Gündüz qeydləri
"Gündüz qeydləri" çox illər bundan qabaq
yazdığım "Gecə düşüncələri"nin
davamı deyil. Janr etibariylə yaxın olsalar da, üslub cəhətdən
xeyli fərqlidirlər.
Bu qeydlərimin gündüzlə
bağlanmasının səbəbi var. Vaxtiylə "525-ci qəzet"də
hər şənbə "Səhər-səhər" başlığıyla
yazılarım çıxırdı. Başqa bir səpkidə
"Axşam söhbətləri" adlı yazılar yazmaq
fikrindəyəm. "Səhər-səhər",
"Gündüz qeydləri", "Axşam söhbətləri",
"Gecə düşüncələri"ni
"Günün dörd çağı" adlı bir
kitabda toplayıb nəşr etmək istərdim.
Beləliklə, "Gündüz qeydləri".
Mənim naviqatorum - İlahi qüvvədir, uzaq
ulduzlardan - ömrümü yönəldir.
Allaha inanmayanlar da Allahdan qorxurlar (Bərayi ehtiyat: hər
halda bəlkəm var).
Şuşa qalasının ruhunu bilmək
üçün xalq mahnısının sözlərinə
diqqət yetirmək yetər:
Qalada yatmış idim
Top atdılar oyanmadım
Saz ilə, söhbət ilə
Oyatdılar.
Birisi eyni fikri dönə-dönə təkrar edəndə
bir ifadə yada düşür: "Təkrar - biliyin
anasıdır". Kaş Bilik yetim olaydı.
Bakının yeni
binaları:
Rəng verib rəng alan, üzərində gah bayraq
dalğalanan, gah bayraqdar addımlayan üç alov dilimi.
İncəbelli qız - bina. Hamilə qadın bina.
Bublik bina. Çalmalı binalar.
Tərif acı... Tərifin açısı yox,
"tərifdən doymamaq" anlamında.
Süddən yanıq olanlar kimi, şöhrətdən
yanıq olanlar da var.
Bəzən kopiyanı orijinaldan üstün tuturlar. Həm
tabloları, həm də insanları nəzərdə tuturam.
Bəziləri haqqımda bir ağız donquldanıb əl
çəkirlər. Amma illər boyu yaxamdan əl çəkməyən
stajlı "anarşünas" uzun müddətli əzvaylardandır.
Haçansa o pis cəhətləri də olan
yaxşı adam idi. Get-gedə bəzi yaxşı cəhətləri
də olan pis adama çevrildi.
Çox vaxt bizə ən ağır yaraları ən
yaxın bildiyimiz adamlar vurur.
Puşkinin xalqı nədən Qoqolun xalqıyla
vuruşmalıdır?
Demokratik quruluşun "Axilles dabanı", yaxud
bizimcə desək, "söyər yeri": Əgər
demokratiya çoxluğun rəyidirsə, çoxluq Rusiyada olduğu
kimi, çoxlu demokratiyanı istəmirsə - necə olsun?
Demokratiyanın əksi - avtoritarizm, diktatura,
istibdaddır. Amma rus ideoloqları deyir ki, biz Qərb deyilik,
bizim Qərbdən fərqli öz yolumuz var. Dəmir
yollarının fərqli ölçüsündən
başqa, bütün təfavüt nədədir? 3 prinsipdə.
Birincisi, xalq "kəlamında": Сила есть ума не
надо” (Gücün var, ağıl nəyinə gərək).
İkincisi:
Şair və diplomat Tütçevin bu xalq "kəlamını"
dəstəkləyən sözləri:
Умом Россию не понять
(Ağılla Rusiyanı dərk etmək olmaz).
Və bu iki əqidədən çıxan nəticə:
У Роcсию в мире толко два союзника – ее армия и флот
(Rusiyanın dünyada yalnız iki müttəfiqi var
- ordusu və donanması).
Yəni vacib deyil ki, bizə hörmət etsinlər, təki
bizdən qorxsunlar.
