Gənclər Kitabxanasında “Akademik Mustafa bəy
Topçubaşov – 130” adlı elektron məlumat bazası hazırlanıb
Bu gün görkəmli alim və cərrah, tibb elmləri
doktoru, akademik Mustafa bəy Topçubaşovun anadan
olmasının 130 illiyi tamam olur. Alimin anadan olmasının
130 illiyinin qeyd edilməsi ilə bağlı iyunun 10-da ölkə
başçısı Sərəncam imzalayıb. Mustafa bəy
Topçubaşovun ad günündə müvafiq Sərəncama
uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında akademikin mənalı ömür yolundan və
fədakar elmi fəaliyyətindən bəhs edən elektron məlumat
bazası hazırlanaraq istifadəçilərə təqdim
edilib.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən
elektron məlumat bazasında Mustafa bəy Topçubaşovun
həyat və fəaliyyətinin əsas tarixləri, bir
sıra görkəmli şəxslərin onun haqqında
söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər,
layiq görüldüyü mükafatlarla yanaşı, tibb
elmləri doktoru, professor Fariz Camalovun və akademik
M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri, dosent
Şəfa Əliyevin “Dünyaşöhrətli cərrah
akademik Mustafa bəy Topçubaşov”, fəlsəfə
doktoru, dosent İradə Əliyevanın “Fədakar alim, şəfalı
həkim, böyük şəxsiyyət” kimi məqalələrinin
tam mətni təqdim edilir.
Elektron bazada görkəmli alimin müəllifi, elmi
redaktoru olduğu kitabların, məqalələrinin eləcə
də onun haqqında qələmə alınan kitabların,
dövri mətbuat nümunələrinin siyahıları yer
alır. Akademikin 130 illik yubileyi ilə əlaqədar
hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Virtual sərgi”,
“Foto və videoqalereya” kimi bölmələr də təqdim
edilir.
Kitabxana əməkdaşları tərəfindən
akademikin yubileyi ilə əlaqədar “Cərrah, alim Mustafa bəy
Topçubaşov 130” adlı videomaterial da hazırlanıb.
Materialda görkəmli alimin zəngin elmi fəaliyyəti
haqqında məlumat verilir. Materialda akademikin respublikada cərrahlıq
elmi məktəbinin banilərindən biri kimi anesteziologiya elmi
tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu
istiqamətində ixtirasına görə həm Azərbaycanda,
həm də bütün dünyada böyük şöhrətə
malik olması haqqında məlumat verilir, İkinci Dünya
müharibəsi dövründə hərbi cərrahiyyə
sahəsində göstərdiyi mühüm xidmətlərdən
bəhs edilir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda Mustafa bəy Topçubaşovun müxtəlif
illərdə elmi fəaliyyətini əks etdirən foto və
videogörüntüləri də sərgilənir.
“Cərrah, alim Mustafa bəy Topçubaşov 130”
adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 6 avqust(¹137).- S.8.