Qacarlar
Birinci məqalə
Qacarlar kimlərdir?
Bu suala tarixə kiçik bir səyahət etməklə
cavab vermək olar.
Qacarların ulu əcdadları ta əzəldən qədim
türklərin ana vətəni olan Türküstan
çöllərində yaşamış, bütün
ömürləri boyu köçəri həyat tərzi
keçirərək maldarlıqla məşğul
olmuşlar. Onlar uzun illər qonşu tayfalarla mübarizə
aparmış, öz şücaətləri ilə ad-san
çıxarmış, nəsillərini bütün türk
ellərində tanıtmışlar.
Qacarların yüksəlişi, böyük bir tayfaya
çevrilməsi bu boydan olan beş qardaşın adı ilə
bağlıdır. Hətta bu qardaşlara şeirlər də
yazılmış, mahnılar qoşulmuş, igidlikləri bədii
və tarixi ədəbiyyatda tərənnüm olunmuşdur.
Naməlum bir şairin qacarlara olan rəğbəti,
ehtiramı aşağıdakı şeir parçasında
görün öz gözəl ifadəsini necə də
tapıb:
Biz bir kökdən gələn beş qardaşıq,
Beş barmaq kimi bir-birimizə sirdaşıq.
Biz qalxanda qələbə bayrağı bizimdir,
Birləşəndə düşmənin
başına bir daşıq.
Türk mənşəli bu tayfanın adı bəs
hardan əmələ gəlib?
Deyilənə görə, həmin qardaşların
böyüyünün adı Qacar imiş və tayfanın
adı da bundan götürülüb. Qacar Şərqin ən
böyük hökmdarlarından olan türk xalqlarının
böyük sərkərdəsi Çingiz xanın oğlu
Kaan Lunun qızını oğluna almış və həmin
vaxtdan etibarən də bu nəsil Kovan Lu (Qovanlu) Qacar
adlandırılmışdır.
Qacarlar Çingiz xan dövründən başlayaraq
sonuncu dəfə 1256-cı ildə Hülakü xanın
qoşunlarının tərkibində uzaq Türküstan ellərindən
İslam məmləkətlərinə, yəni Ön Asiyaya gəlmiş
və Elxanilər dövlətinin sütunundan sonra Suriya və
İraq ərazilərinə yayılmışlar. Oğuz
xanın İrana yürüşü zamanı onun ordusunun əsgərlərinin
böyük bir qismi qacarlardan təşkil edilmişdi.
İranın məğlubiyyətindən sonra onlar öz
yaylaq və qışlaqlarını Diyarbəkir və
Yerlatda salmışdılar. Teymurləngin vaxtında və
sonralar Sultan Həsən Ağqoyunlunun (1453-1478)
hökmdarlığı zamanında isə Diyarbəkirdən
dağılaraq Qarabağ, Gəncə və İrəvan ərazilərində
məskunlaşmışdılar.
Tanınmış Azərbaycan tarixçisi İsgəndər bəy
Münşi (1560-1634) özünün məşhur "Tarixi-aləm-arayi-Abbasi"
əsərində bu tayfa haqqında geniş məlumat
vermiş, qacarların və onlara qohum olan digər
tayfaların Qarabağın ən qədim əhalisi
olduğunu göstərmişdir.
Əbdürrəzzaq bəy ibn Nəcəfqulu isə
1826-cı ildə Təbrizdə nəşr olunmuş "Məasiri-sultaniyyə"
(qacarların tarixi haqqında yazılmış ilk əsərlərdən
biri) kitabında yazır: "...Teymur onlardan (qacarlardan) 50.000
ailəni gətirib, İrəvan, Gəncə və
Qarabağ nahiyələrində yerləşdirdi. Onlar
gündən-günə artıb, cah-cəlal sahibi oldular.
Qacar əmirlərindən bir çoxu da səfəvilər
dövründə etibarlı hökumət adamları olub, Ermənistanda
və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan
hakimləri həmin nəsildən olmuşlar. Gəncə və
Qarabağ hakimləri də Ziyadoğlu ləqəbilə
Xudafərin körpüsündən başlayaraq Sınıq
körpüdən yuxarı olan Şulaver kəndinə qədər
hökmranlıq edirdilər..."
