"Alimlər
kursu"nun mütəvaze şairi
Bu günlərdə 70 yaşı tamam olan şair Bəhram
Əliyevin "Bir odlanmış papirosam" şeirlər
kitabı nəşrə hazırlanıb. Kitaba ön
sözü şairin tələbəlik dostu akademik Nizami Cəfərov
yazıb. Yubiley münasibətilə həmin ön
sözü və şairin iki şeirini oxuculara təqdim
edirik.
Bəhram Əliyev yaradıcılığa çox gənc
yaşlarında başlayıb şeirlərini ara-sıra
müxtəlif mətbuat orqanlarında, sosial şəbəkələrdə
mütəvaze bir qürurla nəzərlərə
çatdırsa da, ilk dəfədir ki, onun poetik
yaradıcılığı bütövlükdə
ayrıca kitab şəklində, necə deyərlər, bir
küll halında oxuculara təqdim edilir. Əslində,
ilhamının qaynarlığına, düşüncələrinin
ideya-estetik təravətinə, ifadə-üslub
imkanlarının genişliyinə rəğmən, Bəhramın
özünə qalsaydı, belə bir kitabın
çıxacağı da şübhə altında idi. Onun
yaradıcılığına (və şəxsiyyətinə!)
yarım əsrə qədərdir ki, hörmətlə
yanaşan tələbə yoldaşları, dostları
şairin 70 illik yubileyi münasibətilə bu şeirlər
toplusunu nəşr etməyə qərar verdilər.
Bəhram bizim - 1977-ci ildə Azərbaycan (indiki
Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olub, 1982-ci ildə həmin fakültəni bitirənlərin
tələbə, bəzilərimizin isə həm də
yataqxana yoldaşı olub. Və bu yataqxana məsələsini
mən ona görə qabardıram ki, yataqxana o zamanlar
bütün çətinlikləri, maddi və mənəvi
qayğıları ilə tələbə həyatının
ayrılmaz tərkib hissəsi idi. Universitetə orta məktəbi
bitirdikdən bir neçə il sonra qəbul olmuş tələbələr
dərhal daxil olmuşlardan müəyyən həyat təcrübəsi,
təmkini, bir az da ağayanalığı ilə fərqlənirdilər
ki, onlardan biri də Bəhram idi. Hər işdə
nizam-intizama, səliqə-səhmana riayət eləməsi,
gücü çatan səviyyədə haqqı nahaqqa verməməsi
çox qısa bir zamanda ona ünsiyyətdə olduğu hər
kəsin xüsusi sayğısını, hörmətini
qazandırmışdı. Və xüsusi münasibətin
bir səbəbi də heç şübhəsiz, sevib
seçdiyi (və öz şəxsiyyətini təsdiq etmək
istədiyi!) sahədəki aydın sezilən istedadı idi.
O, ədəbiyyatla elə ilk illərdən kifayət qədər
peşəkarlıqla məşğul olmaqla yanaşı,
daha çox onun "insanşünaslıq"
adlandırdığımız sosial-psixoloji tərəflərini
dərk etməyə çalışırdı. Bəlkə,
ustad Bəhram Mansurovun adını daşımasından, bəlkə,
özünün emosional (ancaq məqsədyönlü,
harmonik) təbiətinin təsirindən irəli gəlirdi, bəlkə
də, hər ikisinə görə idi, Bəhram yaxşı
tar çalırdı.
Onun xarakterinin (əslində,
insanlığının!) bir üstün cəhəti də
vardı: görürdün ki, boylu-buxunlu, daxilən
olduğundan zahirən daha ötkəm tələbə
yoldaşları bu bəstəboy, bədəncə zərif
oğlanın qarşısında dayanıb dediklərinə
qulaq asırlar. Bunun səbəbi təkcə o deyildi ki, Bəhram
səmimi, müdrik, obyektiv məsləhətlər verə,
ortaya çıxmış hər hansı konflikti həll edə,
yaxud ən azından müəyyən müddətə (tərəflərin
ağlı başına gələnə qədər)
qarşısını ala, sakitləşdirə bilirdi, həm
də (və bəlkə də, başlıcası!) o idi ki,
bütün bunları ürəkdən, öz işi kimi, təmənnasız
görür və "tarixi xidmət"lərini heç
kimə bildirmirdi.
