"Babil qülləsi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Fatimə Ağayevadır.
Onunla məşhur rəssam Piter Breygelin "Babil qülləsi"
əsərindən danışmışıq.
Flamand incəsənətinin parlaq nümayəndəsi
sayılan Piter Breygel 1525-ci ildə tarixi Brabant hersoqluğunun
Breda şəhərində dünyaya gəlib. Bregel əsərlərində
detalların zənginliyi, simvolizmlə əhatəli səhnələr,
dini motivləri, insanla təbiət arasında əlaqəni təqdim
edən sənətkardır. O, həmçinin mənzərə
janrına da bir sıra yeniliklər gətirib. Rəssamın
yaşadığı dövr Avropada dini bölünmələr,
islahatlar və müharibələrin artdığı bir zaman
idi. Bredgel əsərlərində bunu açıq-aşkar
göstərməsə də, müxtəlif simvollar, rəmzlər
vasitəsilə çatdırırdı. Dahi rəssam 1569-cu
ildə Brüsseldə vəfat edib.
- Bu əsər Breygel
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Qərb incəsənətində Babil qülləsinin
tikintisinin ilk təsvirlərindən biri İtaliyanın
Salerno şəhərinin muzeyində (məşhur "Salerno
Antependium"un bir hissəsi) saxlanılan XI əsrə aid
kiçik oyma fil sümüyü lövhəsi hesab olunur.
Orta əsr illüstratorları adətən, Babil qülləsini
bir neçə tərəfi ilə təsvir edərək, kərpic
istehsalını, hörgüləri və
qaldırıcı mexanizmlərin işini göstərirlər.
Biz bunu Palermodakı Palatin Kapellasının mozaikasında
(12-ci əsr) və məsələn, "Beytdəki dünya
salnaməsi"ndən almanca kitab miniatüründə
görürük. 16-cı əsrə qədər Babil
qülləsi mövzusu Avropa rəssamlarının demək
olar ki, heç bir diqqətini çəkmirdi. Breygel Babil
qülləsi əfsanəsini çox sevirdi. Onun bu mövzuda
iki rəsm əsəri günümüzə qədər gəlib
çatıb. Fil sümüyü üzərində
miniatür də var idi, lakin o, günümüzə qədər
gəlib çatmayıb. Piter Breygel "Babil qülləsi"
əsərini təxminən 1563-cü ildə tamamlayıb.
Əsərin yaranma tarixçəsi Bibliya kitabında qeyd edilən
Babil qülləsinin tikintisi barədə əhvalata əsaslanır
və insanın Tanrıya meydan oxumasının cəhdi kimi rəssamın
baxışını əks etdirir.
- Əsərin rəng həlli necədir?
- Bu tablo rəng həlli, texnikasına görə, rəssamın
digər işlərindən fərqlənir. Rəng
palitrası əsasən torpaq tonlarında,
qırmızımtıl-kərpic tonlarını xatırladan
rənglər əsasında qurulub. Qüllənin monumental
görkəmi, daş-kərpic strukturu çox təbii və
realistik formada təsvir edilib. Arxa planda göy üzü hərəkətli
buludlarla doludur. Bu isə gələcəkdə baş verəcək
hadisələrin rəssam tərəfindən simvolik
izahının göstəricisidir. Həmçinin əsərdə
işıq-kölgə perspektivasının qorunub
saxlanıldığını da görürük.
- Kompozisiya haqqında nə deyə bilərsiniz?
- "Babil Qülləsi" əsəri
sipiralvari və çoxfiqurlu
kompozisiya üzərində qurulub. Qüllə əsərin əsas
vizual mərkəzidir və demək olar ki, bütün rəsm
sahəsini əhatə edir. Aşağı hissədə
işçilər təsvir edilib. Qüllənin
qarşısında bir izdiham göstərilir: bəzi insanlar
işlə məşğuldur, daş ocaqlayır, xərəyə
aparır, bəziləri deyəsən, mübahisə edir. Ola
bilsin ki, onlar artıq bir-birini başa düşmür.