Qacarlar haqqında xatirələr hal-hazırda
Qarabağda Qacar kəndinin, Zəngəzurda Qacar şəhərinin
adlarında əbədiləşmişdir. Şəmkirin
aşağı tərəfində, çayın sol sahilində
onların yurd yerlərinin adları indi də qalmaqdadır.
Bu tayfa da bir çox başqa türkdilli
tayfalar-cavanşirlər, bayatlar, kəngərlilər, zülqədərlilər,
şamlılar, qaramanlılar və digərləri kimi Azərbaycan
xalqının etnogenezində çox mühüm və
aparıcı rol oynamışdır. Çoxəsirlik bir
mübarizə yolu keçmiş qacarların şanlı və
şərəfli tarixləri olduqca maraqlı və dramatik
hadisələrlə doludur. Ümumiyyətlə, həmin
dövrlərdə qacarların ən yaxşı, ən
seçilmiş nümayəndələri ölkə ərazisində
gedən ən mühüm və çoşqun ictimai-siyasi,
tarixi hadisələrin mərkəzində olmuş, onların
fəal iştirakçılarına çevrilmişdilər.
Sultan Yaqubun və Əlvənd Mirzənin dövrlərində
qacarların tanınmış adamları istər Azərbaycanın,
istərsə də İranın bir çox böyük əyalətlərində
hakimlik etməyə başlamışdılar. Səfəvilər
dövründə isə onların nüfuzu və hörməti
həm sadə xalq arasında, həm də yüksək dairələrdə
xeyli artmışdı. Bu da təsadüfi deyildi. Şah
İsmayılın böyük bir şəxsiyyət kimi
yetişməsində və hakimiyyətə gəlməsində
qacarların böyük rolu olmuşdu. Qacarların tarixinə
ilk qəhrəmanlıq səhifələri yazanlardan biri Qara
Piri bəy Qacarın bütün həyatı Şeyx Heydərin
üç oğlunun - Sultan Əlinin, İbrahimin və
İsmayılın yanında keçmiş və o, bu
uşaqların təlim-tərbiyəsi ilə məşğul
olaraq lələlik vəzifəsini şərəflə yerinə
yetirmişdi. Məhz onun ağıllı məsləhətləri
ilə sonralar İsmayıl
şahlıq taxtına çıxmış, görkəmli
sərkərdə və hökmdar kimi
tanınmışdı.
1503-cü ilin iyun ayında Şah İsmayılın
ilk döyüşlərinin birində Qara Piri bəy Qacar
xüsusilə fərqlənmiş və Ağqoyunlu həmkarı
Muradla qızğın vuruşmalarda şəxsi igidlik
göstərmişdi. Onun məharəti və
bacarığı ilə düşmən qoşunları
darmadağın edilmiş və səfəvilər ilk
böyük döyüş qələbələrini
qazanmışdılar. Bu döyüşdən sonra
çevikliyi, qətiyyəti, döyüşçü
hünəri və
bacarığına, sərkərdəlik məharətinə
görə Qara Piri bəy Qacara xalq "Tozqoparan" ləqəbi
vermişdi.
Ümumiyyətlə, qacarlar Səfəvilər
dövləti tarixində çox mühüm və əhəmiyyətli
rol oynamış, dövlətin bel sütunlarını təşkil
etmişdilər. Bunun da müqabilində qacarların məskunlaşdıqları
ərazilərə həmin yerlərin sahibliyi haqqında sənəd
verilərək vəzifələrə gətirilmiş,
bütün dövlət əhəmiyyətli məsələlər
məhz onların iştirakı ilə həll olunmağa
başlamışdı.
Səfəvilər dövlətindən bu yana
Qarabağın və Gəncənin bəylərbəyliyi və
vərəsəlik hüququ qacarlar tayfasından olan
Ziyadoğullara verilmişdi. Kəmaləddin Şahverdi Sultan
Ziyadoğlu, İbrahim Sultan Ziyadoğlu, Yusif Sultan
Ziyadoğlu, Peykər Sultan Ziyadoğlu, İmamqulu xan
Ziyadoğlu müxtəlif vaxtlarda Qarabağın bəylərbəyləri
olmuşlar. Şəkinin ilk səfəvi hakimi Toyqun bəy
Qacar, İrəvan vilayətinin ilk hökmdarı Qulu xan Qacar,
İrəvan xanlığının banisi Həsənəli
xan Ziyadoğlu Qacar, Əliqulu xan Qacar, Uğurlu xan Qacar,
Hüseyn xan Müsahib Qacar, Məmmədqulu xan Ziyadoğlu
Qacar, Əmirgünə xan Qacar, Əmirqulu xan Qacar, Cavad xan
Ziyadoğlu Qacar və bu tayfanın onlarca digər nümayəndəsi
görkəmli dövlət xadimləri və sərkərdələri
kimi adlarını həmişəlik bu nəslin şanlı
tarixinin səhifələrinə yazmışlar. Ümumiyyətlə,
Ziyadoğullar on altıncı əsrdən, az qala, fasiləsiz
olaraq on səkkizinci əsrin sonlarına qədər bu vilayətlərə
hakimlik etmişlər.
