi ki, ayaqlarını iflic vurmuş,
gözlərinin hər ikisinə mirvari suyu gəlmiş və
bunlar da azmış kimi, üstəlik, ağlını da itirmiş
qayınanası ömrünün qurub çağını
yaşayır. Allah-Təala artıq tamam sönməkdə
olan bu xəstə şüurun, həyat əlamətləri
ölmüş, hərəkətsiz bədəni həmişəlik
tərk etməyə hazırlaşan canın
şıltaqlığı ilə onu - 42 yaşlı gəlini
sınağa, imtahana çəkir və o da bu imtahandan
Allahın buyurduğu kimi dözümlə, üzüağ
çıxmalıdır. Burası ona gün kimi aydın idi,
amma gəlin açıq-aydın görürdü ki,
ağlının dərk etdiyini ürəyi o qədər də
yaxına buraxmır, qəlbinin dərinliklərində
baş qaldıran anlaşılmaz duyğular onu əməlli-başlı
sıxır. İş heç də 75 illik ömürdən
sonra bu dünya ilə üzləşməyin əzablarını
yaşayan qayınanasının əsəblərə işləyən
sayıqlamalarında (guya bu evdə gəlinin qurğusu ilə
onu öldürəcək, öz əcəli ilə ölməyə
qoymayacaqdılar. Buna görə də qıyya çəkib
camaatı köməyə çağırırdı), yaxud
gündə 2 dəfə onun altını təmizləməyin,
həftədə bir dəfə vannaya salıb çimizdirməyin
çətinliyində deyildi. Hərçənd axır
vaxtlar bu çətinliyi az da olsa hiss edirdi. Bu
sayıqlamaların da ilk vaxtlar yaxın qohum-qonşu
arasında saldığı pıçhapıç
artıq sovuşub getmişdi, gəlin daha əvvəlki kimi
izahat vermək, məsələnin mahiyyətini qandırmaq əzablarından
qurtarmışdı. Gəlin onu da bilirdi ki,
qayınanasının qarabasmaları, sayıqlamaları
müvəqqətidir, bir azdan sakitləşəcək və
həmişə olduğu kimi, ondan mütləq bir fincan
çay istəyəcək (tərs kimi hazır çay da
yoxdur).
- Bismillahir-rəhmanir-rəhim, qul huvəllahu əhəd,
Allahus-Səməd...
Ata-anası dəfələrlə demişdi ki,
zöhr namazını yavaşdan qılmaq lazımdır. Amma
gədənin başına batmırdı ki, batmırdı.
Gəlin qayınanasının canının sulu
vaxtlarında yox, məhz indi - ağırlaşandan, xəstələnəndən,
gözlərinin işığını itirəndən sonra
kimlərinsə, o cümlədən də özünün həyatında
bu qədər mühüm rol oynayacağını
ağlına gətirməmişdi və yəqin
qarının ağlı indi özündə olsaydı, onun
xəstə canına son yiyəlik eləmək üstündə
gəlinləri, qızı ilə kiçik gəlinini, habelə
böyük oğlu ilə kiçik oğlu arasında
dartışmaların, didişmələrin gərginliyinə
dözməz, ürəyi partlayardı. Amma arvadın
yaddaşı itmişdi, ağlı qaçmışdı və
bəlkə də onun 75 illik həyatında
yaşadığı ən böyük xoşbəxtlik də
elə bunda idi.
Böyük oğlu rayon mərkəzində
yaşayırdı. 15 il əvvəl bu həyətdən
incik çıxmışdı. İki ay arvadı və
balaca oğlu ilə kirayədə yaşadı, sonra işlədiyi
idarədən ev aldı. Əvvəllər ildə 3-4 dəfə
kəndə dönər, yolunu ata ocağına salardı -
ata-anasına, qardaşına baş çəkməyə
yox, öz halal payı bildiyi meyvə ağaclarının
barını yığıb aparmağa. Yayda gəlib gilas,
albalı, üzüm yığırdı, payızda nar,
heyva, qoz payını aparırdı. Sonra maşın
aldı, ayağı kənddən yavaş-yavaş çəkildi.