Ərizə: Xahiş edirəm məni
Yazıçılar Birliyinə qəbul edəsiniz. Bir aydan
sonra Birlikdən çıxmaqla məşhur olmaq istəyirəm.
Sözü bu qulağından alıb, o biri
qulağından buraxır. Görünür, iki qulağı
arasında boşluq var.
El gözü tərəzidir. El gözü qara eynək
taxıbsa, necə? El gözü tərəzidir. Çəp
göz də?
Eqomanlara: Dünya bir güzgü deyil, dünya bir pəncərədir.
Bir ömrün içində bir neçə
ömür yaşamaq.
Tarix boyu düşünən insanlar azadlıq
eşqiylə yaşayıblar, hətta Ölümü
Əsarətdən üstun tutublar: "Azadlıq, ya
ölüm".
Rus yazıçısı Aleksandr Prorxanov isə bu
yaxınlarda Moskvanın Dövlət Telekanalında bəyan
etdi:
"Azalıqdansa, ölüm yaxşıdır".
Bu rus xalqının fikirlərini, rus xalqının əksəriyyəti
bu fikri qəbul edirmi? Bilmirəm. Amma onu bilirəm ki,
Puşkin Sibirə Dekabristlərə yazdığı poetik məktubda
ürəyinin ən böyük arzusunu ifadə edirdi:
Темницы рухнут и свобода
Вас встретит радостно у входа
И братья мечь вам отдадут
Yəni Böyük şair Azadlığa ümid bəsləyirdi.
Əgər rus xalqı Proxanovların rəyincə,
azadlıqdansa ölümü təcrid edən və deməli,
köləliyi arzulayırsa, onda nəyə görə
böyük və müqəddəs Rus ədəbiyyatı -
Radişşev və Çaadayevdən - Gertsen, Tolstoy, Bostoyevski
daxil olmaqla - Soljenitsin və Oleq Volkova qədər etiraz motivləriylə,
qul əxlaqına barışmazlıq ruhuyla, həqiqət və
ədalət uğrunda əzablarla yoğrulub?
Ağaclar: palıd, çinar - epikdirlər, sərv -
romantikdir, söyüd - lirikdir, qıc olmuş əncir budaqları
- dramatikdir, kaktus - ekzotikdir, piniya və palma - dekorativdir.
Belə bir fikir var ki, əsl yazıçı olmaq
üçün - əlbəttə, ilk növbədə
istedad lazımdır. Amma həm də gərək iztirablar, əziyyətlər
və məhrumiyyətlər dolu bir həyat yolu keçəsən.
Ədəbiyyat tarixində bu fikri təsdiq edən faktlar da
var, inkar edən də. Elə rus ədəbiyyatını
götürək. Qraf Lev Tolstoy dəbdəbəli, firavan, təmin
olunmuş bir ömür sürüb. Fyodor Dostoyevski dama məhkum
edilib, son anda ölüm hökmü sürgünlə əvəz
edilib və sürgünün "Ölü evinin"
bütün məşəqqətini yaşamış
yazıçı azad olandan sonra da həyatı boyu maddi
çətinliklər, ehtiyac içində yaşayıb.
Amma Tolstoy da, Dostoyevski də eyni səviyyədə nəhəng
yazıçılardır. Eyni fikri zadəgan İvan Bunun və
plebey Maksim Qorki haqqında da demək olar.
Heç vaxt tək olmuram. Tənhalığım
daima mənimlədir.
Bəzən kopiyanı orijinaldan üstün tuturlar.
Bu, rəsm əsərlərindən daha çox insanlara
aiddir.
Bayatılarımızda hər hansı
yazıçının yaza biləcəyi bütün
mövzular var. Dilimizin bütün zənginliyini və
çalarlarını duymaq üçün gənc
yazıçılara ilk növbətə
bayatılarımızı diqqətlə oxumağı
tövsiyə edərdim. Ən saf, ən dərin və ən
incə Azərbaycan türkcəsi -
bayatılarımızdadır.
