Vətən qeydi ilə...
Esse
“Vətən sağ olsun!” Görəsən, bu ifadəni
ilk dəfə kim işlədib? Bəlkə ilk dəfə
hansısa müharibə zamanı səslənib? Əsrlər
əvvəl də əsgərlər, hərbçilər vətənləri
üçün canlarından keçib. Əksəriyyətinin
adı tarixdə qalmayıb, yaddaşlardan silinib. Ailəsini və
yaxınlarını tək qoyub vətən üçün
ölən milyonlarla qəhrəman... Bir də qəhrəman
yalnız vətəni üçün can verən şəxslərə
deyilmir. Vətən, xalq, bayraq üçün əziyyət
çəkən hər kəs bu ada layiqdir. Tarixdə
neçə-neçə dövlət
başçısı, sərkərdə xalqı
üçün qəhrəmanlıq göstərib. Onlardan
biri də Prezidentimiz, Ali Baş Komandan cənab İlham
Əliyevdir.
Bu yazı öz özülünü mənim qəlbimdə
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində,
Şəhidlər tablosunun qarşısında fikrə dalarkən
özü qoyub.
Şəhid! Bu sözün yükü ağırdan
ağır, kəsb etdiyi məna dərindən dərindir.
Şəkillərdən mənə baxan şəhidlərimizin
əksəriyyəti gənclərdir. Kimisi valideynlərini,
kimisi yaxınlarını, kimisi də övladlarını
yalnız qoyub köçüb bu dünyadan - Vətən
uğrunda, Torpaq uğrunda. Bu dəqiqə rahat
yaşayırıqsa, asudə nəfəs alırıqsa, məhz
onlara borcluyuq.
Təəssüf ki, bunun mahiyyətini gec
anlamışam. Tam olaraq isə bir il ərzində Sərhəd
Qoşunlarında keçdiyim hərbi qulluq dövründə
dərk edə bildim. Bir hissi anlamaq istəyirsənsə, mütləq
onu yaşamalısan. Bu bir il ərzində əsgərlik həyatına
xas çətinliklər gördüm. Zərrə qədər
də təəssüflənmirəm, vaxtilə bizim
üçün də bunu ediblər. İndi sıra bizdədir.
Əsas odur ki, Vətən sağ olsun! Əzizlərin, ailən
- sevdiklərin sənin və sənin kimi əsgərlərin
hesabına rahat yaşayırsa, bunun qüruru nəyə desən
dəyər.
Bir dəfə atamla telefonla əlaqə saxlayanda,
sarkazm mənasında dedim: “Rahat yatın, biz sərhəddəyik,
sizi qoruyuruq”. “Əlbəttə, Məhəmməd. Sizi elə
bunun üçün böyütmüşük” - deyə,
atam cavab verdi. Atamdan o sözləri eşidəndə
özümü elə dəyərli hiss etdim ki...
Ümumiyyətlə, xalqımız əsgərinə
böyük dəyər verən xalqdır. Hərbi formada
birini gördükdə onun üçün nəsə bir
yaxşılıq etməyə çalışır. Bu,
sanki bir növ minnətdarlıqdır. Təəssüf ki, əksini
edənlər də var. Yalandan özünü qazı kimi qələmə
verənlər, şəhid ailəsi adından istifadə edənlər
utanc qaynağıdır.
Vətənə xidmət ifadəsi yalnız hərbçilərə
şamil olunmur. Müəllimlər var, polislər var, həkimlər
var... Hər birinin xidməti əvəzsizdir. Vətən
üçün çalışanlar sağ olsunlar. Sağ
olsunlar ki, Vətən də sağ olsun!
Özümüz görməsək də,
böyüklərimizdən eşitmişik, həmişə
söz düşəndə təxminən 30-35 il əvvəl
ölkəmizdə vəziyyətin dözülməz
olduğunu deyiblər -
torpaqlarının 20 faizi işğal edilmiş,
iqtisadiyyatı dağılmış, əhalisinin sosial durumu
dözülməz olan bir ölkə... Amma indi... Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi
bütövlüyümüz bərpa olundu, Azərbaycan siyasi
arenada söz sahibinə çevrildi, bu gün isə müxtəlif
beynəlxalq tədbirlərə ev sahibliyi edir. Siyahını
xeyli uzatmaq olar.
Həmişə əcnəbi görəndə
düşünürdüm ki, görəsən, Azərbaycanı,
Bakını bəyənirlərmi? İnanın, kiminsə sənin
ana yurdunu bəyənməsini görmək elə xoş bir
hissdir ki. Bu hissi son dəfə ötən ilin mayında
yaşamışam. ABŞ-dən gələn Ben Samimi və
Silviya Rodriqes adlı qonaqlarımız Bakımızı o qədər
bəyənmişdilər ki, məndən rəsmi
görüşü yarımçıq saxlayıb onları
şəhərdə gəzdirməyimi istəmişdilər.
Qarabağ məsələsi 30 il sonra öz həllini
tapdı. “Dəmir yumruq” əməliyyatı
öz bəhrəsini verdi. Bu gün işğaldan azad edilən
ərazilər çiçəklənir, abadlaşır.
Külli miqdarda investisiya maliyyəsi tələb edən bu
renessansa, məcburi köçkünlərin öz
torpaqlarına qayıtmasına görə ordumuza, onun Ali
Baş Komandanına, şəhidlərimizə, qazilərimizə
borcluyuq.
Cəmi 10-15 gün əvvəl mən də potensial
şəhid idim. Azərbaycan uğrunda can vermək mənim
üçün ən böyük mükafat olardı. Ən
azından qürurlanardım ki, canımı Vətəni
uğrunda fəda etmişəm. Vətən naminə
ölümə hər an hazır olmalıyıq. Təki Vətənimiz
əbədi olsun, Xalqımız firavan yaşasın!
Bu yazını mülki şəxs Məhəmməd
qələmə aldı. Düşünən isə sizin sərhədçiniz,
keçmiş, amma Vətən uğrunda həmişə
müsəlləh əsgər Tağıyev Məhəmməd
İlqar oğlu idi.
Məhəmməd TAĞIYEV
525-ci qəzet .- 2025.- 1 avqust(¹134).- S.11.