Ədəbi
sözü, əbədi izi qaldı...
Bəd xəbər tez yayılır. Avqustun 3-də səhər
tezdən 40 illik dostum Elçin müəllimin vəfatı
ilə bağlı eşitdiyim acı və ağır xəbər
məni dərindən sarsıtsa da, onun ölümünə
inanmadım. Qızı Günay xanıma zəng etdim. Telefon
bağlı idi. Narahatlığım, nigaranlığım
artdı. Son vaxtlar özünü pis hiss etdiyini bilirdim. Odur
ki, az qala hər gün onunla, bir-iki dəqiqə də olsa,
danışır, hal-əhval tuturdum. Bilirdim ki, qədim və
sadiq dostu Əkrəm Qaflanoğlu da Elçin müəllimlə
tez-tez əlaqə saxlayır. Onunla da Elçin müəllimin
səhhəti ilə bağlı müntəzəm zəngləşirdik..
.Ə.Qaflanoğluna zəng etdim, kədərli xəbəri
yenicə eşitdiyini, amma inana bilmədiyini desə də,
artıq Qubadan çıxıb Bakıya istiqamət
götürdüyünü dedi.
...Mən Elçin müəllimgilə yollandım. Mənzilin
qapısı açıq idi. Göz yaşları içində
boğulan həyat yoldaşı Nüşabə
xanımın, qızlarının - Günay, Aysun, Humayın
qəmli baxışları açıq qapıya
dikilmişdi. Böyük itki ilə bağlı ailə
üzvlərinə təsəlli, təskinlik
üçün söz tapmaq nə qədər çətin
olsa da, başsağlığı verdim. Nüşabə
xanımın hıçqırtı ilə söylədiyi:
"Abid, aristokrat bizi tərk etdi. Bax bu gündən qorxurdum.
O gün, bu gün imiş", toxtamaq, bir yerdə qərar
tuta bilməyən Günay xanımın "Elçin,
axı, sən belə getməməliydin, bizi belə boynu
bükük qoymamalıydın" - cümlələri indi də
qulaqlarımdan getmir. Bir neçə dəqiqə
keçmişdi ki, cənazəni məsciddən gətirib mənzilə
qaldırdılar... Acı xəbəri eşidən
qohum-qonşular, dost-tanışlar, yazıçılar,
şairlər, hökumət üzvləri, dövlət xadimləri,
sıravi oxucular səhərdən axşamadək dəstə-dəstə
bu ünvana axışırdı...
Günortadan az keçmişdi ki, KİV-də Mədəniyyət
Nazirliyinin Xalq yazıçısı (1998),
"İstiqlal" ordenli (2003), dövlət və ictimai
xadim Elçin İlyas oğlu Əfəndiyevin bu gün 82
yaşında vəfat etdiyi və mərhumla vida mərasiminin
4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında baş tutacağı, onun I
Fəxri xiyabanda dəfn ediləcyi barədə məlumat
yayıldı...
Əziz və unudulmaz Elçin müəllimin zəngin
irsi, bənzərsiz xarakteri, şəxsiyyəti haqqında
çox bəhs etmişəm, amma onunla bağlı hələ
yazacaqlarım daha çoxdur. İndilik artıq xatirəyə
çevrilmiş bir hadisəni danışmaqla kifayətlənirəm.
Bu yaxınlardakı söhbətlərimizin birində
"Baş" romanı əsasında Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadənin
hazırladığı eyniadlı tamaşanın ictimai
baxışına dəvət etdi. İyunun 19-da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının salonuna daxil olub az
qala səhnəyə bitişik - Elçinin adəti üzrə
əyləşdiyi lojaya da nəzər saldım. Yox idi... Orta
cərgədə ailə üzvləri əyləşmişdi.
Ürək edib niyə gəlmədiyini soruşmadım.
Tamaşa çox uğurlu alınmışdı. Finaldan
sonra seyrçilər sürəkli və gurultulu
alqışlarla aktyorları təkrar-təkrar səhnəyə
dəvət edir, çiçəklər verir, minnətdarlıqlarını
bildirirdilər. Mən bu arada Elçin müəllimə zəng
etdim, telefonun mikrofonunu zala tutub: "Elçin müəllim,
bu alqışlar Sizin, yazdığınız əsərin
tamaşasının ünvanınadır. Təbrik edirəm!
- dedim və əlavə etdim: - İnanın ki, insanlar,
salondan çıxmaq istəmir, iştirak etsəydiniz,
özünüz şahidi olardınız". Elçin
müəllim ictimai baxışın uğurla keçdiyindən
məmnun qaldığını dilə gətirdi və əsərin
yeni teatr mövsümünün açılışında
- sentyabrda oynanılacağını, orada iştirak edəcəyini
bildirdi .Amma təəssüf ki, bu, ona nəsib olmadı...
...Nüşabə xanım qəhərlə
Elçin müəllimin qəfləti vəfatından
danışanda vaxtı ilə - 1996-cı ildə atası -
Xalq yazıçısı İlyas Əfəndiyevin
dünyasını dəyişməsi barədə
Elçinin kədərli söhbətini xatırladım:
"Oktyabr ayının 1-i idi. Atam özünü pis hiss
etdiyini, halsız, taqətsiz olduğunu dedi.
Açığı, çox narahat olmadım, ürəyimə
də heç nə gəlmirdi. Fikirləşdim ki, yəqin
yaşdandır, zarafat deyil, 82 yaşı vardı,
Oktyabrın1-i səhər tezdən durub həmişəki
qaydada yazmağa başladı, xeyli sonra qələm-kağızı
mizin üstünə qoyub uzandı. Ayın 2-si axşam bir az
narahat oldu. 3-ü səhər tezdən halı qəflətən
pisləşdi. Həkim çağırdıq. O, kədərli
gözləri ilə bizə baxanda, artıq hər şeyin
bitdiyini hiss etdik".
Ayın 3-ü, səhər tezdən, 82 yaş!
Ayın tarixinin, zamanın, yaş eyniliyinin üst-üstə
düşməsini necə adlandırım: alın yazısımı,
taleyin, qədəri, hökmüm?
Adını Azərbaycan ədəbiyyatının
klassikləri cərgəsinə həkk etdirmiş,
"60-cılar" nəslinin ən parlaq və öndər
yazarlarından Elçinin vəfatı ədəbiyyatımız,
bütövlükdə mədəniyyətimiz, bütün
xalqımız üçün böyük itkidir. Təsəlli
və təskinliyi onunla tapırıq ki, Elçin cismən
bizdən ayrılsa da, o, Ədəbi sözü və Əbədi
izi ilə aramızdadır, onun əziz xatirəsi Azərbaycan
xalqının qəlbində daim yaşayacaqdır. Allah rəhmət
eləsin!
Məkanın cənnət, ruhun şad olsun, əziz və
unudulmaz dostum!
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 5 avqust(№136).- S.9.