Bəhram tələbə yoldaşları ilə
ünsiyyətə girməyi, onlarla mənən-ruhən bir
yerdə olmağı nə qədər xoşlasa da,
münasibətlərdəki korrektliyi də gözləyirdi.
Və onun kimlərləsə zarafatları, zərif,
Türkiyə türkləri demiş, takılmaları xətrədəyən
zarafatlara yox, yaradıcılıq aktına, əgər belə
demək olarsa, müəyyən səciyyəvi bir vəziyyəti
obrazlı şəkildə əks etdirən sənət əsərinə
çevrilirdi. Məsələn, tələbə
yoldaşlarımızdan tez-tez eşqə düşənlərə
"yar əhli", şuluqluq edənlərin
qarşısını alanlara "zor əhli", hər ləzzətini
alandan sonra dünyadan əl çəkib ona "yuxarıdan
aşağı" baxanlara "hal əhli" deyirdik ki, bu
canlı obrazların yaranmasında Bəhramın xidmətləri,
yəqin ki, hamıdan çox idi. Xüsusi olaraq əlavə
etmək istəyirəm ki, sözügedən obrazlar əvvəl
bir şəxsin - prototipin timsalında ortaya
çıxmışdı. Zaman keçdikcə yeniləri
meydana çıxıb bizim bədii təfəkkürümüzün
nə qədər həyati, nə qədər realist (və
perspektivli!) olduğunu təsdiq etməyə başladı.
Bu kitabda toplanmış şeirlərin o qədər
də çox olmayan bir qismi tələbəlik illərində
qələmə alınmışdır. Onların birində
gənc şair deyir:
Üzün tökülsün, ay şəhər!
Bir əlcə-əlcə arxasız,
pənahsız kənd uşağını
pərən-pərən salmısan küçələrinə.
Ev axtarırlar,
otaq axtarırlar.
Bir gecəlik yataq axtarırlar
(otaq hardadır,
yataq hardadır?)
Qaş qaralanda
vağzalın quru taxtası olur yatağı
ağrıdan ayağı sızıldayan
bu kənd uşağının.
- Of, nənən ölsün, ay bala!
- Üzün tökülsün, ay şəhər!
Üzün vağzal üzüymüş...
Üzün bazar üzüymüş...
Üzün...
Üzün tökülsün, ay şəhər!
Mən Bəhramın 70-ci illərin sonu, 80-ci illərin
əvvəllərində yazdığı tələbəlik
şeirlərini şedevr kimi təqdim eləmək fikrində
deyiləm, ancaq bu şeirlərdəki o dövrün tələbələri
üçün tanış, doğma hisslərin olduqca təbii
ifadəsinin doğurduğu nostalgiyanın üstündən
də laqeyd keçə bimərəm. Çünki bu
şeirlərdə tələbə həyatının olduqca
səciyyəvi hadisələri, mənzərələri
heç bir mübaliğəyə yol verilməyən (ancaq təbiəti,
bəlkə də, mahiyyəti etibarilə mübaliğəli
olan) sadəlövh bir təhkiyə ilə ifadə edilir:
Yataqxanamızın dörd nəfərlik
otağı.
Külək əsir vıyıltıyla...
...Pəncərəmdən o yan şaxta,
Zil qaranlıq,
Quduz külək
Pəncərəmdən bu yandasa
gur işıqlı sakit otaq - isti yerim.
Pəncərəmdən o yandakı
qaranlıqdan o tərəfdə
bir nağıllı otaq da var...
Evimizə qurban olum,
evimizi istəyirəm.
Universiteti qurtardıqdan sonra Bəhramın
nağılları yavaş-yavaş bitir. Və görür
ki, daha göydən alma-filan düşmür... Dərd
düşür, azar düşür... Yusif Səmədoğlu
demiş, "dərd də azar kimi gələndə batmanla gəlir".