Xışdan-kətandan gəlmə
yazıçıların bəlağətli nitq icad edən
ziyalılardan zənd zəhlələri gedir. Belə
"qırıldadan" söz pəhləvanının
sözünü kəsib: Bəs sən heç bilirsən
torpaq necə şumlanır, toxum necə səpilir,
sürünü necə otarırlar?
Cavabında desələr ki, "bəs sən
Baxı Bethovendən ayıra bilərsən?" - başqa
irad tutacaqlar: "Belə sualı ancaq qarnı tox, həyatdan
uzaq snoblar verə bilər" - Əlbəttə, əgər
"snob" sözünün mənasını bilsələr.
Səfehlik və sırtıqlıq yarışı
keçirilsəydi, o, tək başına birinci üç
yeri tutardı.
O qədər sifəti var ki, bilmirsən hansına
tüpürəsən.
Bu gün də əşirət ədəbiyyatını,
"sazım dınqır-dınqır" şeirini təbliğ
edən mağara adamları var.
Onun günahı - uğurlarıydı. Bunu ona
heç cür bağışlaya bilmirdilər.
Qarabağı boşaldandan bəri ermənilərin
110 il bundan qabaqkı 1915-ci il olaylarının vay-şüvənindən
sonra təzə ağlaşma mövzusu - "itirilmiş vətən"
anlayışı və aldanışı ortaya
atıldı.
Qarabağ xanlığında, sonra da Azərbaycan
respubikasında rifah içində firavan
yaşayırdınız, nəyiniz çatmırdı?
Öz əlinizdə olan partiya və sovet vilayət
administrasiyası, öz dilinizdə Ali və orta məktəb,
teatr, mətbuat... O halda ki, illər boyu Ermənistandan dəfələrlə
qovulmuş və sonda 200 min qalmış Azərbaycan
türkünün nəinki hər hansı inzibatı qurumu,
ümumiyyətlə sadaladıqlarımdan heç biri yoxdu.
Bir neçə kriminal, əliəyri DQMV məmuru Ermənistanda
qanunsuz yolla varlanmaq imkanlarının daha artıq
olacağını düşünərək (belə də
oldu) "miatssum" - yəni qonşu respubilikaya qatılmaq
iddiasını ortaya atdı. Bir müddət buna nail ola bildilər,
varlandılar, 200 min azəri türkünü dədə-baba
yurdlarından amansızcasına qovdular, işğal etdikləri
torpaqlarımızı xarabazara çevirdilər. Hələ
daha artıq ərazimizə tamah saldılar.
Amma xalqımızın müdrik sözü var -
Artıq tamah baş yarar. İndi bəzilərinin
yarılmış və sarıqlı başlarına
az-çox ağıl gəlir. "Tiqran
dövrünün" xumarı, "dənizdən dənizə"
ölkə mifi, Şimala və Cənuba, Uzaq Qərbə və
Yaxın Şərqə ümidlər puç olub gedir. Gec də
olsa hamısı yox, bir qismi başa düşür ki,
qonşuyla yüz ilin ədavətini sürməkdənsə,
dil tapmaq, normal münasibətlər qurmaq, dinc yanaşı
yaşamaq daha xeyirlidir.
"Çılpaqlar" adlı fantastik əsər
süjeti.