Qazancı, dolanışığı pis deyildi, oğlunu
musiqi məktəbinə qoymuşdu, arvadı müəllimə idi və həmin
bu arvad qohumlardan kiminsə məclisində demişdi ki, o
ağıldan qürək (yəni kiçik gəlin) elə
bilir ki, sağsağan uçdu, yuvası düşdü...
Elə bilir ki, o həyət-bacanın, o ev-eşiyin
hamısı qaldı ona, o da əfəl, arvadağız əri
ilə xoş gün sürəcək. Ay sən öləsən!
Mənə də cırtqoz Məliyin qızı Şəfiqə
deyərlər”.
Təbii ki, bu sözlərin üstünə
beşini də qoyub çatdırdılar balaca gəlinə.
Bu da əllərini Ərəb Zəngi kimi belinə qoyub
cavabını elə həmin dəqiqə verdi: “Gedin o
dalı ayaqlarında olana (böyük gəlinin ayaqları
boyuna görə doğrudan da gödək idi) deyin ki, it
ham-hamnan hürəndə, karvan toy-bayramnan,
zınqırovlarını çala-çala keçər.
Qoy əlindən gələni beş
qaba çəksin. O, Cırtqoz Məliyin
qızıdırsa, mən də “devit be” Həsənin
qızıyam. Görək kim kimin başını yeyəcək”.
Beləcə, həftə səkkiz-mən doqquz
atışır, bir-birlərini zəhərləyirdilər.
Gücləri hələlik bundan artığına
çatmırdı, çünki arada Qurban kişi vardı
və kiçik gəlin qayınatasının - oruc tutub namaz
qılan bu ağır kişinin hörmətini
saxlayırdı. Qurban kişi olmasaydı, şübhəsiz
ki, bu qiyabi təhqirlərə dözməz, heç ərində
də deməmiş - əri bilsəydi qoymazdı - gedib o
dalısallağın atasını dalında şələyərdi.
Hələlik isə ürəklərini bir-birlərinin
boştanına daş atmaqla soyudururlar. Bu “daşatma” oyunu
Qurban kişi dünyasını dəyişənə qədər
davam elədi.
Kişinin ölümü çox gözlənilməz
oldu. Təxminən bir il əvvəl indiki kimi isti yay günlərinin
birində, daha doğrusu, iyunun 15-də - gəlin bu tarixi
yaxşı yadında saxlamışdı - kişi bircə dəqiqənin
içində canlı tapşırdı. Günortadan
keçmişdi, Qurban kişi harasa cayızlanırdı.
Paltarlarını dəyişdi, quzu dərisindən tikdirdiyi
papağını qoydu, kəhraba muncuqlu təsbehini
götürdü və pilləkənin yuxarı
başında oturub ayaqqabılarını geyinəndə qəfildən
üzü istə yıxıldı. Eyvanın
aşağı tərəfində oturub yun çırpan gəlin
yerindən qalxdı, daha eyvan boyu qaçmadı, iki
sıçrayışla həyətə tullanıb
kişinin başının üstünü aldı. Qurban
kişinin yıxılmağı, deyəsən, o
yıxılmaqdan deyildi: gözləri axır, ağzından
köpük gəlirdi. Hər işdə həmişə
diribaş tərpənən gəlin - Qurban kişi elə
buna görə onu çox istəyirdi - bu dəfə
özünü itirdi, bir də “vay” deyib üzünü həyətin
aşağı tərəfinə tutdu: “Ə, tez elə, kişi
gedir, deyəsən” - qışqırdı və bu qeyri-müəyyən
çağırışa dirrikdə qurdalanan əri təbii
ki, yalnız belə cavab verə bilərdi:
- Hara gedir, az?
- Ə, tez elə!
