Əlifbamız necə
dəyişdirildi?
Çox qədim dövrlərdən bəri
göytürk və uyğur əlifbalarından istifadə edən
türklərin V əsrdən başlayaraq bu əlifbalarla
yaratdığı Orxon-Yenisey abidələri dünya mədəni
irsinin ən mükəmməl nümunələrindən
hesab olunur. Lakin qədim yazılı abidələrimizdə
işlənən ortaq türk əlifbası sonradan işləklikdən
qalmış türk xalqlarının hər biri yeni yazı
sisteminə keçmişlər. Qaynaqlara əsasən, hələ
e.ə.IV- bizim eranın III əsrlərində Azərbaycan ərazisində
mövcud olmuş qədim Albaniyanın türkdilli əhalisinin
52 hərfdən ibarət öz əlifbası mövcud
olmuşdur. Alban tarixçisi Moisey Kalankatuklu özünün
"Alban tarixi" əsərində yazısı olan
xalqlardan danışarkən albanların da adını qeyd edərək,
alban əlifbasının təkmilləşdirilməsi
üçün görülən işlərdən bəhs
edir.
İslam dinin bölgədə yayılmasından sonra
dini amillərin də təsiri ilə Azərbaycanda uzun əsrlər
boyu ərəb əlifbası istifadə olunmuş, bu əlifba
ilə Qətran Təbrizi, Xaqani Şirvanı, Nizami Gəncəvi,
Məhəmməd Füzuli, Qazi Bürhanəddin, Şah
İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif
kimi görkəmli şairlərimiz böyük bir irs
yaratmışlar. Lakin ərəb dili və onun əlifbası
Azərbaycan dilinin quruluşuna uyğun olmadığı
üçün ondan istifadədə bir çox çətinliklər
meydana çıxırdı. Məlumdur ki, ərəb dili
sami dillər qrupuna daxildir. Bu dillərdə isə sait səslər
çox zəif inkişaf etmişdir və onları ifadə
etmək üçün əlifbada xüsusi işarələr
yoxdur. Yazıda saitlər yazılmır, ancaq sözün
üzərində qoyulan müxtəlif işarələrlə
göstərilir. Azərbaycan dilində isə saitlərin
çox güclü mövqeyi var. Həmçinin ərəb
əlifbasında hərflərin çoxlu yazılış
formalarının olması, sözlərin sağdan sola
yazılması da dilimiz üçün uyğun deyildi. Ona
görə də ərəb əlifbasından istifadə
yazı prosesində çox ciddi çətinliklər
törədirdi. Məhz bu səbəbdən XIX əsrdə
Azərbaycanın bir sıra mütəfəkkirləri ərəb
əlifbasına qarşı çıxış edirdilər
və onun dilimizin yazı tələblərinə cavab vermədiyi
fikrini irəli sürürdülər. Bu problemləri aradan
qaldırmaq üçün onlar müxtəlif əlifba layihələri
hazırlamağa cəhd göstərirdilər. Bu sahədə
ən çox çalışanlardan biri görkəmli
mütəfəkkir Mirzə Fətəli Axundzadə idi. O,
bir neçə əlifba layihəsi
hazırlamışdır.
Əlifba islahatı məsələsi XIX əsrin sonu
- XX əsrin əvvəllərində bir çox
ziyalılarımızı narahat edirdi. Məhəmməd
ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə,
Sultan Məcid Qənizadə, Əhməd bəy
Ağaoğlu, Nəriman Nərimanov kimi mütəfəkkirlər
öz tənqidi yazılarında tez-tez bu məsələyə
toxunur, ərəb əlifbasının çətinliyini,
onun xalqın inkişafına mane olmasını dönə-dönə
qeyd edirdilər. Onların maarifçilik görüşlərinin
əsasında xalqın savadlanması, oyanışı
üçün əlifba problemi dayanırdı. Onların
fikrincə, yeni əlifba, təkmilləşdirilmiş milli
yazı sistemi cəmiyyətin inkişafında ən vacib
amildir.
Azərbaycan dilinin inkişafının
dönüş noqtəsi sayılan 1918-1920-ci illərdə,
yəni Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
yaranması və yaranan kimi də dilimizin inkişafı
uğrunda fəaliyyətə başladığı dövrdə
də əlifba məsələsi diqqətdən kənarda
qalmamışdır. Onu da qeyd etmək lazımdır ki, əlifba
islahatının gündəmə gəldiyi ilk dövrlərdən
ziyalılar məsələyə iki müxtəlif qütblərdən
yanaşmışlar. Onların bir qismi
"İslahatçılar" adlandırılırdı və
ərəb əlifbasının tərəfdarı kimi
çıxış edərək yaşanan çətinlikləri
aradan qaldırmaq üçün bu əlifbada islahatlar
aparmağı daha məqsədəuyğun hesab edirdilər.
