Bəxtiyar Vahabzadə:
böyük şair, parlaq şəxsiyyət
Tanrının Azərbaycan xalqına bəxş etdiyi
ən görkəmli şəxsiyyətlərdən biri də
Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq,
ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar
Vahabzadədir. O, bədii və elmi
yaradıcılığı, ictimai fəaliyyəti ilə
yaddaşlara həkk olunmuş, fəaliyyəti ilə dərin
izlər buraxmış nəhəng söz ustadı kimi tarixdə
mühüm yer tutur. B.Vahabzadə ürəyi daim Vətən
sevgisi ilə döyünən, qapısı hər zaman
xalqının üzünə açıq, insanların
güvən, ümid yeri, elinin-obasının ağsaqqalı
idi.
Onun haqqında yazmaq, fikir yürütmək çox
çətindir, şübhəsiz ki,
yaradıcılığı bir məqaləyə, hətta
dissertasiyaya sığmaz qədər zəngindir,
çoxşaxəlidir. Şairin yaratdığı çox
sayda dərin mənalı, geniş məzmunlu əsərlərindən
misralar bu gün də aforizmlərə çevrilərək
xalq arasında işlənməkdədir.
Yaratdığı bədii əsərlərdən əlavə,
B.Vahabzadənin bir tədqiqatçı-alim kimi də Azərbaycan
elminin inkişafında müstəsna xidmətləri
vardır. Azərbaycan dilinin saflığının, təmizliyinin
qorunması və zənginləşməsi uğrunda
mübarizə onun yaradıcılığının
mühüm istiqamətlərindən birini təşkil edir.
Müasir Azərbaycan dilini qoruyan və inkişaf etdirən ən
parlaq simalarından biri kimi B.Vahabzadə öz
yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində
də mühüm rol oynayıb. Azərbaycanın qədim
dövrlərdən bəri müxtəlif tarixi mərhələlərdə
başına gəlmiş hadisələr, böyük şəxsiyyətlərin
həyat və fəaliyyət yolu ustad sənətkarın
diqqət mərkəzində dayanırdı. Onun
yaradıcılığı istər indiki, istərsə də
gələcək nəsillərə bir xəzinədir, Həyat
dərsliyidir.
Onun yaradıcılığının
doğmalığını, gözəlliyini, fəlsəfi-poetik
dərinliyini çatdırmaq məqsədi ilə şairin
müəllifi olduğu "Şəkim" şeirini
nümunə göstərmək istərdim. Niyə məhz
"Şəki" şeiri? Bunun qısa bir tarixçəsi
vardır və məhz bu baxımdan həmin şeir diqqətimi
cəlb etdi. Ali məktəblərdən birində tələbələrlə
görüş zamanı Bəxtiyar Vahabzadəyə belə
bir sual ünvanlayırlar: "Özünüz şəkili
olduğunuz halda nə üçün hələ Şəkiyə
bir şeir həsr etməmisiniz?" Bu görüşdən
sonra Bəxtiyar müəllim, ona ünvanlanan suala cavab olaraq,
doğulduğu torpağa bu şeiri həsr edib. Şeirdən
bir parçaya diqqət yetirək:
...Mən sənə borcluyam öz balan kimi.
Çox da ki şerimdə görünmür adın,
Mənim oxuduğum nəğmələrimi
Mənim qulağıma sən
pıçıldadın...
Həqiqətən o, öz Vətəninə, el-obasına
çox bağlı bir insan olmuş, hətta özü həyatda
ikən ata-baba yurdunu kiçik həmyerlilərinə,
uşaq bağçası üçün hədiyyə
etmişdi. Bəxtiyar Vahabzadənin vaxtilə
yaşadığı, sonradan uşaq bağçası kimi
fəaliyyət göstərən evi artıq xatirə
muzeyidir. Muzey şairin irsinin dərindən öyrənilməsini
həyata keçirən, onun həyat və
yaradıcılığına aid olan materialları toplayan,
qoruyan, elmi cəhətdən araşdırılmasını
təşkil edən mədəniyyət, elmi-tədqiqat mərkəzidir.
Sənətkarın yaradıcılığı ilə
dərindən tanış olarkən onun yaratdığı əsərlərin
çoxşaxəli, zəngin, parlaq və təsirli cəhətlərini
bir daha dərk edirik. Ustadın yaradıcılığı Vətən
motivlərindən başlayaraq ana, sevgi-məhəbbət,
dostluq, sədaqət, mərhəmət və digər
yüksək insani duyğuları, gözəl təbiət
boyalarını əhatə edir. Bu mənada ustadın
yaradıcılığı bütövlükdə
insanlıq üçün nümunədir, mirasdır və
yüksək qürur hissi ilə deyə bilərik ki,
bütün türk dünyasına çox qiymətli
töhfədir. Şair öz əsərlərində insan
övladının doğulandan ölənə qədər
yaşadığı bütün məqamlarda yaranan suallara
sanki bir etalon cavablar əks etdirib.
Özü 2009-cu ildə dünyasını dəyişsə
də, onun yaradıcılığı bu gün də
baş verən həyati hadisələri anlamağa kömək
edir, elə hiss yaranır ki, şair sanki yenə həyatdadır,
yaşayıb-yaradır. Çünki onun əsərlərində
toxunulan mövzular bu gün də aktualdır. Hələ
60-cı illərin əvvəllərində, müəllifi
olduğu "Gülüstan" poemasının onun həyatına
və fəaliyyətinə çox böyük maneələr
yaradacağını bildiyi halda bu əsəri qələmə
alıb dərc etdirmişdi:
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın...
