Bu dünyanın dərdlərinə
Öz könlümü tuş elədim.
Udub dərdin havasını
Dərdlərimi nuş elədim.
Həsrət qalıb nəfəsinə
Yaşadım qəm həvəsinə.
Kədərin, dərdin səsinə
Qulaq verdim, guş elədim.
Dərd bürüdü hər küncümü,
Ala bilmədim dincimi.
Əldən çıxan sevincimi
Uçub gedən quş elədim.
Qovruldum mən bu kürədə.
Bir avaz gəldi hərədən.
Dağıldılar yan-yörədən,
Dərdləri sirdaş elədim.
lll
Sunayla Nazlıya
(Nəvələrimə)
Dünyamızı bəzədiniz doğulub.
Dünyamıza gəlişiniz mübarək!
Gülüşünüz südlə baldan
yoğrulub.
Can dərmanı gülüşünüz mübarək!
Yeridiniz - Yer sevindi, güldü Gün.
Dünyanın da dadı artdı həmin gün.
Təzələndi həyatımız
büsbütün,
Addımınız, yerişiniz mübarək!
Oyuncaqlar - silahınız, ordunuz.
Yenilməyən qalaları qurdunuz.
Divarlara təzə naxış vurdunuz.
Divardakı əl işiniz mübarək!
Bəhram ƏLİYEV
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.14.