Elə bir həb icad edirlər ki, insanlar isti soyuğu
duymur. Odur ki, ekvatorda xəz şubada, Şimal qütbündə
çılpaq gəzmək olur. Ümumiyyətlə
çılpaqlıq dəbə çevrilib. Digər tərəfdən
bu sözün ikinci mənası da var. Müəyyən
cihazlarla hər bir insan başqasının beyninin içinə
girə bilir, onun nə düşündüyünü, niyyətini
öyrənə bilər. Odur ki, insanlar mənəvi cəhətdən
də çılpaqlar kimi yaşayırlar. Bir-birlərinin
fikirlərindən, niyyətlərindən agah olan insanlar
riyakarlıq edə bilmir. Amma həqiqəti bilmənin də
öz problemləri var. Çılpaq adamların seksual həyatı
da hamıya aşkardır, gizli istəklərini də
artıq gizlədə bilmirlər. Odur ki, bu şəraitdən
xilas olmaq üçün bəziləri uzaq bir adaya - elmi
ixtiraların, uyğarlığın ayaq basmadığı
yerlərə üz tuturlar. Amma yerli adamların fikirlərini
oxuyub, onların içində də yaşaya bilməyəcəklərini
anlayaraq intihar edirlər.
Başqa bir fantastik süjet. Yer kürəsinin ən
dərin qatında maqma deyil, nəhəng bir kompüter fəaliyyət
göstərir. Yerin dibindən dünyanı o idarə edir. Zəlzələləri,
selləri, sunamiləri, yanğınları, vulkan püskürmələrini
o müəyyənləşdirir. Bu vasitələrlə
insanların həyat tərzinə, müharibə, ya sülh
meyllərinə təsir edir, inqilabların, qiyamların,
çevrilişlərin ardıcıllığını tənzim
edir.
Dərin dövlət dedikləri elə bu imiş.
Yazıçı arvadı olmaq çətindirmi?
Əlbəttə, çətindir, amma yazıçı
arvadının əri olmaq daha çətindir.
Tarix boyu bütün mədəni xalqlar, cəmiyyətlər
yaşlı adamlara - ağsaqqallara, ağbirçəklərə
hörmətlə yanaşıb, XXI əsrdə
qocalığı qəbahət, günah sayan
sırtıqları yetişdirdi. Guya özləri qocalmayacaqlar.
Namuslu həyat sürmüş qerontofil olmaq hər yaşda
debil olmaqdan min pay yaxşıdır.
Dekorativ yazıçılar da var, deqenerativ
yazıçılar da.
Fəlsəfə üzrə cəfəngiyyat elmləri
doktoru.
Fransızlar: "Qocalıq həmişəlik
yorğunluqdur" deyirlər. "İşləmək, daim
işləmək - yorğunluğun qənimidir". Bunu da mən
deyirəm.
Ömrüm belə keçdi - bir əlimdə qələm,
bir əlimdə çomaq. Qələmlə nə isə
yazmaq, xalqıma xidmət etmək istədim. Çomaqla istədiyimi
istədiyim kimi yazmaq haqqımı qorudum.
Gözüyumulu yaşamaq bəlkə də
gözüylə öz içinə baxmaqdır.
Şöhrət düşkünləri ona heyifsilənirlər
ki, özlərinin dəbdəbəli, gur izdihamlı dəfnlərini
görə bilməyəcəklər.
Dərin adamlar dayaz adamları da başa
düşür, dayaz adamlar dərin adamları heç vaxt
başa düşə bilməyəcək.
Sənətkarları müxtəlif təsnifatlara
görə sıralamaq olar: işlədiyi janrlara görə,
yaşadıqları dövrlərə görə, əqidələrinə
görə, Xeyrə, ya Şərə xidmət etdiklərinə
görə, istedadlarının, ya
istedadsızlıqlarının dərəcəsinə
görə. Amma bir təsnifat da var. Özü öləndən
sonra yaratdıqları da ölənlər və
dünyanı tərk edəndən sonra əsərləriylə
yaşayanlar.
Özünü güc-bəlayla ədəbiyyata pərçim
edənlərin cəzası - başlarını qoyan kimi
unudulmaqlarıdır.
Saqqallı cavanların saqqal altındakı sifətini
tanımaq asan iş deyil.
Eyni yeməyi hər gün yeyəndə adamın
pisini vura bilər. Eyni bəlağətli təriflər
görəsən, bunlarn pisini vurmur?