Aşağı sol küncə yaxın yerdə qülləyə
(yaxud göylərə) işarə edən uzunboylu
çılpaq kişi təsvir edilib. Bruegel alimi Larri Silverə
görə, bu, sonrakı müəlliflərin Babil qülləsinin
inşaatçısı kimi qeyd etdiyi Kral Nəmruddur. Nəmrud
qəddar və qürurlu idi. Bruegelin rəsmində Bibliya
personajı 16-cı əsrdə yaşamış bir insana bənzəyir
və bu, təbiidir. Kompozisiyaya diqqət etdikdə bunları
görürük: Ön planda əl əməyi, sonra daş
plitələrin daşınması üçün uzun dirəklərin
istifadəsi, birinci mərtəbə səviyyəsində -
blokun istifadəsi, sonra getdikcə daha güclü kranlar. Bir
versiyaya görə, Breygel bununla tikinti texnikasının
inkişafını göstərir. Quruluş səviyyələr
və elementlər yığınına bənzəyir. Bu, yəqin
ki, Kolizeyə bənzər bir obyekt kimi
düşünülmüşdü, lakin hər yeni mərtəbə
ilə inşaatçıların məntiqinə əməl
etmək daha çətindir. Breygelin fikrinə görə, Tanrının
cəzası sənətkarlara çatdı: insanlar bir-birini
başa düşməyi dayandırdılar və tikməyə
başladılar. Nəticədə material qeyri-bərabər
düzülür, zahirən möhkəm görünən
qüllənin uçmaq və qürurlu insanları öz
dağıntıları altında basdırmaq üzrə
olduğu göz qabağındadır. Qüllənin müxtəlif
hissələrində inşaat işləri aparılır,
lakin artıq burada insanların diqqətsizliyi nəticəsində
tikilinin quruluşunun fərqli olduğu görünür.
Əsərdə perspektiva ilə bərabər, hərəkət
dinamikası var. İnsan fiqurlarının kiçik
ölçüdə təsvir edilməsi qüllənin
görünüşünü daha qabarıq edir. Əsər
taxta lövhə üzərində yağlı boya ilə
hazırlanıb.
- Əsər harada saxlanılır?
- Tablonun daha böyük və məşhur forması
hazırda Vyana Sənət Tarixi Muzeyində qorunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Piter Breygel bu əsərində olduğu kimi, digər
işlərində də - "Ölümün zəfəri",
"Korların yürüşü", "Kəndlilər
toyda" kimi əsərlərində də əxlaqi dərs
və simvolizmə əsaslanır. "Babil qülləsi"
rəsmi bu baxımdan dini və fəlsəfi təhlilin zirvəsi
kimi dəyərləndirilir. Rəssam əsərlər vasitəsilə
daima tamaşaçıya nəsə çatdırmaq istəyir.
"Babil qülləsi" tablosu sadəcə bir dini
əhvalatın vizual təsviri deyil - bu əsər insan təbiətinin
təkəbbürünü və onun nəticələrini dərin
fəlsəfi şəkildə bizə izah edir. Əsər
Bibliyada yer alan əfsanəyə əsaslansa da, fərqli bir
mesaj daşıyır. Əsərdəki qüllə -
insanın Tanrıya çatmaq, onunla bərabər olmaq
arzusunun simvoludur. Lakin bu, təkəbbürə, həddini
aşmağa və nəticədə dağılmaya
aparır. Qüllənin hündürlüyü və
qeyri-sabitliyi göstərir ki, insan istədiyi qədər
güclü görünə bilər, amma son nəticədə
onu məhv edəcək. Breygel qülləni elə təsvir
edir ki, onun aşağı hissəsinin artıq
dağılmağa başladığı görünür.
Bu, uğursuz tikinti layihəsindən daha çox, cəmiyyətin
və bəşəriyyətin daxili parçalanmasıdır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 6 avqust(№137).- S.8.