Bu dəfə gəlin açıq-aşkar bir təlaşla
elə qiyya vurdu ki, əri əlindəki beli atıb bir
göz qırpımında özünü
çatdırdı. Köməkləşib
kişini qaldırdılar, oğlu atasını
qucağına alıb eyvana qalxdı, evə girib
çarpayının üstünə uzatdı. Ər-arvad
özlərini itirmişdilər, bilmirdilər nə eləsinlər,
nədən başlasınlar və Qurban kişinin
qarışı olmasaydı, çox güman, elə beləcə
döyükə-döyükə qalacaqdılar.
Qarı əyilib diqqətlə qocanın üzünə,
qarası gedib gələn gözlərinə,
açılıb-yumulan ağzına baxdı və dirək
kimi hərəkətsiz dayanan oğluna tərəf
çevrildi:
- Kişi keçinir, tez eləyin - dedi.
Arvadın səsində oğluna da, gəlininə də
tanış olan bir buyuruq sadəliyi vardı: elə bir gəlini
bir stəkan çay dalınca göndərirdi, yaxud neçə
il əvvəllər olduğu kimi, özünü yeyib
dağıdan uşağın yürüyünü yelləməyə
tələsdirirdi. Həmin iki kəlmənin deyiliş tərzindəki
soyuqluq, sirli vurğu o vaxt gəlinin içində soyuq bir
gizilti yaratmışdı. Amma yaddaşına əbədi həkk
olunan bu vaqeə barəsində sonralar nisbətən soyuq
başla fikirləşəndə gəldiyi nəticə bu olmuşdu
ki, bu qədər dərindən təəccüblənməyə
dəyməzmiş,
qayınanası Allahın qələmi ilə
yazılmış o hökmün icrasına belə təlaşsız,
sakit münasibətdə tamamilə haqlı imiş,
çünki öz kişisi ilə bir yastığa baş
qoyduğu gündən üzü bu yana
yaşadığı ömrün ötən hər günü,
hər dəqiqəsi qayınanasını əbədi
ayrılığın, Allahın yazdığı labüd
olacağın bu cür təlaşsız məqamına
yavaş-yavaş yaxınlaşdırmışdı və
Allah-Təala da Əzraylı birinci Qurban kişini yox, onun
üstünə göndərmiş olsaydı, çox
güman ki, Qurban kişi də eynən bu cür hərəkət
edərdi, belə sakit, təlaşsız danışardı,
Allahın hökmünün icrasının ləyaqətli
yardımçısı olardı. Amma bütün bunları
gəlin sonralar fikirləşmişdi, o vaxt isə o da əri
kimi çaşıb qalmışdı, ağzını
açıb qayınatasının üzünə
baxırdı və bir də o vaxt ayıldı ki, arvad
kişinin çənəsini bağlamaq üçün
yaylıq axtarır.
Qurban kişi əməl-saleh, mömin adam idi və gərək
bu dünyadan da əməl-saleh adamların layiq olduqları
ehtiramla, urvatla köçəydi, yəni yaxınlarına,
doğmalarına halallıq verəydi, vəsiyyətini edəydi
və başı üstündə oxunan Yasin sədaları
altında canını tapşıraydı. Amma
yaşadığı 78 illik ömrün ən böyük, ən
amansız haqsızlığı da onu məhz bu dünya ilə
əbədi aydınlıq məqamında haqladı - nə
Yasini oxundu, nə vəsiyyətini elədi, nə də
halallıq verdi. Əlbəttə, Yasini oğlu, lap elə gəlinin
özü də oxuya bilərdi, Lakin ikicə kəlmə
“halal edirəm”in bəxş edəcəyi əbədi
rahatlıq o qədər vacib idi ki, köməkləşib
Qurban kişinin üzünü qibləyə çevirəndən
sonra oğlu sağ, gəlini də sol tərəfdən
çarpayının yanına çökdü, hərəsi
kişinin bir əlini qamarladı və yalvarışlı səslər
bir-birinə çalandı: “Dədə, 44 ildir
ocağının başındayam, çörəyini yeyirəm,
halal elə mənə”, “Baba -
gəlin qayınatasına “baba” deyirdi - qurban olum,
halallıq ver, halallıq ver də, baba.