Onların fikrincə, ərəb əlifbasından imtina etməklə
biz qədim ədəbiyyatımız, mədəniyyətimiz,
türk dünyası və islam birliyindən ayrı
düşmüş olacağıq. İkinci qütbün tərəfdarları
isə "Latınçılar"
adlandırılırdı və onlar, ümumiyyətlə, ərəb
əlifbasından imtina etməyi təklif edirdilər. Bu məqamda
xüsusi qeyd etmək lazımdır ki, hətta müasir
dövrümüzdə də bununla bağlı fikirlərdə
haçalanmalar mövcuddur və bəzi tədqiqatçılar
bunu sovet ideologiyasına xidmət edən bir addım olaraq
xalqı öz tarixindən ayırmaq kimi qiymətləndirirlər.
Çünki Azərbaycanda ərəb əlifbasından
imtina və latın qrafikalı yeni əlifbaya keçid məhz
sovet dövrünə təsadüf edir. Belə ki, 1922-ci ildə
latın qrafikalı yeni əlifba layihəsi
hazırlanmış və müəyyən bir tarixi dövr ərzində
bu əlifba ərəb əlifbası ilə paralel şəkildə
istifadə olunmuşdur. Bu tarixi prosesdə 1926-cı ildə
Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultayın
da rolunu xüsusi qeyd etmək lazımdır. Türk
xalqlarının mədəni-elmi həyatında çox
mühüm rol oynayan bu yığıncaqda əlifba məsələsi
də öz əksini tapmış və burada latın
qrafikalı yeni əlifbaya keçidin əsas prinsipləri
işlənib hazırlanmışdır. Qurultay
iştirakçıları arasında da latın qrafikalı əlifba
layihəsi birmənalı qarşılanmamışdır və
onların bir qismi bunun əleyhinə çıxış edərək
ərəb əlifbasının saxlanması təklifini irəli
sürürdülər. Məsələn, qurultaydakı
çıxışında Bəkir Çobanzadə deyirdi:
"Asiya tarixinin ən mühüm, ən uca dövrləri,
monqollar, hunlar, teymurilər dövrü, ya islamın
yayılma dövrü bu əlifba ilə
yazılmışdı. Gələcək türk nəsilləri
öz babalarının bu şanlı tarixini oxuya bilməyəcək,
kimin övladları olduqlarından xəbərsiz qalacaq və
tarixin 1920-ci illərdən başlandığını
sanacaqlar". Lakin qurultay iştirakçıları səs
çoxluğu ilə yeni əlifba layihəsinə səs
verdi. 1928-ci ilin oktyabr ayında ölkədə latın
qrafikalı yeni əlifbaya keçidlə bağlı qərar
qəbul edildi və 1929-cu ilin yanvarından yeni əlifbanın
tətbiqinə başlandı.
Bəs nə üçün ilk başlarda Rusiya
öz işğalçılıq planlarını həyata
keçirdiyi və zorla sovet bayrağı altında birləşdirdiyi
xalqları özünün kiril əlifbasından istifadəyə
məcbur etmədi və məhz latın qrafikalı əlifbaya
üstünlük verdi? Əlifba məsələsi ilə məşğul
olan tədqiqatçıları gəldiyi ümumi nəticə
bundan ibarətdir ki, Rusiya onsuz da müstəqilliyini əlindən
aldığı və zorla özündən asılı hala
saldığı bu xalqlar arasında narazılıqların
artacağından ehtiyat edərək belə bir addım
atmışdır. Özünün ruslaşdırma siyasətini
birdən-birə həyata keçirməyə cəsarət
edə bilməmişdir. Qeyd edək ki, elə qardaş
Türkiyə Respublikasında da 1928-ci ildən latın hərflərinə
əsaslanan yeni Türk əlifbasına keçid baş
vermişdir.
1933-cü ildə latın qrafikalı Azərbaycan əlifbasına
bəzi dəyişikliklər edildi. Burada hərflərin
sayı əvvəlki əlifbadakı kimi 33 idi və həmçinin
apostrof işarəsi də öz əksini
tapmışdır. Beləliklə, Azərbaycanda 1929-cu ildə
qəbul olunmuş latın qrafikalı yeni əlifba 1939-cu ilə
qədər istifadə edildi. 1939-cu ildə Azərbaycanda kiril
əlifbası əsasında hazırlanmış yeni əlifbaya
keçidlə bağlı qərar qəbul edildi və
1940-cı il yanvarın 1-dən yeni əlifba tətbiq
olunmağa başladı.