I Şah Abbas Səfəvilər taxtında oturandan
sonra qacarların İranda get-gedə güclənmələrindən
ehtiyat edərək onların imtiyazlarını azaltdı.
Yeni şah öz mövqeyni möhkəmləndirmək
üçün farslaşdırma siyasəti aparır,
qacarları saraydan və hərbi işlərdən
uzaqlaşdırır, onları fars mənşəli adamlarla əvəz
edirdi. Bununla da, Şah Abbasın dövründə
qacarların nüfuzu get-gedə azalır, hakimiyyətləri
zəifləyirdi. Şah Abbasın onlara olan bu cür
münasibətinin başqa səbəbləri də vardı.
1590-cı ildə iranlılar osmanlılarla sülh müqaviləsi
bağlamağa çalışırdı. Bu müqaviləyə
əsasən Qarabağ, Şirvan, Təbriz və bəzi qərb
əraziləri osmanlılara qalırdı. İran
şahının bu güzəşti ilə
razılaşmayan qacarlar Məhəmməd xan Ziyadoğlunun
başçılığı ilə üsyan qaldıraraq
Qarabağı tamamilə əllərinə keçirib, Gəncəni
mühasirəyə aldılar. Şah Abbas türklərin tələbi
ilə qacarları dilə tutaraq bu işdən əl çəkmələrini
xahiş elədi və Gəncə qacarların mühasirəsindən
çıxdı. Qacarların bu hərəkətinin əvəzini
çıxmaq üçün sonralar Şah Abbas onlara cəza
vermək məqsədi və guya, İran sərhədlərini
möhkəmləndirmək bəhanəsi ilə otuz min qacar
ailəsini Qarabağdan və Gəncədən üç
istiqamətdə ölkənin müxtəlif yerlərinə
köçürtdü. Qacarların bir hissəsi
İranın şimal-şərq sərhədlərini
türkmənlərdən qorumaq üçün Qorqan və
Astrabadın, Mübarək qalasının ətrafına, yəni,
Ətrək çayının sahillərinə, bir hissəsi
özbəklərin basqınlarının
qarşısını almaq üçün Xorasana və Mərvə
köçürüldü, bir hissəsi isə şimaldan ləzgilərin
hücumlarını dəf etmək üçün
Qarabağ və Gürcüstan sərhədlərində
saxlanıldı. Xorasana sürgün olunan qacarlar çox
çəkmədən assimilasiya olunub, farslaşdılar.
Sonralar Nadir şah dövründə də
qacarların İrana köçürülməsi davam
etdirildi. 1736-cı ildə Nadir Muğanda özünə
tacqoyma mərasimi keçirərkən yalnız Qarabağ bəylərbəyi
Uğurlu xan Qacar açıq şəkildə onun şah
olmasına etirazını bildirdi və Səfəvi dövlətinin
bərqərar olmasını tələb etdi. Və üstəlik,
çoban oğlu çobanın şahlıq taxtında
oturmasının əleyhinə çıxdı. Sonralar
qarabağlıların və gəncəlilərin bu hərəkətləri
onlara baha başa gəldi. Nadir İran səltənətinə
sahib olan kimi qacarlarda olan hayfını yerdə qoymadı. Onun
ilk hücum etdiyi yerlərdən biri də Qarabağ oldu. Bu
hücum nəticəsində qacarlar öz torpaqlarının,
mülklərinin böyük bir hissəsini itirdilər. Nadir
şah Qarabağ əhalisinin çoxunu Xorasana
köçürtdü. Bərgüşad torpaqlarını
və Qarabağ Xəmsə məliklərini onların əllərindən
alıb, Azərbaycan valisinə tapşırdı. Qazax və
Borçalı mahallarının əhalisini isə
Gürcüstan valisinin ixtiyarına verdi. Beləliklə də,
Nadir şah Qarabağ torpaqlarını parçalayaraq ancaq Gəncəni
və ona yaxın ətraf yerləri qacarlarda saxladı.