Haçansa yazdığım şeirdə belə
misralar vardı:
Yazıçı ömrünün iki vaxtı var:
Yaşamaq zamanı, yazmaq zamanı,
Şeir belə bitirdi:
Ömür çərçivəsi nə yaman
darmış
Uzun illərin də bir sonu varmış
Yaşamaq zamanı bitmiş, qurtarmış
Çatmış yaşamaqdan yazmaq zamanı
Bəziləri bu sözlərdən bədbin nəticə
çıxarırdılar, "Bu - ömrün sona yetməsinin
acı etirarafıdır" - deyirdilər. Onu nəzərə
almırdılar ki, əgər yaşanılmış
ömür barədə yazmaq zamanı çatıbsa, deməli,
həyat davam edir. Amma indi bu fikrə bir əlavə də etmək
istəyirəm:
Yazıçı (əgər o, həqiqətən
yazıçıdırsa) ömrünün ÜÇ VAXTI
var:
Yaşamaq zamanı, Yazmaq zamanı,
Dünyasını dəyişəndən sonra əsərləriylə
qalmaq zamanı.
Moskvada Ali Ssenari kurslarında oxuduğum zaman
müdavimlərdən birinin yazdığı əsər
mübahisələrə səbəb oldu. Əsərdə
müharibə zamanı partizan dəstəsi meşədə
almanlardan gizlənir. Aralarında südəmər körpə
var, uşaq bərkdən ağlayıb partizanların yerini
almanlara bildirə bilər, uşağı öldürürlər.
Bu süjet kəskin etirazlara, o cümlədən mənim
qəti narazılığıma səbəb oldu. Bir körpəni
neçə insanın, həm də
döyüşçü insanların məhvinə səbəb
olacaq ağlamasına (və partizanların yerini faş etməsinə)
görə öldürmək olarmı? Elə bir zaman kəsiyində
yaşayırdıq ki, əksəriyyətimiz - Yox, olmaz -
dedik. Tarixi faktları xatırladıq. Sovet ideologiyası
Nikolayın bütün ailəsinin, o cümlədən
kiçik yaşlı xəstə oğlunun vəhşicəsinə
qətlə yetirilmələrinə onunla bəraət
qazandırırdı ki, əks halda çar ailəsi, o
cümlədən xəstə oğlan sovetlərə
qarşı mübarizədə ağ
qvardiyaçıların əlində bayrağa, rəmzə
çevrilə bilərdi.
Özü də bu "məntiqli" izah elə bir
ölkədə səslənirdi ki, bu məmləkətin ən
böyük yazıçılarından - Fyodor Dostoyevski
"cənnətə bilet bir körpənin göz yaşma dəyməz"
- demişdi.
İdeyanın konkret insan taleyindən, həm də ən
yaxın, ən doğma adamın taleyindən üstün
olmasını müharibə dövrünün bir faktı da
təsdiqləyir. Stalin almanlara əsir düşmüş
oğlu Yakovun rusların əsir aldıqları feldmarşal
Paulusla dəyişmək təklifini tarixə
düşmüş sözlərlə cavablandırır:
"Mən feldmarşalı soldata dəyişmirəm".
Bu, tarixin bəlkə də ən bəlağətli,
amma həm də ən abırsız kəlamıdır.
Çar Nikolay ailəsinin acı aqibətindən
yüz il qabaq belə bir dəhşətli müsibət
Qarabağda baş vermişdi. Qarabağ xanı İbrahim Xəlil
xan bütün ailəsiylə, nökər naibiylə,
çar ordusunun mayoru Lisaneviç tərəfindən qətlə
yetirilmişdi. Lisaneviç həmin o məşum şəxsdir
ki, əli XIX əsrin iki görkəmli Azərbaycan
hökmdarının - İbrahim xanın və Cavad xanın
qanına batıb. Bu cinayətlərinə görə nəinki
cəzalandırılıb, hətta daha yüksək rütbəyə
ucalıb.
