Elçinə
ağı
Mərdəkanda bağ evindəyəm. Məzuniyyətimin
ilk günüdür. Telefon zəngi. Telefon dəstəyindən
qulağımı ilan kimi çalan acı xəbər:
Elçin Əfəndiyev vəfat edib.
Şok xəbər hafizəmdə möcüzəvi
bir sürətlə xatirələri canlandırır. Tələsdirilmiş
kino kadrları kimi, bütün ötənlər bir an
içində gözümün önündən keçib
gedir - 60 il birgə yaşanılmış ömrün səhifələri...
Azərbaycan rayonlarına, azad olunmuş Şuşaya
birgə səfərlərimiz, Moskvada, Kislovodskda, Parisdə,
İstanbulda, Ankarada keçən unudulmaz günlərimiz.
Atamı, anamı itirdiyim ağır günlərimdə
Elçini yanımda görməyim, İlyas müəllim rəhmətə
gedəndə Elçinin yanında olmağım, Rəsul
Rzayla İlyas Əfəndiyevin xoş münasibətlərindən
başlayan, İlyas müəllimin anam Nigar Rəfibəyli
haqqında son dərəcə səmimi yazısından
keçən iki ailənin məhrəm ünsiyyəti, hər
xoş məclisimizdə, balalarımızın, nəvələrimizin
toylarında, nişanlarında, Elçinlə mənim,
Nüşabə xanımla Zemfira xanımın yanaşı
oturmağımız, qızlarımızın - Günayla
Günelin mehriban dostluğu və daha nələr, nələr...
Cavanlığımızda demək olar ki, hər gün
görüşürdük, son illərdə ayda iki-üç
dəfə görüşüb nahar edirdik. Başqa heç
kəslə bölüşə bilmədiyimiz məhrəm
söhbətlərimizi unutmaq olarmı?
Və bu iki-üç saat ərzində hər
yarım saatdan bir Günayın, Humayın, Aysunun Elçinə
telefon zəngləri, Elçinin də həmişəki
cavabları: - Anar əminlə oturub çay içirik -
bütün bunlar və neçə-neçə başqa
unudulmayacaqlar an içində gözümün
qarşısından keçib gedir. Əlbəttə, iki
yazıçının əsas ünsiyyət səbəbi -
ədəbiyyatdır. Hər yeni yazımızı ilk
növbdə bir-birimizə oxuyardıq, ya oxumağa verərdik.
Bütün bunların bir daha təkrar
olunmayacağını düşünmək
ağırdır. Çox ağır.
Vaxtiylə Elçinə həsr etdiyim şeirdə
belə misralar var:
Ömrün mənası nədir,
belə qısadır neçin?
Mən ki bunu bilmədim,
sən bilirmisən Elçin?
Mən hələ də nə ömrün mənasını,
nə belə uzun ola-ola belə qısa olmasının səbəbini
anlaya bildim. Elçin bilirdisə bu sirri özüylə
apardı.
Ədəbiyyatımız böyük nasiri, dramaturqu,
tənqidçini, ictimai-siyasi həyatımız mötəbər
şəxsiyyəti, yaxınları qayğıkeş ailə
başçısını, mən bizim nəsildən olan
dostlarımdan sonuncusunu itirdim.
Bunu düşünmək və bu sözləri yazmaq
ağırdır. Məntiqə görə, bu vida sözlərini
mənim haqqımda məndən beş yaş kiçik olan
Elçin yazmalıydı. Amma Əcəlin öz izaholunmaz cədvəli
var.
Riyakarlıq edib "itirdiyim dostlarımla, Elçinlə
tezliklə görüşməyi arzulayıram" demək
istəmirəm.
Hər şeyə rəğmən, yaşamaq istəyirəm.
O sıradan qeyd etdiyim munis insanları, yaxınlarımı
yaddaşımda, qəlbimdə, yazılarımda yaşatmaq
üçün yaşamaq istəyirəm.
Əlvida, Elçin, əlvida, dostum, qardaşım.
3 avqust 2025
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.9.