Unudulmaz insan
Hacı Gərayla vida mərasimində iştirak edə
bilmədim. Bu üzücü xəbər məni olduqca
sarsıtdı. Övladlarına zəng edərək dərdlərinə
şərik olduğumu bildirdim, müxtəlif ifadələrlə
təsəlli verməyə çalışdım. Özlərini
nə qədər təmkinli aparsalar da, səslərindəki
titrəyiş, boğazlarında düyünlənmiş qəhər
bu təsəlliyə cavab yox, ata itkisinin, övlad
yanğısının ağrı-acısından doğan
nisgilin ifadəsi idi.
Rəsmi dairələrdə Gəray Fərhadov, el
arasında "Gəray müəllim", son dövrlərdə
isə "Hacı Gəray" kimi tanınan bu unudulmaz insan
sadədən sadə, mürəkkəbdən mürəkkəb,
hər ayı, ili gözlərimiz önündə canlanan və
çoxumuzun da canlı şahidi olduğumuz bir həyat
yolunun yolçusu idi.
Hacı Gəray mənalı bir ömür yolu
keçib. İndi onun haqqında keçmiş zamanda
danışmaq, yazmaq çox çətindir. Amma təəssüflə
də olsa, bununla barışmalıyıq. Çünki o,
özünəməxsus bacarığı, qabiliyyəti,
yüksək mədəniyyəti və mənəviyyatı,
milliliyi və vətənpərvərliyi, ailəcanlılığı,
sadəliyi və səmimiyyəti ilə cəmiyyətə həmişə
örnək idi. Qəlbi Vətən, xalq, el-oba məhəbbəti
ilə döyünən Gəray müəllim
soydaşlarına həmişə səlahiyyətləri və
imkanları çərçivəsində qayğı, diqqət
göstərirdi.
Hacı Gərayla fasiləsiz olaraq 20 il eyni dövlət
qurumunda çalışmağım mənə də onu
yaxından tanımağa imkan yaradıb. Mən həmin
dövrdə bir daha şahid oldum ki, onun idarəçilik
üslubunda dövlətə və onun rəhbərinə sədaqət,
çalışdığı kollektivin bütün üzvlərinə,
bütövlükdə insanlara qayğı, onlara hərtərəfli
hörmət və ehtiram hər şeydən öndə
durur. İşimizlə əlaqədar biz, demək olar ki, hər
gün, bəzən də gündə bir neçə dəfə
görüşürdük. Hər dəfə onun iş
otağında - stolunun üstündə qalaqlanmış ərizə,
şikayət, məktublar və digər vacib sənədlər
gündəlik iş rejiminin gərginliyindən xəbər
verirdi. Bütün bunlara baxmayaraq, o, bu sənədləri dəqiqliklə nəzərdən
keçirir, heç birini diqqətdən kənarda
saxlamırdı. O öz varlığı, istedadı, qabiliyyəti
ilə çalışdığı vəzifəyə, necə
deyərlər, ziyalı mədəniyyəti gətirmişdi.
Bütün bunların nəticəsi olaraq, onun fəaliyyəti
ölkə başçısı tərəfindən layiqincə
qiymətləndirilərək, ali səviyyədə orden və
medallarla təltif edilmişdi.
Hacı Gəray öz ictimai-siyasi fəaliyyətinə
və xidməti vəzifələrinə olduğu qədər,
ailəsinə da olduqca bağlı idi. Ailə uzvlərinin
uğurları ilə fəxr edir, onlarla qürur duyurdu. Nə
qədər yorğun olsa da, dincliyini onlara, xüsusən də
nəvələrinə sevgidə, qayğıda
görürdü və yorğunluğunu, işdəki gərginliyini
ailəsində büruzə verməzdi. Əylənməyi,
zarafatı da sevərdi, güləndə də ürəkdən
gülərdi. Hərəkətlərində də, söhbətlərində
də səmimi, təvazökar və riyakarlıqdan çox
uzaq idi. Bir sözlə, şəxsiyyət etibarı ilə
Hacı Gəray ağzı xeyir-dualı olmaqla, ən yüksək
humanist mənəvi-əxlaqi dəyərlərə malik idi.
Dolğun baxışlı gözlərinin dərinliklərindəki
nisgil həyat eşqli, qısa, lakin mənalı ömür
və həyat yolunun dolaylarından keçib gələn
anlarını özündə canlandırırdı. Kim
bilir, bəlkə də, ürəyindən gözlərinə
yağan qəm onun iç dünyasındakı təlatümlərin
ifadəsi idi. Çünki ağrıyırdı, xəstəliyini
nə qədər yaxına buraxmasa da, bunu çoxlarına
bildirməyib ətrafdakıları üçün narahatlıq
yaratmayaraq, qəm karvanını özü öz
dünyasında tək çəkib aparırdı. Bəli,
Gəray müəllim - Hacı Gəray haqqında, onun həyat
və ömür yolu haqqında, necə deyərlər,
duruşu, yerişi, mehribanlığı, sadəliyi və səmimiliyi
haqqında çox şey demək olar. Ancaq həqiqət
budur ki, Hacı Gəray öz əcəlini
yaxınlaşdırmadı, özü əcələ
doğru getdi və onun itkisi, sadəcə bir ömrün sonu
deyil, əzizləri üçün yoxluğunun daimi olmaq
vahiməsidir...
Ruhuna dərin hörmət və ehtiramla
Rafiq FƏRƏCOV
Əməkdar jurnalist
525-ci qəzet .- 2025.- 7 avqust(№138).- S.8.