Elçin itkisi
Elçinlə bağlı ağır xəbəri
Bakıdan xeyli uzaqlarda böyük sarsıntı içində
aldım... və elə həmin dəqiqədə gözlərim
qarşısında unudulmaz İlyas Əfəndiyev, uzun illər
qonşuluq etdiyimiz Hüsü Hacıyev 19 ünvanlı məşhur
Yazıçılar binası, axşamüstülər
dama-dama köynəyində binanın 2-ci mərtəbəsindəki
açıq eyvana çıxıb bizim badminton oyunumuza
tamaşa edən gənc yazıçı Elçin
canlandı... "Ölüm haqdır" deyirlər, "hər
kəsin yazısı var" deyirlər... amma ölümlər
var ki, bütöv bir millətin, xalqın mənəvi həyatında
dərin çatlar açır, qəlblərdə
sağalmaz yaralar yaradır... bizim Elçin itkisi kimi...
Bu itki təkcə ədəbiyyatımızın,
elmi, mədəni həyatımızın itkisi deyil.
İtirdiyimizin dəyəri daha dərinlərdə - qəlbimizin,
ruhumuzun tapındığı mübhəm ərazilərdədir...
Sözün işığına sığındığımız,
gücünə inandığımız səssiz ərazilərdə.
Bu itki yaşadığımız amansız zaman kəsiyində
barışmalı olduğumuz itkilərdən ən
ağrılısı, ən sağalmazıdır -
böyük ziyalı itkisi...
Elçin sözün əsl mənasında
böyük ziyalı idi... Bədii sözün eşqi ilə
yaşayan, yazıb-yaratmaqdan usanmayan böyük Söz
Adamı idi. Fəaliyyəti, şəxsiyyəti, ləyaqəti
və əməlləri ilə milli maarifçilik ənənələrimizi
yaşadan fədakar qələm sahibi, parlaq Azərbaycan
ziyalısı nümunəsi idi. Mənim üçün isə
Elçin hər zaman uşaqlıq xatirələrimdə olduğu
kimi - babamın yaxın dostu, əziz İlyas müəllimin
yaraşıqlı, istedadlı, zəhmətkeş oğlu,
sonradan sevimli yazıçıma və hər zaman diqqətini,
qayğısını duyduğum yaxın dostuma çevrilən
doğmam tək qalacaq...
Xalq yazıçısı Afaq Məsud
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.9.