O dəm dünyanın ən böyük
haqsızlıqlarından biri də o idi ki, 53 il sərasər
bu kişinin çörəyini yemiş qarı öz
qocasına yaxınlaşıb həmin o çörəyin
halallığını almağa macal tapa bilmirdi. Arvad gəlinin
də, oğlunun də yadından
çıxmışdı. Hərçənd bütün
bu həngamənin yataqda hərəkətsiz uzanmış,
boğazından xırıltıya bənzər səslər
çıxan qocaya heç bir dəxli yox idi. Qoca nəinki halallıq vermək,
heç danışmaq hayında deyildi, onda
qalmışdı bu işə ədalətlə
yanaşıb vəfalı
ömür-gün yoldaşını qabağa sala. Qoca
keçinirdi.
“Ölüm haqdır,
ruhun bayramıdır” - gəlin bunu kimdən eşitmişdi,
harda oxumuşdu, yadında deyildi. Qurban kişinin öz
bayramına hazırlaşan ruhu da 78 il qərar tutduğu məkanı
tərk edərkən bu dünyada son
şıltaqlığını elədi, gəlinin də, oğlunun da ürəyinə
bir baxman dərd yükləyib getdi. Yox, bu, verilməyən
halallığın təəssüfü, ağrısı deyildi, qocanın
boğazından zorla çıxan
qırıq-qırıq kəlmələrin
mübhəmliyindən, gəlinin qənaətinə görə,
edilməli olan vəsiyyətin deyilmalı olan son sözün
qocanın ruhu ilə əbədi sükuta qovuşmasından
doğan göynərti idi.
Qoca onun Yasinini unudan, bayramına hazırlaşan ruhunu
son umacağından məhrum edən əzizlərindən
hayıf alırmış kimi bütün qüvvəsini
toplayıb həmin o üç kəlmə sözü zorla
pıçıldadı: “Bir küp... qızıl...”
Xırıltı içində zorla eşidilən o
üç kəlmə qocanın bədənini sonuncu udum
hava ilə bir yerdə tərk elədi. Sonra nə oldu? “Qurban
olum, ay baba, bizi qoyub hara getdin?
Ooooy... Vaaay”; “İt kimi ulama, az”. Sonra yüz illərdən bəri
əməl olunan qaydalar, rituallar - bacı-qardaşa, qohum-qonşuya
göndərilən xəbər, yas mağarı,
ağlaşma səsləri və s.
Həyat başdan-başa qəribəliklərlə
doludur. Yas məclisinin ən böhranlı, ən təlaşlı,
ən qaçhaqov anlarında belə heç zaman
üzünü görmədiyi küpün cizgiləri,
ölçüləri, üstündəki naxışlar və
içində saralan qızıllar gəlinin gözlərinin
qabağından çəkilmirdi. Elə bil o
qızılları küpə özü
yığmışdı və halalca malı idi,
itirmişdi, indi də xiffətini çəkirdi. Həmin küpün
mövcudluğundan gəlin xeyli əvvəl - hələ bu həyətə
təzə qədəm başdığı vaxtdan xəbər
tutmuşdu, özü də bir başqasının yox,
qayınatasının öz dilindən. Bir axşam həmişəki
yerində mütəkkəsinə dirsəklənib təsbehinin
kəhrəba muncuqlarını
şaqqıldada-şaqqıldada insanın könlünün
toxluğunun vacibliyindən, mal-sərvət hərisyinin
insanı bədbəxt etməsindən, yaman günə
qoymasından, sərvətini kasıb-kusuba paylayanların cənnətdə
əbədi yer qazanacağından danışan Qurban kişi necə oldusa söhbəti
hərləyib-fırlayıb həmin o küpün
üstünə gətirdi.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 1 avqust(¹134).- S.12.