Ölkədə kiril əlifbasına keçid rus
dilinin bütün SSRİ xalqları üçün vahid,
ortaq dil kimi möhkəmlənməsinə xidmət edirdi. Belə
bir vəziyyətdə xalqların müxtəlif əlifbalardan
istifadəsi məqsədəuyğun deyildi və mərkəzləşmiş
hakimiyyətin tələblərinə uyğun olaraq, həmçinin
rus dilinin bütün sahələrdə tətbiqini genişləndirmək,
asanlaşdırmaq, onun yayılmasına şərait yaratmaq məqsədilə
bütün ölkədə vahid əlifbanın tətbiqi
daha səmərəli idi. Gürcü və ermənilər
isə bu qərardan kənarda qaldılar və öz əlifbalarını
qoruyub saxladılar və bütün sonrakı dövrlərdə
də ondan imtina etmədilər. 1939-cu ildə təsdiq
olunmuş kiril qrafikalı Azərbaycan əlifbası 40 hərf
və apostrofdan ibarət idi. Buraya Azərbaycan dili
üçün xarakterik olmayan rus dilindən keçən bəzi
sözlərin tərkibində işlənən rus əlifbasındakı
Ёё, Yy, Üü, Hh, Cc, Ğğ, Gg, Öö, Əə hərfləri
də əlavə edilmişdi. Lakin sonrakı illərdə əlifba
üzərində bəzi təkmilləşdirmələr
aparılaraq 1947-ci ildə Üü hərfi, 1958-ci ildə isə
Ёё, Hh, Cc, Ğğ, Gg, Öö, Əə hərfləri əlifbadan
çıxarıldı, Yy hərfi isə Јј hərfi ilə əvəz
olundu. Eyni zamanda bu əlifbaya rus dilində olmayan, Azərbaycan
dilinin öz hərfləri üçün də müəyyən
işarələr (Əə, Ҝҝ, Ҹҹ,
Үү, Ғғ, Өө) əlavə olunmuşdu.
Kiril qrafikası əsasında yaradılmış bu əlifba
1991-ci ilə qədər istifadə olunmuşdur. SSRİ-nin
dağılması ilə ölkələr hər biri, o
cümlədən Azərbaycan dövləti öz müstəqilliyini
bərpa etdi. Bununla da müstəqil dövlətin dil siyasəti
həyata keçirilməyə başladı ki, onun da əsas
hissəsini əlifba məsələsi təşkil edirdi. Beləliklə,
1991-ci ildə Azərbaycanda latın qrafikası əsasında
hazırlanmış yeni əlifbaya keçidlə
bağlı qərar qəbul olundu. 1992-ci ildən artıq
birinci sinifdə uşaqlar latın qrafikalı əlifbanı
öyrənməyə başladılar. Yeni əlifbaya
keçid tədricən həyata keçirildi və bir
müddət hər iki əlifba paralel istifadə olundu. Yeni əlifbaya
tam keçid 2001-ci ildə başa çatdırıldı.
Bu əlifba 32 hərfdən ibarət idi və 1929-cu il əlifbasına
bəzi kiçik dəyişikliklərlə
hazırlanmışdı. Bu əlifba layihəsinin
hazırlanmasında Azərbaycanın görkəmli
dilçi alimi, professor, o dövrdə Azərbaycan Əlifba
Komissiyasının sədri Afad Qurbanovun xüsusi xidmətləri
olmuşdur. Burada dilimiz üçün xarakterik səslərin
hər birinin öz işarəsi vardır. Müasir
dövrümüzdə latın əlifbasından istifadə
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin
inkişafına təkan vermək baxımından çox əhəmiyyətlidir.
Bu əlifba türk xalqlarının bir-birinə
inteqrasiyasında, onların mədəni-siyasi əlaqələrinin
genişlənməsində mühüm rol oynayır, həmçinin
dünya azərbaycanlılarının birliyinin, onların əlaqələrinin
genişlənməsinin simvolu kimi də çıxış
edir. Bu əlifba həm də ölkəmizin beynəlxalq aləmə
çıxışında bir vasitədir. Azərbaycan
dilinin ən yaxşı mühafizəkarı, eyni zamanda
istifadəçisi və bilicisi, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin uğurlu dil siyasətinin
bir istiqamətini də əlifba sahəsində görülən
işlər təşkil edirdi. Məhz bu işlər çərçivəsində
Ulu öndərimizin 9 avqust 2001-ci ildə imzaladığı
Fərmanla avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan
dili günü kimi təsbit edilmişdir. Bu isə dövlətin
və onun rəhbərinin milli dilə və xalqın dəyərinə
çevrilmiş milli əlifbaya olan hörmət və
ehtiramının ən yaxşı nümunəsidir.
2004-cü ildən başlayaraq Azərbaycanda əvvəlki
dövrlərdə çap olunmuş əsərlərin
böyük bir hissəsi latın qrafikalı yeni əlifba ilə
oxuculara təqdim olunur.
Əlifba xalqın yazı mədəniyyətini
formalaşdıran əsas vasitədir. Azərbaycan əlifbası
aid olduğu xalqın taleyi kimi keşməkeşli tarix
yaşayaraq günümüzə çatmışdır.
Xalqın keçmişini özündə əks etdirən əlifba
bu gün artıq xalqımız kimi müstəqildir,
ümumtürk müstəvisində istifadə olunaraq türk
xalqları arasında mühüm ünsiyyət vasitəsinə
çevrilmişdir.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı, AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.12.