Maddi cəhətdən təmin olunmuş adamlar mənəvi
əzablarından danışanda binəsiblər əsəbləşir,
"harınlıqlarındandır" deyirlər. "Bizlər
kimi min əzab-əziyyətə, kasıblığa,
aclığa məhkum olsaydılar, firavanlıqlarının
qədrini bilərdilər, şadlıqlarından şitlik
etməzdilər".
Yaxşı, Lev Tolstoy ömür boyu firavan həyat
sürüb. Sədaqətli, çoxuşaqlı ailəsi,
malikanəsi, var-dövləti, kitablarından
qazandığı böyük gəlir, dünya şöhrəti...
Bəs niyə, özəlliklə ömrünün
son dönəmində mənəvi əzablardan qovrula-qovrula
yaşadı, nəticədə ev-eşiyini, rahat həyat tərzini
tərk edib uzaq bir dəmiryolu dayanacağında həyatla
vidalaşdı. Dediyi son sözlər: "Həqiqət... həqiqəti
həddən çox sevirdim" - oldu.
Atadan yetim qalmaq əsasən maddi problemdir, anadan yetim
qalmaq əsasən mənəvi problem.
Çox qadınları sevmək olar, amma yalnız bir
qadından dünyaya gəlmək olar.
Gənclikdə dostları daha çox qazanırsan,
qocalıqda daha çox itirirsən. Dostların bir qismini
ölüm alır, bir qismini həyat.
Boris Pasternakın bir şeirindəki "Prohayte
qodı bezvremehinı" ifadəsinin azərbaycancasını
heç cür tapa bilmirdim, Aşıq Abbasın sözləri
dadıma çatdı:
Vaxtın yox zamanında.
Nə qədər dəqiq və günümüzə
uyğun ifadədir.
Bəzən şeirin bir neçə misrasında
böyük bir romanın mövzusu, ruhu, energetikası ehtiva
olunur. Bir neçə örnək:
Biri qaçaq olub, mərd olub
Biri qoçaq olub mərd olub
Biri kasıb olub mərd olub
Bəs namərdlər hardandı,
Bax bu mənə dərd olub.
(Fikrət QOCA)
Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı.
(Vaqif SƏMƏDOĞLU)
Əgər bu sevginin sonu ölümsə
Mən ölərəm ikimizin yerinə.
(Nüsrət KƏSƏMƏNLİ)
Kimi basır başımızdan
Kimi dartır qıçımızdan
Ən hündürə çıxan adam
Hamımza yiyə çıxır.
(Ramiz RÖVŞƏN)
Səni məndən alan dünya
Bir də geri qaytararmı?
(Sabir RÜSTƏMXANLI)
Atamın iki misralıq şeiri var:
Dərdimi kimə deyim
Dünya dolu adamdır.
(Rəsul RZA)
Mən də ona bənzətmə yazdım:
Dərdimi kimə deyim
Dünya dolu avamdır.
"Gündüz qeydləri"nin bu
bölümünü bir yay təəssüratı ilə
bitirmək istəyirəm. Payıza bənzər bu ilıq
yay günündə apaçıq səmaya baxırdım.
Didim-didim pambığa bənzəyən bəyaz
buludlar topa-topa masmavi göy üzərində aramla
üzürdülər.
Səma yer kürəsinin xəritəsini
xatırladırdı. Ucsuz-bucaqsız səmada - okeanda pərən-pərən
düşmüş buludlar - adalardır. Aramla hərəkət
edən adalar. Haralardansa gəlib haralarasa üzürdülər.
Uçurdular yox, məhz üzürdülər.
Yavaş-yavaş, təmkinlə, aramla...
Yer üzündə davalar, partlayışlar, qan,
ölüm... Göy üzü əbədi dincliyini
saxlayırdı. Və heç bir buludun hücum edib başqa
buludu özünə qataraq daha böyük olmaq niyyəti
yoxdu.
(Ardı var)
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2025.- 1 avqust(№134).- S.10;11.