Sözsüz ki, əsərin məzmunu o zamanlar
SSR-inin tabeliyində olan bir respublikada yaşayıb-yaradan
şairin taleyinə təsir etməyə bilməzdi. Bu
baxımdan, onun taleyində önəmli rolu olan Ümummilli
lider Heydər Əliyev Bəxtiyar Vahabzadə
yaradıcılığını yüksək qiymətləndirir
və şairin şəxsiyyətinə böyük hörmətlə
yanaşırdı. Ulu öndər
çıxışlarının birində B.Vahabzadə
haqqında demişdi: "O, millətini sevirdi, millətin
qayğıları haqqında şeirlər yazırdı.
"Gülüstan" poemasını yazmışdı,
ondan ötrü o zaman onu həbs eləmək məsələsini
qoymuşdular".
Müstəqil Azərbaycan dövləti B.Vahabzadənin
ədəbi fəaliyyətinə, şəxsiyyətinə hər
zaman hörmət və rəğbət bəsləyib, ədibin
yaradıcılığı hər zaman dövlət tərəfindən
yüksək dəyərləndirilib. Böyük şairin
2015-ci ildə 90 illiyinin qeyd olunması, 2025-ci il avqust
ayında isə 100 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev sərəncamlar imzalayıb.
B.Vahabzadə öz əsərləri və
çıxışları ilə Turançılıq,
Türk dünyasının birliyi ideyasını daim geniş
təbliğ edən bir ədəbi şəxsiyyət, fəal
ziyalı idi. İnanırıq ki, indi onun ruhu bu məsələ
ilə bağlı da şaddır. Çünki Azərbaycan
böyük Türk dünyasının, Turan ailəsinin
layiqli, qüdrətli üzvüdür və bu birlik müstəqil
dövlətimizin Prezidenti cənab İlham Əliyevin müdrik,
qətiyyətli siyasəti nəticəsində ardıcıl
inkişaf edir. Ölkəmizin qüdrətli rəhbərinin:
"Bizim ailəmiz türk dünyasıdır" kəlamı
ilə B.Vahabzadənin "Mən türkəm" adlı
şeiri ruhən bir-biri ilə sıx surətdə səsləşir:
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Şairin az qala 70 ili əhatə edən zəngin
yaradıcılığına nəzər salsaq, 40-a yaxın
şeir kitabı, dram əsərləri, elmi işlərinin
daim müstəqillik, milli-azadlıq uğrunda mübarizə
meydanına çevrilən Azərbaycanda xalqın milli
şüurunun güclənməsinə təkan verdiyini,
misilsiz xidmət göstərdiyini aydın görmək olar.
Böyük şairin imzasını biz 44
günlük müharibədən sonrakı Şanlı Zəfər
Paradında Azərbaycan Prezidenti, adı tarixə qızıl
hərflərlə yazılmış Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyev ilə yanaşı
dayanan Türkiyə Respublikasının rəhbəri cənab
Rəcəb Tayyib Ərdoğanın dilindən bir daha
eşitdik. R.T.Ərdoğan öz
çıxışında Bəxtiyar Vahabzadənin
şeirindən misraları Azərbaycan türkcəsində
söylədi və bununla düşmənə təsirli
şəkildə səsləndi:
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
Bəxtiyar Vahabzadənin Vətəninə, xalqına
xidmətləri saymaqla bitməz. Şairin istənilən bir
misrasını eşidən hər azərbaycanlı, kimliyindən
asılı olmayaraq, onun işıqlı sözlərinin
öz şəxsinə, taleyinə də aid olduğunu hiss edə
bilər. Nümunə üçün bildirək ki,
şairin "Anamın ölümünə" əsərini
oxuyan və ya dinləyən zaman insan bu əsəri
özünə aid edərək şəxsi hisslərini daha
güclü şəkildə yaşayır, hərə
öz anası üçün ağlayır. Ustad şairin
böyük ürək ağrısı ilə
yaratdığı "Anamın ölümünə" əsərindən
bir neçə bəndə diqqət yetirək:
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən...
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin
olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanam,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Anam, heç kəs səni incitməmişdir
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir,
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Bəxtiyar Vahabzadənin
yaradıcılığında yüzlərlə əsərlər
vardır ki, onlar köhnəlmir, əksinə, illər
keçdikcə ruhən yenilənir və hər bir insan bu əsərlərin
təsirinə düşərək paklaşır.
Vətənimizdə olduğu kimi, qardaş ölkələrdə
də Bəxtiyar Vahabzadə yaradıcılığına
yüksək qiymət verilir. Misal üçün, Türkiyənin
Adana şəhərində Bəxtiyar Vahabzadə adına
Sosial elmlər liseyi fəaliyyət göstərir. Bu liseyin məzunları
sonra Türkiyənin və ümumilikdə dünyanın
nüfuzlu universitetlərində təhsil alırlar. Elə təkcə
bu faktın timsalında da inamla söyləmək olar ki,
B.Vahabzadə şəxsiyyəti unudulmaz, onun
yaradıcılığı əbədiyaşardır.
Səadət MƏNƏFOVA
Azərbaycan Respublikası Təhsil İnstitutunun
Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin mütəxəssisi
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.15.