Bu, azmış kimi, Nadir şah Əfşarın
ölümündən sonra onun qardaşı oğlu
Əliqulu (Adil) şahın taxta çıxması da
qaçarlara xeyir gətirmədi. Əliqulu şah onun hakimiyyətindən
narazı olan qacarların qalanını da sürgün elətdirərək
Mazandaran vilayətinə tökdü. Beləliklə, İran
şahları Qarabağdan və Gəncədən
qacarların kökünü, demək olar ki, kəsdi və
bununla da, Qarabağın faciəli dövrü
başlandı.
Qarabağdan köçmüş Astrabad və Qorqan
qaçarları sonralar Azərbaycanın və İranın
ictimai-siyasi və mədəni həyatında fəal
iştirak eləməyə başladılar. İran
şahlarının nəsli
Astrabadda yaşamış Qarabağ qacarlarındandır və
onlar təxminən 130 il şahlıq taxtına yiyəlik
etdilər. Üzərində günəş və aslan rəsmi
olan bayraq isə Qacar dövlətinin rəmzinə
çevrildi. Həmin hökmdarların adlarını burda
çəkmək yerinə düşər:
1.Ağa Məhəmməd şah (1796-1797)
2.Fətəli şah (1797-1834)
3.Məhəmməd şah (1834-1848)
4.Nəsrəddin şah (1848-1896)
5.Müzəffərəddin şah (1896-1907)
6.Məhəmmədəli şah (1907-1909)
7.Əhməd şah (1909-1925)
Astrabad Mazandaran vilayətinin şərqində,
Türkmənistan sərhədi yaxınlığında yerləşir.
Ətrək çayı boyunca yurd salan qacarlar köçəri
həyat tərzi keçirir, maldarlıqla məşğul
olurdular. Onların bir qismi çayın yuxarılarında, o
biri qismi isə aşağılarında məskən
saldıqlarına görə iki yerə
bölünürdülər, daha doğrusu, çayın
yuxarı sol sahilində yaşayanlar Yuxarıbaş, yaxud
Dovalu qacarlar, aşağı sol sahilində yaşayanlar isə
Aşağıbaş, yaxud Qovanlu qacarlar adlanırdılar.
Qovanlu qacarları dovalu qacarlardan sayca çox idilər.
Yuxarıbaş tayfasının Aşağıbaş
tayfası ilə arası olmadığından hər iki tayfa
bir-biri ilə yola getmir, nüfuz dairəsi uğrunda, su, otlaq,
torpaq üstündə daim fasiləsiz mübarizə
aparırdılar. Qovanlular daha tez-tez qələbə
çalırdılar. Onların bu çəkişmələri
sonralar qatı düşmənçiliyə
çevrilmişdi...
Əgər kökü eyni olan bu iki tayfa bir-birləri
ilə yola getsəydi və sözü bir yerə qoysaydı,
heç kəs onlara qarşı çıxa bilməz və
onlar həm şaha itaət etməkdən, həm də ildə
dövlətə beş əlif nadiri (beş min qızıl
sikkə) verməkdən boyun qaçıra bilərdilər.
Lakin birgə hərəkət etmədiklərinə görə
Nadir şah onları təkləyib, öz yerlərində
oturtdu. Və onun dövründə hər iki tayfa bir-biri ilə
vuruşmağa cəsarət
etmədi. On beş ilə
qədər sülh şəraitində yaşadılar. Ancaq
Nadir şahın ölümündən sonra hər iki qacar
tayfasının ədavəti yenidən
qızışdı...
Yuxarıda verdiyimiz şeir parçasında deyildiyi
kimi, qacarlar bir kökdən idilər. Ancaq görək sonralar
onlar bir kökdən olduqlarını heç yada
saldılarmı, beş barmaq kimi bir-birinə sirdaş
oldularmı?! Yox! Bir yerdə düşmən üzərinə
qalxıb, qələbə bayrağını başları
üzərində dalğalandırdılarmı?! Yenə yox!
Bəs birləşərək düşmən başına
qara bir daş olub, düşdülərmi?! Yenə də yox!
Onların birləşməsi müşkül məsələ
idi..
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.13.