Şairin şeirlərində duyduğum təəssüratlara
onun tərcümeyi-halının (və tarixin!)
xronologiyası kontekstində baxmağa
çalışıram. Və görürəm ki, burada
şəxsi-fərdi ağrılarla ictimai ağrılar
arasında ortaq bir harmoniya axtarışı var. Mən buna,
sadəcə, dərdli dərdini tapar deyib Bəhramın da
çox yaxşı bildiyi istər xalq, istərsə də
yazılı ədəbiyyat klassiklərindən nümunələrlə
müqayisə etmək istəməsəm də, Aşıq
Ələsgərin məşhur misrasını xatırlatmaq
istəyirəm:
Dərd alıb, qəm satıb nəf eyləmişəm.
Bəhram da deyir ki:
Dərd də dərdlərin gözəli...
Ürəyim bir bağça imiş...
O bağçada dərd əkmişəm,
Dərdin əlvan güllərindən Özümə
köynək tikmişəm.
Dərdim hər kəsdən vəfalı -
Anamtək laylamı çalıb,
Sevdiyim kimi sarılır.
Mən də nazını çəkmişəm.
Dərdi əmanət Sən verdin
Əkdim, Eşqimlə becərdim.
Çürüyüb qurumaz dərdim -
Gözlərimdən su tökürəm.
Bəhram burada Füzuli ilə Aşıq Ələsgər
arasındakı çoxdan kol-kos basmış sələflərə
məxsus yolu əsl xələf kimi keçir. Və
yalnız şair yox, həm də ədəbiyyatşünas
kimi tarixə yoldaşlıq edir.
Onun bədii-ictimai məzmun-mündəricəsi
etibarilə həm etik, həm də estetik baxımdan təhlil
obyekti ola biləcək bir obraz - konsepti də var ki, onun
adı, sadəcə, Adamdır:
Min ildir yollardasan
İllərin ərşini
yollara arğac hörüb,
uzaqlardan gəlirsən
Səni bu yollarda
çoxları görüb,
çoxları yorub, Adam.
Xəyallarının xoşbəxti -
bu dünyada qərib Adam...
Bu gözəl (və uzun) şeirin baş qəhrəmanının
nə dərəcədə Bəhramın Özü
olduğunu deyə bilmərəm, ancaq aşağıdakı
misralar hərfi hərfinə, rəngi rənginə və ahəngi
ahənginə Bəhramın avtoportretidir:
Məni bu dünyada çox aldatdılar,
Özüm də özümü az aldatmadım.
Yolum bir yol düşdü bu qart bazara,
Heç nə alammadım, heç nə satmadım.
...Tilsimli yolların çıxdım ağına,
Soldan işıq düşdü, getdim sağına.
Ümidlər dalınca divlər dağına
Az getdim, üz getdim... axır çatmadım.
Söykəyib yastığa nəmli üzümü,
Qucub ümidləri, yumdum gözümü.
Pozulub yuxumun dəji, düzümü,
Hər an könlümdəsən, yatdım,
yatmadım.
Bəhram şeirlərini - heç bir ad almadan, layiq
olduğu şöhrətə çatmadan mütəvaze bir
məsuliyyətlə yazır: bəzən sosial rəngləri
tündləşdirir; bəzən ciddi mətləblərin
üzərindən keçir; bəzən hecada sərbəstə,
bəzən sərbəstdə hecaya nəfəs verir; bəzən
ədəbiyyatın hüdudlarını aşıb fəlsəfi
düşüncələrə meydan açır, bəzən
də fəlsəfənin ehkamlarına məhəl qoymadan
"ədəbiyyatın fəlsəfəsi"
adlandırdığımız boş çöllərdə,
səhralarda atını sağa-sola səyirdir.
Bütün bu dərinliklərə nə mən, nə
də tələbə yoldaşlarımız vara bilərik.
Ən azı ona görə ki, ondan çox alim
yetişdirmiş bizim kursdan yeganə adamdır, özündə
təpər tapıb gizli-gizli (və mütəmadi!) şeir
yazır. Və İnsanı mənəviyyatın
(poeziyanın!) xilas edəcəyinə inanır. Özü də
hər il, hər ay, hər gün. Odur ki, hər şeirinin yazılma
yeri ilə yanaşı, yazılma tarixi var... Günü,
ayı, ili ilə...
Nizami CƏFƏROV
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.14.